Azərbaycanda informasiya texnologiyaları sürətli
inkişaf yolundadır
Qloballaşan,
daim irəliyə - yeniliyə doğru can atan
dünyamızı bu gün ən müasir informasiya və
kommunikasiya texnologiyaları - İnternet, elektron poçt və
qlobal rabitə imkanları olmadan təsəvvür belə etmək
mümkün deyil. Yeni minillikdə bəşər
sivilizasiyasını düşündürən ən aktual və
təxirəsalınmaz məsələ - telekommunikasiya və
informasiya texnologiyaları sahəsində “inqilabi” dəyişikliklər
yolu ilə əlçatmaz zirvələri fəth etmək,
dövlətlər və xalqlararası zaman və məkan fərqlərini
aradan qaldırmaqdır.
Müstəqil
dövlət kimi gənc olmasına baxmayaraq, Azərbaycan
qısa zaman kəsiyində bu mühüm sahədə
böyük nailiyyətlər əldə etmişdir. Siyasi sabitlik, dinamik
sosial-iqtisadi inkişaf, cəmiyyətimizin tam demokratikləşməsi,
beynəlxalq birliyə və Qərb iqtisadiyyatına geniş
inteqrasiya, nəhəng enerji və nəqliyyat layihələrinin
reallaşması, mütərəqqi təcrübənin mənimsənilməsi
Azərbaycanın informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi, rabitənin inkişafı
sahəsində də qabaqcıl dövlətlər
sırasına çıxmasına imkan yaratmışdır.
Təsadüfi deyil ki, bu il Davosda
keçirilən Ümumdünya İqtisadi Forumunun texnoloji
hesabatında Azərbaycan informasiya və kommunikasiya
texnologiyalarının inkişaf səviyyəsinə görə
MDB ölkələri arasında birinci yerdə durur.
Azərbaycanda
telekommunikasiya və informasiya texnologiyaları sektorunun
inkişafının geniş vüsət alması
ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində
hələ 1970-80-ci illərdə Azərbaycan Elmlər
Akademiyasında, ali məktəblərdə
və sahə institutlarında elektron avadanlıqlar və
telekommunikasiya texnologiyaları üzrə kadr
hazırlığı genişləndirildi, istedadlı alimlər
və təcrübəli mütəxəssislər
yetişdirildi, istehsalat müəssisələri tikildi. Azərbaycanda yeni texnologiyaların tətbiqinə,
telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə
start verildi, ilk elektron ATS-lər quruldu.
Azərbaycanda
radio-televiziya yayımının dünya standartları səviyyəsinə
yüksəlməsi və bu sahədəki uğurlar da məhz
ümummilli lider Heydər Əliyevin xidmətləridir.
Bu gün Azərbaycanın
İKT sahəsindəki fəaliyyəti ümummilli liderimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt
üzrə davam etdirilir. “Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)” ölkəmizdə bu sahənin sürətli
inkişafına güclü təkan verdi.
Cənubi Qafqazda ilk dəfə olaraq qəbul
edilmiş bu qlobal strategiya Azərbaycanın İKT sahəsinə
xüsusi diqqətini cəmiyyətimizə və bütün
dünyaya bəyan etdi.
Son illər
iqtisadiyyatımızın davamlı və dayanıqlı
inkişafı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
islahatların uğurlu nəticəsidir. Bu islahatlar və sürətlə
inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə
Nazirliyi ləğv edilərək, onun bazasında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN)
yaradılması bu sahənin gələcək çox
sürətli inkişafına güclü baza
formalaşdırdı.
Təsadüfi deyildir ki, Azərbaycan
Prezidenti kimi cənab İlham Əliyevin ilk beynəlxalq səfəri
2003-cü il dekabrın 12-də Cenevrədə
keçirilən İnformasiya Cəmiyyəti üzrə
Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə
“Qara qızılı insan qızılına çevirək”
tezisini səsləndirməklə cənab Prezident ölkə
iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının
qoyulduğunu bütün dünyaya bəyan etdi və
respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində
dövlət səviyyəsində məqsədyönlü
işlərə başlanğıc verdi. Regionda ilk olaraq Azərbaycanda informasiya cəmiyyəti
quruculuğu prosesinə başlanıldı. Yaxın on il üçün Milli Strategiyada müəyyənləşdirilmiş
strateji xəttin həyata keçirilməsi məqsədilə
“Azərbaycan Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)"
təsdiq olundu. Dövlət Proqramında
informasiya cəmiyyəti quruculuğunun birinci mərhələsində
rabitə və informasiya texnologiyaları sahəsində
islahatlar aparılması, sahə üzrə normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, yeni texnologiyaların
tətbiqi ilə müasir tələblərə cavab verən
informasiya-kommunikasiya infrastrukturunun
formalaşdırılması və elektron xidmətlərin təqdim
olunması öz əksini tapıb.
Mövcud potensialdan səmərəli
istifadə edilməsi və onun inkişafı rabitə və
informasiya texnologiyaları sahəsinin təşkilati,
hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi,
İKT sənayesinin yaradılması, bu sahəyə yeni
investisiyaların cəlb edilməsi nəticədə Azərbaycanda
informasiya cəmiyyətinə keçidin təmin edilməsinə
yönəlmiş mühitin formalaşdırılması
İKT sektorunda aparılan fəaliyyətin ana xəttini təşkil
etdi.
Azərbaycanın ümumi
sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin
tərkib hissəsi olaraq İKT sahəsində
görülmüş işlər nəticəsində son 5
ildə sahə üzrə gəlirlərin artım tempi
ümumdünya inkişaf tempini 4,4 dəfə üstələyərək,
hər il üçün orta hesabla 30-35 faiz təşkil
etmişdir.
Respublikanın rayon və kəndlərində
əhalinin rabitə və informasiya xidmətlərinə olan
tələbatını ödəmək, paytaxtla regionlar
arasında mövcud olan fərqi aradan qaldırmaq məqsədilə
“AztelekomNET” internet xidmətinin təşkili nəticəsində
respublikanın 34 rayon mərkəzində internetə yüksəksürətli
qoşulma, digər rayonlarda və
telefonlaşdırılmış kəndlərdə isə
parolsuz qoşulma xidmətindən və kartla qoşulma üsulundan
istifadə etməklə internetə çıxış
imkanı yaradılmışdır.
Cənubi
Qafqazda və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda rəqəmli
TV sistemi sınaqdan keçirilmiş, yayım keyfiyyətini
yüksəltmək üçün Ağsu rayonu ərazisində
yeni radio-televiziya yayım kompleksi istismara verilmişdir. Hazırda
peyk, kabel, efir-kabel, internet televiziya və radio sistemləri
vasitələrindən istifadə olunmaqdadır.
Ölkəmizdə
İKT sahəsində uğurla həyata keçirilən
dövlət siyasəti və xüsusən də bu sahəyə
Prezident İlham Əliyevin xüsusi diqqət və
qayğı göstərməsi dünyanın aparıcı
İKT şirkətlərinin Azərbaycana böyük
marağına səbəb olur. Bu şirkətlərin rəhbərlərinin
ölkəmizə səfərləri və 2007-2008-ci illərdə
Davos İqtisadi Forumunda “Microsoft”, “Cisco” və “Intel” kimi
dünya miqyaslı şirkətlərin prezidentlərinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevlə
görüşləri bir daha göstərir ki, Azərbaycanın
İKT sektoru potensial investorların diqqət mərkəzindədir
və bu sahədə geniş əməkdaşlıq
imkanları mövcuddur.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin 21 avqust 2004-cü il
tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı (2005-2007-ci illər)” üzrə 3500-dən
çox məktəb kompyuterləşdirilmişdir və
hazırda respublika üzrə 29 şagirdə 1 kompyuter,
dövlət ali məktəblərində isə hər 28 tələbəyə
1 kompyuter düşür. Hazırda respublikanın ümumtəhsil
məktəblərinin 82 faizi, texniki-peşə məktəblərinin
42 faizi, dövlət orta ixtisas təhsili məktəblərinin
91 faizi, ali məktəblərin isə hamısı kompyuter
avadanlığı ilə təmin olunmuşdur. Bu işlərin
daha geniş formatda həyata keçirilməsi və
bütün təhsil müəssisələrini əhatə
etməsi dövlət başçısının 10 iyun
2008-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan
Respublikası təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2009-2012-ci illər)” çərçivəsində
təmin olunacaqdır. İKT sektorunun gələcəyi
üçün insan resurslarının inkişafı da zəruri
şərtdir. Hazırda İKT üzrə
ixtisaslı kadr hazırlığı məqsədilə
dünyanın bir neçə tanınmış informasiya
texnologiyaları universiteti ilə əlaqələr
qurulmuşdur.
Dövlət
siyasətinin tərkib hissəsi kimi İKT sahəsində
genişmiqyaslı beynəlxalq münasibətlər
qurulmuşdur, ölkəmizin yüksək texnologiyalar
sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin
dünyanın aparıcı ölkələrində və
beynəlxalq təşkilatlarda geniş təbliğ edilir. Qısa
müddət ərzində respublikamızda bir çox
tanınmış telekommunikasiya və informasiya
texnologiyaları şirkətlərinin nümayəndəlikləri
açılmış, milli şirkətlər region
bazarında özlərini tanıda bilmişlər.
“Bakutel” beynəlxalq
sərgi və konfransı cari ilin 11-14 noyabr tarixlərində
artıq 14-cü dəfə və 2006-cı ildən etibarən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
himayəsi və iştirakı ilə keçirilir. Sərgidə
iştirak edən şirkətlərin sayı ildən-ilə
artır. Davos İqtisadi Forumunun
hesabatında Azərbaycan 2007-ci ildə informasiya-kommunikasiya
texnologiyalarından istifadə səviyyəsinə görə
127 qabaqcıl ölkə sırasında 67-ci yeri tutmuşdur.
Bu gün
İKT həyatımızın bütün sahələrinə
geniş daxil olub. Belə ki, “Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramına (Elektron Azərbaycan)” uyğun olaraq, dövlət
orqanlarının vətəndaşlara və təşkilatlara
təqdim etdiyi xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması və onların təqdim
olunma müddətlərinin azaldılması, dövlət
orqanlarının işinin səmərəliliyinin
artırılması məqsədilə müxtəlif məzmunlu
layihələr həyata keçirilir.
Azərbaycanda
İKT-nin rolunu genişləndirmək üçün həyata
keçirilməsi nəzərdə tutulan qlobal layihələrdən
biri də ölkəmizdə kosmik sənayenin inkişafı
məqsədilə iki telekommunikasiya süni peykinin orbitə
çıxarılmasıdır. Bununla əlaqədar Azərbaycan
Respublikası Prezidenti 4 noyabr 2008-ci il
tarixində “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” sərəncam
imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar
üç ay müddətində müvafiq Dövlət
Proqramının layihəsi hazırlanıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim ediləcək,
telekommunikasiya peyklərinin orbitə
çıxarılması ilə bağlı Nazirlik
müvafiq tədbirlər həyata keçirəcəkdir. 2010-cu ildə birinci, 2011-ci ildə isə ikinci
süni peykin orbitə çıxarılması
planlaşdırılır.
Əhalinin İKT-nin
imkanlarından istifadəsi məqsədilə “Microsoft” və
“Intel” şirkətləri ilə birgə həyata
keçirilməsi planlaşdırılan “Xalq kompyuteri” layihəsi
əhalinin güzəştli kreditlə kompyuter əldə
etməsinə imkan verəcəkdir.
Ölkənin
gələcək inkişafına xidmət edəcək
innovativ fəaliyyəti təmin etmək məqsədilə
RİTN tərəfindən Azərbaycanda yüksək
texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının
yaradılmasına hazırlıq işləri aparılır. Bu zonalar
iqtisadiyyatın müxtəlif sektorlarında yüksək
texnologiyaların tətbiqinə, kiçik və orta
sahibkarlığın inkişafına, xarici şirkətlərin
və potensial investorların ölkənin İKT sektoruna cəlb
edilməsinə, insan resurslarının inkişafına,
respublikada elektron avadanlıqların və proqram təminatının
istehsalına xidmət edəcəkdir.
Bu gün İKT sektorunda
çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya
texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin
ideyaları əsasında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi
siyasət və həyata keçirdiyi kompleks tədbirlər
nəticəsində tam həllini tapacaq və Azərbaycan
inkişaf etmiş ölkələr sırasında
olacaqdır.
Müşfiq ƏMİROV,
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin
mətbuat xidmətinin rəhbəri
Xalq qəzeti.-2008.-7 dekabr.- S.3.