Heydər Əliyev
strategiyasında Azərbaycan faktoru
Ulu öndərimiz Heydər
Əliyevin ölkə rəhbərliyinə
qayıdışı daxili və xarici düşmənlərin
Azərbaycana qarşı planlarını alt-üst etdi. O,
uzun illərdən bəri topladığı dövlət
idarəçiliyi təcrübəsini, biliyini, düşüncəsini,
bütün varlığını Azərbaycanı xaosdan,
uçurumdan çıxarmağa yönəltdi. Dövlət
idarəçiliyi, ordu quruculuğu sahəsində qısa
müddətdə epoxal nailiyyətlər qazandı. Ölkədə
sosial-siyasi, makroiqtisadi və makromaliyyə sabitliyi yaratdı,
Azərbaycan dövlətini qurdu.
Heydər Əliyev
uzunmüddətli sosial-siyasi sabitliyin açarını
iqtisadiyyatın dinamik inkişafında görürdü. O,
ölkədə kövrək də olsa belə sabitlik yaranan
kimi, iqtisadi sistemin transformasiyasını təmin edən cəsarətli
islahatlar aparmağa başladı. İqtisadiyyatın
bütün sahələrinin inkişafında birdən
uğur qazanmaq olmazdı. Prioritetləri dürüst müəyyənləşdirmək,
düzgün seçim etmək, iqtisadi islahatlara və
inkişafa hansı sahədən başlamağın zəruri
olduğunu müəyyən etmək lazım idi.
Heydər Əliyev təkrarsız və unikal dövlət idarəçilik məktəbi yaratmış və onu xalqımız üçün zəngin bir irs olaraq qoyub getmişdir. Onun banisi olduğu kursun sadəcə qorunub saxlanması və davam etdirilməsi deyil, həm də varislik gözlənilməklə, liderdən novatorluq, uzaqgörənlik, təşəbbüskarlıq və böyük siyasi iradə tələb edirdi. Ümummilli liderimiz Heydər Əliyevin siyasətdə müdriklik, həyatda praqmatik təcrübəsinin davamı və inkişafı Prezident İlham Əliyevin gündəlik fəaliyyətinin başlıca istiqamətini təşkil edir. İlham Əliyev ulu öndərimizin təcrübəsi bazasında Azərbaycanın sosial-iqtisadi inkişafına yeni meyillər, idarəçilik prinsipləri, islahatlar konsepsiyası, iqtisadi aktivlik, şəxsi təşəbbüskarlıq və legitimlik gətirir.
Təcrübə göstərir ki, ən zəngin təbii resursları olan ölkə belə dünyanın ən səmərəli ideyalarından istifadə etmədən müvəffəqiyyət qazana bilməz. İlham Əliyev dünya resurslarından – müasir biliklərdən, texnologiyadan, informasiya və kommunikasiya sistemlərindən, kapital ehtiyatlarından maksimum səmərəli istifadə etməklə, dünya təsərrüfatına inteqrasiyanı dərinləşdirməklə sosial-iqtisadi inkişafı daha da sürətləndirməyə çalışır.
İlham Əliyev dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin təcrübəsinə əsaslanaraq istehsal və sosial infrastruktur sahələri yaratmaq, yollar, körpülər salmaq, aeroportlar inşa etmək, informasiya və kommunikasiya sistemləri, enerji, kommunal müəssisələr yaratmağı dövlətin işi hesab edir. Bu sahədə çox sürətli irəliləyişlər göz qabağındadır. İlham Əliyevin fikrincə, ölkədə zavod, fabrik yaratmaq, istehsalı reallaşdırmaq və qazanc götürmək isə sahibkarların işi olmalıdır. Sahibkarların iqtisadi fəallığının artırılması, dövlət siyasətinin, proqramlarının reallaşmasında onların iştirakını stimullaşdıran tədbirlərdən sistemli şəkildə istifadə olunmasını təmin edir.
Bazar özü tənzimlənməyə
möhtacdır
İlham Əliyevin fikrincə, sterilizə edilmiş, avtomatik tənzimlənmə xassəsinə malik bazar iqtisadiyyatı yoxdur. Bazar iqtisadiyyatını kor-təbii fəaliyyət göstərən tələb-təklif və rəqabət qanunlarının öhdəsinə buraxmaq ağır nəticələr verə bilər. Ən azı üç səbəblə bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi zərurəti yaranır.
1. İstehsal və idxal inhisarçılığının, bazar iqtisadiyyatı prinsiplərinin reallaşmasının maneəyə çevrilməsinin qarşısını almaq, inhisar subyektlərinin bazara, istehlakçılara öz şərtlərini diktə etmələrinə imkan verməmək üçün qanun tətbiq edilməsi, iqtisadi fəaliyyətin tənzimlənməsi, idarə olunması vacibdir.
İlk dəfə 1890-cı ildə ABŞ-da antitrest qanunvericiliyi (Şerman Qanunu) qəbul olunmuşdur. Bu qanun bir müəssisənin ölkədə müəyyən növ məhsulun 40 faizindən çoxunu istehsal etməsinə, qiymətləri süni sürətdə qaldırmaq imkanı əldə etməsinə qadağa qoyur. Sonra digər ölkələrdə də analoji qanunlar qəbul edilmişdir. İnhisarçılığın qarşısını almadan iqtisadiyyatın ahəngdar inkişafını, onun səmərəli idarə olunmasını və inkişafını təmin etmək mümkün deyildir.
2. Bazar iqtisadiyyatına “sərfəli olmayan”, ölkənin bu günü və sabahı üçün zəruri olan sahələrin inkişafı dövlət qayğısına möhtacdır. Bazar subyektləri fundamental elmin inkişafı, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi, ictimai asayişin qorunması, sosial müdafiəyə ehtiyacı olanlara yaşayış minimumu təmin etmək, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, (Zeynalabdin Tağıyev qazandığı pulların xeyli hissəsini ümidverici gənclərin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına sərf edirdisə, hazırkı biznesmenlərin əksəriyyəti universitetləri qazanc əldə etmək üçün yaradırlar), manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi və s. ilə bilavasitə məşğul olmurlar.
Bazar subyektlərinin qayğısından kənarda qalan sahələrin inkişafı dövlətin üzərinə düşür. Həmçinin istehsal və sosial infrastruktur sahələrinin yaradılması və inkişafı dövlət qayğısı olmadan mümkün deyildir.
3. İqtisadiyyatın normal fəaliyyət göstərməsi və inkişafı üçün prinsiplər, normalar və qaydalar müəyyən edilməli, bu qaydalara hər yerdə qanunla müəyyən olunduğu kimi, əməl edilməsi təmin edilməlidir. Onlara əməl etməyənlərə, qanunu pozanlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Sanksiyaların, o cümlədən maliyyə sanksiyalarının tətbiq edilməsi, onların dərəcələri, məbləği və ödənilmə müddəti qanunla müəyyən edilir. Bir sözlə, bazarın tənzimləyə bilmədiklərini dövlətin özü tənzimləməli olur.
Bazar həmişə tələbatın pulla ödənilməsinə xidmət edir. Dövlətsə ölkədə sosial-siyasi, makroiqtisadi və makromaliyyə sabitliyin uzunmüddətli davamını təmin edir. İqtisadi və inzibati metodlarla inhisarçılığın qarşısını alır, dövlət inhisarında olan aparıcı sahələrdə qiymət qoymanı tənzimləyir, vergiləri, rüsumları, onların dərəcələrini və ödənilmə müddətlərini müəyyən edir, vergi qanunvericiliyinə əməl etməyənlərə qarşı sanksiyaların tətbiqi qaydalarını və dərəcələrini müəyyən edir. Dövlət standartlar hazırlayır, onların müəyyən edilmiş sahələrdə tətbiqini təmin edir. Standartlara hər yerdə eyni cür əməl olunmasına nəzarət edir, beynəlxalq iqtisadi əlaqələrdə ölkənin maraqlarını müdafiə edir və s.
İqtisadiyyatın dövlət tənzimlənməsi bazar iqtisadiyyatına alternativ deyildir. Dövlətin tənzimləyici rolu nə dərəcədə zəruri olsa belə, o bazar iqtisadiyyatı prinsipləri, qaydaları və normalarının fəaliyyətinə maneələr yaratmamalıdır. Müxtəlif ölkələrin təcrübəsi bazar iqtisadiyyatının hər şeyi avtomatik tənzimləmə xassəsinə malik olduğunu və dövlətin iqtisadiyyatdan “getməsini” istəyənlərin mövqeyinin tamam yanlış olduğuna sübutdur.
Nə istehsal etmək? Nə qədər istehsal etmək? Kimin üçün istehsal etmək? Bütün bunları kor-təbii fəaliyyət göstərən bazar mexanizmlərinin öhdəsinə buraxmağın ağır nəticələr verdiyinə dünyanı bürüyən hazırkı maliyyə böhranı əyani misaldır.
Dövlət bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün güclü alətlərə malikdir. İnkişaf etmiş ölkələrin bir çoxunda iqtisadiyyatın (mülkiyyətin) 20-25 faizi dövlətə məxsusdur. İqtisadiyyatda güclü dövlət sektoru vardır. İqtisadiyyata investisiya qoyuluşunda dövlətin payı 30-35 faizə çatır.
Cənab İlham Əliyev hesab edir ki, bazar iqtisadiyyatında dövlətin rolu dövlət mülkiyyətinin miqyasından qat-qat çoxdur. Dövlət iqtisadiyyatın fəaliyyət göstərməsi və inkişafına hüquqi baza yaradır. Yeritdiyi siyasətlə iqtisadi inkişafa təsir edir. Dövlətin iqtisadiyyata təsir etməsinin ən güclü mexanizmi büdcə-vergi siyasətidir. Büdcə-vergi mexanizmləri vasitəsilə dövlətin yeritdiyi siyasətin iqtisadiyyata transformasiyası baş verir. Dövlətin siyasəti iqtisadi fəaliyyətə çevrilir. Dövlət iqtisadiyyatın vergi yükünü müəyyən etməklə, vergi dərəcələrinin diferensiallığı ilə iqtisadi inkişafı stimullaşdıra və eləcə də bəzi sahələrdə antistimul yarada bilər. Pul-kredit siyasəti dövlətin iqtisadi funksiyalarının reallaşmasında büdcə-vergi siyasətindən sonra ən güclü alətdir. Burada dövlət pula tələbatla pul təklifi arasındakı nisbətləri tənzimləməklə, iqtisadi artıma maliyyə təminatı yaratmaqla, maliyyə resurslarının iqtisadiyyatın sektorları arasında bölgüsü, yenidən bölgüsü və istifadəsinə aid ən əlverişli nisbətlər yaratmaqla iqtisadi inkişafa təsir edir. Dövlət yeritdiyi pul siyasəti ilə məcmu tələbin artmasını təmin etməklə iqtisadi artımı stimullaşdıra bilər.
Prezident İlham Əliyevin konsepsiyasında dövlətin iqtisadiyyatın texnoloji proseslərinə qarışması nəzərdə tutulmur. O, iqtisadi inkişafa hüquqi baza yaratmaqla, mülkiyyətin plüralistləşməsini təmin etməklə, antiinhisar, büdcə-vergi, pul-kredit, rüsum, habelə istehlakçıların hüquqlarını müdafiə edən qanunvericilik sənədləri qəbul etməklə və müəyyən olunmuş qaydalar və prinsiplərə əməl olunmasını təmin etməklə iqtisadi artıma təsir edir. İlham Əliyevin prezidentlik dövründə iqtisadiyyatın dövlət tənzimlənməsi müasir bazar iqtisadiyyatının zəruri elementlərindən birinə çevrilmişdir. Bütün bunlar İlham Əliyevin tarixi xidmətləridir.
İslahata qədərki iqtisadi ədəbiyyatlarda insan kapitalının yaradıcılıq imkanları kifayət qədər öyrənilməmiş və bu problem iqtisadi ədəbiyyatlarda lazım olduğu dərəcədə öz əksini tapmamışdır. İnsan kapitalı nəzəriyyəsinin əsasını müəyyən maliyyə yığımlarının insan kapitalına investisiyaya yönəldilməsi təşkil edir. Bu cür investisiyaların multiplikativ gəlir gətirməsinə aid praktiki misallar istənilən qədərdir.
İlham Əliyev insan kapitalına investisiya qoyuluşunun fərdlərin əmək məhsuldarlığının yüksəlməsinə təsir etməklə gələcəkdə əldə edilən gəlirlərin dəfələrlə artımını təmin etməsini nəzərdə tutur. Bazar iqtisadiyyatında keyfiyyətcə yeni iş qüvvəsinin formalaşması, insan kapitalına investisiya qoyuluşunun tədqiqi xüsusi aktuallıq kəsb edir. Burada təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, bir sözlə, işçilərin yaradıcılıq potensialının inkişafına xərclərin məcmusu nəzərdə tutulur. Makroiqtisadi nöqteyi-nəzərdən təhsilin iqtisadi səmərəliliyi başlıca şərtdir. İnsan kapitalına investisiya qoyuluşu təkcə fərdlərin gəlirlərinin artmasına deyil, onun daha məhsuldar, təşəbbüskar olmasına, yeni texnoloji sistemlərə yiyələnməsinə və s. təsir edir.
ABŞ-da hər bir mühəndisin ixtisasının artırılmasına orta hesabla ildə 10-12 min dollar xərclənilir. Müasir dövrdə iqtisadi inkişafın səmərəliliyi xeyli dərəcədə insan kapitalına sərf edilmiş kapitalın kəmiyyəti və keyfiyyəti ilə müəyyən olunur. ABŞ-da insan kapitalına investisiyanın ÜDM-ə nisbəti 15 faiz təşkil edir. Bu, maşın və mexanizmlərə investisiya qoyuluşundan xeyli çoxdur.
Hələ XVII əsrdə ingilis klassiki, siyasi iqtisadın banisi V. Petti ilk dəfə insan kapitalına investisiya qoyuluşunun səmərəliliyini müəyyən etməyə cəhd göstərmişdir. Onun fikrincə, ölkənin varidatı əhalinin məşğulluğunun xarakterindən və onların əmək qabiliyyətindən asılıdır. İnsan kapitalı insanın bilik ehtiyatı, professionallığı, fiziki sağlamlığı, təşəbbüskarlığı və s. hesab olunur.
İngilis
iqtisadçıları insan kapitalına xərclərin və
əldə edilən gəlirin müqayisəli təhlilini
aparmış, elmin inkişafına sərf edilən
kapitalın ÜDM istehsalını orta hesabla ildə 12-14 faiz
artırdığını sübut etmişlər.
Yeni dövr, yeni tələblər,
axtarışlar, dinamika
Yeni dövr, yeni tələblər, müasir iqtisadi düşüncəyə, yeni iqtisadi təfəkkürə əsaslanan axtarışlar, yeni prioritetlər, meyarlar, sosial-iqtisadi artıma təsir stimulları, inkişaf ssenariləri və dinamika tələb edir. Azərbaycanda 2008-ci ildə sosial-iqtisadi inkişafın 53 faizinin neft sektoru, 47 faizinin isə digər amillər hesabına təmin edildiyini unutmamalıyıq. Unutmamalıyıq ki, 2008-ci ildə ÜDM-in artım tempi 25 faiz olduğu halda, qeyri-neft sektorunda onun artımı xeyli aşağı olmuşdur. Dövlət Neft Şirkətindən 2009-cu ilin dövlət büdcəsinə daxilolmalar 4.915.000,0 min manat təşkil edəcəkdir. Bu, büdcə gəlirlərinin 40 faizindən çoxdur.
Dünya təcrübəsi göstərir ki, perspektiv baxımdan büdcə daxilolmaları artımının neft hesabına asanlıqla formalaşması elmi, texniki və texnoloji sistemlərin inkişafına güclü təsir edə bilmir. Xammal ixracatçısı ölkələri 2-3 əsas ixrac mallarının – neftin, misin, təbii qazın, meşə materiallarının dünya bazarında qiymətlərinin dəyişilməsindən asılı vəziyyətə düşürlər.
Xammal ixracatçısı ölkələrinin əksəriyyəti üçün sənayenin, elmin, texnoloji sistemlərin birtərəfli inkişafı səciyyəvidir. Xammal ixracı hesabına asanlıqla gəlir əldə etmək, bu ölkələri texniki, texnoloji inkişaf zərurəti qarşısında qoymur. İstənilən ölkəni misal gətirmək olar. Zəngin xammal ehtiyatları olan İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela ilə enerji ehtiyatları sıfıra yaxın olan Yaponiya, Cənubi Koreya, Sinqapur, Tayvan və s. ölkələrin sosial-iqtisadi inkişafının müqayisəli təhlili ona sübutdur.
Birinci qrup ölkələrdə xammal istehsalı və ixracının artımı emal sektorunun inkişafını 2-3 dəfə qabaqlayır. Xammal ixracı hesabına dövlət büdcəsi gəlirlərinin rahatca formalaşması mürgüləşdirici “maliyyə yastığı” effekti yarada bilər. Axı, yüksək gəlir əldə etmək heç də avtomatik olaraq iqtisadiyyatın hərtərəfli inkişafı, xalqın rifahının yüksəldilməsi vasitəsinə çevrilə bilmir.
Asanlıqla yaranan gəlirlər arxayınçılıq əhval-ruhiyyəsi formalaşdırır. Külli məbləğdə valyuta idxalı tələb-təklif nisbətlərini dəyişdirə, ölkə iqtisadiyyatına infilyasiya “yorğanı” gətirə bilər. Dövlət gəlirlərinin yaranması, bölgüsü və istifadəsində aşkarlıq, şəffaflıq olmaması və ya az olması isə daha ağır sosial-iqtisadi nəticələrə gətirib çıxara bilər.
Ölkə Prezidenti İlham Əliyevin 2007-ci ilin fevralında “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üç illiyi ilə əlaqədar konfransda dediyi kimi, bəzi ölkələrdə neft və təbii qaz hasilatı artdıqca onların əhalisi bir o qədər çox yoxsullaşır. Ona görə də şəffaflıq bütün hallarda lazımdır. Hasilat sənayesində isə şəffaflıq xüsusilə vacibdir. Hansı ölkə bunu təmin etmirsə və ya edə bilmirsə, onun aqibəti ağır olur.
Dünyanın neftlə zəngin ölkələrindən olan Venesuelada (mütəxəssislər bu ölkədə 316 milyard barrel neft ehtiyatı olduğunu müəyyən etmişlər) yoxsulluq həddində olanların sayının kəskin artımı, neft sərvətlərinin kiçik bir inhisarçı qrupun əlində cəmləşməsi radikal dəyişikliklərə gətirib çıxardı. Xalqın tələbi ilə Venesuela Prezidenti Uqo Çavesin 2007-ci ilin əvvəlində verdiyi sərəncamla ölkə iqtisadiyyatının bütün sahələri, həmçinin enerji daşıyıcıları, informasiya və kommunikasiya sisteminin tamamilə milliləşdirilməsinə başlanmışdır. Təbii sərvətləri sıfıra yaxın olan ölkələr yaşamaq, rəqabət aparmaq, inkişaf etmək və qalib gəlmək üçün beyin işlətməyə, innovasiyalı iqtisadiyyata keçidi sürətləndirməyə, yeni texnoloji sistemlərə, idarəetmə üsullarına, modernləşdirməyə, məhsuldarlığı yüksəltməyə çalışırlar. Onların təbiət maddələrinə təsir etmə imkanlarını müntəzəm olaraq artırmadan, ən yeni texniki, texnoloji sistemlərdən, informasiya, kommunikasiya vasitələrindən istifadə etmədən yaşamaları, sadəcə olaraq mümkün deyil.
Enerji daşıyıcıları qiymətlərinin qalxması dünya üzrə istehsal olunmuş məhsulların maya dəyərinin və qiymətlərinin yüksəlməsinə və rəqabət qabiliyyətinə, ümumiyyətlə, iqtisadi artıma mənfi təsir etməsi, idxalçı ölkələri alternativ enerji mənbələri tapmağa, yeni iqtisadi artım ssenariləri hazırlamağa vadar edir.
1.Neft ixracatçısı ölkələri də problemlərdən azad deyillər. Bu ölkələr iqtisadi artımın təbii mənbələrinin məhdudluğu və neft sərvətlərinin tükənmə meyillərinin yaxınlaşması ilə qarşılaşdıqlarından yeni ehtiyatlar, iqtisadi artım mənbələri axtarmağa başlayırlar. Bir sözlə, neft məhsullarının yüksək dünya qiymətləri və uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək zərurəti, ayrı-ayrı ölkələri sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni istiqamətləri, ssenariləri üzərində işləməyə vadar etmişdir.
2. İqtisadiyyatın xammal ixracatı modelinin, dünya xammal və kapital bazarında qiymətlərin gözlənilən dəyişmələrinə adekvat evolyusiyası, iqtisadi həyatın resurs bazasında fundamental dəyişikliklərin baş verməsi, qloballaşma və dünya iqtisadi inteqrasiyasına qoşulma ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Çin, Tayvan, Almaniya, Qazaxıstan, Fransa və s. ölkələri yeni inkişaf ssenariləri və modelləri üzərində işləməyə yönəltmişdir.
Alternativ, diversifikasiya olunan iqtisadi artım mənbələri müəyyən etmək, iqtisadiyyatda innovasiya istiqamətli struktur dəyişiklikləri aparmaq, xammala, enerjiyə qənaət edən, elm tutumlu texnologiyalar, informasiya və kommunikasiya sistemlərini tətbiq etmək, infrastruktur sahələrini modernləşdirmək günün ən vacib vəzifəsinə çevrilmişdir.
Avropa, Amerika, Cənubi Asiya və Uzaq Şərq dövlətlərinin əksəriyyəti, elə MDB ölkələrinin bir çoxu 15-20 illik perspektivi əhatə edən iqtisadi inkişaf ssenariləri hazırlamışlar.
Mütəxəssislərin fikrincə, respublikamızda 2013-2014-cü illərdən sonra neft hasilatında azalma meyilləri başlaya bilər. Unutmamalıyıq ki, hazırda Dövlət Neft Fondundan transferlər də nəzərə alınmaqla dövlət büdcəsi gəlirlərinin 50 faizdən çoxu neft amili hesabına formalaşır.
Neft hasilatının azalma meyilləri gücləndiyi şəraitdə dövlət büdcəsi gəlirlərinin formalaşmasında neftin yükünü öz üzərinə götürəcək sahələr müəyyən edilməlidir. Elə sahələr ki, onlar ölkənin uzunmüddətli dinamik inkişafını təmin etməyə və xalqın rifahını yüksəltməyə qadir olsun. Burada nə tələsmələrə, nə də ləngimələrə yol verilməməlidir.
Dünya təcrübəsi, elə bizim öz təcrübəmiz ən səmərəli ideyaların yaranmasından, tətbiq olunması və praktiki nəticələr verməsinə qədər xeyli vaxt lazım olduğunu göstərir. Ulu öndərimiz Heydər Əliyevin neft strategiyasını formalaşdırdığı vaxtdan ixrac neftinin sanballı gəlir gətirməsinə kimi 10 ilə qədər vaxt keçdiyini hamımız bilirik. İlham Əliyevin ölkə Prezidenti kimi iqtisadi problemlərə həsr edilmiş müşavirələrdə, iclaslarda, görüşlərdə çıxışları və nitqlərinin leytmotivini “Fərz edin ki, neft yoxdur. Qeyri-neft sektoru hesabına ölkə qarşısında duran problemlərin həlli yollarını müəyyən etməliyik” fikirləri təşkil edir.
Cənab İlham Əliyev ölkəmiz neft istehsalı artımının zirvəsinə çatdıqda da diqqəti qeyri-neft sektorunun inkişafına yönəldir. O, neft istehsalında azalmanı kompensasiya etməyin yollarını əvvəlcədən müəyyən etməyi və müvafiq tədbirlər görməyi iqtisadi idarəetmə orqanlarına tapşırmışdır.
Ölkə Prezidentinin son illər həyata keçirdiyi tədbirlər yeni iqtisadi ssenarinin konturlarını özündə əks etdirir. Bütün bunlar İlham Əliyevin Azərbaycanın uzunmüddətli dinamik inkişafını iqtisadiyyatın bir neçə sektorunun birlikdə və koordinasiya olunmuş fəaliyyəti ilə təmin etmək xəttini götürdüyünü deməyə əsas verir.
Bu, bir tərəfdən dövlət büdcəsi
gəlirlərinin formalaşmasını iqtisadiyyatın
müxtəlif sahələrinə paylaşdırmağa (gəlirlərin
diversifikasiyasına), digər tərəfdən isə
dövlət büdcəsi gəlirlərinin bir faktordan
asılılığını aradan qaldırmağa və
“Holland sindromu” təhlükəsini istisna edən iqtisadiyyat
yaratmağa xidmət edər.
Qloballaşma, innovasiyalı
iqtisadiyyata keçid, qlobal maraqlar və ziddiyyətlər
Qloballaşma təkcə bazarlar sisteminin beynəlmiləlləşməsi demək deyildir. Bu, ölkələr arasında iş qüvvəsi, maliyyə vasitələri, əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün meydan açılması, vahid institusional sahənin formalaşması, qlobal maraq və ziddiyyətlərin ifadəsidir. Mütəxəssislərin fikrincə, bu gün neft sektoru Azərbaycan iqtisadiyyatının lokomotivi olsa da, perspektiv baxımından xammal ixracına əsaslanan iqtisadiyyatın yüksək inkişaf tempi uzun müddəti təmin etməsi çətinliklərlə qarşılaşa bilər.
Biz bazar iqtisadiyyatına keçidin, liberallaşmanın, rəqabətə meydan açmanın və s. iqtisadi artıma təsir etmə imkanlarından istifadə etmişik. Biz dünya iqtisadiyyatının tərkib hissəsiyik. Dünya rəqabət mühitində öz yerimizi tapmalıyıq. Uzunmüddətli iqtisadi strategiyanın yeni şəraitə adekvat modelini müəyyənləşdirməli, onun iqtisadi artıma və xalqın rifahının daha da yüksəldilməsinə təsir mexanizmlərinin reallaşmasını təmin etməliyik. Burada ulu öndərimiz Heydər Əliyevin təcrübəsindən öyrənmək və istifadə etmək Azərbaycanın uzunmüddətli dinamik inkişafını təmin etməyin zəruri şərtinə çevrilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri strateji xəttin bir-biri ilə bağlı ssenariləridir. Azərbaycan Prezidenti İlham Əliyev bu strategiya və ssenarilərin hazırlanması və reallaşmasının mərkəzi problemlərini həll etmişdir. İlham Əliyev həmin layihələrin həmmüəllifi olmuşdur. İlham Əliyevin okeanın o tayında, Hyustonda yuxusuz keçirdiyi gecələr, səbrlə, təmkinlə göstərdiyi diplomatik məharət, müasir iqtisadi düşüncə və çevik məntiqə əsaslanan sistemli fəaliyyəti olmasaydı, onda nə 1994-cü ildə “Əsrin müqaviləsi”ni bağlamaq, nə də sonrakı müqavilələri və onlarla bağlı digər prosesləri həll etmək mümkün olardı.
İlham Əliyevin yeni iqtisadi düşüncəsi, müasir iqtisadi təfəkkürü, çevik və sistemli diplomatik manevrləri olmasaydı, bunların heç biri həll olunan deyildi. İlham Əliyevin səyi nəticəsində indi bütün bunlar, hamılıqla reallığa çevrilmişdir. Ölkədə indiyə kimi görünməmiş dinamik inkişaf Heydər Əliyev strategiyasının, onun yeni şəraitdə Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla və yaradıcılıqla davamının nəticəsidir. İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sektorunun gətirdiyi gəlirləri uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edən sahələrə yönəltməyi tövsiyə etmişdir. O, uzunmüddətli tərəqqinin açarını qeyri-neft sektorunun və infrastruktur sahələrinin, regionların inkişafını təmin etməkdə görür.
Səttar SƏFƏROV,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, iqtisad
elmləri doktoru
Xalq qəzeti.-2008.- 13 dekabr.- S.4.