Masallıda yeni elektron ATS açılıb
Rabitə və İnformasiya Texnologiyaları işçiləri günü və Qurban bayramı ərəfəsində Masallı rayonunun Yeyənkənd kəndində elektron tipli yeni avtomat telefon stansiyası istifadəyə verilib.
Masallı rayonunun daxili imkanları hesabına tikilən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müasir avadanlıqla təchiz etdiyi bu EATS 1000 nömrəlikdir. Açılış mərasimində çıxış edən kənd ziyalıları, ağsaqqallar ölkədə gedən abadlıq, quruculuq işlərindən, əhalinin sosial problemlərinin həllindən və rabitə xidmətinin yaxşılaşmasından razılıqla söhbət açdılar. Rayon Telekommunikasiya qovşağının rəisi Nizam Bağırov məlumat verdi ki, bu stansiya son vaxtlar Masallıda daxili imkanlar hesabına inşa edilən 6-cı EATS-dir. Rayonda rabitə xidmətinin bütünlüklə elektronlaşdırılması üzrə tədbirlər ardıcıl davam etdirilir. Tezliklə əhaliyə maksimum keyfiyyətli telefon, internet və digər elektron xidmətlərin göstərilməsinə tam nail olunacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin səlahiyyətli nümayəndəsi Ələkbər Ağayev ölkəmizdə bu sahənin inkişafına dövlət səviyyəsində prioritet verilməsini konkret faktlarla əsaslandırdı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev uğurla başa çatan regional inkişaf Dövlət Proqramının ən ucqar bölgələrdə belə tərəqqiyə səbəb olduğunu söylədi və Masallıda aparılan quruculuq işlərinin məhz insan amilinə xidmət etdiyini vurğuladı. O, rabitə işçilərini peşə bayramı, Yeyənkənd sakinlərini isə EATS-in istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, yeni ilədək bu kənddə 480 şagird yerlik orta məktəb binası da istifadəyə veriləcək.
Sonra 78 saylı
yeni EATS-in açılışını
bildirən rəmzi
lent kəsildi. Ən müasir
elektron avadanlıqla təchiz edilmiş stansiyaya baxış keçirildi. Dünyanın müxtəlif guşələrində
yaşayan qohumlarına
zəng edərək bir neçə saniyə ərzində onlarla danışmaq imkanı əldə edən kənd sakinləri ən yüksək keyfiyyətli
rabitə xidmətinə
görə bir daha minnətdarlıqlarını
bildirdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2008.- 7 dekabr.- S.4.