Ulu öndər
bütün mənalı ömrünü öz xalqına həsr
etdi
XX əsrdə
Azərbaycan xalqının bəşəriyyətə bəxş
etdiyi nadir şəxsiyyətlərdən biri, dünya
miqyaslı siyasətçi, təcrübəli dövlət
başçısı, ümummilli lider Heydər Əliyevin bənzərsiz
ömür yolu, zəngin ictimai və siyasi fəaliyyəti
müasir tariximizdə mühüm və şərəfli mərhələ
təşkil edir.
Heydər
Əliyev dünyada şəxsiyyətlər içərisində
sayılan, seçilən, xüsusi yeri olan, xalqını
böyük xalqların, dövlətini böyük dövlətlərin
cərgəsinə çıxaran müdrik dövlət
xadimi idi. O, ölkə həyatının bütün sahələrində
quruculuğun, islahatların banisi olmuşdur.
İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının
dirçəlişi, peşəkar ordunun yaranması, səhiyyə,
elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin
tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı
ilə bağlıdır.
Ümummilli
liderin keçdiyi həyat yolundan danışmaq, Azərbaycana
rəhbərlik etdiyi 34 ildə xalq üçün
gördüyü titanik işləri ayrı-ayrılıqda
hamısını sadalamaq qeyri-mümkündür. Ümummilli
lider Heydər Əliyev əzmkar lider olub, çünki bir
insan ömrü ərzində bu qədər iş görmək
hər adama nəsib olmur. O, öz ömrünü ləyaqətlə
başa vurmuş, xalqın qəlbində özünə əbədi
abidə ucaltmışdır.
Heydər Əliyev
şəxsiyyətini, onun fenomen səviyyəsinə yüksəlmiş
şəxsi-iradi keyfiyyətlərini dəyərləndirmək,
bu keyfiyyətlərə istər ümumdünya tarixinin, istərsə
də bilavasitə Azərbaycan tarixinin spesifikası
nöqteyi-nəzərindən qiymət vermək cəhdində
olmaq tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər
çətindir. Çünki bu tarixi şəxsiyyətin fəaliyyətinin
hər səhifəsi Azərbaycan tarixinin son 50 ildəki mərhələləri
ilə üst-üstə düşür, bəzən hətta
indi arxada qalmış o tarixin bütövlükdə dərk
olunmasını şərtləndirir.
Heydər Əliyev təkcə Azərbaycan
xalqının yox, ümumiyyətlə, bütün bəşəriyyətin
yetişdirdiyi nadir tarixi şəxsiyyətlər arasında
özünə görkəmli yer tutur. Bu böyük azərbaycanlının
tariximizdəki rolu, yeri, missiyası və Azərbaycan
qarşısındakı misilsiz xidmətləri barədə
indiyədək çox deyilib və yazılıb. Bununla belə bunu etiraf etməliyik: indiyədək
Heydər Əliyevə həsr olunmuş çoxsaylı
kitabların, məqalələrin, araşdırma əsərlərinin
müəlliflərinin heç biri bu böyük azərbaycanlının
tarixi rolu və missiyasını, onun şəxsiyyətini,
istedadını, Heydər Əliyev fenomeninin bütün
aspektlərini tam açmağa müvəffəq
olmayıb.
Heydər Əliyev şəxsiyyəti
artıq tarixi, ictimai-siyasi, kultoroloji, sosial-psixoloji
yönümlü ciddi tədqiqatların predmetinə
çevrilib. Bu da təsadüfi deyil, çünki Heydər Əliyev
yaradıcı şəxsiyyət olaraq bütöv bir tarixi
epoxanın simasıdır.
Heydər Əliyev fenomenini sözlə
səciyyələndirmək, onun fəaliyyətinin coğrafi
konturlarını müəyyənləşdirmək
çox çətindir. Çünki Heydər Əliyev
şəxsiyyəti fərdi subyektiv ölçülərə,
bütövlükdə tarixə, zamana sığmır. Bu,
mübahisəsiz qəbul olunan məsələdir: Heydər Əliyev
çağdaş tariximizə Azərbaycan dövlətinin rəmzi,
millətin xarakterinin, varlığının
daşıyıcısı, millət atası kimi
düşüb. O, çiyinlərində bir xalqın
varlığını, bütün bəşəri keyfiyyətlərini,
dövlətçiliyin missiyasını daşıyan
böyük lider idi. Heydər Əliyevi hakimiyyətə xalq
gətirmişdi. Xalq onda öz gücünü, enerjisini,
yaşayıb-yaratmaq, mübarizə aparmaq, yeni dövlət və
cəmiyyət yaratmaq əzmini, ümid-pənah yerini
görürdü.
Regionda Heydər Əliyevin
rolunu yüksək qiymətləndirir, onu zəmanəmizin
görkəmli dövlət adamı adlandırırdılar.
Çünki Heydər Əliyev doğrudan da təkcə Azərbaycanı
yox, bütün postsovet məkanını idarə etməyə
qadir heyrətamiz lider idi. Bu həqiqəti bütün əcnəbi və yerli
ictimai-siyasi xadimlər, dövlət adamları, ziyalılar,
politoloqlar, jurinalistlər yaxşı anlayır və qiymətləndirirlər.
Təsadüfi deyil ki, Heydər Əliyev dünyanın rəğbət
bəslədiyi və öyrəndiyi fenomenə çevrilib.
Qərbin məşhur dövlət və ictimai-siyasi xadimləri
Heydər Əliyevi XX-XXI əsrlər siyasətinin canlı əfsanəsi
və patriarxı sayır, onu “böyük siyasətin
böyük qrossmeysteri” adlandırırdı.
Onların fikrincə, Heydər Əliyevin siyasi karyerası həqiqətən
də misli-bərabəri olmayan karyeradır. Çünki
Heydər Əliyevin gördüyü böyük işlər
miqyasına və əhəmiyyətinə görə
yalnız Azərbaycanın deyil, regionun və dünya
sivilizasiyasının tərəqqisinə xidmət edir.
Burada xarici ölkələrin məşhur
ictimai-siyasi və dövlət xadimlərindən bir neçəsinin
ümummilli öndərimiz haqqındakı qənaət və
fikirlərindən, onların bu böyük insana verdikləri
yüksək qiymətdən bəzi nümunələri sadalamaq
məqsədəuyğun olardı. Türkiyənin sabiq
Prezidenti Süleyman Dəmirəl deyirdi ki, “Heydər Əliyev
təkcə Azərbaycanın deyil, bütün türk
dünyasının yetişdirdiyi ən məşhur dövlət
xadimlərindən biri idi. Heydər Əliyevə daha uzun
müddət ehtiyac olacaq. Heydər Əliyev sadəcə
öz ölkəsinə, millətinə, xalqına yox, eyni
zamanda bütün türk dünyasına xidmət göstərib.
O, mətanətli, dəyərli lider idi”. Türkiyənin
sabiq Prezidenti Əhməd Necdət Sezərin fikrinə görə
də Heydər Əliyev bütün türk dünyası
üçün qiymətli insan idi. Türkiyənin
sabiq baş naziri Bülənt Ecevit Heydər Əliyevi
“Atatürk qədər qüdrətli bir türk” deyə səciyyələndirir,
qardaş ölkənin Cümhuriyyət Xalq Partiyasının
sədri Dəniz Baykal isə Heydər Əliyevi
“Atatürkün mənəvi övladı”
adlandırırdı. Türk dünyasının
tanınmış əbədi və ictimai-siyasi xadimləri
Heydər Əliyevi türk dünyasının lideri, ləyaqətli,
yüksək hörmət-izzətə layiq insan və özlərinin
həyat müəllimi kimi xarakterizə edirdilər.
Bu qiymətləndirmələr
havadan götürülməyib, onlara əsas var. Belə ki,
Heydər Əliyev SSRİ-nin qaranlıq çərçivələri
içərisində azad yaşamağa
alışmış, təfəkküründə
böyük ideallar daşımış insan olub. O, elə bir sistemdən çıxıb belə bir
şəxsiyyət ola bilməyin ən qabarıq nümunəsi
idi. Əgər bu gün Azərbaycanda sovetlərin polad divarları
arasından bir mədəniyyət, kimliyini itirməmiş bir
millət, öz dilini, tarixini, ədəbiyyatını qoruyan
bir nəsil salamat çıxmışsa, o nəsil də
bütün bunlara görə Heydər Əliyevə borcludur.
Biz Heydər Əliyev
ideyalarının praktiki əhəmiyyətini hələ uzun
onilliklər sonra da görəcəyik. Heydər
Əliyev özünün əməli fəaliyyətindən
və ideyalarından bizə təkcə dövlət
başçısı kimi yox, həm də ümummilli lider,
böyük mütəfəkkir, nəhəng dövlət
adamı, qeyri-adi dərəcədə istedadlı şəxsiyyət
kimi görünür. O, bütün fəaliyyəti
boyunca Milli genofondumuzu, Milli sərvətlərimizi, Milli
simamızı, məfkurəmizin təmizliyini qorudu, bizi buna
öyrətdi. O, milləti necə sevməyi,
ona necə xidmət göstərməyin ideal formulunu
yaratdı, özünün əməlləri, fəaliyyəti,
davranışı, nitqi, müdrik ideya və tövsiyələri
ilə bu formulun bütün elementlərini işləyib
hazırldadı. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev
fenomeni əksər tədqiqatçılar tərəfindən
ümummilli lider-ümummilli ideya kontekstindən
araşdırılır.
Heydər Əliyevin
çoxcəhətli və çoxsahəli fəaliyyətinin
yalnız bir aspektindən — öz əksini azərbaycançılıq
ideologiyasında tapan milli ideyanı həyata keçirməsindən,
azərbaycançılıq ideologiyasını bütün
dünya azərbaycanlılarından ötrü funksional
doktrina səviyyəsinə qaldırmasından bəhs edəndə ortaya çıxan mənzərə
həqiqətən də möhtəşəmdir.
Əliyevşünas müəlliflərin
çoxu bu fikirdədir ki, Heydər Əliyev gerçək
ümummilli lider və tarixi şəxsiyyət olaraq hər
hansı bir ideya-siyasi cərəyanın çərçivəsi
ilə məhdudlaşmır. Onun fəaliyyəti Azərbaycan
ziyalılarının bir çox nəsillərinin
yaratdığı milli ideallar sistemi ilə həmahəngdir.
Heydər Əliyev açıq fikirli demokrat, qeyri-adi şəxsiyyət
və böyük mütəfəkkir idi. Müstəqil Azərbaycana
başçılıq etdiyi 10 ildə Heydər Əliyevi
hakimiyyətdən devirmək, fiziki cəhətdən məhv
etmək istəyənlər, sui-qəsdçilər çox
olmuşdu. Amma bu cəhdlər iflasa
uğramış, cinayətkarlar qanunla cəzalandırılmışdı.
Heydər Əliyev isə hər dəfə
böyüklük və alicənablıq göstərərək
onların hamısını
bağışlamışdı. Heydər Əliyevin necə
böyük və comərd insan, təvazökar, sadə
və ədalətli hakim olduğunu göstərən bu
addımları hamıda heyranlıq doğururdu.
Bir məqamı xüsusi qeyd edək
ki, Heydər Əliyevi haqsız yerə və qərəzli
şəkildə tənqid edən müxalifət mətbuatına
söz azadlığını məhz bu böyük şəxsiyyətin
özü vermişdi. Bu böyük insan onu tənqid
edən bədxahlarına münasibətdə həmişə
alicənab, dözümlü və müdrik bir şəxsiyyət
olaraq qaldı, xırda məsələlərin, cılız
siyasi intriqaların fövqündə dayanmağı
bacardı. O, siyasi rəqibləri ilə həmişə
qeyri-adi ləyaqətlə, sadə dildə desək, mərdi-mərdanə
davranırdı. Bu, onun ucalığı idi.
Heydər Əliyev 5 ildir ki, cismən
aramızda yoxdur. Məşhur mahnıda deyildiyi kimi xalqı
Heydər Əliyevsiz, Heydər Əliyevi xalqsız təsəvvür
etmək olmur. Amma bu ayrılıq ruhən
olsaydı, bir xalq kimi bizə böyük sitəmlər
yaşadardı. Onun ruhu və ideyaları, miras qoyub getdiyi
kurs, işləyib hazırladığı strategiya bizimlədir
və biz onu məhz ona görə yanımızda hiss edirik və
məhz Heydər Əliyevin yolu ilə gedirik: heç bir
alternativi olmayan bir yolla. Bu yolun yorulmaz
yolçusu olaraq zamanın fövqündə dayanan şəxsiyyətləri
xatırlayıram və bu qənaətə gəlirəm ki,
həmin şəxsiyyətlər haqqında söylənilən
“zəmanəsinin oğlu idi” kəlməsində bir
yarımçıqlıq və subyektiklik var. Çünki
xalqının taleyində, onun inkişafında, yetkinləşməsində
böyük rol oynamış bu cür adamlar yalnız zəmanələrinin
övladları ola bilməzlər. Onları həm
keçmişlə, həm də gələcəklə
qırılmaz tellər bağlayır. Onlarsız mənsub
olduqları xalqın tarixi, həm də gələcəyi
yoxdur. Onların hazırladıqları ideologiya,
strategiya olmadan həmin millətlər bəşəri
inkişafın sürətindən geri qala bilərlər və
bəşəri dəyərlərə yiyələnməkdə
çətinlik çəkərlər. Əlbəttə, bu
cür şəxsityyətlərlə bir zaman kəsiyində
yaşamaq, onların xalq və millət yolunda
gördüyü böyük işlərin şahidinə
çevrilmək də hər adama nəsib olmur. Ulu öndərimiz
Heydər Əliyevin bütün fəaliyyəti bizim gözlərimiz
qarşısında olub.
Heydər Əliyevin böyük
tarixi xidməti həm də odur ki, milli potensialın
varlığını hamıdan əvvəl görərək
onu milli ideya – azərbaycançılıq ideyası ətrafında
birləşdirdi. Heydər Əliyev cəmiyyətin ən
müxtəlif qatlarının malik olduğu potensialı hərəkətə
gətirdi, cəmiyyətin gücünü, enerjisini,
imkanlarını düzgün və ən zəruri istiqamətdə
səfərbərliyə aldı.
Tarixi proseslərin dəfələrlə
sınaqdan çıxardığı dəyişilməz
bir postulat var. Ölkələrin və xalqların tarixini adətən
öz xalqı ilə mənən, fikrən bir olan
böyük şəxsiyyətlər yaradırlar. Antik
dövrdə də, orta əsrlər Avropasında da, yeni
dövrdə də belə olub. Heydər Əliyev fenomeninin Azərbaycan
tarixindəki rolu məhz bu məqamda dəyərləndirilməlidir.
Azərbaycan kimi spesifik dəyərləri
və mentaliteti, öz yolu və ənənəsi olan ölkələrdə
güclü şəxsiyyət amili həddən ziyadə
mühüm rol oynayır. Məşhur azərbaycanşünas
alim, ABŞ-dan olan professor Odri Aldstadt Heydər Əliyevin Azərbaycan
üçün məhz belə bir şəxsiyyət
olduğunu bildirərək yazırdı: “Bütün
güclü şəxsiyyətlər kimi Heydər Əliyev də
hamını öz arxasınca apara bilir. O, son dərəcə
işgüzar və ziyalı bir rəhbər kimi zəifləmiş
iqtisadiyyata yeni bir nəfəs gətirdi. Azərbaycarnın
nüfuzunu yüklətməyə nail oldu”.
Heydər Əliyev ölkədə
təhsilin, elmin, səhiyyənin və mədəniyyətin
inkişafını həmişə diqqət mərkəzində
saxlamışdır. Müstəqil Azərbaycanda təhsilin
qazandığı uğurlar məhz ulu öndərin adı
ilə bağlıdır.
Hələ ilk dəfə
hakimiyyətdə olduğu sovetlər dövründə milli
təhsilimizin tərəqqisi üçün nə qədər
nəhəng işlər gördüyünü demirik. 1999-cu
ildə imzaladığı Təhsil İslahatı
Proqramı milli təhsilimizdə yeni dövrün əsasını
qoymuşdur.
Heydər Əliyevin böyük
tarixi rolu həm də bundadır ki, o Azərbaycanın gələcəyini
təmin edə bilən, ölkəni yaşadacaq güclü
dövlətçilik qabiliyyətinə malik yeni nəsil
formalaşdırıb. Bu nəslin ən
istedadlı nümayəndəsi Ata Əliyevin yolunu ləyaqət
və məsuliyyət hissi ilə davam etdirən ölkə
Prezidenti cənab İlham Əliyevdir. İlham Əliyev – bu ad
Azərbaycanın XX-XXI-ci əsrlər tarixinə artıq
çoxdan yazılıb. İlham Əliyev buna öz
istedadı, zəhmətsevərliyi, uzaqgörənliyi, ağlı
və zəkalılığı ilə nail olub.
İlham Əliyev ulu öndərin əbədiyaşar
ideyalarından güc alaraq Azərbaycanımızı yeni
zirvələrə çatdırdı. Azərbaycan bu gün
Qafqazda lider dövlətdir. Həm də dünyanın
inkişaf etmiş ölkələri Azərbaycanı ən
islahatçı dövlət kimi tanıyırlar. Bu
böyük tarixi qələbədir.
Azərbaycanın müstəqilliyi
günü-gündən möhkəmlənir. Və bu
inkişaf sürətinin getdikcə artacağı şəksizdir.
Çünki onun əsasında ulu öndərin ölməz
ideyaları durur. Bu ideyalar çox hörmətli Prezidentimiz
İlham Əliyevin quruculuq istedadından güc alaraq müstəqil
Azərbaycanımızı yeni-yeni zirvələrə
çatdıracaq.
Havar MƏMMƏDOV,
Azərbaycan
Texniki Universitetinin rektoru, professor
Xalq qəzeti.-2008.-12
dekabr.-S.6.