Heydər Əliyev milli təhsilimizin yaradıcısıdır

 

Heydər Əliyev barəsində söz demək müasir tariximiz haqqında danışmaq qədər məsuliyyətlidir. O, həm müasir siyasətimiz, həm də hazırkı tariximizdir. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər təyin ediləndə Azərbaycan həm iqtisadi, həm də mədəni tənəzzül dövrünü yaşayırdı. Heydər Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, zəngin təcrübəsi və qeyri-adi qətiyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində inkişaf dövrü başlandı. Ulu öndər millətin gələcəyinin elm və təhsillə bağlı olduğunu bilərək, respublikaya rəhbər təyin olunan ilk gündən bu sahənin inkişafını vacib məsələ kimi ön plana çəkdi. Çünki Heydər Əliyevin elm və təhsil sahəsində apardığı islahatlar elə bir mərhələyə təsadüf edirdi ki, bu dövrdə Azərbaycanda milli kadrlar azlıq təşkil edirdi.

XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən ümummilli lider Heydər Əliyev uzaqgörən və müdrik siyasəti nəticəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində bugünkü uğurların bünövrəsini qoymuşdur. O, bütün həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etməyə çalışmışdır ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin ən böyük himayəçisidir. Azərbaycan təhsil sisteminin son 35 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, xüsusən 80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərinin bəhrəsidir.

Heydər Əliyevin respublikaya rəhbər təyin ediləndən sonra başlıca məqsədi güclü dövlət, güclü iqtisadiyyat, sağlam kadrlar yetişdirmək idi. Ona görə də ulu öndər fəal elm, təhsil və kadr konsepsiyasını irəli sürdü. Heydər Əliyev Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanı qısa vaxt ərzində ön sıralara çıxarmağa müvəffəq oldu.

Ötən əsrin 70–80-ci illərində respublikada iqtisadiyyat tərəqqi etdikcə, xalqın sosial rifahı yaxşılaşdıqca təhsilin səviyyəsi də durmadan yüksəlirdi. Artıq Azərbaycanın bir sıra ali məktəblərinin şöhrəti o dövrdə SSRİ hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Hətta bəzi ali məktəblərimiz Avropa, Asiya, Afrika, Latın Amerikası qitəsindən olan bir çox ölkələr üçün yüksək ixtisaslı kadrlar hazırlayırdı.

Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı bilik əsas meyar götürülürdü. Hər il SSRİ-nin ən nüfuzlu, ən mötəbər ali məktəblərinə göndəriş alanların sayı durmadan artırdı. O illərin mənzərəsini əks etdirmək üçün bəzi fakt və rəqəmləri yada salmaq yerinə düşərdi. Respublikada 5 yeni ali təhsil müəssisəsi açılmış, ali təhsil alanların sayı 70 mindən 100 min nəfərə çatmışdı. Ali təhsil ocaqlarında yeni kafedralar, fakültə və laboratoriyalar, ən zəruri ixtisaslar yaradılmışdı. 1969-cu ilin göstəricilərinə görə, respublikamızda 12 ali məktəb və bu təhsil müəssisələrində 105 fakültə, 450 kafedra mövcud idisə, 1982-ci ildə 17 ali məktəbdə 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi.

1970–1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda, keçmiş Sovet İttifaqının 50-dən çox böyük şəhərlərinin 170-dən artıq məşhur ali məktəbində ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almışdı. Onlar yüksək ixtisaslı mütəxəssislər kimi hazırda ölkəmizdə və onun hüdudlarından kənarda çalışmaqdadırlar. Ulu öndərin hələ ötən əsrin 70–80-ci illərində respublika gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına şərait yaratması və qayğı göstərməsi orta və yaşlı nəslin yaxşı yadındadır. Ənənəvi olaraq hər il avqust ayının sonlarında qəbul imtahanları yekunlaşandan sonra tələbə adını qazanmış, Azərbaycandan kənarda oxumağa gedən gənclərlə Heydər Əliyevin görüşləri keçirilirdi. Bu görüşlərin necə həyəcanlı, təntənəli keçdiyini o illərin gəncləri yaxşı xatırlayırlar.

Ulu öndərin təşəbbüsü ilə 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul olunan qərarlar təhsilin inkişafına və maddi-texniki bazanın möhkəmləndirilməsinə güclü təkan vermişdir. Məhz bu qərarlara uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində 800 məktəb tikilib istifadəyə verilmişdir. 1981-ci ilin statistikasına görə, keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə 3600 azərbaycanlı gənc təhsil alırdı.

Qəbul olunan bu mühüm qərarlardan sonra məktəbəqədər təhsil sahəsindən tutmuş, ali təhsil müəssisələrinədək bütün təhsil ocaqlarında nəinki maddi-texniki baza möhkəmləndirilmiş, əhalinin intellektual səviyyəsi də əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdi. O dövrdə məktəbəqədər təhsil müəssisələrinin sayi 1600-dən 1875-ə, həmin müəssisələrdə ictimai tərbiyəyə cəlb olunanların sayı isə 10 mindən 148 min nəfərədək artmışdı. 1965-ci illə müqayisədə 1979-cu ildə orta ümumtəhsil məktəblərinin sayı 1650-dən 2117-ə çatdırılmışdı. 1145 ibtidai məktəb əsas məktəbə, əsas məktəb isə orta məktəbə çevrilmişdi. Təkcə 1979—1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün əlverişli şəraiti olan məktəblər tikilmişdi ki, bu da təxminən 50—60 məktəb binasının tikilməsi demək idi.

Heydər Əliyevin rəhbər fəaliyyətinin bütün dövrlərinə nəzər salsaq görərik ki, onun həyatı məktəblə, təhsil sistemi ilə sıx bağlı olmuşdur. Hətta 1969-cu ilə qədər bir çox dövlət işlərində işlədiyi zamanda daim məktəblərin fəaliyyətinə nəzarət etmişdir.

Ümummilli lider Heydər Əliyev 1970–1980-ci illərdə Azərbaycandan kənarda təhsil almağa göndərdiyi tələbələri doğma övladları hesab edirdi. O illərdə hər il respublikamıza gənclərin SSRİ-nin müxtəlif şəhərlərində təhsil alması üçün yerlər ayrılırdı. Heydər Əliev respublikaya rəhbər təyin edildikdən sonra maraqlanmışdı ki, Azərbaycana hər il 50 yer ayrılır. Həmin 50 yerə göndərilən gənclərin isə yalnız 25 faizi azərbaycanlıdır, qalanları başqa millətdəndir. Əlbəttə, həmişə millət, Vətən sevgisi ilə yaşamış Heydər Əliyev bu məsələyə biganə qala bilməzdi.

Bununla bağlı ulu öndər 21 may 1998-ci il tarixdə respublikamızdan kənarda təhsil almış Mütəxəssislər Cəmiyyətinin üzvləri ilə görüşündə belə demişdi: “Mən bundan çox narahat oldum. Dedilər, bilirsiniz, bizim gənclər respublikadan kənarda oxumağa getmək istəmirlər. Bakıda təhsil almaq istəyirlər. Valideynləri buraxmır, deyirlər ki, uşağımız yanımızda olsun. Başqa bir səbəb odur ki, azərbaycanlıların bir çoxu rus dilini yaxşı bilmirlər, ona görə də kənarda təhsil almaqda çətinlik çəkirlər. Dedim axı o yerlər respublika üçün müsabiqədənkənar verilir. Gənclərimiz orada güzəştli imtahan verirlər və gedib rus dilini öyrənəcəklər”.

Heydər Əliyev bu məsələnin vacibliyini bilərək, 1970-ci il avqustun sonunda Azərbaycandan kənara oxumağa göndərilən 50 nəfər gənci qəbul etdi, onlarla söhbət edərək tövsiyə və məsləhətlərini verdi. Ümummilli liderin gərgin səyləri nəticəsində 1975-ci ildə artıq bu tələbələrin sayı 600-ə, sonra isə ilbəil 700, 800, 900-ə çatdı. Heydər Əliyev hər il bu gənclərin siyahısını tələb edirdi. Həmin siyahı onun üçün çox qiymətli bir sənəd idi. Ulu öndər sonralar demişdi: “Mən hər il bu gənclərin siyahısını tələb edirdim, onu gətirib mənə verirdilər. Bir dəfə demişəm, bu gün sizə də bildirirəm ki, mən Bakıdan Moskvaya gedəndən sonra buradakı mənzilimi təhvil verdim. Mənzilimi köçürməli idim. Çoxlu kitablarım var idi, onları aparmaq mümkün deyildi. Göstəriş verdim ki, mənim üçün ən əsas olan kitabları, sənədləri seçsinlər. Mən hər il respublikadan kənara oxumağa göndərdiyim tələbələrin cildlənmiş siyahılarını Moskvadakı şəxsi evimə aparırdım”.

Əlbəttə, bütün bunlar Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə qayğı və diqqəti, respublikadan kənarda təhsil alanlara atalıq qayğısı idi. Həmin illərdə təhsilin inkişafı ilə yanaşı, müəllim əməyinin qiymətləndirilməsi də ümummilli liderin diqqət mərkəzində olmuşdu. 70–80-ci illərdə onun qayğısı nəticəsində 8718 təhsil işçisi keçmiş SSRİ-nin orden və medalları ilə təltif edilmişdi. 3 müəllimə isə o dövrün ən ali mükafatı olan “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdi. 817 müəllim “Azərbaycan SSR-nin əməkdar müəllimi” fəxri adına layiq görülmüşdü.

Heydər Əliyev milli hərbi kadrların hazırlanması üçün də bir çox mühüm işlər görmüşdür. Onun şəxsi təşəbbüsü ilə hər il yüzlərlə gənc ittifaqın ən nüfuzlu ali hərbi məktəblərinə təhsil almaq üçün göndərilirdi. Əgər 70-ci illərin əvvəllərində onların sayı 300—400 nəfər idisə, 80-ci illərin əvvəllərində bu rəqəm 800-ə çatmışdı. Sovet rejiminin hökm sürdüyü bir dövrdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması hərbi təhsilin inkişafında çox əhəmiyyətli bir hadisə idi. O dövrdə Moskvanın bu işə mane olmaq cəhdlərinə baxmayaraq, bu məktəb Heydər Əliyevin qətiyyəti nəticəsində yaradıldı. Bu məktəb respublikada hərbi kadrların formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb etdi.

Heydər Əliyev 1982-ci ilin dekabr ayında Moskvaya İttifaq rəhbərliyinə yüksək vəzifəyə dəvət aldıqdan sonra Sov.İKPMK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona bir çox mühüm əhəmiyyət kəsb edən sahələrə rəhbərlik tapşırılmışdı. Təsadüfi deyildir ki, bu sahələr içərisində SSRİ Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Heydər Əliyev 5 il həmin nazirliklərə rəhbərlik edərək, onların işində bilavasitə iştirak etmiş, məsələlərini həll etmiş, məruzələrini dinləmiş, bir çox qərarlar qəbul etmişdir.

Heydər Əliyev Sovet İttifaqı dövründəki təhsil sistemini başqa inkişaf etmiş ölkələrin təhsil sistemi ilə müqayisə edərək görürdü ki, sovet təhsil sisteminin təkmilləşdirilməsinə ehtiyac vardır. Məhz buna görə 1983-1984-cü illərdə Sovet İttifaqında məktəb islahatının keçirilməsi üzrə partiya və hökumət tərəfindən yaradılmış Dövlət Komissiyasının sədrliyi ulu öndərimiz Heydər Əliyevə tapşırılmışdı. Bu məsələ 1984-cü ildə SSRİ Ali Sovetinin sessiyasında müzakirə olundu. Heydər Əliyev həmin sessiyada məktəb islahatı haqqında proqram xarakterli məruzə ilə çıxış etdi. Heydər Əliyev tərəfindən hazırlanan “Məktəb islahatı haqqında” qanun qəbul edildi.

1985-ci ildə M. Qorbaçov Sovet İttifaqının başçısı seçiləndən sonra Heydər Əliyevin o illərdə gördüyü işlərə böyük bir qısqanclıq yaranmışdı. M.Qorbaçov Heydər Əliyev tərəfindən hazırlanmış və qəbul olunmuş “Məktəb islahatı haqqında” Qanunun həyata keçirilməsinə şərait yaratmadı. Buna baxmayaraq, “Məktəb islahatı haqqında” Qanun öz işini gördü.

Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı, XX əsrin sonunda öz xilaskarlıq missiyasını yerinə yetirməsi ölkəmizi böhran vəziyyətindən xilas etdi. Ölkədə həyat yenidən öz axarına düşdü, ictimai-siyasi sabitlik bərpa olundu. Bütün sahələrlə yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafı üçün əsaslı və genişmiqyaslı islahatlara ehtiyac duyulurdu. Məhz bu missiyanı üzərinə götürən Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan təhsilinin qarşısında yeni üfüqlər açıldı. Yeni təhsil konsepsiyası hazırlanaraq həyata keçirilməyə başlandı. Yeni pedaqoji təfəkkür ortaya çıxdı. Təhsilin yeniləşdirilməsi proqramında insan amili önə çəkildi. Müstəqil düşüncə qabiliyyətinə malik, milli-mənəvi, əxlaqi dəyərləri özündə təcəssüm etdirən əsl vətənpərvərlərin yetişdirilməsi, yeni milli təhsil konsepsiyasının hazırlanması zərurəti meydana çıxdı.

Ulu öndərimiz milli təhsil konsepsiyası haqqında düşünərkən belə bir tövsiyə vermişdi: “Cəmiyyətimizin tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Bu, təkcə tövsiyə və ya tapşırıq deyil, bütövlükdə xalqa xəbərdarlıq idi. Odur ki, hazırlanacaq bu konsepsiya milli dövlətçilik və azərbaycançılıq nöqteyi-nəzərindən dəqiqləşdirilmiş, fakt və həqiqətlərə istinad edən bir sənəd olmalıydı. Bu, çox mühüm məsələ idi və ulu öndər siyasi uzaqgörənliklə bu ideyanı ortaya qoymuşdu. Çünki Təhsil Proqramı yeniləşmiş cəmiyyətdə həm də gənclərə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə öyrədilməli idi.

Azərbaycanın ali və orta ixtisas təhsil sistemi isə bu sarıdan hələ çox geridə qalırdı. Ona görə də ümummilli lider Heydər Əliyev təhsil islahatının qarşısında çox mühüm vəzifələrin durduğunu qeyd etməklə yanaşı, Azərbaycanda təhsil sahəsində əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə proqram hazırlayan Dövlət Komissiyası yaradılması üçün 1998-ci ilin martında sərəncam imzaladı. Həmin komissiya tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq olundu.

Əlbəttə, bu proqram təhsilin yeniləşdirilməsi sahəsində mühüm mərhələ oldu. Ulu öndərimiz təhsil sahəsində islahat proqramını təsdiq etməklə əsas məqsədini belə ifadə etmişdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın. Bu illərdə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.

Proqramın qəbulundan sonra təhsil islahatları üç mərhələdə — vətəndaşların təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi informasiya bazasını, kadr, maliyyə, maddi-texniki təminatının yeni idarəetmə modulunun yaradılması istiqamətində 130-dan artıq tədbir həyata keçirilmişdir.

Təhsil Proqramı çərçivəsində ümummilli lider Heydər Əliyev tərəfindən aşağıda sadalayacağımız bir sıra mühüm sərəncamlar imzalandı: “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”; “Dövlət dilinin təkmilləşdirilməsi haqqında”; “Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” ; “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”; “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” ; “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2003-2007-ci illər)” təsdiq olunması barədə"; “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə”. Bu fərman və sərəncamlar təhsil sahəsində islahatların sürətlənməsinə güclü təkan vermişdir.

Ulu öndərin təhsilin inkişafına qayğısının bir təzahürü də təhsilə büdcədən vəsaitin ilbəil artması olmuşdur. Əgər 1995-ci ildə təhsilə ayrılan vəsait büdcənin 17 faizini təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 24 faizə yüksəlmiş, müəllimlərin əmək haqqı isə 10 dəfəyə yaxın artmışdır. Heydər Əliyev təhsilin inkişafına diqqət və qayğısını heç vaxt əsirgəməmişdir. Azərbaycan təhsilinin inkişaf yollarına nəzər yetirərkən hər addımda onun təhsil sahəsinə necə həssaslıqla, necə məhəbbətlə yanaşdığının, bu sistemin dünya standartları səviyyəsinə yüksəldilməsi üçün böyük tələbkarlıq göstərdiyinin şahidi oluruq. Azərbaycan təhsil sisteminin formalaşdırılmasını, dinamik inkişafını, nailiyyətlərini Heydər Əliyev dühasından kənarda təsəvvür etmək qeyri-mümkündür.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində islahatlar uğurla həyata keçirildi. Yeni məktəblər tikildi, yeni dərsliklər, dərs vəsaitləri yaradıldı, məktəblərin maddi-texniki bazası möhkəmləndirildi, təhsilin məzmunu yeniləşməyə başladı. Ümumi orta təhsil məktəblərində oxuyan istedadlı uşaqların aşkara çıxarılması və onlara dövlət qayğısının göstərilməsi istiqamətində mühüm işlər görüldü. Heydər Əliyev bu uşaqlara himayəsini heç vaxt əsirgəmirdi. Onun 1998-ci il avqustun 31-də keçmiş SSRİ-nin ali məktəblərində təhsil almış sabiq məzunlarla görüşündə söylədiyi fikirlər yada düşür: “Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz barədə düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq, Azərbaycanın XXI əsri haqqında düşünürəm”.

Yeni təhsil islahatı proqramında xüsusi istedadlı uşaqların təhsilinə geniş imkanlar yaradan yeni tipli təhsil müəssisələrinin açılması istiqamətində əvəzsiz işlər görülmüşdür. “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” ümummilli lider Heydər Əliyevin fərmanına uyğun olaraq, Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabı”nın yaradılması, Prezidentin xüsusi təqaüdünün təsis edilməsi təhsilimizin sabahına verilən qiymətin ən bariz ifadəsidir. Tarixi keçmişimizi gənc nəslə obyektiv və dolğun şəkildə çatdırmaq, doğma dilimizi onlara sevdirmək, adət və ənənələrimizi yaşatmaq istiqamətində ümummilli liderin verdiyi məsləhətlər milli-mənəvi dəyərlərimizə sədaqət nümunəsi idi.

Təhsilimizin bu günü tam əminliklə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılmış köklü islahatların məqsədi yalnız hərtərəfli biliyə və savada malik insanlar yetirmək yox, həm də müstəqil, demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən əsl vətəndaşlar tərbiyə etməkdir. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyasının məqsədi də məhz bundan ibarət olmuşdur.

 

Elmar ƏLİYEV,

Goranboy Rayon Təhsil Şöbəsinin

 müdiri 

 

Xalq qəzeti.-2008.- 13 dekabr.- S.6.