Heydər Əliyev
əməlləri ilə xalqımızın qəlbində əbədiyaşarlıq
qazanmışdır
Xalqların
milli varlığı və özünüdərkinin parlaq təcəssümünə
çevrilmiş müstəqil dövlətçilik
konsepsiyasının formalaşması bir qayda olaraq milli liderlərin
adı ilə bağlı olur. Tarixin həlledici mərhələsində
optimal inkişaf modelinin siyasi və iqtisadi əsaslarını
yaratmaq kimi məsuliyyəti üzərinə götürən
belə nadir şəxsiyyətlər, həm də mənsub
olduqları xalqların gələcək yaşam fəlsəfəsini
müəyyən edirlər. Bu gün müstəqil Azərbaycan
dövətinin yaşaması, inkişaf edərək
dünya dövlətləri arasında öz layiqli yerini
tutması, qüdrətli bir ölkə kimi təşəkkülü
və davamlı inkişafı üçün biz
hamımız dahi öndərimiz Heydər Əliyevə
borcluyuq.
Dünya
şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət
başçısı Heydər Əliyev bütün
şüurlu həyatını canından artıq sevdiyi
xalqının xoşbəxt yaşamasına, Azərbaycanın
tərəqqisinə həsr etmişdir. Böyük öndər
xalqımıza əmanət olaraq zəngin maddi və mənəvi
dəyərlər, siyasi və iqtisadi cəhətdən
etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı
qoymuşdur. Heydər Əliyev birinci hakimiyyəti illərində,
eləcə də keçmiş SSRİ hökumətində
məsul vəzifədə təmsil olunduğu dövrdə
respublikamızın inkişafı, çiçəklənməsi
naminə son dərəcə böyük miqyaslı işlər
görmüş, xalqın təkidli
çağırışı ilə yenidən ölkə rəhbərliyinə
qayıdandan sonra çiyinlərini çox ağır və
çətin işin altına verərək
xalqımızı müdhiş bəlalardan
qurtarmışdır. Bu müdrik insan həqiqətən də
ömrünün qalan hissəsini xalqına qurban vermişdir.
1998-ci ilin prezident seçkilərində ulu öndərimizin
vəkili olmuş şəxs kimi tam əminliklə deyirəm
ki, qədirbilən xalqımız ulu öndərin Azərbaycan
dövləti və millətinin xoşbəxt gələcəyi
naminə etdiklərini heç zaman unutmayacaqdır.
Ulu
öndərimiz respublikamıza yenidən rəhbərliyə
tariximizin olduqca mürəkkəb məqamında
qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi
və dövləti idarəetmə istedadı sayəsində
o, qarşıya çıxan bütün maneələri dəf
etdi, xalqı düşdüyü bəlalardan
çıxara, qoruya bildi. Həmin
illər ölkəmiz sınaqdan uğurla çıxdı.
Azərbaycanda milli
dövlətçilik ənənələrinin bərpası
və qorunub saxlanması müstəqilliyimizin möhkəmləndirilməsi,
ölkədə demokratik prinsiplərə əsaslanan
hüquqi islahatların aparılması, respublikamızın
bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik
uğurlar məhz bu müdrik insanın misilsiz xidmətləri sayəsində o illərdə əldə
olunmuşdur.
Ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana hakimiyyətə
qayıdışından sonra qısa vaxt ərzində
silahlı dəstələr ləğv edildi, ictimai-siyasi
sabitlik yaradıldı. Xarici və daxili qüvvələrin təxribat
törətmək səylərinin qarşısı
alındı. Məsələn, Əlikam Hümbətovun
qondarma respublika təşkil etmək cəhdinə, Surət
Hüseynovun 1994-cü ilin oktyabrın 4-də həyata
keçirmək istədiyi dövlət çevrilişinə,
1995-ci ilin martında Rövşən Cavadovun hakimiyyətin dəyişdirilməsinə
hesablanmış təxribat planının həyata
keçirilməsinə xalq dəstəyinə arxalanan Heydər
Əliyev imkan vermədi. Yeri gəlmişkən, 1995-ci
ilin mart hadisələri zamanı ulu öndər xalqa
müraciətində deyirdi: “Mən dəfələrlə
demişəm və bu gün də vətəndaşlarımızın,
xalqımızın qarşısında bir daha deyirəm ki,
Prezident kimi Azərbaycanın müstəqilliyinin
qorunmasını bu günə qədər təmin etdiyim
kimi, bundan sonra da təmin edəcəyəm”.
Ulu öndərimiz Heydər
Əliyev tərəfindən ictimai-siyasi sabitlik tam bərqərar
ediləndən sonra ölkənin iqtisadi-siyasi həyatında
köklü dəyişikliklər baş verdi, islahatlara
başlanıldı. 1994-cü ilin sentyabr ayının 20-də
Azərbaycanın neft ehtiyatlarının dünya
bazarlarına çıxarılmasını nəzərdə tutan
“Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə
ölkəmizdə iqtisadi inkişafa və sabitliyin
davamlılığına təminat yaratdı.
İrimiqyaslı TRASEKA proqramının icrası
reallaşdı. Torpaq islahatına start verildi. Özəlləşdirmə
həyata keçirildi. Özəl bölmənin,
sahibkarlığın inkişafına xüsusi diqqət
yetirildi. “Açıq qapı” siyasəti nəticəsində
xarici investorların ölkəmizə marağı getdikcə
artdı. Geniş quruculuq işlərinə
başlanıldı. Xalqın həyat səviyyəsi tədricən
yaxşılaşdı... Bütün bunlar o dövrün
statistik göstəricilərində öz ifadəsini
tapmışdır. Belə ki, 1996—2002-ci illərdə
bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən
çox artmış, ölkənin valyuta ehtiyatları
çoxalmışdı. Ümummilli liderimizin Azərbaycana
hakimiyyətə qayıdışından ötən müddətdə
ölkədə ÜDM istehsalı dəfələrlə
artdı. Azərbaycan MDB ölkələri arasında
öncül yeri tutdu.
Ulu öndər Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət
nəticəsində iqtisadiyyatın inkişafında özəl
sektorun rolu və yeri ildən-ilə artmışdır. Əgər
1995-ci ildə qeyri-dövlət müəssisə və təşkilatları
tərəfindən istehsal olunmuş məhsulun ÜDM-dəki xüsusi çəkisi cəmi
30,3 faiz təşkil etmişdirsə, 2002-ci ildə bu göstərici
73 faizə çatmış və ya 2,4 dəfə
artmışdır.
Ümummilli liderimiz Heydər Əliyev
özəl sektorun inkişafına daim qayğı göstərmişdir.
Sözügedən sahənin tərəqqisi üçün
dövlət səviyyəsində müvafiq təşkilati,
hüquqi və iqtisadi tədbirlərin həyata keçirilməsinə
xüsusi əhəmiyyət verirdi. Biznes fəaliyyətinin
genişlənməsinə, onun səmərəliliyinin
artmasına müsbət təsir göstərən əlverişli
iqtisadi mühitin yaradılmasına mühüm amil kimi
baxırdı. Şübhəsiz ki, bu da Azərbaycanda
sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi
inkişaf strategiyasının mahiyyətindən irəli
gəlirdi.
Ulu öndər ölkədə
milli sahibkarlığın inkişafında dövlət siyasətinin
başlıca prinsiplərini müəyyənləşdirən
sənədlərin qəbulunu da həmişə diqqətdə
saxlayırdı. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi
altında 1997-ci ildə təsdiqlənmiş “Azərbaycan
Respublikasında kiçik
və orta sahibkarlığın inkişafı (1997—2000-ci illər)
Dövlət Proqramı” müstəsna əhəmiyyət kəsb
etmiş, özəl bölmənin dirçəlməsini
sürətləndirmişdir. Adıçəkilən
Dövlət Proqramında ilk dəfə olaraq milli
sahibkarlığın stimullaşdırılması və
onun dövlət maliyyə təminatı mexanizmlərinin
formalaşdırılması daxili bazarın qorunması yolu
ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi,
qeyri-neft sektorunun ÜDM-dəki çəkisinin
artırılması ilə bağlı kompleks tədbirlər
planı öz əksini tapmışdır.
Burada bir məqamı xüsusi qeyd
etmək yerinə düşür. Dövlət
Proqramı qəbul ediləndən sonra həyata keçirilən
tədbirlər nəticəsində sahibkarlıq subyektlərində
əsassız yoxlamalar aparılması aradan
qaldırılmış, iş adamlarının normal fəaliyyətini
çətinləşdirən problemlərin həlli sürətlənmişdir.
Ulu öndər gəlirli sahə
sayılan turizmin dirçəldilməsinə də
qayğı göstərmişdir. Ölkəmizdə xidmətin
bu növünün inkişaf perspektivləri haqqında
dörd illik proqram (2002-2006-ci illər) qəbul etmişdir. O vaxtdan indiyə kimi turizmin inkişafı istiqamətində
bir sıra tədbirlər həyata keçirilməsi, yerlərdə
infrastrukturun yaradılması, yeni yolların çəkilməsi,
sahibkarlığın maliyyə təminatının
yaxşılaşdırılması turizm şəbəkəsinin
genişlənməsinə gətirib
çıxarmışdır.
Ümummilli liderimizin rəhbərliyi
ilə yerli və xarici sahibkarların təhlükəsiz və
xüsusi risklik tələb etməyən biznes fəaliyyətinə
dövlət tərəfindən verilən hüquqi təminatı
daha da gücləndirən, investisiyaların
qarşılıqlı təşviqinə və
qorunmasına əsaslı zəmin yaradan bir sıra mühüm qanunlar da qəbul
edilmişdir. “Azərbaycan Respublikasında
kiçik sahibkarlığa dövlət köməyi
haqqında” Qanuna edilən dəyişiklik və əlavələr,
“Haqsız rəqabət haqqında”, “İnvestisiyaların
qorunması haqqında”, “İstehlak bazarı haqqında” və
s. zəruri sənədlər kiçik və orta
sahibkarlıq subyektlərinin səmərəli fəaliyyətinə
əlverişli şərait yaratmışdır.
Dövlət-sahibkar
münasibətlərinin institusionallaşdırılması
da Azərbaycanda sahibkarlığın davamlı
inkişafının təmin edilməsi baxımından son dərəcə
vacib məsələlərdən olmuşdur. Ümummilli
liderimiz Heydər Əliyevin fərmanı ilə
yaradılmış Azərbaycan Respublikası Prezidenti
yanında Sahibkarlar Şurasının məqsədi ölkədə
sahibkarlığın inkişafına nail olmaq, iş
adamlarının dövlət başçısının
yürütdüyü siyasətin həyata keçirilməsində
səmərəli, fəal iştirakını istiqamətləndirmək,
bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.
Ən başlıcası isə ictimai münasibətlər
sistemində xüsusi yeri olan dövlət-sahibkar münasibətlərini
tənzimləməkdir. İctimai əsaslarla fəaliyyət
göstərən şuranın tərkibində yerli və
xarici iş adamları, sahibkarların ictimai birliklərinin
nümayəndələri geniş təmsil
olunmuşlar. Şura sahibkarlığın inkişafında,
bu sahəyə dövlət qayğısının
artırılmasında, mövcud problemlərin həll edilməsində,
ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş
sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl olaraq
reallaşmasında sahibkarların səmərəli fəaliyyətinin
istiqamətləndirilməsində müəyyən rol
oynamışdır.
Ulu öndərimiz Heydər
Əliyev daim iş adamlarının mənəvi hamisi kimi
çıxış edərək bu təbəqənin milli
iqtisadiyyatın “lokomotiv” qüvvəsinə çevrilməsinə
çalışmış, mövcud problemlərin
aşkarlanması məqsədilə dövlət-sahibkar
dialoqunun genişləndirilməsində maraqlı olmuşdur.
2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla
görüşən ulu öndərimiz onları üzləşdiyi
problemlər barədə açıq danışmağa dəvət
etmiş, yaxından dinləmiş, mövcud problemlərin
aradan qaldırılması üçün aidiyyəti
dövlət qurumlarına zəruri tapşırıq və
tövsiyələrini vermişdir. Həmin
görüşlərin nəticəsi olaraq imzalanmış
bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi
və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi
baxımından keyfiyyətcə yeni mərhələnin təməlini
qoymuşdur.
Ümummilli liderimiz
Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı (2002-2005-ci illər)
Dövlət Proqramı” özəl sektorun
inkişafını stimullaşdıran tədbirlərin
davamı kimi mühüm əhəmiyyət kəsb etmiş,
dövrün bir
sıra reallıqları ilə şərtlənmişdir. Bu
proqram sahibkarlığın daha sürətli
inkişafına, özəl sektorun ölkənin ixrac
potensialındakı rolunun gücləndirilməsinə, onun
bazar iqtisadiyyatı sisteminə təsirinin daha da
artırılmasına əlavə impulslar vermişdir. Proqramda nəzərdə tutulmuş tədbirlərin
uğurla gerçəkləşdirilməsi nəticəsində
Azərbaycanda sahibkarlıq subyektlərinin sayı durmadan
artmış, iş adamlarının iqtisadi quruculuq proseslərinə
müsbət təsiri genişləndirilmiş, sosial problemlərin
həlli istiqamətində yeni imkanlar
açılmışdır.
Ümummilli liderimiz
Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan
Respublikasında sahibkarlığın inkişafına
dövlət qayğısı haqqında” və 28 sentyabr
2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında” fərmanlarında dövlət qurumları ilə
sahibkarlıq subyektləri
arasında dərin kök salmış və həllini
gözləyən bir sıra ciddi problemlər tam
açıqlığı ilə göstərilmiş,
onların qarşısının alınması
üçün kompleks islahatlar aparılmışdır. Sahibkarlığın inkişafına xidmət edən
dövlət proqramlarının qəbulundan sonra
imzalanmış bu fərman mühüm əhəmiyyət
daşımaqla bu sahədə mövcud əngəllərin
aradan qaldırılmasında təxirəsalınmaz və təsirli
tədbirlərin görülməsini təmin etmişdir.
Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı müstəsna
xidmətlərindən biri də məhz ölkədə orta
təbəqənin, milli burjuaziyanın mövqelərinin
möhkəmləndirilməsi olmuşdur. 1995-ci ildən bu sahədə
həyata keçirilən kompleks tədbirlər sistemi də respublikamızda
orta sahibkar təbəqəsinin yaranıb təşəkkül
tapması, bir növ, cəmiyyətin lokomotivinə
çevrilməsi məqsədinə xidmət etmişdir.
İnkaredilməz həqiqətdir ki, hər bir ölkənin
iqtisadi-siyasi durumunun sabitliyi onun orta təbəqəsinin vəziyyəti
ilə ölçülür. Dövlətin
sütunlarının möhkəmlənməsi
üçün cəmiyyətdə orta təbəqənin,belə
demək mümkünsə, orta burjuaziyanın yaranması
mühüm şərtlərdəndir. Məhz bu təbəqə
cəmiyyətdə balans yaradaraq kəskin təbəqələşməni,
sosial gərginliyi aradan qaldırır və ümumi
inkişafda harmoniya yaradır.
Biz bu gün Heydər Əliyevi
xatırlayır, iftixarla deyirik: Azərbaycan dövlətinin
xilaskarı, yeni Azərbaycan dövlətinin memarı, Azərbaycan
xalqının əbədi Prezidenti Heydər Əliyev bizim qəlbimizdə
daim yaşayır və yaşayacaq.
Nəhayət, onu da
deyim ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və ciddi elmi əsaslara söykənən
sosial-iqtisadi siyasət strategiyası onun layiqli
davamçısı — Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilmiş, respublikamız
bütün sahələrdə uğurlu inkişaf yoluna
çıxmışdır. Dövlət
başçısı Azərbaycanın yeni dövr
üçün iqtisadi siyasət prioritetlərini
açıqlamış, bütün sahələrdə
proqressiv islahatları təmin etməklə, cəmiyyətdə
böyük nüfuz qazanmış, hər bir azərbaycanlının
layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta
yetirmişdir. Siyasi iradə və qətiyyətlilik,
praqmatizm, məqsədyönlülük kimi mühüm
keyfiyyətlər Prezident İlham Əliyevin fenomenal siyasi
lider obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulanmalıdır. Cənab
İlham Əliyevin birinci prezidentlik müddətində
imzaladığı məqsədyönlü fərman və sərəncamlar,
qəbul etdiyi praqmatik qərarlar ölkəmizin dinamik yüksəlişini
təmin etmişdir. Dövlət başçımız tərəfindən
eyni zamanda yeni dövrün tələbi kimi qarşıda
duran vəzifələr də müəyyənləşdirilmiş,
inkişaf mexanizminin çevikliyinə, işləkliyinə
nail olunmuşdur.
Heydər Əliyev
siyasi kursu bu gün onun ideyalarına sadiq qalan Azərbaycan
Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ümummilli liderimizin “Mən ona
özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm” deyərək
qiymətləndirdiyi
dövlət başçımız Prezidentimiz bu gün həqiqətən
də xalqın etimadını doğrulduğu
üçün ikinci müddətə ölkə Prezidenti
seçilmişdir. Biz də hər birimiz dahi öndərə
məhəbbətimizin təzahürü olaraq cənab
İlham Əliyevin ətrafında birləşərək
onun qarşıya qoyduğu mühüm vəzifələrin
yerinə yetirilməsində daha fəal iştirak etməyə
çalışırıq.
Qüdrət KƏRİMOV,
“Xəzər” Səhmdar Cəmiyyətinin
sədri, iqtisad elmləri doktoru
Xalq qəzeti.-2008.- 12 dekabr.-
S.7.