Azərbaycan xalqı öz görkəmli oğlunun
xatirəsini böyük ehtiram və hörmətlə
yad edir
Dahi azərbaycanlını soydaşlarımızla
yanaşı, türk dünyası, müsəlman ölkələri
və bütün sülhsevər insanlar birlikdə andılar
İyirminci əsrin yetişdirdiyi dahi şəxsiyyətlərdən, görkəmli siyasətçilərdən və böyük insanlardan birinin anım gününü yaşadıq. Dünyasını dəyişməsinin beşinci ildönümündə daha möhtəşəm və daha əzəmətli görünən Heydər Əliyevin xatirəsinə həsr edilmiş bu yazının ilk cümləsində xalqımızın yetişdirdiyi deyil, bilavasitə “əsrin yetişdirdiyi dahi şəxsiyyət” ifadəsini işlətdik. Çünki Heydər Əliyev öz titanik ictimai-siyasi fəaliyyəti ilə təkcə azərbaycanlıların və türk dünyasının deyil, bütövlükdə dünyanın əmin-amanlığına, çiçəklənməsinə xidmət etmişdi. Onu Tanrı böyük bir missiya ilə göndərmiş, bütöv bir əsr yetişdirmişdir və biz — azərbaycanlılar onun adı ilə yüz illər, min illər boyu fəxr edəcəyik.
2003-cü ilin soyuq dekabrında dünya siyasətinin öndə gedən liderlərindən biri əbədiyyətə qovuşanda hər birimizin ürəyindən soyuq giziltilər keçmişdi. Ancaq dünyanın ən görkəmli dövlət və hökumət xadimlərinin bizim ümummilli liderimiz haqqında söylədiyi fikirlər hər bir azərbaycanlının ruhuna qüvvət, qəlbinə təpər gətirmişdi. Həmin fikirləri kimlər söyləmişdi? “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur” — deyən ABŞ Prezidenti Corc Buş, “Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir” — söyləyən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər” — qənaətini dilə gətirən Böyük Britaniyanın Baş naziri Toni Bleyer misilsiz bir həmkar səmimiyyəti, siyasətçi etirafı nümayiş etdirmişdilər. Planetin müxtəlif problemlərini təmsil edən bu üç siyasətçinin, dövlət başçısının azərbaycanlıların ulu öndərinə verdiyi qiymət həmin günlər regionun bütün kütləvi informasiya vasitələri tərəfindən dönə-dönə yazılmış və səsləndirilmişdi.
Yəni Heydər Əliyev kiçik bir region üçün deyil, bütün dünya miqyasında əhatəli siyasi fəaliyyəti olan lider idi. Deməli onun yeri, məkanı təkcə Azərbaycan və Qafqaz deyil, bütün dünya idi. Ancaq həmin günlər dünyanın tamamilə başqa bir qütbünü — Afrikanı təmsil edən, BMT-nin sabiq Baş katibi Butros-Butros Qali Heydər Əliyevin yerini, məkanını xeyli dərəcədə konkretləşdirmişdi: “Heydər Əliyev böyük şəxsiyyətdir... onun yeri həmişə ürəyimin başındadır”. Bu sitatlardan sonra ümummilli liderimizin bütün dünyada qazandığı nüfuzun, inam və etimadın miqyasını ifadə etmək üçün heç bir şərhə, izaha ehtiyac qalmır.
Yazının bundan sonrakı hissəsini qələmə almaq üçün isə qardaş Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bir ifadəsini yada salmaq zərurəti yaranır. Cənab Ərdoğanın ifadəsi belədir: “Türk və dünya tarixində şərəfli yer tutmuş Heydər Əliyevin xatirəsi bütün dünyada həmişə ehtiramla yad ediləcəkdir. Ancaq onun xatirəsinə göstərilən ən böyük ehtiram bu insanın qurub-yaratdığı dövlətin daha da qüdrətləndirilməsi, əməllərinin daha geniş şəkildə davam etdirilməsi olacaqdır. Bunu isə azərbaycanlılar edəcəklər”. Böyük məntiq, dərin təfəkkür və qardaş təəssübkeşliyi ilə söylənilən fikirlər idi. Yəqin ki, cənab Ərdoğan beş il əvvəl söylədiyi bu fikirlərin bugünkü Azərbaycan tarixinin reallıqları olmasından böyük məmnunluq hissi keçirir. Çünki Heydər Əliyevin böhranlardan çıxardığı, nicat və qurtuluş gətirdiyi Azərbaycan dövləti bu gün az qala bütün göstəricilər üzrə dünyanın ən öndə gedən ölkəsinə çevrilir.
Bu gün artıq müstəqil Azərbaycan beynəlxalq aləmdə öz sözünü xahiş və minnətlə söyləmir, bütün tribunalardan aparıcı söz sahibi kimi çıxış edir. Planetin Qərbi ilə Şərqini, Şimalı ilə Cənubunu iqtisadi cəhətdən birləşdirən möhtəşəm transmilli nəqliyyat dəhlizləri Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilmir. Bu, Heydər Əliyevin ən böyük arzularından idi. Bu gün Azərbaycan adambaşına düşən ümumi daxili məhsul istehsalının artım tempinə, yoxsulluq səviyyəsinin azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, əcnəbi sərmayələrin cəlb edilməsinə, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqinə, hərtərəfli islahatların daha da dərinləşdirilməsinə, cəmiyyət həyatının bütün sahələrində şəffaflığın artırılmasına, qloballaşma prosesindən kənarda qalmamasına, tolerantlığın daha dönməz xarakter almasına və onlarla başqa göstəriciyə görə dünya ölkələri arasında liderliyini qoruyur. Bu, ulu öndər Heydər Əliyevin ən böyük arzularının reallığa çevrilməsi deməkdir.
Azərbaycan xalqı, Azərbaycan dövləti və ümummilli liderimizin siyasi kursunu çox böyük ustalıqla davam etdirən Prezident İlham Əliyev dahi Azərbaycan siyasətçisinin bütün arzu və istəklərini ardıcıllıqla reallaşdırır. Prezident İlham Əliyev özünün bütün çıxış və nitqlərində səmimiyyətlə qeyd edir ki, Heydər Əliyevin plan və proqramlarını Azərbaycan xalqı reallığa çevirir. Xalqın istənilən nümayəndəsi — çilingərdən tutmuş akademikə qədər hər bir fərd isə ulu öndərin siyasi kursunun davam etdirilməsinə, onun arzu və istəklərinin gerçəkləşdirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edir. Bu isə dövlət başçısı ilə xalq arasındakı qarşılıqlı etimadın təzahürü idi. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdığı ilk gündən başlayaraq ömrünün sonuna qədər xidmət etdiyi amallardan biri də xalq-dövlət, dövlət-xalq qarşılıqlı etimadının yaradılması idi. Prezident İlham Əliyev və Azərbaycan xalqı artıq buna nail olmuşdur.
Azərbaycan xalqı öz ulu öndərinin
dünyasını dəyişməsinin
beşinci ildönümü
günlərində də
möhtəşəm bir
mütəşəkkillik nümayiş
etdirdi. Dünyanın bütün ölkələrindəki
diaspor təşkilatlarımız,
diplomatik nümayəndəliklərimiz,
xaricdə təhsil alan tələbələr,
işgüzar dairələrin
təmsilçiləri — ümumiyyətlə,
bütün soydaşlarımız
yaşadıqları ölkə,
şəhər və
qəsəbələrdə
ulu öndərin xatirəsini dərin ehtiramla yad etdilər.
Moskva, Nyu-York,
Sankt-Peterburq, Vaşinqton,
Ankara, Paris, Tehran, Berlin, London, Brüssel, Təbriz, Qahirə, İstanbul, Oslo, Kiyev,
Tbilisi, Minsk... Ulu öndərin xatirəsinin
anıldığı ünvanlardan
gələn xəbərlər
demək olar ki, dünyanın əksər guşələrini
əhatə edir.
Ən möhtəşəm tədbirlər
isə təbii ki, müstəqil Azərbaycanda, onun paytaxtı Bakı şəhərində keçirildi. Hələ bir
həftə əvvəl
ölkənin bütün
şəhər və
rayonlarında, kənd
və qəsəbələrində,
əmək kollektivləri
və təhsil müəssisələrində xatirə tədbirləri keçirilirdi. Dekabrın
12-də Bakıda — Fəxri
Xiyabanda keçirilən
möhtəşəm anım
tədbiri isə görkəmli dövlət
xadimi Nikolay Baybakovun bir ifadəsini yada saldı: “Mən Azərbaycanı, Azərbaycan
xalqını Heydər
Əliyev qədər
sevən ikinci adam tanımıram.
Mən Azərbaycan xalqı tərəfindən
Heydər Əliyev qədər sevilən bir adam
da tanımıram”. Çox haqlı fikirlərdir.
Ulu öndərin əbədiyyətə
qovuşmasının beşinci
ildönümü münasibəti
ilə paytaxtda keçirilən anım tədbirləri sübut etdi ki, xalq
Heydər Əliyevin xatirəsini necə əziz tutur, onun irsinə nə qədər məhəbbətlə yanaşır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri,
elm, incəsənət xadimləri,
yaradıcı ziyalılar,
din xadimləri, respublikanın
hər yerindən gəlmiş ictimaiyyət
nümayəndələri, xüsusən, sadə insanlar ulu öndərin
xatirəsini yad etmək üçün Fəxri Xiyabana gəldilər, məzarı
önünə tər
gül dəstələri
qoyaraq ruhuna dualar oxudular. Bu anım günündə
Azərbaycan gəncliyinin
göstərdiyi mütəşəkkillik
isə gələcək
nəsillərin Heydər
Əliyev siyasi kursuna göstərəcəyi
sədaqətin, etimadın
təzahürü kimi
qəbul edilirdi.
Keçirilən bütün
tədbirlərdə yekdil
fikir isə belə idi: “Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də olacaqdır...”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.-14 dekabr.- S.1.