Türkiyənin Qars şəhərindəki baş konsulluğumuz yeni binaya köçmüşdür

 

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin Qars şəhərindəki Baş konsulluğunun yeni binasının açılış mərasimində iştirak etməyə getmiş millət vəkillərindən, diplomatlardan, qeyri-hökumət təşkilatları təmsilçilərindən və jurnalistlərdən ibarət nümayəndə heyətinin qardaş ölkəyə 3 günlük səfəri bir sıra maraqlı görüş və ziyarətlərlə əlamətdar oldu.

Dekabrın 3-də konsulluq binasının açılışından əvvəl diplomatik heyət, Qars ictimaiyyətinin nümayəndələri və qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu şəhərin gözəl guşələrindən birində ucaldılmış abidəsinin önünə çiçək dəstələri düzdülər, ulu öndərin xatirəsini ehtiramla yad etdilər.

Qars şəhəri ilə tanışlıqQafqazUniversitetində keçirilən görüşlə başladı. Azərbaycandan getmiş qonaqlar bu ali təhsil ocağının dil-ədəbiyyat fakültəsində yaradılmışHeydər Əliyev Təhsil Mərkəziilə maraqla tanış oldular. Ulu öndərin həyat fəaliyyətindən bəhs edən zəngin ekspozisiya, Azərbaycan dilində nəşr olunmuş kitablar videomateriallar universitetdə təhsil alan tələbələrin ölkəmizin tarixi bu günü ilə tanışlığına geniş imkan yaradır. Mərkəzə rəhbərlik edən həmyerlimiz, kimya fakültəsinin dekanı, professor Hacalı Nəcəfoğlu bildirdi ki, Heydər Əliyev Fondunun himayəsi ilə fəaliyyət göstərən mərkəz Qars şəhərində azərbaycançılıq ocağı kimi tanınır.

Azərbaycan konsulluğunun təntənəli açılışına qarslılardan, Bakıdan gəlmiş soydaşlarımızdan əlavə, ətraf vilayətlərin təmsilçiləri gəlmişdilər. Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin dövlət himnlərinin səslənməsindən sonra ölkəmizin Qars şəhərindəki baş konsulu Həsən Zeynalov mərasimə toplaşanları salamladı.

Konsul bildirdi ki, Qars şəhərində Azərbaycanın diplomatik nümayəndəliyinin yaradılması ulu öndər Heydər Əliyevin iki qardaş ölkə region dövlətləri arasında fəal əməkdaşlığa, Qarsın tarixi missiyasının davamına verdiyi önəmin, Prezident İlham Əliyevin bölgədəki siyasətimizlə bağlı iradə qətiyyətinin nəticəsidir. Hər iki liderin bu şəhərdə olması Anadolunun şərqindəki bu strateji bölgə ilə ölkəmiz arasında dostluq əlaqələrinə geniş perspektivlər açmışdır. BakıTbilisiCeyhan neft, BakıTbilisiƏrzurum qaz kəmərləri, BakıTbilisiQars dəmiryol xətti ölkəmizlə Türkiyənin qardaşlıq rəmzinə çevrilmişdir.

Həsən Zeynalov daha sonra əlavə etdi ki, 4 il əvvəl açılmış konsulluq bu gündən fəaliyyətini yenidən qurulmuş ölkəmizin mülkiyyətinə çevrilmiş ikimərtəbəli, müasir binada davam etdirəcək. Diplomatik heyət Anadolunun şərqindəki 17 vilayətə yüksək səviyyəli konsulluq xidməti göstərəcək.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, professor Nizami Xudiyev Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Vaqif Sadıqov Qars şəhərinin Qafqaz regionunda oynadığı strateji mövqedən, Azərbaycan rəhbərliyinin 1921-ci ilin oktyabrında bu şəhərdə bağlanmış Qars müqaviləsinin prinsiplərinə sayğılı münasibətindən, qardaş ölkədə Azərbaycan diplomatiyasını fəallaşdırmaq sahəsində konsulluğun üzərinə düşən məsul vəzifələrdən söz açdılar.

Qars valisi Mehmet Üfüq Ərdəm, İğdır valisi Səffət Qarahisarlı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Səyyad Aran, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının prezidenti Bilal Dindar mərasimdə çıxış edərək baş konsulluğun kollektivini səmimi təbrik etdilər, onlara AzərbaycanTürkiyə əlaqələrinin davamına kömək göstərməkdə uğurlar arzuladılar.

Baş Konsulluğun yeni binasının qısa müddətə təmir edilib istifadəyə verilməsində fərqlənmiş Azərbaycan Türkiyə inşaatçılarına xatirə hədiyyələri verildikdən sonra giriş qapısındakı rəmzi qırmızı lent kəsildi, mərasim iştirakçıları iqamətgahla tanış oldular.

Nümayəndə heyətinin üzvləri Qars şəhərinin görməli yerləri ilə tanış olarkən yerli sakinlərlə səmimi söhbətlər apardılar. Vaxtilə Azərbaycandan bu şəhərə mühacirət etmiş insanların törəmələri olan soydaşlarımız Qarsda ölkəmizin konsulluğunun onların tarixi Vətənlə əlaqələrinə hərtərəfli köməyindən məmnunluqla söz açdılar, baş konsul Həsən Zeynalovun fəaliyyətindən razılıqla danışdılar.

Rəsmi görüşlərdə, qarslılarla söhbətlərdə Bakıdan getmiş jurnalistlər Qars şəhərindən Ermənistana qapı açılması ilə bağlı son vaxtlar eşidilən söhbətlərin mahiyyəti ilə maraqlandılar. Cavablardan məlum oldu ki, belə bir mövzuya əsas verən üzdəniraq qüvvələrə qarşı Türkiyə dövlətinin və xalqının mövqeyi qəti, birmənalıdır: Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmayanadək, Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməyənədək bu ölkəyə qapı açıla bilməz.

Nümayəndə heyətinin bölgəyə səfəri İğdır şəhərində keçirilən görüşlərlə davam etdi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti .-2008.-7 dekabr.- S.4.