Nəsimi rayonunda ulu öndərin
xatirəsi anılmışdır
Nəsimi rayonunda
ümummilli liderimiz Heydər Əliyevin anım günü
münasibətilə silsilə tədbirlər
keçirilmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü
ilə bu sırada növbəti tədbir H.Sarabski adına Mədəniyyət
evində baş tutub.
Nəsimi rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ümummilli liderimiz, bütün şərəfli ömrünü xalqımızın xoşbəxtliyinə və firavan həyatına həsr etmiş, Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı Heydər Əliyevin mənalı həyat yolundan söhbət açıldı. Qeyd edildi ki, Azərbaycana rəhbərlik etdiyi 34 il müddətində ulu öndərimizin yalnız bir amalı olub–müstəqil, qüdrətli, çiçəklənən Azərbaycanın təşəkkülü. Bu yolda o, bütün çətinlikləri və maneələri əzmlə dəf edərək öz böyük məqsədinə çatmışdır. Bugünkü uğurlarımıza, Azərbaycanın güclü dövlətə çevrilməsinə, bütün istiqamətlərdə əldə etdiyimiz böyük nailiyyətlərə görə biz məhz bu dahi şəxsiyyətə borcluyuq. Vurğulandı ki, ümummilli liderimizin Azərbaycanın qüdrətlənməsinə yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra H.Sarabski adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Araz” poeziya teatrının kollektivinin ifasında ulu öndərimizə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Dahi şəxsiyyətin həyatının müxtəlif məqamlarını əks etdirən kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşıladı.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti .-2008.-13 dekabr.- S.5.