Dünya ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır

 

Bu il dekabrın 2-də hazırda Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından sonuncu azərbaycanlının deportasiya olunmasının iyirminci ildönümü tamam oldu. Bu münasibətlə dünən Atatürk Mərkəzində Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə böyük dəyirmi masa təşkil edildi. Tədbirdə Milli Məclisin deputatları Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Musa Quliyev, Gülər Əhmədova, QHT-lərin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Əvvəlcə 1988-1989-cu illərin deportasiyasını əks etdirən videokadrlar nümayiş etdirildi.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 1988-ci ildə Ermənistandakı tarixi-etnik torpaqlarında yaşayan sonuncu 250 min azərbaycanlı erməni dövləti səviyyəsində həyata keçirilmiş deportasiya soyqırım siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin salınmışdır. Ancaq aradan 20 il keçməsinə baxmayaraq hələ bu insanların beynəlxalq hüquq normaları ilə təsbit edilmiş hüquqlarının bərpa edilməsi mümkün olmayıb, onların deportasiya soyqırıma məruz qalmaları dünya ictimaiyyəti tərəfindən tanınmayıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı rus şovinizmi erməni vandalizmi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə soyqırım siyasətinin tarixinə daha geniş nəzər salaraq qeyd etdi ki, bu amansız siyasət tam 200 il ərzində aparılmış, tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar bu müddətdə dəhşətli faciələrə, məşəqqətlərə məruz qalmışdır. F.Ağamalının sözlərinə görə, 1828-ci ilin fevralında Rusiya imperiyası ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra həmin ilin martında tarixi Azərbaycan torpaqları olan İrəvan Naxçıvan ərazisində erməni vilayəti yaradılmış, Türkiyə İran ərazisindən 200 mindən çox erməni Azərbaycana köçürülmüşdür. Həmin vaxtdan da rus imperializmi tərəfindən azərbaycanlıların etnik təmizlənməsinə başlanmışdır. İyirminci əsrdə isə azərbaycanlılara qarşı üç dəfə kütləvi deportasiya siyasəti həyata keçirilmiş, nəhayət, 1988-ci ildə sonuncu azərbaycanlı Ermənistandan qovulmuş, türksüz Ermənistan yaradılması ideyası baş tutmuş, rus çarı birinci Pyotrun türk torpaqlarında erməni-xristian dövləti yaratmaq planı reallaşmışdır. Beləliklə, 1918-ci ildə 600 min azərbaycanlı deportasiya edilmiş, 200 min insan vəhşicəsinə qətlə yetirilmişdir.

Fəzail Ağamalı bildirdi ki, bu qəddar siyasət 1948-1953-cü illərdə keçmiş SSRİ Nazirlər Sovetinin qərarı ilə həyata keçirilmiş, nəticədə 150 min soydaşımız Azərbaycanın aran rayonlarına köçürülmüş, fərqli iqlim şəraitinə düşərək mənəvi işgəncələrə məruz qalmışdır. Bu tarixi faciələrimizlə bağlı ümummilli liderimiz Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci il tarixli, ”Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanları var. Azərbaycan Prezidenti İlham Əliyev isə demişdir: “İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək  istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər».

1991-ci ildə müstəqillik qazanmış Ermənistan dövləti bu siyasəti Dağlıq Qarabağ ərazisində davam etdirmişdir gələcəkdə bu dövlət tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasətinin aparılmayacağına təminat yoxdur. Ona görə bütün cəmiyyətimiz qüvvələrini səfərbər edərək erməni dövlətinin bu siyasətinə qarşı mübarizəni gücləndirməli, ermənilərin faşist xisləti dünya ictimaiyyətinə çatdırılmalı, Azərbaycanın haqq işinin qələbə çalmasına nail olunmalıdır. Deputat 2 dekabrın deportasiya günü kimi rəsmiləşdirilməsi ideyasını da irəli sürdü.

Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Qafar Çaxmaqlı keçmiş SSRİ ərazisində azərbaycanlılardan başqa Axıska türklərinin, Krım tatarlarının da deportasiyaya məruz qaldıqlarını, ancaq sonradan beynəlxalq təşkilatlar vasitəsilə öz tarixi vətənlərinə qayıtmaq imkanı qazandıqlarını bildirdi, təəssüflə qeyd etdi ki, azərbaycanlılar bu imkandan da istifadə etməyiblər. Ona görə Azərbaycanda bu sahədə daha böyük işlər görülməli, indiki Ermənistanın ermənilərə heç bir dəxli olmadığı, xain düşmənlərin Qarabağdan başqa Naxçıvana da göz dikdikləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Politoloq bunun üçün mühacirətdəki Ermənistan parlamenti, İrəvan hökuməti yaratmaq kimi yollardan istifadə edilməsini məqsədəuyğun hesab etdiyini bildirdi.

Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı ermənilərin son 200 il ərzində azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin mayasında Avropa Rusiyanın Qafqazı türklərdən təmizləmək ideyasının dayandığını qeyd edərək bildirdi ki, biz öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməliyik. Doğrudur, bu mövzuda ayrı-ayrı kitablar yazılır, bəzən onlar xarici dillərə tərcümə edilərək Avropada yayılır, ancaq bunlar azdır. Milli Məclisdə Qarabağla bağlı xüsusi komissiya, erməni iftiralarına qarşı mübarizə apara biləcək bir mərkəz, deportasiya, soyqırım muzeyləri yaradılmalıdır. Onun sözlərinə görə, Xocalı soyqırımı muzeyi yardılması ideyası reallaşmaqdadır, ancaq bu gün Qarabağın hər kəndi bir Xocalıdır, ona görə ümumiyyətlə soyqırım muzeyinin yaradılması, ölkəyə gələn qonaqların oranı ziyarətə gətirilməsi gərəkdir. Bu sahədə hökumət ciddi işlər görməlidir. “Çindən Avropaya qədər geniş bir məkanda dünyanın ən böyük mədəniyyətini yaratmış türk xalqına bir ovuc erməni ləkə yaxır. Ancaq biz o ləkəni silə bilmirik» - deyə Sabir Rüstəmxanlı təəssüflə bildirdi.

Deputat əlavə etdi ki, bu yaxınlarda azərbaycanlılara qarşı soyqırım məsələsi ilə bağlı Avropa ölkələrində geniş silsilə tədbirlər, görüşlər keçirəcəklər.

Çıxış edənlərdən deputat Musa Quliyev Cümşüd Nuriyev Ermənistanda dövlət siyasəti səviyyəsində həyata keçirilən türk soyqırımı ilə bağlı Azərbaycan hökuməti, Milli Məclis ictimaiyyət tərəfindən daha fəal addımlar atılmasının vacibliyini bildirdilər.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2008.-7 dekabr.- S.4.