Azərbaycanlı alim Rusiyanın Hüquq
Elmləri Akademiyasına
üzv seçilmişdir
Dekabrın 10-u
dünyada hər il Ümumdünya İnsan Hüquqları
günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı
Baş Məclisinin 1948-ci ildə rəsmi şəkildə təsbitlədiyi
həmin gündə demokratik inkişaf yolu seçmiş
ölkələrdə insan hüquq və
azadlıqlarının vəziyyəti ilə bağlı
diskussiyalar, müzakirələr aparılır. Müasir
dünyada miqyasına və əhəmiyyətinə görə
insan hüquqları sahəsində ən fundamental sənəd
isə Birləşmiş Millətlər Təşkilatı
(BMT) Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi sayılır.
Bəyannamənin
60-cı ildönümü ərəfəsində –
dekabrın 4-5-də Rusiya Federasiyasının Hüquq Elmləri
Akademiyası və Moskva Dövlət Universitetinin hüquq
fakültəsi beynəlxalq elmi-praktik konfrans keçirmişlər.
Konfransa dünyanın insan hüquqları sahəsində
mühüm nəticələr qazanmış bir çox
dövlətlərindən tanınmış alim və
mütəxəssislər, nüfuzlu tədqiqatçılar,
ekspertlər qatılmışlar. Azərbaycanı beynəlxalq
konfransda Bakı Dövlət Universitetinin hüquq fakültəsi
dekanının birinci müavini, hüquq elmləri doktoru,
professor Məhəmməd İmanlı təmsil etmişdir.
Beynəlxalq elmi-praktik konfransda vurğulanmışdır ki, İkinci Dünya müharibəsindən sonra hazırlanan Bəyannamə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini özündə ehtiva edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, habelə bir sıra ölkələrin konstitusiyalarında insan hüquqları daha çox cəmiyyətin özülü kimi qəbul edilmişdir. Nürnberq tribunalının 1946-cı ildə çıxardığı qərarda isə göstərilmişdir ki, insan hüquqları heç bir dövlətin müstəsna daxili siyasəti deyildir – heç bir dövlət suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istədiyi kimi rəftar edə bilməz. Hazırda ayrı-ayrı ölkələr qanunvericiliyini BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapmış prinsiplərə uyğunlaşdırmaqla, fundamental insan hüquq və azadlıqlarının maksimum təminatına şərait yaratmağa çalışırlar.
Konfransın sonunda Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasına üzvlük məsələsi də müzakirə olunmuş, seçim prosedurlarında uğur qazanmış namizədlərin adları açıqlanmışdır. Azərbaycandan hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı akademiyaya həqiqi üzv seçilmişdir.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyası Hüquq Elmləri Akademiyasına yeni üzvlərin seçilməsi ilə bağlı sənəd qəbulu cari ilin mart ayında başa çatmışdır. Yeni üzvlərin seçimi zamanı beş akademikin rəyi nəzərə alınmışdır. Seçim zamanı habelə iddiaçıların elmi monoqrafiya və məqalələrinin sayı, hüquq elminə gətirdiyi yeniliklər də nəzərə alınmışdır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.-13 dekabr.- S.7.