Heydər Əliyev dünya miqyaslı siyasət nəhəngi idi

 

Dahilərin ömürləri günlərlə, aylarla, illərlə hesablanmır. Zamanı qabaqlaya bilən bu insanlar tarix yaradırlar, ömürləri də əməlləri ilə ölçülür və bu əməllər gələcək neçə yüz illiklərə işıq salır, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edir.

Seçilmişlər dünyanın nizamı pozulanda, haqq nahaqqa qənim kəsiləndə gəlirlər. Ötən əsrin sonunda belə bir tarixi dövr yaşayırdıq. Təkcə Azərbaycanın, onun yerləşdiyi regionun deyil, dünyanın nizamı pozulmuşdu, sovet imperiyasının dağılması dünyada həm müsbət, həm də mənfi mənada bir çaxnaşma yaratmışdı. Bu çaxnaşmalarda Azərbaycan hər tərəfdən təzyiqlər və təpkilər altındaydı. Bu zaman dahi xilaskar gəldi, bəşəri missiyanı həyata keçirməyə başladı. Nəinki Azərbaycanı, regionu, hətta deyərdim ki, heç bir siyasətçinin də görə bilmədiyi, dünyanı, onu təhdid edən bəlalardan xilas etdi. Bu, bəşəri bir xilaskarlıq idi.

Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, Vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyətində azərbaycançılıqdan kənar heç nə olmayıb. Amma məsələ bundadır ki, belə dahilər bir xalq üçün yox, bəşəriyyət üçün gərəkli şəxsiyyətlər olurlar.

“Bir siyasət nəhəngi idi Heydər Əliyev”. – 2003-cü il dekabrın 12-dən sonra onun itkisi ilə barışmayan dövlət başçıları, nüfuzlu siyasi xadimlər tez-tez belə deyirdilər. Azərbaycan matəm içindəydi. Heç nə bu itkini ovuda bilmirdi. Dünyanın tanınmış siyasətçiləri ondan çox şeylər öyrəndiklərini etiraf edirdilər. Həmin günlər — xalqımızın yas içində olduğu o günlər az qala dünyanın bütün dövlətləri, xalqları bu itkini öz matəmləri kimi qarşıladılar. Çünki Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli şəxsiyyət idi. Ayrı-ayrı ölkələrin dövlət rəhbərləri onu öz xalqının, ölkəsinin dostu adlandırırdı.

Dünya onu niyə bu qədər sevirdi? – Çünki Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində yaşaması üçün çox işlər görmüşdü. Bu itkiyə təəssüflənmək, kədərlənmək, onun titanik liderliyini dilə gətirmək bundan irəli gəlirdi. Nələr demirdilər onlar: “Heydər Əliyevin ölümündən sonra dünya bir qədər balacalaşmışdır” (Riçard Armitac), “Onun təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də bütün dünya birliyi qarşısında xidmətləri böyükdür” (II İliya), “Onun adı dünya tarixinə həmişəlik yazılacaqdır” (L.Slutski), “Bu dahi insan digər dahilərdən qat-qat böyükdür” (Nikas Safronov), “Heydər Əliyev hər bir millətin şərəfi ola bilərdi” (Sergey Baburin), “Heydər Əliyevin adı təkcə Azərbaycan xalqının qəlbində deyil, həm də bütün bəşəriyyətin tarixində əbədi qalacaqdır” (İoan Pon De Popa) və s.

Bundan sonra o bir türk oğluydu. Bütün türk xalqları öyünürdü onunla. Çünki Heydər Əliyev Türk dünyası üçün, onun birliyi üçün böyük xidmətlər göstərmişdir. Odur ki, bütün Türk dünyası matəm içindəydi. Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan onda belə demişdir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən ”Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini və birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq". Elə burada qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin türk xalqlarının birliyi siyasətini bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev çox uğurla davam etdirir. Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq yığıncaqları fikrimizə əsaslı sübutdur.

 

Heydər Əliyevin böyük türkçülüyü, türk dünyasının birliyi uğrunda xidmətləri həmişə yüksək qiymətləndirilir: “O ömrünü sadəcə, Azərbaycana yox, türk dünyasına həsr edən əvəzedilməz dahi bir liderdir” (Hidayət Qaraca), “Təkcə Azərbaycanın yox, dünya türklüyünün görkəmli liderlərindən biri olan fəxri sədrimiz Heydər Əliyevin yeri uzun illər doldurulmayacaqdır” (Akkan Suver), “Heydər Əliyevi itirməyimiz Türkiyə cəmiyyəti üçün dərin kədər olmuşdur” (Əbdülqədir Aksu), “Türk millətləri dünyanın böyük bir övladını itirmişdir” (İbrahim Bayraqdar) və s.

Böyük liderin itkisindən ən çox acı çəkən Azərbaycan xalqı idi. Bir qərinədən çox zaman müddətində həmişə güvəndiyi, öyündüyü, ona dövlət quran, azadlığını, müstəqilliyini təmin edən, milli-mənəvi, tarixi dəyərlərini qoruyan, inkişaf strategiyasını müəyyən edən...liderini itirmişdi Azərbaycan xalqı. Odur ki, onu heç nə ovuda bilmirdi.

Heydər Əliyevin fəaliyyətində Azərbaycandan kənar heç nə yox idi. O, böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Bu dahi şəxsiyyəti yaxından tanıyan hər bir siyasi xadim onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün çox böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu xüsusi qeyd edir: “Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır” (Mehriban Əliyeva), “O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi” (Toni Bleyer), “Heydər Əliyev öz davamlı töhfələri ilə Azərbaycanın uzunmüddətli iqtisadi firəvanlığının əsasını qoydu” (Dik Çeyni), “Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır” (Aman Tuleyev)... Kifayət qədər çox misallar gətirmək olar. Ümummilli liderimiz haqqında deyilən belə fikirlər qalın-qalın kitablara sığmır. Herri Hoylihən belə demişdir: “Ona yaxın olmaq möcüzə idi. Həyatda yalnız bircə dəfə baş verə biləcək möcüzə”.

Müstəqillik tariximizə qısa nəzər salsaq görərik ki, ulu öndər minilliklərin qovuşağında, doğrudan da, tamam yeni, müasir və müstəqil bir Azərbaycan yaratdı. Məhz ona görə də xalqımız da, dünyanın siyasi xadimləri də müstəqil dövlətimizi “Heydər Əliyevin Azərbaycanı” adlandırır... Dövlət müstəqilliyimizi bərpa edəndən sonra, ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliyin hökm sürməsi dövlətçiliyimizə ağır zərbələr vurdu. İctimai-siyasi xaos, anarxiya, zorakılıq, milli və vətəndaş qarşıdurmasının kəskin xarakter alması hakimiyyəti iflas vəziyyətinə gətirib çıxardı. Nəhayət, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran vəziyyətinə düşdü, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Vətəndaş müharibəsi ölkəni parçalanmaqla təhdid edirdi. Məhz belə bir mərhələdə xalq birlik nümayiş etdirdi, gözlənilən real təhlükələrdən Vətəni xilas edə biləcək yeganə lider Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Böyük öndər öz müdrikliyi və zəngin siyasi təcrübəsi ilə Azərbaycanı bu qorxulu labirintdən çıxarmaq üçün fəaliyyətə başladı. İlk növbədə hakimiyyət vakkumunu aradan qaldırmaq tələb olunurdu. Ümummilli liderimiz bu işin ustasıydı. Respublikanın müxtəlif bölgələrində destruktiv qüvvələr azğınlıq edirdi. Heydər Əliyev birbaşa xalqın köməyi ilə onları zərərsizləşdirdi. Beləliklə, vətəndaş müharibəsinin qarşısı alındı, xalq rahat nəfəs aldı, toxtaqlıq tapdı. Bu işin davamı olaraq Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən qüvvələr, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildilər. Bunun ardınca, 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu, Heydər Əliyevin gərgin səyi ilə Azərbaycan həqiqətləri — Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmağa başlandı.

Bunlar çox ciddi, Azərbaycanın taleyüklü məsələləri idi. Ümummilli lider ölkəmizin geosiyasi imkanlarını gerçəkləşdirməyə nail oldu. Onun zəngin siyasi zəkası sayəsində respublikamızın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Bu dahi siyasətçinin dünya siyasət meydanında cərəyan edən proseslərə təsir emək qüdrəti vardı, həmişə, hər yerdə öz sözü, öz çəkisi, öz sambalı ilə seçilirdi. Çünki, o, Heydər Əliyev idi.

Artıq Azərbaycan bütün təhlükələrdən qurtulub, yeni inkişaf yoluna qədəm qoymuşdu. Onun qarantı Heydər Əliyev idi. Dünyanın tanınmış siyasətçiləri, dostlarımız da, düşmənlərimiz də yaxşı anlayırdılar ki, Azərbaycanda idarəetmənin sükanı Heydər Əliyevdədir. Daha heç nəyi geri qaytarıb, Azərbaycanı yeni bəlalara salmaq mümkün olmayacaq.

Heydər Əliyevin xalqı və Vətəni qarşısında xidmətləri o qədər çoxdur ki, millət öz sevgisini onu ümummilli lider adlandırmaqla ifadə etdi. Məsələ bundadır ki, ümummilli liderimizin fəaliyyətinin hansı sahəsini götürsək, onun tariximizdə əbədi qalması üçün kifayət qədər xidmətləri var.

Ümummilli liderimiz əbədiyaşar şəxsiyyətdir. Onun əməlləri, qurduğu dövlət, işıqlı ideyaları da ölməzdir, əbədiyaşardır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bu əməllər, bu ideyalar ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ümummilli liderin əməlləri davam etdirildikcə, ideyaları gerçəkləşdikcə Azərbaycan daha qüdrətli, daha rifahlı bir dövlətə çevrilir, Azərbaycanın şərəfli tarixinin yeni mərhələsi yazılır, İlham Əliyev mərhələsi. Bu da xalqımızı ümummilli liderimizin siyasi kursu ətrafında gündən-günə daha sıx birləşdirir, onun monolitliyini artırır.

 

Vahid İMANOV

 

Xalq qəzeti.-2008.-12 dekabr.- S.1.