Ümummilli liderimizin xalqın mənafeyinə hesablanmış

alternativsiz siyasi kursu uğurla davam etdirilir

 

Ulu öndər, xalqımızın milli iftixarı Heydər Əliyev haqqında, onun çoxcəhətli yorulmaz fəaliyyəti barədə onlarca tədqiqat əsəri, kitablar, monoqrafiyalar, elmi-publisistik məqalələr yazılıb. Bədii sənədli filmlər çəkilir və bu iş bundan sonra da davam etdiriləcək. Çünki Heydər Əliyev əvəzsiz bir şəxsiyyət kimi müstəqil Azərbaycanın rəmzinə çevrilmişdir. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əlçatmazlığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyyəti də bu günlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanıb. Ona görə də xalqımızın bu günə, sabaha inamının, etiqadının əsasında Heydər Əliyev siyasəti, onun yaratmış olduğu azərbaycançılıq ideologiyası dayanır.

Dahi rəhbər bu gün nəhəng addımlarla irəliləyən müstəqil Azərbaycanın gələcək taleyi barədə düşünərkən, hələ 5 il bundan əvvəl xalqa müraciətində belə demişdir: “Mən İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin o vaxt dediyi bu sözləri cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də prezident seçildikdən sonra özünün çevik, cəsarətli, işgüzar, mübariz fəaliyyətilə ulu öndərimizin və xalqın etimadını doğrultdu.

Azərbaycanın əbədi müstəqilliyi yolunda səhhətini, sağlamlığını itirən Heydər Əliyev özünün dediyi kimi, ömrünün qalan hissəsini də xalqına bağışladı. Ölkəmizin paytaxtında, bütün bölgələrində əzəmətli heykəlləri vüqarla dayanan, qartal baxışlı, xalqın xilaskar oğlu Heydər Əliyev bu gün də ölməzliyi ilə bütöv Azərbaycanı öz ağuşunda isidir.

Məşhur rus yazıçısı və filosofu A.N.Kadişşev yazırdı: “Ölüm insan vəziyyətinin təbii dəyişməsindən başqa bir şey deyildir!”. Müdrik zəka, mütəfəkkir düşüncəli insanlar da “təbii dəyişmələrdən” asılı olmayaraq həmişəyaşar olurlar. Azərbaycan xalqının qəhrəman oğlu Heydər Əliyev də belə ömür yaşayıb və yaşayır! Həyatın ziddiyyətli, mürəkkəb, burulğanlı harmoniyasını duyan Heydər Əliyev xalqının və millətinin xilaskarı kimi dünyaya gəlmişdir. Şərəfli ömrünü xalqına həsr edən Heydər Əliyev Azərbaycan müstəqilliyinin, dövlətçiliyinin həmişəyaşar memarı, qurucusu kimi əbədiləşdi. Və Azərbaycanın uğurlu taleyi elə gətirdi ki, onun siyasi kursu naşı, səriştəsiz əllərə yox, xalq adına şərəf, ucalıq gtirən, millət, Vətən təəssübkeşi çəkən bir şəxsiyyətə — İlham Əliyevə qismət oldu!

Vaxtilə keçmiş sovetlər birliyinin tərkibində olmuş Azərbaycan Heydər Əliyevin yüksək təşkilatçılığı sayəsində ittifaqda ən qabaqcıl bir respublika kimi tanınmışdır. “Yenidənqurma” epoxası ilə Kremldə başlanan hakimiyyət boşluğunu Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov Azərbaycanda “uğurla” həyata keçirdilər. Nəhayət böyük “SSRİ” adını özündə birləşdirən Rusiya milli respublikalardan xoşluqla ayrılmadı, hərəyə bir zərbə vurdu. Başı bəlalar çəkmiş Azərbaycan xalqı belə çətin məqamda layiqli rəhbər, sərkərdə üzünə həsrət qaldı. Cəbhə hakimiyyəti ölkədə anarxiya, özbaşınalıq, hərc- mərclik yaratdı, Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldı.

Yaxşı ki, Naxçıvanda blokada şəraitində yaşayan Heydər Əliyev vardı. Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi. O, bu dəfə Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin yaradıcısı, qurucusu kimi gəldi.

Bir az əvvələ qayıdaq. Ötən əsrin əvvəllərində — bütün qırğınlar və repressiyalar dövründə azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədənlər, həyata keçirilən repressiyaların icraçıları erməni daşnakları olmuşdu. O illər minlərlə azərbaycanlının qətlinə fərman verənlər onlar idilər. Böyük siyasi xadim Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu quruma rəhbərlik edəndən sonra azərbaycanlıların bu sistemdə işə cəlb olunması üçün şərait və imkan yaradıldı. Bu, çox böyük bir iş idi. Sovet rejiminin ən sərt bir zamanında Təhlükəsizlik Komitəsini Azərbaycan xalqına düşmən mövqe tutan qeyri-millətlərdən təmizləyərək, burada çalışan azərbaycanlıların sayını artırmaq asan məsələ deyildi. Məhz Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsinə azərbaycanlıları gətirməsi xalqımıza qarşı yönəlmiş növbəti qırğınların qarşısını alırdı. Bu, Vətən və xalq qarşısında çox böyük xidmət idi.

1969-1980-ci illəri — Heydər Əliyevin Azərbaycan KP MK-nın 1-ci katibi işlədiyi dövrünü isə imperiya tərkibində olmasına baxmayaraq, Azərbaycan tarixini qızıl dövrü, intibah dövrü adlandıranlar səhv etmirlər. Bugünkü dövlətçiliyimiz üçün vacib olan elmi, iqtisadi, sosial-mədəni potensialın təməli Heydər Əliyevin sayəsində məhz o dövrdə qoyulmuşdu.

Ümummilli liderimizin fəaliyyətinin bir dövrü də Moskva ilə bağlıdır. 1987—1990-cı illər Qorbaçov rejiminin Heydər Əliyevə qarşı həyata keçirdiyi təqib illəridir. O illərdə də Heydər Əliyev doğma xalqı üçün yaşamışdı. 1990—1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizəsində xüsusi yer tutur. Azərbaycan “ölüm ya olum” arasında çırpınırdı. Xarici dövlətlərin maraqlarına xidmət göstərən şəxslər, heç bir idarəçilik qabiliyyəti olmayanlar ölkəni dağıdıb, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Bu zaman Vətənin ümidi Heydər Əliyevə idi.

1990-1993-cü illər – üç il ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövrüdür. Buraya gəldiyi ilk gündən Azərbaycanın qurtuluş mücadiləsinə başladı. Naxçıvan blokadaya alınmışdı, harayına cavab verən yox idi. Səriştəsiz rəhbərlər, kürsü düşkünləri Azərbaycan torpaqlarını hərraca qoymuşdular. Dəhşətli dərəcədə ağır olan bir vəziyyətdə Heydər Əliyevin misilsiz siyasi dühası, böyük diplomatik peşəkarlığı, müdrikliyi sayəsində Naxçıvan camaatının mübarizliyinə, əzmkarlığına arxalanaraq, muxtar respublikanı ən ağır sınaqlardan çıxartdı, ermənilər Naxçıvanı işğal edə bilmədilər.

Böyük cəsarətlə demək olar ki, Azərbaycanın milli müstəqilliyinin ilk təməli Naxçıvanda qoyuldu. Muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri atıldı. Ali Sovet Ali Məclis adlandı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırıldı. 1990-cı il yanvar hadisələrinə siyasi qiymət verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixi qərarlar və digər cəsarətli addımlar atıldı.

Bu illər Azərbaycan öz tarixinin ən ağrılı, ən faciəli dövrünü yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək naminə müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə demək olar ki, hakimiyyətsizlik idi. Xalq vahimə və təlaş içərisindəydi. Müəyyən insanlara, müəyyən qurumlara xidmət edən silahlı dəstələrin küçələrdə atışmasından insanlar evində də rahat ola bilmirdi. Qanunsuzluq baş alıb gedirdi.

Ölkədə vəziyyət dözülməz həddə çatmışdı. Xalq dərk etdi ki, artıq öz sözünü deməlidir. Odur ki, 1993-cü ilin iyun günlərində böyük öndər xalqın tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtdı. Bununla da xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqilliyimizi məhv etmək planları puç oldu. Vətəndaş müharibəsi alovu söndürüldü, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı üç dəfə vətəndaş müharibəsindən xilas etdi. Təkcə bu fakt Heydər Əliyevin Azərbaycan tarixində əbədi qalması üçün yetərlidir. O, Vətənin azadlığı, müstəqilliyi naminə canını belə qurban verməyə hazır olan insan olduğunu sübut etdi. Əvvəlki rəhbərlərdən fərqli olaraq dar ayaqda Vətənini, xalqını qoyub qaçmadı. Xalqın ruh yüksəkliyi artdı, inamı özünə qayıtdı.

1995-ci il noyabrın 12-də tam demokratik prinsiplərə cavab verən ilk milli Konstitusiyamız qəbul edildi. “Heydər Əliyev Konstitusiyası”, “Hüquqların manifesti” adını almış Konstitusiyamız bizə tam imkan verdi ki, bütün sahələr üzrə demokratik prinsiplərə əsaslanan qanunlar qəbul edək.

İqtisadiyyatı dirçəltmək üçün “Əsrin müqaviləsi” mühüm rol oynadı. Azərbaycana gətirilən sərmayələr hesabına yeni neft strategiyası inkişaf etdirildi, iqtisadiyyatın digər sahələri dirçəldildi, əhalinin sosial vəziyyəti tədricən yaxşılaşmağa başladı.

Ümumiyyətlə, ümummilli liderimizin bütövlükdə Azərbaycan üçün etdikləri nəhayətsizdir, sonsuzdur, ölçüyəgəlməzdir. Hər birimiz bu inkişafın şahidi olmuşuq və bunları sadalamağa ehtiyac duymuram.

Bütün bunlar üçün, müstəqil Azərbaycanın azad vətəndaşları olduğumuza görə dahi xilaskara, Heydər Əliyevə borcluyuq. Vətənimizi Heydər Əliyev kimi sevsək, dövlətimizə, dövlətçiliyimizə qarşı çıxanlarla barışmaz olsaq, Prezidentimizin ətrafında sıx birləşsək, kifayət edər. Ümummilli liderimizin daima Azərbaycanla, xalqımızla birgə olan ruhu qarşısında bunu etməyə borcluyuq.

Azərbaycanın tarixi xoşbəxtliyi ondadır ki, xalqın mənafeyinə hesablanmış bu alternativsiz və yenilməz siyasət 2003-cü ildən sonra xalqın dəstəyi ilə cənab İlham Əliyev tərəfindən uğur və inamla davam etdirildi.

Amma etiraf edək ki, cənab İlham Əliyev ümummilli liderimizin siyasi kursunun sadəcə davamçısı yox, həmin kursu müasir dövrün tələblərinə uyğun inkişaf etdirən liderdir. Bu bir həqiqətdir ki, indiyədək heç bir Azərbaycan rəhbərinin dörd min illik tarixi olan Xınalıq kəndinə, eləcə də dağ rayonları — Gədəbəyin, Daşkəsənin, Lerikin ucqar kəndlərinə ayağı dəyməyib. Dağlar qoynunda yaşayan bu insanların taleyi həmişə görməzə-bilməzə, yerli hakimiyyətin sözü ilə mərkəzdə həll olunub.

At getməz dağ kəndlərindən, Haça qaya, Babadağ, Xınalıq kimi müqəddəs ocaq yerlərindən Vətəni seyr etmək heç də hər insana nəsib olmur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın xoş əməli fəaliyyətinin nəticəsidir ki, təkcə Bakıda, Gəncədə, Sumqayıt şəhərlərində deyil, bütövlükdə Azərbaycanın ən ucqar güşələrində, sözün həqiqi mənasında, bir canlanma, əsl dirçəliş başlanıb.

Yol çəkmək, körpü salmaq, məktəb, xəstəxana tikmək bugünkü iqtidarın gündəlik əməli fəaliyyətinə çevrilib. Azərbaycan xalqı bütün dövrlərdə yüksək zəkalı, nəcib və xeyirxah qadınları ilə fəxr edib. Qadınldarımız ulu keçmişimizdən bu günədək fədakarlıq, mətinlik mücəssəməsi kimi adlarını ədəbi səlnamələrə yazmışlar.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının və Heydər Əliyev Fondunun prezidenti vəzifələrini şərəflə icra edən Mehriban xanım Əliyevanın bədən tərbiyəsi və idmanın inkişafında, xalq musiqilərinin öyrənilməsi və təbliğində, “Qarabağ xanəndələri” adlı nəfis albomun nəşrində, “Qafqaz xalq ənənələri evi”nin yaradılmasında, milli mənəviyyatımızın yabançı təsirlərdən qorunmasında, yoxsul və kimsəsiz uşaqlara qayğı göstərilməsində, əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olunmasında və digər sahələrdə xidmətləri əvəzsizdir.

 

Qənbər ABDULLAYEV,

Azərbaycan Kənd Təsərrüfatı

Akademiyasının professoru,

kənd təsərrüfatı elmləri doktoru 

 

Xalq qəzeti.-2008.- 13 dekabr.- S.5.