Əməlləri ilə əbədiyaşar insan

 

Respublikamızın tanınmış publisisti, Prezident təqaüdçüsü və əməkdar jurnalist Rəşid Mahmudovun haqqa qovuşduğu gündən düz 40 gün keçir. Bu ötən qırx gündə onun yeri daha aydın görünür, dostlarını, doğmalarını daha dərindən kədərləndirir. İstər-istəməz bir bayatının yanıqlı misraları yada düşür:

- Burdan bir atlı keçdi,

Atın oynatdı keçdi.

Gün kimi şəfəq saçdı,

Ay kimi batdı getdi...

Rəşid müəllimlə arabir filarmoniyanın bağında yerləşən “Vahid” poeziya evinin qabağında oturar, fəvvarənin səsinə qulaq asardıq. Gəlişindən xəbər tutan keçmiş partiya işçiləri, şairlər, sənət adamları onun başına yığışardılar. Rəşid müəllim də adəti üzrə hamıya konfet paylayar, ağzınızı şirin edin, deyərdi. Söhbət tarixdən, fəlsəfədən, şeir-sənətdən və ölkədə gedən quruculuq işlərindən düşərdi. Kimsə nədənsə narazılıq etmək istəyəndə Rəşid müəllim böyük ustalıqla mövzunu dəyişər, keçmiş müəllimlərindən maraqlı xatirələr danışmaqla hamının diqqətini cəlb edərdi. Mikayıl Rəfilidən, Məmməd Cəfərdən, Həsən Şahgəldiyevdən, Əlövsət Quliyevdən, Zülfəli İbrahimovdan danışar, uzun müddət çalışdığı ”Xalq qəzeti”ndə (keçmiş “Kommunist” qəzetində) redaktor işləmiş Rza Qliyev, Əli Vəliyev, Xasay Vəzirov və Ağababa Rzayevin iş metodu, idarəçilik qabiliyyəti və qayğıkeşliklərindən söhbət açardı.

Gözləri gördüyü vaxtlarda “Xalq qəzeti”nin hər nömrəsini diqqətlə oxuyar, fikirlərini mənimlə bölüşər, xoşu gəldiyi yazıların müəlliflərinə zəng vurub minnətdarlıq edərdi. Sonrakı dövrlərdə bəzi yazıları mənə oxutdurardı.

Mahmudovlar ailəsi ilə dostluğum görkəmli mineroloq alim Ədhəm müəllimlə 70-ci illərdən başlasa da, Rəşid müəllimlə tanışlığım 22 il əvvəl olmuş və ata-oğul qədər yaxın münasibətlərimiz o, Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da davam etmişdir. Yeri gəlmişkən, onun vəzifədən uzaqlaşdırılması ilə bağlı bu günə qədər heç yerdə qeyd olunmayan və yazılmayan bir məsələni diqqətinizə çatdırmağı özümə borc bilirəm.

Sağlığında bu barədə danışmağa mənə icazə verməmişdi. Ayaz Mütəllibovun prezidentliyi dövründə, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və Milli Məclisin deputatı kimi iştirak etdiyi sessiyada günün birinci yarısı hökumət üzvlərinin siyahısı Milli Məclis üzvlərinə paylanır. Rəşid müəllimin də adı həmin siyahıda olur. Fasilə zamanı tək-tək deputatlar Heydər Əliyevə yaxınlaşır. Rəşid müəllim də böyük hörmət və məhəbbət bəslədiyi Heydər Əliyevə yaxınlaşaraq çox səmimi görüşüb hal-əhval tutur.

O, dəfələrlə etiraf etmişdi ki, qazandığım uğurlara görə Uca Allaha və sonra Heydər Əliyevə borcluyam. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməmişdən bir neçə gün əvvəl mənzil şəraitimlə bağlı ona ərizə yazmışdım. Moskvaya getdiyinin ikinci günü Azərbaycan KP MK-nın işlər müdiri rəhmətlik Balabəy Mirzəcanova zəng vuraraq mənim mənzil məsələmlə maraqlanır, həll olunmadığını eşitdikdə ona tapşırır ki, Rəşidi təcili özünün bəyəndiyi yerdə mənzillə təmin edin və qoy öz evindən mənimlə telefon əlaqəsi saxlasın. Ertəsi gün indi yaşadığım mənzili mənə verdilər və mən bu evdən Mirzəcanovla birlikdə Heydər Əliyevə zəng vurub minnətdarlığımı bildirdim. Mən bilirdim ki, Heydər Əliyevlə görüşməyim elə-belə ötüb keçməyəcək. Ancaq mən onunla görüşməyə bilməzdim.

...Fasilədən sonra hökumət üzvlərinin yeni siyahısı paylanır və Rəşid İsmayıl oğlu Mahmudovun adı həmin siyahıda olmur.

Yazının bu yerinə çatanda Rəşid müəllimdən sonra Dövlət Mətbuat Komitəsinin sədri təyin olunmuş xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlıya zəng çaldım. Mənə məlum idi ki, Rəşid müəllim Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsindən gedərkən otağını bir daha səliqəyə salmış və özündən sonra bu quruma rəhbərlik edəcək şəxsə müraciət yazaraq stolunun üstündəki şüşənin altında qoyubmuş. Sabir müəllimdən bu barədə soruşanda dedi: “Doğrudan da belə bir müraciət yazılmışdı və məzmunu təxminən belə idi.

“Məndən sonra bu vəzifəyə gələn bəy! Sənin kimliyini bilmirəm, ancaq mən bu vəzifədə işlədiyim dövrdə bacardığım qədər vətənimə, xalqıma və Azərbaycan dövlətinə sədaqətlə xidmət etmişəm. Kitab işi xalqın təşəkkül və tərəqqisində, tarixinin yaşadılmasında çox mühüm əhəmiyyət kəsb edir. Sən də bacardığın qədər xalqına, millətinə, Azərbaycan dövlətçiliyinə xidmət etməklə ölkəmizdə kitab işinin daha da təşəkkül tapmasına, xalqın tərəqqisinə xidmət göstər”.

O vaxt bu müraciət məni çox mütəəssir etdi və daha məsuliyyətlə, daha həvəslə işləməyə ruhlandırdı. Allah Rəşid müəllimə rəhmət eləsin, çox gözəl insan, işgüzar rəhbər, naşir və böyük jurnalist idi.

Sabir müəllimin bu sözləri Rəşid müəllimlə “Kommunist” qəzeti redaksiyasında, redaktorun otağında onunla ilk görüşümü xatirimdə canlandırdı...

Dörd il idi ki, “Kommunist” nəşriyyatında işləyirdim, sex rəisi idim, işim də, maaşım da yaxşı idi. 1986-cı ilin əvvəllərində vaxtilə mənə dərs demiş müəllimim, görkəmli şərqşünas alim, ”Qurani-Kərim”in gözəl bilicisi Əli Fəhminin “Quran”dan “Bəgərə” surəsinin Azərbaycan dilinə tərcümə etdiyi hissəsi əlimə düşmüşdü. O illərdə nəinki “Quran”ın tərcüməsi yox idi, bu bir növ yasaq idi. Buna baxmayaraq, mən nəşriyyatda surət çıxaran qızdan müəyyən məbləğ hesabına həmin tərcümədən on nüsxə çıxarmağı xahiş etmişdim. Direktor bu işdən xəbər tutaraq, bərk qəzəblənmiş, məni təhlükəsizlik orqanları ilə hədələmişdi. Üç körpə uşağım vardı, məni tutdura bilərdi. Özümə iş axtarmağa başladım. “Kommunist” qəzetində buraxıcı yeri boş idi. Rəşid müəllimlə otağında görüşərkən artıq mənim vəziyyətimlə onu tanış etmişdilər. Otağa girəndə yazı üzərində işləyirdi. Bir anlığa gözlərini qarşısındakı səhifədən ayırıb mehriban nəzərlərlə mənə baxdı.

— Hər şeyi bilirəm, - dedi, - heç kefini pozma, burada sənə gözün üstə qaşın var deyən olmaz. Sabahdan işə çıx, nə problemin də olsa çəkinmə, mənə de.

Rəşid müəllim mənə bərk-bərk tapşırsa da, onun tabeçiliyində çalışdığım dövrlərdə – istər “Kommunist” qəzetində, istərsə də Dövlət Mətbuat Komitəsində işlədiyim illərdə onu özümlə bağlı bir dəfə də narahat etmədim. Ancaq o özü həmişə məni axtarıb tapırdı, yol göstərirdi. Çətin vaxtlarımda, əlimdə səlahiyyət olmadığı dövrlərdə mənə gündə iki dəfə zəng edərək təsəlli verər, ruhdan düşməməyi tövsiyə edərdi.

“Kommunist” qəzetində işlədiyi 1980-ci illərin sonlarında mərkəzi mətbuat orqanları olan “Oqonyok” jurnalı, “İzvestiya”, “Komsomolskaya pravda” və “Selskaya jizn”, “Trud” qəzetləri öz səhifələrində Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərirdilər. İttifaq rəhbərliyindən dəstək görən “Selskaya jizn” qəzeti lap ağ eləmişdi. Qəzetin müxbiri əvvəlcə Yerevana, oradan da Dağlıq Qarabağa gedərək burada kənd təsərrüfatının problemləri ilə bağlı söhbət apardıqdan sonra iki qəzet səhifəsi həcmində material dərc etdirmişdi. Ermənistanda çap olunan kitablarda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Dağlıq Qarabağın özündə orta məktəb attestatları erməni dilində yazılırdı. Bu məsələlər redaksiyada da müzakirə olunur və əməkdaşları, xüsusilə, Rəşid müəllimi çox narahat edirdi. M.Qorbaçov hər yerdə aşkarlıqdan danışsa da, Azərbaycanda bu yox idi.

Belə bir dövrdə Rəşid müəllim yazıçı-publisist Zeydulla Ağayevin “Aşkarlıq”, “Azərinform”un “Coğrafiyadan 2”, ”Coğrafiyanı səhv salanda” məqalələrini “Kommunist” qəzetində dərc etdi. Bu hadisə respublikada böyük əks-səda doğurdu və müsbət qarşılandı. Ancaq bu, mərkəzi hökumətin və Azərbaycan KP MK-nin bəzi ermənipərəst və kölgəsindən qorxan məmurlarının xoşuna gəlmədi. Çox maraqlıdır, o illərdə ermənilər yalanı həqiqət kimi öz qəzetlərində, kitablarında, dərsliklərində və mərkəzi məbuatda yazırdılar, onlara gözün üstə qaşın var deyən olmurdu, biz əsl həqiqəti yazanda isə gözümçıxdıya salıb cəzalandırırdılar.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı Rəşid müəllim Dövlət Mətbuat Komitəsinin sədri idi. Respublikada fövqəladə vəziyyət elan olunmuşdu, bütün nəşrlərə hərbi senzura nəzarət edirdi. Belə bir çətin dövrdə Rəşid Mahmudov görkəmli xalq yazıçısı Çingiz Abdullayev, İbrahim Şükürov, Əjdər Xanbabayev, Vahid Əziz, Hidayət Orucov və digər ziyalıların, nəşriyyat və mətbəələrdə çalışan fədakar insanların birgə səyi ilə çox qısa bir zamanda “Qanlı 20 Yanvar” kitabını nəşr edərək SSRİ Ali Sovetinin sessiyasına çatdırdı. Həmin kitab deputatlara paylandı, Moskvada və respublikada yayıldı.

Sovet dövlətinin rəhbərlərinin erməniləri bütün vasitələrlə himayə etdikləri bir dövrdə bu işi görmək böyük cəsarət tələb edirdi. Rəşid müəllim belə cəsarətli insan idi və bu cəsarət ona ulu babalarından keçmişdi. Rəşid müəllimin ulu babası Şeyx Hacı İsmayıl əfəndi dövrünün çox böyük alimi və din xadimi olmuş, Bağdadda, Bəsrədə, İstanbulda təhsil alaraq yüksək elmi-dini dərəcə ilə Şirvanın Kürdəmir kəndinə qayıtmışdı.

Bir neçə il bundan əvvəl Rəşid müəllimin yaxın dostu Sadıq Murtuzayevlə “İlisu ensiklopediyası”nı çapa hazırladıq. O, Rəşid müəllimin ulu babası ilə bağlı maraqlı bir yazı oxuduğunu bildirdi və sonra böyük İslam mücahidi Şeyx Şamilin 200 illiyi ilə əlaqədar nəşr olunmuş nəfis bir kitabı — “Şeyx Şamil ensiklopediyası”nı mənə verərək 37-ci səhifəni oxumağımı məsləhət gördü. Rəşid müəllimin özü hələ bu kitabı görməmişdi və məlumatla tanış deyildi. Kitabda yazılmışdı: ... Tarixçilərin verdikləri məlumata görə Şeyx Xalidin (“Xalid şah” davamçıları onu hörmətlə belə adlandırırdılar) Şirvanın Kürdəmir kəndindən ilahiyyət elmləri ilə məşğul olan Şeyx Hacı İsmayıl əfəndi adında tələbəsi olmuşdur. Son dərəcə bacarıqlı və istedadlı olduğundan Şeyx Xalid ona Siracəddin (dinin işığı) titulu verərək Şirvanda nəqşbəndi təriqətini təbliğ etmək üçün özünün davamçısı təyin edir. 1820-ci ildə Rusiya Şirvanı işğal etdikdən sonra burada Şeyx Hacı İsmayıl əfəndinin çox böyük nüfuzu ilə qarşılaşdıqda onun İran və Türkiyə tərəfindən dəstəklənməsindən ehtiyatlanaraq əvvəlcə Şeyx Hacı İsmayıl əfəndinin tələbələrinin, sonra da Şeyx Hacı İsmayıl əfəndinin vətəndən sürgün olunmasına nail oldu. Lakin Şeyx Türkiyəyə getməzdən əvvəl Dağıstanda özünə layiqli davamçılar taparaq üzərinə qoyulmuş missiyanı davam etdirmələrini onlara həvalə etdi. İsmayıl əfəndinin ilk müridi – davamçısı Məhəmməd Yaraqlı olmuşdur ki, Dağıstan xalqlarını çarizmlə mübarizəyə çağırmaqla Şamilə “biz təkcə təriqətlə xilas ola bilmərik, gəl qəzavat edək” deyə onu hərəkata sövq etmiş, sonralar xalqı cihada çağırmışdı.

...1823-cü ildə Molla Məhəmməd Yaraqlı və Cənubi Dağıstanın digər mollaları Dağıstanda müsəlmançılığın zəifləməsi ilə bağlı məsələnin müzakirəsi üçün Hacı İsmayıl əfəndinin yanına toplaşdılar. Müzakirədən sonra qərara gəldilər ki, müsəlmanlar şəriəti bilmədikləri üzündən təriqətin ali elminə doğru yüksələ bilmədiklərindən kafirlərə boyun əyməli olurlar. Şirvanın Kürdəmir kəndindən İsmayıl əfəndinin təbliği ilə qaynaqlanan, sonralar Şeyx Şamil tərəfindən davam etdirilən hərəkat uzun illər rus imperiyasını titrətdi. Rəşid müəllimin cəsarəti buradan qaynaqlanırdı. Rəşid müəllimin ulu babası Şeyx İsmayıl “Siracəddin” əfəndi sonrakı həyatını Türkiyənin Amasiya vilayətində davam etdirməklə burada övliya mərtəbəsinə yüksəlmiş, qəbrinin üstündə türbə tikilmişdir. İsmayıllı rayonunun Mican kəndində məskən salmış oğlu Hacı Mahmud əfəndi “Quran”ın dərin bilicisi olmaqla doğma kəndində məscid tikdirmişdir. Rəşid müəllimin atası İsmayıl müəllim də “Quran”ın gözəl bilicisi olmuş, Azərbaycan Demokratik Cümhuriyyəti ordusunda zabit kimi xidmət etmiş, sovet hakimiyyəti illərində isə özünün Mican kəndində təşkil etdiyi məktəbdə ömrünün sonuna qədər direktor olmaqla dərs demişdir.

Rəşid müəllim fədai idi. Qəzet fədaisi, kitab fədaisi, millət fədaisi. Öz işində özünə qarşı hədsiz dərəcədə tələbkar idi. “Kommunist” qəzetində buraxıcı işlədiyim vaxtlarda saat 19-20 radələrində mətbəəyə gələr, gündüz oxuyub redaktə etdiyi materialları səhifədə təkrar oxuyar, bir çox hallarda gecə saat 1-ə qədər mətbəədə qalar, qəzetin çapa imzalanmasını gözləyərdi. Səhərə yaxın siqnal nüsxələrini evlərinə apararkən maşını bir qədər aralı saxlayardıq ki, oyanmasın, üçüncü mərtəbəyə qalxana qədər qapını açar və maşını nə üçün uzaqda saxladığımızı soruşardı. Qəzeti ona verib evə gedərdik.

Rəşid müəllim işçilərə, xüsusən mətbəədə işləyənlərə qarşı son dərəcə qayğıkeş idi. Dövlət Mətbuat Komitəsində işlədiyi dövrdə 20 Yanvar hadisələrindən bir qədər sonra məni yanına çağırıb dedi ki, bizdə istehsalat-təchizat və satış idarəsində müavin yeri boşdur, məsləhət bilirəm, gəlib işləyəsən. Mənim köçürmə yolu ilə bu vəzifəyə təyin olunmağım üçün məktub da hazır idi.

Həvəslə işə başladım. Bir neçə ay işlədikdən sonra bir gün təxminən saat 20-də yanına çağırdı. İş vaxtı qurtarmışdı. Kabinetin qapısı açıq idi, hansısa materialı redaktə edirdi. Ayaq səslərimi eşidib, keç otur, - dedi. Stolun üstündən bir kağızı götürüb, səni Moskvadakı nümayəndəliyimizə işləməyə dəvət edirlər, çox mühüm bir məsələdir. Sən özün respublikadakı vəziyyəti və ermənilərin fitnəkarlıqlarını görürsən. Biz burada qərara gəlmişik ki, Moskvada beş dildə Azərbaycan həqiqətlərini, xalqımızın tarixini, mədəniyyətini, Qarabağ olaylarını dünyaya çatdırmaq üçün “Panorama Azerbaydjana” adlı böyük tirajla qəzet nəşr edək. Qəzetin vaxtlı-vaxtında çapı, SSRİ ərazisində, xüsusilə Rusiyanın mərkəzi şəhərlərində, sonra isə respublikalarda və xarici ölkələrdə yayımı çox vacibdir.

Bir həftə ərzində qəzetin “Pravda” nəşriyyatında ofset kağızında rəngli çapını və yayımını təşkil etdik, ingilis dili variantının nəşri və xarici ölkələrdən üç min abunə məsələsi həll olundu. Redaksiyanı o dövr üçün ən müasir avadanlıqlarla təmin etdikdən sonra qəzetin ingilis dilindəki variantının işıq üzü görəcəyi ərəfədə Rəşid müəllimi işdən azad etdilər və bir qədər sonra mən geri çağırıldım. Çox böyük zəhmət və vəsait hesabına hasilə gətirdiyimiz iş yarımçıq qaldı. Qəzetin nəşri dayandı. Sonrakı illərdə bir neçə dəfə buna cəhd olunsa da, baş tutmadı.

Rəşid müəllim qurucu insan idi. Zaqatalada raykomun birinci katibi işlədiyi dövrdə indi istirahət mərkəzi olan sənaye əsaslı “Forel” balıqçılıq təsərrüfatı, palmet alma bağları, heyvandarlıq kompleksləri yaratmış, gülçülük sovxozunda zəfəran əkinini təşkil etmişdi. Burada dərman və parfümeriya sənayesi üçün respublikada ilk dəfə ətirli yağların istehsalına başlanmışdı. Heç də təsadüfi deyildi ki, o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd ulu öndər Heydər Əliyev Rəşid müəllimin təşkilatçılıq qabiliyyəti və yüksək erudisiyaya malik olmasını nəzərə alaraq, Moskvadan gələn yüksək səviyyəli qonaqların çoxunu Zaqatalaya göndərirdi.

Rəşid müəllim müqəddəs kitabımız “Qurani-Kərim”in doğma dilimizə tərcümə edilərək çap olunmasının təşkilində iştirak etməklə, bu işə rəhbərlik edənlərdən biri olmuşdur. “Vətən” nəşriyyatında işlədiyi dövrdə bir axşam məni evlərinə dəvət etmişdi. Çaydan sonra söhbətə başladı:

- Ay oğul, mən Müdafiə Nazirliyi üçün bu günə kimi 10-15 adda hərbi-texniki ədəbiyyat və nizamnamələr nəşr etmişəm, ancaq bununla ordunun kitaba olan ehtiyacını ödəmək olmaz. Hərbi nəşriyyat yaratmaq və ordunu lazımi ədəbiyyatla təmin etmək lazımdır. Məndən bunun üçün namizəd istəyiblər. Sənin adını vermişəm, gedərsən polkovnik Mustafa Məhərrəmov və Çingiz Məmmədovla tanış olarsan. Mən də nə kömək lazımdırsa edərəm.

“Hərbi nəşriyyat”ı çox böyük çətinliklə yaratdıq. Müstəqil olsaq da, ayrı-ayrı nazirliklərdə oturmuş bəzi yüksək vəzifəli məmurlar nəşriyyatın yaradılmasına razılıq vermək istəmirdilər. Bir neçəsindən Rəşid müəllim xahiş etmişdi. Nazirlər Sovetinin qərarını isə yenə Rəşid müəllimin köməyilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ala bildik.

1995-ci ildə Rəşid müəllim Böyük Vətən müharibəsində qələbənin 50 illiyi ilə bağlı Azərbaycan və rus dillərində hazırlanan “Ağır sınaq illəri” adlı kitabının nəşri ilə bağlı tez-tez yanıma gəlirdi. Kitabın çapını mənə tapşırmışdı. Rəşid müəllimin tələbi isə çox yüksək idi, ağ-qara, keyfiyyətsiz, qəzet və kitablardan surəti çıxarılmış fotoşəkillərlə dolu olan kitabı təbaşirli kağızda nəfis şəkildə çap etməyi tələb edirdi. Belə kağızımız isə yox idi.

Ertəsi gün birlikdə Dövlət Material Ehtiyatları Komitəsi sədrinin yanına getdik. Ofset kağızının bir tonu artıq Nazirlər Sovetinin təsdiq etdiyi tarifə görə 1 milyon 500 min manat olsa da, “Hərbi nəşriyyat” üçün 40 ton kağızın köhnə qiymətlə, yəni, tonu 180 min manat olmaqla ayrılmasına nail oldu. Bu, olduqca çətin və ordu üçün vacib bir məsələ idi.

Rəşid müəllim hamıya qarşı, xüsusilə, yaşı 70-i keçmiş şair, yazıçı və sənət adamlarına qarşı çox diqqətli idi. Bir dəfə zəng vurub dedi ki, xalq şairi Nəbi Xəzri Mərdəkanda xəstə yatır, onun xalqımızın mədəniyyətinin xarici ölkələrdə təbliğində xidmətləri böyükdür, həm də qəlbi qırıqdır, yoldaşı da rəhmətə gedib, təkdir, gedək ona baş çəkək. Yaxşı olar ki, çəkiliş də olsun. Moskvada yaşayan keçmiş diplomat yazıçı Əbdül Hüseynov da qonağım idi. Hərbi kinostudiyadan operator çağırıb Nəbi müəllimi ziyarətə getdik. Çox sevindi, onu xəstəxanadan çıxarıb Şüvəlanda, məhz bu görüş üçün hazırlanmış ziyafətə apardıq. Çox gözəl söhbətlər oldu. Nəbi Xəzri son vaxtlar kitablarının az nəşr olunduğunu, “Atillanın atlıları” poemasını təzə tamamladığını qeyd etdi. Geriyə qayıdanda Rəşid müəllim Nəbi müəllimdən təzə yazdığı poemanın əlyazmasını alıb mənə verdi və çox qısa bir vaxtda çap olunmasını tapşırdı.

İki həftə sonra Nizami muzeyində televiziyada verilmək şərtilə Nəbi müəllimlə görüş və kitabın təqdimatı keçirildi. Rəşid müəllim görüşlə bağlı tədbirin maliyyə məsələlərini özu həll etdi. Çox gözəl bir görüş və təqdimat oldu. Nəbi Xəzri ürəkdən razılıq etdi. Gözləri gülürdü. Bu elə bir dövr idi ki, Rəşid müəllimin aldığı pensiya onun dərmanlarına çatmırdı. Buna baxmayaraq qəlbən rahatlıq tapdı ki, şairi sevindirə bilmişik...

Rəşid müəllimin dostluq etdiyi əksər adamları tanıyıram. İşimlə bağlı yazıçı-şair, bəstəkar, rəssam, bir sözlə, üzdə olan sənət adamlarının əksəriyyəti ilə münasibətim var. Müxtəlif dövrlərdə Rəşid müəllimlə işləmiş, partiya-sovet işçiləri - Kamran Hüseynov, Sadıq Murtuzayev, Çingiz Həsənov, Əlövsət Baxışov, hüquq-mühafizə işçiləri Hacı Abdulla İbrahimov, Bahadur Hüseynov, yazıçı Çingiz Abdullayev, şair Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qılman İlkin, Zəlimxan Yaqub və digər görkəmli şəxsiyyətlər söhbətlərində Rəşid müəllimdən danışarkən onu çox işgüzar, savadlı, sözündə düz, intizamlı, yüksək dərəcədə məlumatlı və erudisiyalı, mehriban və qayğıkeş bir insan kimi xarakterizə etmiş və edirlər.

Rəşid müəllim özündən əvvəlki redaktorları tez-tez xatırlayırdı və onların demək olar ki, hamısı haqqında xatirə yazıb dərc etdirmişdi.

Uzun müddət Rəşid müəllimlə tez-tez görüşmüş, hər gün zəngləşmişik. Babaları kimi Allaha bağlı adam idi, hər gün beş dəfə üzü qibləyə dayanaraq “Quran”dan bildiyi surələri oxuyar, zikr edərdi. Haqqa qovuşmazdan iki gün əvvəl zəng vurmuşdu.

— Noyabrın 1-də mənimlə məşğul ol, ay Hacı, havaya çıxmaq üçün darıxmışam, məni havaya çıxar. Hər dəfə havaya çıxmazdan əvvəl saqqalını təraş edər, yuyunub qüsullanardı. O gün də belə olmuşdu. Rəşid müəllim öz ölümü və harada basdırılacağı ilə bağlı mənimlə dəfələrlə söhbət etmişdi. Deyirdi mən istəmirəm ki, kimsə mənə görə əziyyət çəksin, çox istərdim ki, atamın, anamın, qardaşlarımın, Dilbər balamın yanında basdırılım, ancaq bu böyük əziyyətdir. Bəhruz da tək oğuldur, qayğıları çoxdur. İstəmirəm çətinliyə düşsün, bir də ki, camaat buradan İsmayıllıya gələcək. Lazım deyil, elə buralarda basdırarsız. Həmişə Allaha yalvarardı ki, onu yağışlı, çox soyuq və çox isti havada dünyadan aparmasın. Camaatın əziyyət çəkməsini istəmirdi.

Dünyasını dəyişməzdən bir qədər əvvəl mənə 28 nəfərdən ibarət bir siyahı tərtib etdirmişdi ki, onların ruhuna tanıdığım bir din xadiminə yasin oxutdurum, pulunu da göndərmişdi. Doğmalarının uyuduğu Mican qəbristanlığını ziyarət etməyi çox sevərdi. Burada qəbirləri bir-bir ziyarət edərək baş daşlarına əl sürtər, salavat çevirər və yasin oxutdurardı. Deyərdi ki, imkanım olsaydı, bu qəbristanlığı daşdan gözəl hasara aldırar, bütün qəbirləri səliqəyə salardım. Həmişə qəbristanlığa baxana pul verib deyərdi ki, yiyəsiz qəbirlərin otunu təmizləsin...

... Rəşid müəllimin dəfni günü Mican qəbristanlığı iki tərəfdən maşınlarla əhatə olunmuşdu. Gələnlərin əksəriyyəti maşınları baş yolda saxlayıb qəbristanlığın yerləşdiyi təpəyə piyada qalxırdı. Rəşid müəllim buranı “dağ” adlandırırdı. Respublikanın hər yerindən gələn Rəşidsevərlər onunla son vidaya, onu son əbədi mənzilinə tapşırmaq üçün buraya yığışmışdılar. Rəşid müəllim bu yeri çox sevirdi. Deyirdi gözəl mənzərəsi və havası var. Əsl həqiqətdə də belədir. Mican kəndi çökəklikdə, qəbristanlıq isə mənzərəli bir təpənin üstündədir. Və bu təbiəti, havası, mənzərəsi gözəl təpənin üstündə, doğmaların yanında “Quran” sədaları altında Rəşid müəllimi torpağa tapşırdıqdan sonra vaxtilə Rəşid müəllimin himayə etdiyi din xadimi Hacı Bəhruz axund mərhumun respublikada və habelə İsmayıllıda məscidlərin açılması, “Quran”ın və elmi-dini ədəbiyyatın nəşri ilə bağlı İslam dini yolundakı xidmətlərindən danışaraq ruhuna bir daha dualar oxudu. Respublikanın əməkdar müəllimi Şəfaqət Rəşid müəllimin tərcümeyi-halını oxuyub keçdiyi ömür yolundan danışdı. Şair-publisist Taleh Həmid və bu sətirlərin müəllifi mərhumun yaradıcılığı, xidmətləri və xeyirxah əməllərindən söhbət açdılar. Mahmudovlar nəslinin Rəşid müəllimdən sonrakı ağsaqqalı, geologiya-minerologiya elmləri doktoru, professor, şair Hikmət Mahmud Rəşid müəllimin bütün Mahmudovlara atalıq qayğısından, gənclik illərindən danışdıqdan sonra mərasimə gələnlərin hamısına ailələri adından minnətdarlıq etdi. Beləcə, mərasim başa çatdı.

...İnsanlar doğulur, yaşayır, yaradır və haqqa qovuşurlar. Elə insanlar var ki, olumu ilə ölümü bilinmir. Bəzən dünyasını dəyişən kimi, ya da qırxı çıxan kimi unudulur. Elə insanlar da var ki, onları unutmaq istəsən də, bu mümkün olmur. Əməlləri ilə yaşayır. Yazdığı kitablarda, əkdiyi ağaclarda, tikdiyi evlərdə, insanların qəlbində, özündən sonra boya-başa çatdırdığı övladlarının simasında yaşayır. Rəşid müəllim həyatının müxtəlif dönəmlərində həm jurnalistlik fəaliyyəti göstərmiş, həm də məsul partiya və dövlət vəzifələrində çalışmışdır. Yaşlı nəsildən olan təkcə jurnalistlər deyil, elm, təhsil, mədəniyyət, iqtisadiyyat və idarəetmə sahələrində çalışmış insanların əksəriyyəti onu yaxşı tanıyır və ehtiramla xatırlayır. Bu da təbiidir. Çoxillik əməyi, zəngin həyat təcrübəsi, biliyi, səriştəsi, əliaçıqlığı ilə tanınan Rəşid müəllimin həyat fəlsəfəsi təvazökarlıq və xalqa, insanlara təmənnasız xidmət etmək olmuşdur. O, həmişə etdiyi yaxşılığı unutmağa çalışırdı. Əlində olanı Allah yolunda verməklə insanlara, çətinlikdə olanlara dayaq durmaq istəyir və bunu hiss etdirməməklə varını gözəl əməllərə sərf edirdi.

Allah Rəşid müəllimə rəhmət eləsin!

 

Hacı Mehman FƏRZULLAYEV

 

Xalq qəzeti.-2008.-11 dekabr.- S.7.