Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsində dil və dövlətçiliyin dialektikası

 

Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin müasir quruculuq fəaliyyətinin də təməlində dayandığını vurğulamaqla Azərbaycan dövlətçiliyində siyasi və mədəni-mənəvi varislik prinsipinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Konkret situasiyadan asılı olan siyasi və iqtisadi islahatlar, təbii ki, dəyişir. Hər bir inkişaf mərhələsində zamanın diqtə etdiyi ən düzgün mövqeyin seçilməsi siyasi rəhbərlikdən məsələlərə yaradıcı münasibət tələb edir. İqtisadi inkişafın yüksək tempi, vətəndaş cəmiyyətinin formalaşması ölkəmizdə əvvəllər həyata keçirilməsi mümkün olmayan yeni keyfiyyətli layihələrin irəli sürülməsinə və reallaşdırılmasına imkan yaradır.

Ölkəmizdə gedən quruculuq proseslərinin ana xətti, təməli böyük öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbər tutduğu dövlətçilik kursu və azərbaycançılıq fəlsəfəsi öz bəhrəsini bu gün də verməkdədir. Üstündən neçə illər keçdikdən sonra Heydər Əliyevin irəli sürdüyü prinsiplərin, verdiyi qərarların nə dərəcədə düşünülmüş və uzun müddətə hesablanmış olması özünü daha aydın göstərir.

Daha böyük miqyaslı, mütəşəkkil ictimai sistemin özünüdərk səviyyəsindən baxdıqda bəşəriyyətin tarixən keçmiş olduğu yola bir işıq düşür, ayrı-ayrı xalqların, məmləkətlərin, bəlkə də, özünü dərk etmədən keçdikləri yollar indi artıq ilkin bir ideyanın reallaşması prosesi kimi, ictimai-tarixi zərurət kimi nəzərimizdə canlanır. Böyük mütəfəkkir Kantın bəşəriyyətin inkişaf tarixinə təbiətin özünüdərk və özünütəsdiq prosesi kimi yanaşması, Hegelin ictimai inkişafı mütləq ideyanın reallaşma aspektlərindən biri kimi təqdim etməsi, Herderin ümumdünya tarixinin vahid konseptual sistemini yaratmaq cəhdləri ona görə real, pozitiv nəticələrə gətirə bilmirdi ki, bəşəriyyət hələ özünüdərk üçün yetişməmişdi. Bu təfəkkür nəhəngləri, sadəcə olaraq, zamanı qabaqlamağa çalışırdılar. Zaman isə öz ritmindən kənara çıxmırdı. Lakin indi bu böyük ideyaların reallaşması vaxtı artıq gəlib çatmışdır.

Tarixi sınaq məqamında əhalinin çoxluğu, məmləkətin böyüklüyü deyil, onun sükanı arxasında kimin dayanması daha önəmli olur. Əsas məsələ həmin tarixi sınaq məqamında xalqın içərisindən çıxmış və onun milli mənafeyini dərk etmək və qoruyub-saxlamaq iqtidarında olan mütəfəkkir liderin mövcud olmasıdır. Bu liderin uzunmüddətli proqramları həyata keçirə bilməsi üçün böyük siyasi ömür tələb olunur. Azərbaycan qismətindən Heydər Əliyev şəxsən özü də möhkəm təməl yaratmağa kifayət edəcək dərəcədə üzün ömür yaşadı, düz 10 il müstəqil Azərbaycan dövlətinin sükanı arxasında dayandı. İlham Əliyevin şəxsində onun ömrü, sanki daha da uzanmış oldu. Başladığı bütün işlər İlham Əliyevin səyləri nəticəsində uğurla davam etdirildi və üstəlik, yeni dövrün tələblərinə uyğun olaraq yeni ideyalar irəli sürüldü. Başqa sözlə desək, İlham Əliyev Heydər Əliyev irsini qoruyub saxlamaq və onun ideyalarını həyata keçirməklə kifayətlənmir. O, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, onun siyasi-iqtisadi və mənəvi-mədəni quruculuq işləri ilə bağlı strategiyasını yaradıcı surətdə inkişaf etdirir. Ötən beş il ərzində Prezident İlham Əliyev açılmış imkanların realizasiyası sahəsində böyük əzm və yüksək vüsət nümayiş etdirmişdir.

Planetin bugünkü mənzərəsində heç də yalnız siyasi və iqtisadi maraqlar kəsişmir. Bu meydanda həm də milli ideyalar qarşılaşır. Ən böyük qabiliyyət də siyasi, iqtisadi mənafe ilə yanaşı, milli maraqların da qorunub saxlanmasına nail olmaq və millətlər birliyinə öz simasını itirmədən daxil olmağı bacarmaqdır. Düzdür, bunu əngəlləyən qüvvələr çoxdur. Lakin şəxsiyyətin böyüklüyü də özünü məhz belə çətin vəzifələrin həllində göstərir.

Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük mənası çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb, çox dərin kökləri olan mükəmməl bir fəlsəfi-konseptual sistemin ifadəsidir.

Akademik Ramiz Mehdiyevin sözləri ilə desək: "Heydər Əliyevin sayəsində Azərbaycanda dövlətçilik özünü təkcə siyasi-hüquqi hadisə kimi deyil, həm də konkret milli-mənəvi gerçəkliyin təsbit olunması kimi göstərir. Bu gerçəkliyin milli ideologiya səviyyəsində təzahürü isə azərbaycançılıq təlimidir" ("Heydər Əliyev və azərbaycançılıq məfkurəsi". Bakı, 2002, s. 24). Məqsəd bu təlimi hərtərəfli şərh etmək və bütün xalqın, dünyada yaşayan azərbaycanlıların bu ideyaya yiyələnməsinə çalışmaqdır.

Bu gün Azərbaycana təkcə öz daxili problemləri çərçivəsində baxmaq düzgün deyil. Azərbaycanın seçdiyi, həyata keçirməyə çalışdığı siyasi kurs, inkişaf yolu – onun Şərq dünyasında, xüsusən, islam ölkələri içərisində mövqeyinin və rolunun ilkin müəyyənliyini tələb edir. Şərq ilə Qərb arasında vəhdət modelinin təbii nümunəsi olmaqla, Azərbaycan xüsusi strateji mövqeyə malikdir. Bu günlərdə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusundakı beynəlxalq konfransda Prezident İlham Əliyev demişdir: "...Bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ana dilimiz – bu amillər azərbaycanlıları bir millət kimi assimilyasiyadan qorudu və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir" ("Xalq qəzeti" 3 dekabr, 2008-ci il).

Müstəqillik əldə etmiş, xarici və daxili siyasətini öz milli mənafelərinə, ümumxalq, ümumdövlət mənafeyinə uyğun olaraq qurmaq imkanı qazanmış xalq, heç şübhəsiz, birinci növbədə təhlükəsizlik və maddi təminatla yanaşı, öz dilini, milli mədəniyyətini, adət-ənənələrini də inkişaf etdirməyə - özünə qaytarmağa çalışır. Lakin bu işi görməyə müstəqilliyin ilk illərində olduğu kimi, budaqdan deyil, kökdən, gövdədən başlamaq lazım idi. Əvvəlcə dövlətçiliyi möhkəmləndirmədən, xarici ölkələrlə münasibətləri ümumbəşəri dəyərlər və beynəlxalq normalar əsasında quraraq dünya birliyinə bərabər hüquqlu üzv kimi daxil olmadan, yeni iqtisadi münasibətlərə keçid strategiyasını müəyyənləşdirmədən, hər şeydən öncə milli mədəniyyəti, milli dili və s. inkişaf etdirmək mövqeyi real ictimai tərəqqi üçün təməl ola bilməzdi.

Keçid dövründə, böyük ictimai təbəddülatlar zamanı imperiya buxovlarından yenicə azad olaraq müstəqillik əldə etmiş xalqda milli hisslərin aktivləşməsi təbii hal idi. Üstəlik, başqa bir dövlət tərəfindən qatı millətçi ideologiyanın təsiri ilə istəmədən müharibəyə cəlb olunan, ərazisinə, əhalisinə qəsd olunan bir xalqda milli hisslərin inkişafı öz normal axarından çıxır, yatağına sığmırdı. Lakin hələ hissiyyat səviyyəsindən yüksəyə qalxmamış, milli ideya kimi formalaşmamış, milli dövlətçilik prizmasında sınaraq siyasi və iqtisadi düşüncə ilə çulğalaşmamış onun faydası çox az ola bilərdi. Ona görə də, Heydər Əliyev quruculuğa əvvəlcə bazisdən, siyasi-iqtisadi təməlin möhkəmləndirilməsindən başladı.

Milli ruhun inkişafı üçün konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada milli siyasi liderin üzərinə Şərq düşüncəsi ilə Qərb düşüncə tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə salmaq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək qədər və bəlkə, ondan daha çətindir. Biz bu müqayisəni təsadüfi olaraq aparmırıq. Məsələ burasındadır ki, əslində, İpək yolunun bərpası ideyası da, Bakı – Ceyhan layihəsi də məhz qlobal miqyas almış ideologiyanın tərkib hissələridir və bu qlobal ideologiyanın müəllifi Heydər Əliyev olmuşdur. Çünki o özü universal sintetik bir fenomen idi. O, şərqçilik və qərbçiliyin, millilik və ümumbəşəriliyin, ənənəvilik və novatorluğun vəhdəti, sintetik azərbaycançılıq məfkurəsinin ən parlaq nümunəsi, ən ali daşıyıcısı, qloballaşan dünyada milli müəyyənliyin qarantı, azərbaycançılığın simvolu idi.

Bəli, azərbaycançılıq məfkurədir. Lakin bu məfkurə fəlsəfi idrakın, elmi-məntiqi təfəkkürün məhsulu olan mükəmməl bir konseptual sistemin yolu birinci keçmək istəyən bir millət üçün konkretləşmiş variantıdır. Azərbaycançılığın mahiyyətini dərk etmək üçün bir etnosun, xalqın, millətin qarşısında duran vəzifələri ümumiləşdirmək kifayət etmir. Məsələyə bütün bəşəriyyətin inkişaf qanunauyğunluğu kontekstində baxmaq lazım gəlir.

Azərbaycançılıq həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda - mənəvi mədəniyyətin bütün sahələrində əsas istiqamətləndirici məfkurə kimi çıxış edir. Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir ideya ətrafında sıx surətdə birləşməkdədir. Əsrlərdən bizə miras qalmış milli-mənəvi dəyərlər nəinki təkcə müasir milli mövcudluğumuzun, həm də siyasi mövcudluğumuzun, dövlətçiliyimizin qarantına çevrilir. Və əksinə, milli-mənəvi varlığımızın qorunub saxlanması da dövlətin ən əsas funksiyalarından biridir. Azərbaycançılıq Azərbaycan dövlətinin milli-siyasi məfkurəsi kimi formalaşır.

Bütün bunları bizə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev öyrətmişdir - sözləri və əməlləri ilə. Bu xətti qoruyub saxlamaq və inkişaf etdirmək harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli şərəf borcudur. Heydər Əliyev azərbaycançılığın iki mühüm tərkib hissəsini - milli dövlətçilik xəttini və mədəni-mənəvi dəyərlər sistemini qarşılıqlı əlaqədə və vəhdətdə götürürdü. Mədəni-mənəvi dəyərlər içində ən mühüm yeri isə dil tutur. Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsas inteqrativ amili və azərbaycançılığın təməl daşı hesab edirdi: "Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".

Heydər Əliyev Azərbaycan dilini bizim ən böyük milli sərvətimiz hesab edirdi. Təsadüfi deyildir ki, əsrlərin sınağından çıxmış, böyük təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq qorunub saxlanmış və milli mənsubiyyətinmizin ən böyük rəmzi və dəlil-sübutu kimi Azərbaycan xalqının bir millət kimi formalaşmasında müstəsna rol oynamış Azərbaycan dili öz həqiqi qiymətini ancaq müstəqillik dövründə ala bilmişdir. Lakin müstəqillik illərində də Azərbaycan dilini yeni sınaqlar gözləyirdi. Çünki məhz bu dövrdə imperiya buxovlarından azad olmuş Azərbaycanın qapıları bütün dünyaya açılır və gənc bir dövlət möhtəşəm qloballaşma dalğaları ilə üz-üzə gəlirdi.

Azərbaycan qloballaşma prosesi ilə çox spesifik bir şəraitdə üzləşdi. XX əsrin son onilliyində imperiya buxovlarından azad olan və siyasi müstəqillik əldə edən Azərbaycan iqtisadi, mədəni, mənəvi sahələrdə də müstəqilləşmək, habelə müstəqil dil siyasəti yeritmək, milli dili inkişaf etdirmək şansı qazandı. Lakin digər tərəfdən, dünya iqtisadiyyatına inteqrasiya olunmaq zərurəti bizi yenidən qapıları açmağa və xarici dillərin (əsasən ingilis dili) təsir dairəsinə düşməyə vadar etdi. Qarşı-qarşıya hərəkət edən milliləşmə və qloballaşma dalğalarının burulğanında rus dilinə qarşı yönəlmiş mərkəzdəyişmə qüvvələri səngidi və o da öz donunu dəyişərək hələ tamamilə itirilməmiş mövqelərini yeni ampluada möhkəmləndirməyə başladı.

Ənənəvi beynəlmiləl Bakı öz milliləşmə missiyasını qloballaşma kontekstində həyata keçirmək məcburiyyətində qaldı. Lakin bizcə, burada narahatlıq üçün ciddi əsas yoxdur. Əslində, bu proseslərin birgə getməsi, mərkəzəqaçma və mərkəzdənqaçma qüvvələrini bir-birini tarazlaşdırması bir qütbdən başqa qütbə keçmək təhlükəsini aradan qaldırır və dil sahəsində tarazlı siyasət yeridilməsinə şərait yaradır.

Ən mühüm şərt budur ki, ölkəmizin beynəlxalq münasibətlər şəbəkəsində mövqeyinin möhkəmlənməsi naminə xarici dillərin getdikcə daha çox öyrənilməsi milli dilin unudulması və ya arxa plana keçməsi hesabına deyil, onunla paralel surətdə həyata keçirilsin. Başqa dillər bizdən asılı olmadan, o dillərin öz sahibləri tərəfindən inkişaf etdirilir. Biz onlardan hazır şəkildə istifadə edirik. Öz dilimizin inkişaf etdirilməsi məsuliyyəti isə bizim üzərimizə düşür. Burada həm də belə bir məqam nəzərə alınmalıdır ki, başqa dillərin imkanlarından istifadə edilməsi səviyyəsi bizim ilkin bilik və təfəkkür səviyyəmizlə məhdudlaşır. Bu baxımdan, təfəkkürün öz ölçülərini, hüdudlarını müəyyən edən milli dilin zənginliyi və üslub rəngarəngliyi bizim xarici dillərdən, həmin dillərdəki fikirlərdən bəhrələnmək imkanlarımızın əsas meyarlarından biridir.

Hər hansı bir xalqın müstəqil dövlətə malik olması və onun dilinin “dövlət dili” elan olunması özü-özlüyündə bu dilin kamillik dərəcəsinə dəlalət etmir. Söhbət ancaq dilin kamilləşməsi üçün açılan imkanlardan, yaradılan şəraitdən gedə bilər. Dilin real inkişaf səviyyəsi aşağıdırsa, millət bu və ya digər fəaliyyət sahələrində ya başqa dillərdən istifadə etmək məcburiyyətində qalır, ya da öz dili inkişaf üçün buxova çevrilir. Tarixdən yaxşı məlumdur ki, bir sıra ölkələr bu və ya digər fəaliyyət sahəsində daha çox inkişaf etmiş və daha əlverişli olan vahid dildən istifadəyə üstünlük vermişlər. Elə ölkələr məlumdur ki, müəyyən tarixi dövrlərdə onların ərazisində dövlət dili bir, elmi dil başqa, poeziya, sənət dili isə başqa bir dil olmuşdur. Orta əsrlərdə bir çox ölkələrdə fars dili poeziya dili kimi, ərəb dili elm dili kimi qəbul olunmuşdur. Qərb intibahından sonra demək olar ki, bütün Avropa ölkələrində latın dili elm dili kimi istifadə edilmişdir. Müasir dövrdə bu funksiyanı ingilis dili öz üzərinə götürmüşdür. Bir çox ölkələr öz dillərini adi danışıq vasitəsi kimi saxlamaqla təkcə elm sahəsində deyil, dövlət dili kimi də ingilis dilindən istifadə edirlər. Dövlətçiliyin inkişaf səviyyəsi ilə mədəniyyətin bu və ya digər sahəsinin inkişaf səviyyəsi uzlaşmadıqda belə hallar labüddür. Böyük dil o dil sayılır ki, onun qoynunda bütün peşəkar fəaliyyət sahələri sərbəst inkişaf edə bilsin. Bizim dilimiz əsrlərin sınağından çıxaraq bir sıra istiqamətlərdə peşəkar dil üslublarını ehtiva edə bilmişdir. Ədəbi dilimizin böyük daxili potensialı və zəngin söz ehtiyatı, habelə tarixin ayrı-ayrı dövrlərindəki dövlətçilik ənənəmiz bu gün bizim heç bir başqa dilə müraciət etmədən bütün fəaliyyət sahələrini əhatə edən mükəmməl milli dil səviyyəsinə qalxmağımıza imkan verir. Əsas vəzifə bu imkanın vaxtında reallaşdırılmasıdır.

Milli dövlət quruculuğunun çox mühüm şərtlərindən biri milli ədəbi dilin zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Burada biz aydınlıq üçün “dövlət dili” anlamının iki fərqli mənasını nəzərə almalıyıq. Hər hansı bir dilin hüquqi aktla “dövlət dili” elan olunması heç də bütün sahələrdə ancaq həmin dildən istifadə olunmasını nəzərdə tutmur. Elmdə, sənətdə, iqtisadiyyatda, ticarətdə, özəl şirkətlərdə insanlar ünsiyyət dili seçməkdə azaddırlar. Söhbət dövlət idarələrindən, rəsmi dövlət tədbirlərindən, rəsmi yazışmalardan gedir. Dövlət dilini bilmək tələbi məcburi akt kimi ancaq dövlət məmurlarına, vəzifəli şəxslərə tətbiq oluna bilər. Lakin onların bilməli olduğu dil necə bir dildir? Azərbaycan dilini bilməyin çox müxtəlif səviyyələri ola bilər. Azərbaycan dilində çox müxtəlif dil üslubları vardır ki, dövlət idarələrində bunlardan birini - rəsmi dil üslubunu xüsusilə mükəmməl bilmək tələb olunur. Məsələn, bədii dili, hətta ümumiyyətlə, ədəbi dili çox gözəl bilən bir şəxs, şair və ya yazıçı rəsmi sənədləri tərtib etməkdə çətinlik çəkə bilər. Deməli, bədii dil, elmi dil üslubları ilə yanaşı, rəsmi dil üslubunu hamılıqla öyrənməyə böyük ehtiyac var. Bundan sonra biz “dövlət dili” ifadəsini məhz rəsmi dil üslubu mənasında işlədəcəyik. Bu mənada başa düşdükdə dövlət dilini, sadəcə ,elan etməklə iş düzəlmir. Həm də bu dili formalaşdırmaq lazım gəlir.

Daha böyük miqyasda gedən sosial-tarixi prosesin zəruri nəticəsi olaraq Azərbaycanın siyasi müstəqillik əldə etdiyi və dilimizin, sözün həqiqi mənasında, dövlət dili olmaq şansı qanzandığı bir vaxtda başqa sahələr (siyasi, iqtisadi, mədəni-mənəvi və s.) kimi dilimizin də belə məsul rol oynaması üçün hələ tam hazır olmadığı üzə çıxdı. Sovet dövründə – neçə onilliklər ərzində dövlət dili kimi rus dilindən istifadə olunması (hətta hüquqi cəhətdən dövlət dili Azərbaycan dili elan olunduqda da), bütün rəsmi sənədlərin rus dilində yazılması, dövnlət idarələrində rəhbər vəzifələrdə çalışan adamların çoxunun rus təhsilli olması dilimizin bir dövlət dili kimi formalaşmasına imkan verməmişdir. Sovet imperiyası daxilində olarkən xarici dövlətlərlə müstəqil münasibətlər yaradılmadığından beynəlxalq əlaqələr, dövlətlərarası münasibətlər üçün spesifik peşəkar dil, milli diplomatik dil də formalaşmamışdır.

Bununla belə, bir sıra rəsmi sənədlər, qanunlar, hüquqi aktlar və dövlət rəhbərlərinin məruzə və çıxışları Azərbaycan dilinə tərcümə olunub nəşr edilirdi ki, bu da dilimizdə siyasi, hüquqi üslubların, habelə dəftərxana üslubunun qismən də olsa inkişaf etməsinə kömək edirdi. Lakin bu, az idi. Tərcümə dilin əsl inkişafı üçün tam meydan aça bilməz. Dil o zaman, həqiqətən, inkişaf edir ki, mətnlər məhz həmin dildə, yaradıcı təfəkkürlə vəhdətdə yazılmış olsun. Ona görə də, rəsmi sənədlər əvvəlcə rus dilində meydana gəldiyindən, onları bilavasitə rusca oxuyub başa düşmək Azərbaycan dilindəki tərcüməni başa düşməkdən asan idi. Nəticədə, hətta rus dilini pis bilənlər də rəsmi sənədlərlə işləyəndə bu dildən istifadə etməyi üstün tuturdular.

Bir bədii dil olaraq Azərbaycan dili nə qədər zəngin idisə, bir elmi dil, fəlsəfi dil, siyasət dili olaraq, ən başlıcası isə dövlətçilik dili kimi bir o qədər məhdud idi. Qarşıda böyük bir vəzifə dururdu: - Dövlətçiliyin inkişafı ilə yanaşı, dövlət dilini də inkişaf etdirmək. Lakin bu işin öhdəsindən kim gələ bilərdi? Dilçilər, ədəbiyyatçılarmı? — Xeyr. Söhbət dilin inkişafının başqa aspektindən gedirdi. Bu işi dövlət adamları, diplomatlar həyata keçirməli idilər. Lakin bu sahədə peşəkar kadrlar yox dərəcəsində idi. Bax, belə bir çətin məqamda dilimizin dövlət dili kimi inkişaf etdirilməsi yükünü də Heydər Əliyev öz üzərinə götürdü. Biz yalnız fərmanları, dilin inkişafı ilə bağlı sərəncamları, ona münbit şərait yaradılmasını nəzərdə tutmuruq. Baxmayaraq ki, bu istiqamət də Heydər Əliyevin çoxşaxəli qurucu, yaradıcı fəaliyyət sahələri içərisində önəmli yer tutur. Bu, ayrıca bir mövzudur. Heydər Əliyevin bu yöndəki fəaliyyəti Ramiz Mehdiyevin “Elimizin və dilimizin xilaskarı” məqaləsində (“Azərbaycan” qəzeti, 19 sentyabr 1996-cı il) geniş və hərtərəfli işıqlandırılmışdır. Biz diqqəti ancaq bir məqama yönəltmək istəyirik. Dövlət dilini inkişaf etdirmək üçün dövlətçilik təfəkkürü lazım idi. Bu təfəkkür isə ən yüksək səviyyədə Heydər Əliyevin özünə xas idi. Sonrakı illərdə ulu öndər bu təcrübəni gənc nəslə də öyrətmək, insanların dövlətçilik təfəkkürünü inkişaf etdirmək sahəsində böyük işlər görmüşdür.

Bəziləri Heydər Əliyevin səlis, rəvan nitqinə qibtə ilə, həsədlə yanaşmaqla bərabər, bunu, sadəcə olaraq natiqlik məharətinin yüksək səviyyəsi kimi dəyərləndirirlər. Heydər Əliyevin xarici nümayəndə heyətlərilə görüşlərinin, rəsmi tədbirlərdə çıxışlarının televiziya ilə, radio ilə dönə-dönə təkrar olunmasının faydası tam mənası ilə özünü indi göstərir. Bu çıxışların dövlətçilik təfəkkürünün inkişafı, siyasi mədəniyyətin formalaşdırılması, dövlət dilinin bir dil üslubu kimi yetişməsi və yayılması üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı, bütün əhali üçün böyük bir məktəb, universitet rolunu oynadığı tam mənası ilə indi dərk edilir. Bəli, çağdaş tariximizin memarı olan, Azərbaycanda dövlətçilik təfəkkürünün, milli və ictimai-siyasi özünüdərkin inkişafında misilsiz xidmətlər göstərən Heydər Əliyev, eyni zamanda, siyasət dilinin, milli dövlət dilinin müstəqil üslub istiqaməti kimi formalaşmasının da əsasını qoymuşdur.

Azərbaycan dili zəngin dildir və Azərbaycanda bəlağətlə danışan gözəl natiqlər çoxdur. Bədii qiraət ustaları, toylarda, məclislərdə, mərasimlərdə çıxış edənlər çoxdur. Lakin rəsmi dövlət dilinin, diplomatik dilin özünəməxsus incəlikləri var. Hər sözə xüsusi diqqət verilməsi, hər ifadənin hətta yaxınmənalı sözlər içərisindən daha dəqiq seçilib tapılması, incə mətləblərin maksimal bir dəqiqliklə çatdırılması üçün dilin bütün imkanlarının səfərbər edilməsini çoxları ancaq daha mükəmməl dil axtarışı kimi, natiqlik məharətinin nümayiş etdirilməsi kimi izah edir.

Lakin bu belə deyil. Dilin kamilliyi məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. İncə mətləblər ancaq mükəmməl dillə çatdırıla bilər.

Biz, əlbəttə, belə hesab etmirik ki, Heydər Əliyev milli dilin inkişaf etdirilməsini, dövlət dilinin bir dil üslubu kimi formalaşdırılmasını qarşısına xüsusi məqsəd qoymuşdu. O, dövlət işini görərkən, dövlətin siyasi xəttini müəyyənləşdirərkən və bu xətti icraçılara, dövlət işçilərinə, xalqa və bütün dünyaya bəyan edərkən, istər-istəməz dili də inkişaf etdirir, dövlət işini yerinə yetirərkən dövlət dilini də xüsusi üslub kimi formalaşdırır və bu mühüm işi ən yüksək səviyyədə şəxsən özü həyata keçirirdi. Zira, düşünən kimdirsə quran, yaradan kimdirsə, yaradıcı təfəkkürün dəqiq şərhi üçün daha mükəmməl dil arayan da məhz həmin şəxs olmalıdır. Çünki dil təfəkkürlə, yaradıcılıqla vəhdətdədir. Və əksinə, dilin imkanları genişləndikcə həmin dildə danışan adamların düşüncə diapazonunun genişlənməsi, siyasi mədəniyyətin artması üçün də yeni imkanlar açılır.

Burada biz başqa bir sualın da cavabını tapmış oluruq. Belə ki, Heydər Əliyevin qeyri-adi natiqlik qabiliyyətinin səbəbini dilçiliyin təfərrüatında deyil, dövlətçiliyin inkişaf yollarında axtarmaq lazımdır. Çünki onun təfəkkürü, düşüncələri ən çox bu istiqamətdə köklənmişdi.

Bəli, Heydər Əliyev dilçiliyi də bilirdi, dilimizin, ədəbiyyatımızın tarixini də, müasir problemlərini də. Bu, əlbəttə, ona daha gözəl danışmağa, yeri gələndə zəngin bədii dil üslubunun böyük imkanlarından bəhrələnməyə imkan verirdi. Lakin onun natiqliyinin izahı dildə yox, fikirdə axtarılmalıdır. Dil ona görə aydın və səlis idi ki, fikir, ideya aydın idi. İdeya ona görə aydın idi ki, başqalarından əxz olunmayaraq, onun öz şəxsi düşüncəsinin və əməli təcrübəsinin məhsulu idi. Digər tərəfdən, dil əməlin və fikrin məhsulu olmaqla yanaşı, həm əməl, həm də fikir üçün ilkin zəruri şərtlərdən biridir, nisbi müstəqil bir hadisə olmaqla özü “böyük bir aləmdir”.

Beynəlxalq maraqlar sistemindəki labirintlərdən ustalıqla, ehmalca keçmək, milli mənafeyin konturlarını incə ştrixlərlə cızmaq hər sözün yüz ölçülüb, bir biçilməsini tələb edir. Dövlətin, millətin mənafeyini, marağını, onunla bir müstəvidə olan başqa maraqlara toxunmadan ifadə edə bilmək iynə gözündən sap keçirmək qədər çətindir. Burada fikirlərin incə-mürəkkəb quruluşu sözün, cümlənin də incə-mürəkkəb quruluşunu tələb edir. Hər hansı yonulmamış fikir, qaba söz sonradan qarşısı alınması çox çətin olan problemlər törədə bilər.

Siyasətdə səhv edib üzr istəmək olmaz. Burada hər şey zəncirvarı reaksiya kimidir. Bir səhvdən onlarca səhv doğulur. Bəs belə məsul və incə siyasi mövqeləri şərh etmək hər hansı bir milli dilin imkanları çərçivəsindədirmi? -Xeyr. Bunun üçün zəngin ədəbi dil mənbəyi, bədii və elmi dil vərdişləri olmalıdır. Məhz həmin dildə yaradılan fəlsəfi, ictimai-siyasi fikir ənənələri olmalıdır. Diplomatik ənənələr olmalıdır. Bir çox xalqların dilləri bu tələblərə cavab vermədiyindən dövlət dili kimi ingilis, fransız, ispan, rus dillərini seçiblər. Lakin nə yaxşı ki, Azərbaycan dili bütün bu tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı buna imkan verir və o artıq “dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” (Heydər Əliyev).

Lakin millət öz poeziyası, ədəbiyyatı, hətta elmi ilə nə qədər qabağa getsə də, onun dövlətçilik təcrübəsi yoxdursa, deməli, milli dövlət dili də hələ formalaşmayıb. Yaxşı bələdçilər, yol açanlar olmazsa, dövlətçiliyin və milli dövlət dilinin formalaşması prosesi çox uzun sürə bilər. Yalnız milli dövlətçilik ənənələrimizin tarixinə yaxşı bələd olan və irəlicədən, neçə onilliklər ərzində başqa bir dövlətin tərkibində müasir dövlətçilik təcrübəsini mənimsəmiş olan yaradıcı dövlət xadimi qısa bir tarixi dövrdə müstəqil milli dövlət formalaşdırmağa nail ola bilərdi. Təsadüfi deyil ki, məhz Heydər Əliyev bu vəzifəni qısa bir müddətdə çox böyük əzmlə həyata keçirdi və rəsmi dövlət dilinin inkişaf etdirilməsi işini də dövlətçiliyin atributlarından biri kimi ön plana çəkdi. Sonrakı illərdə bu iş Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi və hazırda bu sahədə əldə edilmiş nailiyyətlər dövlət dili ilə dövlətçilik təfəkkürünün daha sıx birliyinə dəlalət edir.

Bu gün dilimizin inkişafının əsas qarantı dövlətimizdir. Lakin dünya dilləri arasında həm tarixilik, həm də müasirlik baxımından olduqca önəmli yer tutan türk dili və onun ən çox inkişaf etmiş qollarından biri olan Azərbaycan dili də öz növbəsində dövlət müstəqilliyimizin mühüm qarantlarından biridir.

 

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü, professor

 

Xalq qəzeti.-2008.- 21 dekabr.- S.5.