“Dağlar vüqarlanır sən
oxuyanda”
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin
qorunmasına, qədim muğam sənətinin dirçəldilməsinə
göstərdiyi qayğı, muğamın dünyada
tanınması üçün həyata keçirdiyi tədbirlər
hər kəsin ürəyindən xəbər verdiyi kimi, bu
sahənin adamlarını da xeyli ruhlandırmış,
onların yaradıcılığında sözün əsl
mənasında böyük canlanmaya səbəb olmuşdur.
Buna qəlbən sevinənlərdən biri də
ömrünü-gününü muğam
ifaçılığına həsr edən Ruzə
İbişovadır.
Onu ilk dəfə
Masallıda, bir el məclisində gördüm. Oxusundan,
şaqraq zəngulələrindən ovsunlanmışdım.
İfasını köməkçi xalları ilə
şirinləşdirən tarın müşayiəti
xanım -xatın xanəndənin səsinə təbii ahəng
qatırdı. “Çahargah” muğamını “Bərdaşt”
müqəddiməsi ilə başladı. Ustalıqla mayənin
zilindən bəmə endi. Sonra “Simayi-Şəms”ə
keçdi, yenidən zilə qalxdı. Səsin bu “qabarma” və
“çəkilmələri” hər kəsi heyrətdə
qoymuşdu. Baxan sevinir, dinləyən sehirlənir, eşidən
boylanırdı.
Sonralar “Vahid” Poeziya evində
Ruzə İbişova ilə bağlı bir məclisdə
xalq artisti, gözəl muğam ifaçısı Canəli Əkbərovdan
eyni etirafı eşitdim. Muğamın dramaturji inkişafı
məhz o cür səs yüksəkliyinin,
emosionallığın tədrici artması ilə
bağlıdır və Ruzə xanımın bunu bacarması
dinləyiciyə unudulmaz zövq verir.
Bir məclisdə isə
Ruzə xanım “Şikəsteyi- Fars” oxuyub ən zildə “Əraq”a
keçdi, sonra yenidən muğama qayıtdı və
oxuduğu təsnifin sonunu “Qatar”la elə tamamladı ki,
xiridarların sürəkli alqışları salonu
başına götürdü.
Ruzə İbişova
musiqi aləmində tanınan simalardandır, amma davamlı
reklam olunmadığından geniş auditoriya onun oxu tərzinə,
səs imkanlarına çox da bələd deyil. Asəf
Zeynallı adına orta ixtisas musiqi məktəbini, sonra
Bakı Musiqi Akademiyasını bitirib. Muğam ustadı, mərhum
Nəriman Əliyevdən, daha sonra xalq artisti, mərhum
İslam Rzayevdən sənətin incəliklərini öyrənib.
İlk vaxtlar xalq artisti Əlibaba Məmmədovun rəhbərlik
etdiyi “Humayun” xalq çalğı alətləri ansamblı
ilə çalışıb. Azərbaycanın bir çox
guşələrində verilən konsertlərdə
istedadını göstərib. Gözəl muğam və
xalq mahnıları ifaçısı kimi uğur qazanıb.
Ruzə İbişova sonralar ailə qurması, övladının dünyaya gəlməsi və bir müddət diqqətdən kənarda qalması səbəbindən az qala ifaçılıqdan uzaqlaşacaq, incəsənətimiz gözəl bir səsi itirəcəkdi. Doğrudur, bir ara “İrs” folklor ansamblında oxuyub. Rusiyanın müxtəlif şəhərlərində, Pribaltika respublikalarında qastrol səfərlərində olub. Amma bütün bunlar Ruzə İbişovanın imkanlarını tam nümayiş etdirməsi üçün yetərli deyildi. Nə yaxşı ki, gənc istedada, necə deyərlər, yiyə duran tapıldı. 1996-cı ildə Azərbaycan Radio və Televiziyasının Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrinin rəhbəri, tanınmış dirijor, xalq artisti Nəriman Əzim —Gəncəli onu dahi Üzeyinbəyin yadigarı olan mötəbər musiqi kollektivinə dəvət elədi. Ruzə İbişova orkestrlə Ü.Hacıbəyovun, S.Rüstəmovun, Q.Hüseynlinin, T.Quliyevin, H.Xanməmmədovun, C.Cahangirovun, R.Mirişlinin, H.Əzimovun 80-dən çox əsərini, həmçinin “Çahargah”, “Bayatı-Kürd” muğam dəstgahlarını, zərbi-muğamlardan “Kəsmə-Şikəstə”ni, “Heyratı”nı lentə yazdırdı. Bunlar hamısı radio və televiziyanın fonduna daxil edilib.
Xalq artisti, mərhum İslam Rzayevin vaxtilə dedikləri: “Ruzə xanım musiqi akademiyasında mənim ən savadlı tələbələrimdən biri olub və bütün muğamları, hətta yaddan çıxmışları belə mənimsəyərək öyrənib. Bəstəkarlarımızın geniş həcmli əsərlərini məharətlə oxuyur, xalq mahnıları və təsnifləri, Şərq musiqi nümunələrini gözəl təqdim edir. O, çalışqan, məsuliyyətlidir, reklama yox, oxumağa can atır. Sənətini ürəkdən sevir, buna görə də bir çox müğənnilərdən seçilir. Bir dəfə eşitdim ki, Ruzə S.Rüstəmov adına XÇA orkestrində ”Çahargah" və başqa muğamları, təsnifləri oxuyur, buna bir müəllim kimi çox sevindim. Onu gözəl gələcək gözləyir. Ruzə buna layiqdir"
Xalq artisti, maestro N.Əzim-Gəncəli: “Mələkxanım Əyyubovanı da, Ruzə İbişovanı da folklor kollektivindən peşəkar orkestrə mən gətirmişəm. Təsəvvür edin ki, Nizaminin sözlərinə Üzeyirbəyin yazdığı məşhur ”Sevgili canan" romansını ilk dəfə qadın vokalçı olaraq məhz Ruzə İbişova bizim orkestrdə oxuyub. Bu, böyük cəsarət, səs tələb edən romansdır. Bunu bacaran Ruzə xanım çox istedadlı və zəhmətsevərdir. O, təkcə mənim əlli mahnımı ifa edib. Nəriman Əliyevin, İslam Rzayevin ona çəkdikləri zəhmət itməyib".
Xalq artisti, ustad xanəndə Canəli Əkbərov: “Bir vaxtlar mənim haqqımda poema yazmış şair Azad Talışoğlunun Ruzə xanıma həsr etdiyi ”Sən oxuyanda" kitabında onun yaradıcılıq məziyyətləri hərtərəfli əksini tapıb. O şeirlərin hər biri gözəl bir nəğmə təsiri bağışlayır. Ruzənin ifaçılığında xüsusi bir incəlik, kolorit, naxışlı bir bədii obraz var. Onun səsindəki xırdalıqlar, zəngulələr istər-istəməz yadda qalır. Bu səs, necə deyərlər, adamı vurmur. Ruzə xanımla bir dəfə televiziya verilişində “Xaric segah”ı oxuduq. Onun gözəl səsi heyrət doğurdu. Verilişdən sonra bizə Azərbaycanın bir çox guşələrindən, hətta Tehrandan, Təbrizdən çoxlu təqdir zəngləri gəldi. Mən onunla birlikdə bir neçə qədim xalq duetini də xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi “Araz” xalq çalğı alətləri ansamblı ilə lentə yazdırmışam, inşallah, bu işi davam etdirəcəyik. Ondan köməyimi əsirgəməyəcəyəm".
Xalq artisti Habil Əliyev: “Onun çıxışlarını televiziya ilə çox izləmişəm. Sonradan isə özü ilə tanış olmuşam. Gözəl sənəti var. Bilirsiniz, xalq gərək öz musiqisi üzərində ciddi nəzarətçi olsun. Xanəndə də məsuliyyət hiss eləsin ki, bu, xalqın, millətin sərvətidir, talan eləmək, korlamaq olmaz. Əks halda hər yerindən duran gəlib çıxır ortalığa, amma Ruzə kimi təvazökarlar unudulur. Halbuki onun böyük sənəti var. Xahişə, minnətə ehtiyacı yoxdur. Onun oxuduğu ”Sevgili canan" romansına çox sevindim. Əvəzolunmaz bir əsərin gözəl ifası fərəhlidir".
Xalq artisti Əlibaba Məmmədov: “Ruzə xanım 15-16 yaşında mənim ansamblıma gəlib. İlk addımlarını ”Humayun"da atıb. Onunla Azərbaycanın bir neçə rayonunda, respublikadan kənarda konsertlər vermişik. Hələ o vaxtlar səsi mənim xoşuma gəlmişdi, gözəl “Segah” oxuyurdu. Həşim pərdəsində “Segah”ı məharətlə təqdim edirdi, mən də həvəslə qulaq asırdım. Sonra o, Asəf Zeynallı adına musiqi məktəbinə qəbul edildi, rəhmətlik Nəriman Əliyevin sinfinə. O isə Ruzəyə əksər muğamları xırdalığına, incəliyinə qədər öyrətdi. Sonra Bakı Musiqi Akademiyasını bitirdi. Səid Rüstəmov adına XÇA orkestri ilə çıxışlarını radio və televiziya vasitəsilə tez-tez dinləyirdim. Görürdüm ki, maşallah, sənətkar kimi yetişib. Bax, Ruzə xanım bayaqdan oxuyur, hamımızın da xoşuna gəlir. Görünən dağa nə bələdçi?"
Ruzə İbişovanın ifasını bir dəfə dinləyənlər onu mütləq yadda saxlayırlar. Həqiqəti, Saranı, Rübabəni də xatırladır, amma daha çox özüdür, özünə xasdır məziyyətləri. Bir dəfə M.Maqomayev adına Dövlət Filarmoniyasında kamera orkestrinin müşayiəti ilə İsveçrəli məşhur musiqiçi Simon Comartinin dirijorluğu ilə Aqşin Əlizadənin “Muğamvari” simfonik əsərini elə uğurla ifa etdi ki, ünlü əcnəbi sənətçi razı qaldı.
“Araz” xalq çalğı alətləri ansamblı ilə Ruzə İbişova 20-yə yaxın mahnı və təsnif, habelə “Bayatı Şiraz”, “Xaric segah”, “Mirzə Hüseyn segahı”, “Mahur Hindi” muğam dəstgahlarını da lentə yazdırıb. Tez-tez hərbi hissələrdə, əsgər və zabitlərin qarşısında çıxış edən Ruzə xanım vətən müdafiəçilərinə sevinc dolu anlar, könül xoşluğu bağışlamaqdan böyük məmnunluq duyur. Fəxri -fərmanlar, “Min bir mahnı” mükafatının “İlin muğam ustası” nominasiyası, qiymətli hədiyyələr, ən başlıcası isə tamaşaçı alqışları onun ruhunu qanadlandırır, ilhamını artırır.
İki ildən bəri Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi kafedrasında dərs deyən Ruzə İbişova bir vaxtlar ustad sənətkarlardan görüb-götürdüklərini indi həvəslə tələbələrinə öyrədir. “Kəsmə Şikəstə”yə, “Heyratı”ya, “Qarabağ şikəstəsinə” ürəyinin bir parçasını qoyan Ruzə xanım “Şur” təsnifləri və lirik mahnıları ilə də çevrəsinə bol-bol işıq yayır, məhəbbət, sədaqət aşılayır.
Ruzə İbişova ömür-gün dostu Yaşarla və qızı Gülsurə ilə tez-tez Masallıya, doğma Kalinovka kəndinə də gedir, toylarda, el şənliklərində iştirak edir. Bir də görürsən, məclis əhlinin xahişi ilə qavalını götürüb başladı oxumağa, şənliyin havasına xalq musiqimizin və muğamlarımızın qədim və təzətər ovqatı qarışdı. O, oxuyanda hamı susur, bülbüllərsə şövqə gəlib ona qoşulur. Səsi dağlarda əks-səda verir, dağlar bir az da vüqarlanır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2008.-7 dekabr.- S.7.