2009-cu ilin dövlət büdcəsi
yaşayış səviyyəsinin
daha da yaxşılaşacağından xəbər
verir
Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər
Kabinetinin 2008-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın
yekunlarına həsr olunmuş geniş iclasında dövlət
başçısının dərin məzmunlu nitqindən
bir daha aydın oldu ki, əvvəlki illərlə müqayisədə
ölkə iqtisadiyyatında sürətli inkişaf qeydə
alınmış, əhalinin həyat səviyyəsi xeyli
yüksəlmiş, beynəlxalq sahədə əlaqələr
daha da genişlənmişdir.
Möhtərəm
Prezidentimiz qeyd etdi ki, 2008-ci il üçün hansı məsələlərin
həlli nəzərdə tutulmuşdusa, hamısı
uğurla icra olunub. Son illər qazanılan uğurları Azərbaycan
Prezidenti yüksək qiymətləndirərək demişdir:
“Bizim uğurumuz dörd il ərzində dünyada iqtisadi inkişaf
artımına görə birinci olmağımızdır. Bizim
uğurumuz Azərbaycanda sabitliyin bu böhranlı vəziyyətdə
daha da sabitləşməsidir. Bizim uğurumuz Dünya
Bankı tərəfindən Azərbaycanın bir nömrəli
islahatçı ölkə kimi tanınmasıdır. Bizim
uğurumuz insanların rahat təhlükəsizlik şəraitində
yaşamasıdır. Bizim uğurumuz əmanətlərin
etibarlı şəkildə qorunmasıdır. Budur
reallıq, çox söz demək olar, ancaq reallıq onu
göstərir ki, kim haqlıdır və kimin siyasəti
düzgündür. Bax, bizim müstəqil siyasətimiz,
çox cəsarətli addımlarımız bu gün Azərbaycanı
böyük bəlalardan xilas etdi, qorudu və bir daha onu
göstərdi ki, Azərbaycanda aparılan siyasət yeganə
düzgün siyasətdir”.
Sevindirici haldır ki, qazanılan uğurlara, əldə olunan nailiyyətlərə öz gücümüzə arxalanmaqla və xalqın iradəsi sayəsində nail olmuşuq. Dövlətimizin yeritdiyi müstəqil siyasət çox düzgün olmuş və bunun da nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu ildən-ilə artmış, mövqeləri möhkəmlənmişdir. Məhz buna görə də dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya edirik. Bu inteqrasiya özünü bütün sahələrdə göstərir. Müharibə şəraitində yaşasaq da, ölkəmiz dünya iqtisadiyyatının bir parçasına çevrilib. Baxmayaraq ki, büdcə xərclərinin ən böyük hissəsi ordu quruculuğuna və hərbi gücümüzün daha da artırılmasına yönəlib, digər sahələrdə də uğurlu islahatlar aparılır, iri infrastruktur layihələrin həyata keçirilməsi işi müvəffəqiyyətlə davam etdirilir. İqtisadi xərclər, infrastruktur xərcləri, bütün dövlət xərcləri, sosial məsələlərin həllinə yönəldilən xərclər Azərbaycanın mövqelərini getdikcə möhkəmləndirib. Əhalinin yaşayış səviyyəsi də ötən illərlə müqayisədə tədricən yaxşılaşmışdır. Bir faktı qeyd etməklə sosial sahədəki inkişafın necə sürətlə artdığını diqqətə çatdırmaq istərdim. 2008-ci ildə yaşa görə əmək pensiyalarının baza hissəsi 50 faiz artmışdır. Bu, MDB-də pensiyaların məbləği nisbətən yüksək olan ilk 5 dövlət arasında ən yüksək artımdır. Həmin göstərici üzrə ikinci yerdə olan Belarusdakı artımdan 2,5 dəfə çoxdur. Belə faktları bütün sahələr üzrə göstərmək olar. Əmək haqlarının, sosial müavinətlərin artması, yeni iş yerlərinin yaradılması, beynəlxalq standartlara tam uyğunlaşdırılmış istehsal müəssisələrinin yaradılması, ümumi daxili məhsul istehsalının həcminin ildən-ilə artırılması və digər düşünülmüş amillər dövlət büdcəsinin də artmasına gətirib çıxarmışdır.
Bu və ya digər nailiyyətlər hesabına 2009-cu ilin dövlət büdcəsinin ötən illərlə müqayisədə daha çox olacağı proqnozlaşdırılırdı. Uğurlu iqtisadi inkişaf və dövlət investisiya xərclərinin 2009-cu ildə də davam etdiriləcəyinə şübhə ola bilməzdi. Ona görə də növbəti ilin dövlət büdcəsinin formalaşmasından danışan möhtərəm Prezidentimiz uzaqgörənliklə demişdir: “2009-cu ilin dövlət büdcəsi hazırdır. Büdcədə bütün lazım olan məsələlər öz əksini tapıbdır. Orada həm artım nəzərdə tutulubdur, həm investisiya layihələri, həm də sosial məsələlərin həlli. Bax bu, bizim ənənəvi yanaşmamız davam etdiriləcəkdir. Bu yanaşma göstərdi ki, bu, düzgün yanaşmadır. Həm investisiyalar qoyulacaq, həm də sosial məsələlərin həlli nəzərdə tutulacaq ki, Azərbaycanda iqtisadi islahatlar və sosial məsələlərin həlli həmişə olduğu kimi, paralel şəkildə aparılsın”.
“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi hələ Milli Məclisin daimi komissiyalarında müzakirəyə çıxarılan zaman məlum oldu ki, növbəti ilin büdcəsi daha çox sosialyönümlüdür. Daha dəqiq desək, sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz proqnozlaşdırılmışdı. Bu da 4 milyard 24 milyon manat deməkdir. Bu göstərici 2008-ci illə müqayisədə 24,4 faiz çoxdur. Müzakirələr zamanı məlum oldu ki, 2009-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əmək haqqının, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin artımının təmin edilməsi, pensiyaların baza hissəsinin yaşayış minimumu həddinə yaxınlaşdırılması, müdafiə, hüquq-mühafizə qurumlarının, dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrinin əmək haqqı sisteminin təkmilləşdirilməsi, sığorta və pensiya sistemlərində islahatların dərinləşdirilməsi qarşıya qoyulan əsas məsələlərdəndir. Gələn ilin büdcəsində ilk dəfə olaraq kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün 1,3 milyon manat vəsait ayrılmışdır. Bu da dövlətin azad sözün, müstəqil mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilir. Müstəqil mətbuat demokratiyanın əsas prinsiplərindən hesab edilir. Bununla yanaşı, müstəqil dövlətimiz beynəlxalq təşkilatlara üzvlüyə qəbul olunarkən götürdüyü öhdəliklərdən biri də azad sözə, müstəqil mətbuata sərbəstlik yaradılması, bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırılması olub. Gələn ilin dövlət büdcəsində kütləvi informasiya vasitələrinə dövlət yardımı xərclərinin ayrılması beynəlxalq öhdəliklərin layiqincə yerinə yetirilməsindən xəbər verir. Eləcə də, gələn ilin dövlət büdcəsindən sosial ipoteka üçün 14,5 milyon manat vəsait ayrılıb.
2009-cu ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 27,9 faizi həcmində və ya mütləq ifadədə 12 milyard 177 milyon manat təsdiqlənmişdir. Bu 2008-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1 milyard 693 milyon manat, yaxud 16,1 faiz çoxdur.
Dövlət
büdcəsinin ildən-ilə artması daxili və xarici
siyasətin davamlı olmasından, ölkəmizin sürətli
inkişaf yoluna qədəm qoymasından xəbər verir.
Fikir verin, 2003-cü ildə dövlət büdcəsinin xərcləri
1 milyard 200 milyon dollar idi. 2008-ci ildə Azərbaycanın icmal
büdcəsi 15 milyard dollardan çoxdur. 2009-cu ildə isə
bu göstərici daha da yüksəlmişdir. Azərbaycan
iqtisadiyyatına investisiya qoyuluşu da yüksək sürətlə
artmaqdadır. Bu, ölkəmizdə yaradılmış
davamlı sabitliyin, infrastruktur layihələrin müvəffəqiyyətlə
həyata keçirilməsinin nəticəsidir. Bəzi
faktları diqqətə çatdırmaq istərdim. Azərbaycan
müstəqillik qazandığı dövrdən bu vaxta qədər
investisiya qoyuluşu 57 milyard dollar həcmində olub. Bunun 44 milyardı, yəni 77
faizi son beş il ərzində təmin
olunub. O cümlədən, valyuta ehtiyatı sahəsində də
uğurlar əldə olunub. 2003-cü ildə Azərbaycanın
valyuta ehtiyatı 1 milyard 600 milyon dollar təşkil edirdisə,
2008-ci ilin oktyabr ayında təxminən 17 milyard dollar olub. Göründüyü kimi, iqtisadi sahədə
sürətli inkişaf özünü bütün sahələr
üzrə göstərməkdədir. Bu
da 2009-cu ilin dövlət büdcəsinin artmasında müstəsna
əhəmiyyət kəsb edir.
Dövlət
daim əhalinin həyat səviyyəsinin yüksəlməsini,
maddi-rifah halının getdikcə
yaxşılaşdırılmasını prioritet vəzifələrdən
biri kimi önə çəkir. Biz gələn ilin
dövlət büdcəsinin formalaşdırılması
zamanı da bunun şahidi olduq.
Növbəti ilin dövlət
büdcəsindən ərzaq təhlükəsizliyi
proqramına 60 milyon manat, kənd təsərrrüfatı məhsulları
istehsalına sərf olunan yanacağın və mineral gübrələrin
dəyərinin 50 faizinin büdcədən ödənilməsi
üçün 77 milyon manat, abadlaşdırma və
yolların tikintisinə 308 milyon manat, bələdiyyələrə
3,5 milyon manat, onu da qeyd edim ki, 2000-ci ildən indiyədək
bu qurumlara dövlət tərəfindən 26 milyon manat vəsait
ayrılıb, hazırda və gələn il fəaliyyətə
başlayacaq diplomatik korpusların saxlanılmasına 52 milyon
manat, ölkəmizdə və xaricdə keçiriləcək
tədbirlərin maliyyələşdirilməsinə 14 milyon
manat vəsait qoyulacaq. Bunlarla yanaşı, elm, təhsil, mədəniyyət,
səhiyyə sahələrinin inkişaf etdirilməsinə
ayrılmış vəsaitlər də gələn il artırılacaq. 2009-cu ilin dövlət
büdcəsində əsaslı xərclər
üçün 5 milyard 609 milyon manat nəzərdə
tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 394
milyon manat və ya 7,5 faiz çoxdur. Qeyd
edim ki, əsaslı xərclərin 84,1
faizi və ya 4 milyard 718 milyon manatı dövlət əsaslı
vəsait qoyuluşu xərclərinə yönəldiləcək.
Həmçinin regionların sosial-iqtisadi
inkişafına, rayon və şəhərlərdə
yolların tikintisi, bərpası, abadlıq işlərinin
daha geniş şəkildə aparılmasına xüsusi diqqət
yetiriləcək.
2009-cu ilin icmal büdcəsində
sahibkarlığın inkişafına maliyyə dəstəyi
üçün 80 milyon manat, “Aqrolizinq”in inkişafı
üçün 40 milyon manat, kənd təsərrüfatının
inkişafı ilə məşğul olan fermerlərə,
kreditlər xərcləri üzrə 10 milyon manat vəsait
ayrılmışdır. Müdafiə və təhlükəsizlik
sahəsinə 2 milyard manatdan artıq vəsaitin
ayrılması da diqqət çəkən əsas məqamlardandır.
Çünki ölkənin hərbi cəhətdən
qüdrətlənməsi müqavilə məsələlərinin
vacib sahəsidir. Xatırladım ki, cari ilin büdcəsində
bu xərclər 1,5 milyard manat idi.
Onu da qeyd edim
ki, 2009-cu ilin dövlət büdcəsi zərfi qloballaşan
dünyada və maliyyə böhranı yarandığı
bir vaxtda, həmçinin dünya bazarlarında neftin qiymətinin
və aparıcı valyutaların məzənnələrinin
gözlənilməyən və sürətlə
düşdüyü bir vaxtda tərtib olunmuşdur. Belə bir
şəraitdə uzaqgörən dövlət
başçımız, həmçinin əlaqədar
iqtisadi qurumlar gələn ilin əsas maliyyə sənədini
mövcud reallığa, habelə gələcəkdə
dünya maliyyə bazarlarında baş verə biləcək
hadisələri nəzərə almaqla, təhlükəsizlik
vasitələri yaratmaqla çox mükəmməl şəkildə
hazırlamışlar. Ümummilli lider Heydər Əliyevinn
neft strategiyası, ötən dövr ərzində onun
reallaşdırılması, möhtərəm Prezidentimiz tərəfindən
bu strategiyanın layiqincə davam etdirilməsi və bunun da nəticəsində
əldə etdiyimiz maliyyə imkanları Azərbaycanı
dünya iqtisadiyyatında baş vermiş və gələcəkdə
gözlənilən dağıdıcı iqtisadi və siyasi
amillərdən etibarlı şəkildə qoruyur və
qoruyacaqdır. Xalq bu siyasətə inanır və
ümid edir ki, həyat səviyyəsi ildən-ilə daha da
yaxşılaşacaq. Bunu növbəti
ilin dövlət büdcəsi də təsdiqləyir.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.-2008.-14 dekabr.- S.2.