Heydər Əliyev
strategiyasında Azərbaycan faktoru
Biz təbiəti özümüzə
lazım olan kimi idarə edə bilmərik. Onun bizdən
asılı olmayan öz qanunları, fəaliyyət mexanizmləri
vardır. Unutmamalıyıq ki, çoxlu neft gəlirlərindən
formalaşan yüksək iqtisadi artım tempi həmişəlik
deyildir. Neft məhsullarının yüksək dünya qiymətinə
əsaslanan iqtisadi artım potensialı tükənə bilər.
Dünya bazarında
neftin qiymətinin həddindən ziyadə yüksəlməsi
inflyasiyaya, manatın alıcılıq qabiliyyətinin
möhkəmlənməkdə davam etməsi isə milli
istehsalın rəqabət qabiliyyətinə mənfi təsirin
güclənməsi ilə nəticələnə bilər.
Problemin həlli təkcə
pul-kredit siyasətini təkmilləşdirməyi deyil,
iqtisadiyyatda struktur və idarəetmə islahatlarının
şaquli və üfiqi istiqamətlərinin daha da dərinləşməsini,
elm tutumlu, rəqabət qabiliyyətli mürəkkəb
texnoloji sistemlərin, rabitə və informasiya
texnologiyalarının tətbiqini sürətləndirməyi zərurətə çevirir.
Mütəxəssislərin
fikrincə, informasiya və kommunikasiya texnologiyaları sistemi,
turizm, nəqliyyat, yerli xammalla işləyən rəqabət
qabiliyyətli, ixrac yönümlü emal müəssisələri,
onların istehsal və sosial infrastruktur sahələrinin
inkişafı birlikdə neft sektorunun yükünü
daşıya bilər.
Cənab İlham Əliyev
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
üç illiyi ilə əlaqədar konfransda demişdir: “Mənim
informasiya-kommunikasiya texnologiyaları sahəsində
dünyanın aparıcı şirkətlərinin rəhbərləri
ilə görüşlərim də məhz bundan
qaynaqlanır ki, onlar Azərbaycana gəlsinlər. Azərbaycana
yeni investisiyalar gəlsin, biz özümüz dövlət tərəfindən,
Dövlət İnvestisiya Şirkəti tərəfindən
bu investisiyaları qoyaq. Texnoparklar yaradaq, Azərbaycanda
çox güclü informasiya-kommunikasiya mərkəzi yaradaq.
Bu, gələcəkdir, gələcəyin
inkişafıdır.”
Rəqabətə əsaslanan
qloballaşan dünyada ölkənin intellektual
potensialını müntəzəm olaraq yüksəltmədən
və ondan maksimum səmərəli istifadə
olunmasını təmin etmədən sosial-iqtisadi
inkişafı sürətləndirmək mümkün
deyildir. Elə ölkələr var ki, onların təbii sərvətləri
yoxdur. Xammal, material və enerjiyə tələbatın 95-97
faizini idxalla ödəyirlər. Heç tranzit imkanları da
olmadığı halda belə onlar çox sürətli
inkişaf səviyyəsinə yüksəlmişlər.
Bu ölkələrdə dinamik
inkişafın nüvəsi intellektual potensialın yüksək
səviyyəsi, insan amilindən səmərəli istifadə
olunmasıdır. Bütün bunları nəzərə alan
ölkə Prezidenti informasiya-kommunikasiya
texnologiyalarının geniş miqyaslı tətbiqini
sosial-iqtisadi inkişafın prioritet sahəsi elan etmişdir.
Azərbaycanın
informasiya-kommunikasiya texnologiyaları üçün çox
cəlbedici ölkəyə çevriləcəyinə əmin
olduğunu bildirən ölkə Prezidenti, bu texnologiyaları
tam şəkildə tətbiq etmək üçün təhsilin,
bilik və bacarığın ilkin şərt olduğunu qeyd
etmişdir. Ölkə Prezidenti xüsusilə gənclərə
bu texnologiyalara yiyələnməyi, kompyuterlə mükəmməl işləməyi, dünya təcrübəsini
respublikamızda tətbiq etməyi tövsiyə etmişdir.
Ölkə Prezidenti “qara
qızılı insan qızılına çevirmək” siyasəti
yeridir. Təhsilin, elmin, səhiyyənin,
idmanın inkişafına dövlət büdcəsindən,
Dövlət Neft Fondundan ayrılan vəsaitləri
artırmaqla yanaşı, onların təyinatı üzrə
və maksimum səmərəli istifadə olunmasına nəzarəti
gücləndirməyi tövsiyə edir.
Respublikamızda son 5 ildə 2 mindən
çox məktəb tikilmiş, əsaslı təmir
olunmuş, yeni avadanlıqlarla təchiz edilmişdir.
Onların yarıya qədəri Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə inşa edilmişdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə tikilən məktəblərin əksəriyyəti
respublikamızın müxtəlif regionlarındadır. O, həmçinin
müasir tipli uşaq bağçaları, xəstəxanalar
tikilməsini, əsaslı təmir edilməsini və ən
yeni avadanlıqlarla təchiz olunmasını təmin
etmişdir. Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü
və onun uğurla reallaşması üçün sistemlə
görülən işlər respublikamızda insan
kapitalının inkişafına, intellektual potensialın daha
da zənginləşməsinə təsir edir.
ABŞ və Avropa
iqtisadçılarının fikrincə, bilik istehsalı və
infrastruktur müasir iqtisadiyyatın nüvəsidir. Onsuz informasiya və kommunikasiya texnologiyalarını
nə tətbiq etmək, nə də ondan yüksək səmərə
əldə etmək mümkün deyil. Ölkə Prezidentinin
tapşırığı ilə dövlət büdcəsinin
vəsaiti hesabına sosial-iqtisadi inkişafın prioritet sahələrinə
aid yüksək ixtisaslı mütəxəssislərin
dünyanın ən qabaqcıl ali məktəblərində
hazırlanması ildən-ilə artır.
Dünya təcrübəsinin
sübut etdiyi kimi, təhsilin inkişafına göstərilən
maliyyə dəstəyi səmərəli istifadə
olunduğu və idarə edildiyi şəraitdə
sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan
verir. Qloballaşan dünyada Azərbaycanın yeri, multiplikativ
(kvadrata yüksəldilmiş) effekt verən intellektual
potensiala yiyələnməsindən və ondan nə dərəcədə
səmərəli istifadə edilməsindən asılı
olacaqdır.
Azərbaycan faktiki olaraq Avropa ilə
Asiya arasında körpüyə çevrilir.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri,
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi
Avropa və Asiya ölkələrinin stabil iqtisadi əlaqələrinin
inkişafında çox mühüm əhəmiyyət kəsb
edəcəkdir.
TRASEKA Proqramı ilə
Qərb-Şərq (Avropa regionlarını, Çin və
Uzaq Şərq ölkələri ilə bağlayan), habelə
Şimal-Cənub nəqliyyat dəhlizi ilə (Finlandiyadan
başlamış Hindistan və Çinin ən ucqar
rayonlarına) sərnişin və
yükdaşımalarını təmin etməklə
respublikamıza külli miqdarda və ən
başlıcası isə
tükənməyən gəlir gətirən mənbəyə
çevriləcəkdir. Ekspertlərin fikrincə, Azərbaycanın
təkcə tranzit potensialı, onun istehsal və sosial
infrastruktur obyektləri ilə birlikdə ölkə əhalisinin
25-30 faizə qədərini işlə təmin edə, hər
il dövlətimizə milyardlarla dollar gəlir gətirə
bilər.
Bunlardan əlavə,
Frankfurt-Şanxay optik sürətli xəttin Xəzər dənizinin
dibi ilə çəkilişi Azərbaycanın qlobal proseslərdə
rolunu əhəmiyyətli dərəcədə
artıracaqdır.
Dövlət öz fəaliyyətini
məqsədli proqramlar əsasında qurur. Bu, maddi, material və
maliyyə resurslarından istifadənin səmərəliliyini
yüksəltməyə, ən az məsrəflə praktiki nəticələr
əldə etməyə şərait yaradır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”, “Rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə (2005-2008-ci
illər) Dövlət Proqramı”, “Neft və qaz gəlirlərinin
idarə olunması üzrə uzunmüddətli
strategiya”nın təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin fərmanı (27 sentyabr 2004-cü
il), “Azərbaycan Respublikasında yanacaq-energetika
kompleksinin inkişafı haqqında Dövlət Proqramı”
(2005-2015-ci illər), “Xüsusi iqtisadi zonalar” yaradılması
haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
(mart 2007-ci il), elmin, təhsilin, səhiyyənin, mədəniyyətin
və s. inkişafı ilə bağlı məqsədli
proqramlar və eləcə də hazırlanmaqda olan
“Turizmin inkişafı üzrə (2007- 2015-ci illər)Dövlət
Proqramı” deyilənlərə misal ola bilər. Bir sözlə, Azərbaycan dövlətinin yeni
fabriklər, zavodlar, elektrik stansiyaları, yollar, turizm, təhsil,
səhiyyə, ekologiya və s. bütün bu istiqamətlərdə
40-a qədər Dövlət Proqramı vardır və onlar
icra olunur. Əsas odur ki, xüsusilə bölgələrdə
bu proseslər daha da sürətlə, yüksək
keyfiyyətlə icra olunsun və praktiki nəticələr
versin.
İstehsal və sosial infrastruktur sahələrinin,
turizmin inkişafı
Dünya dövlətlərinin əksəriyyətinin
hazırladıqları yeni iqtisadi inkişaf ssenarilərində
turizmin inkişafına geniş yer verilir. O, həmçinin
ölkənin xarici iqtisadi əlaqələrinin fəallaşması
və inkişafında mühüm rol oynayır. Turizm investisiya qoyuluşlarının gəlir gətirməsində
iqtisadiyyatın aparıcı sahələri sırasında
ilk yerlərdən birini tutur.
Turizm işsizlik probleminin həllində ciddi rol
oynayır. Bir turistə 6-7 adam
xidmət edir. ABŞ-ın kənd təsərrüfatında
çalışanlar cəmi 2,6 milyon nəfər
təşkil etdiyi halda, turizm sektorunda işləyənlər
9 milyon nəfərdən çoxdur. Meksika,
Tayland və Sinqapurun büdcə gəlirlərinin 60-80 faizi
turizmdən daxilolmalarla formalaşır. Türkiyədə
də turizmdən daxilolmalar dövlət büdcəsi gəlirlərinin
formalaşmasında böyük rol oynayır.
Mütəxəssislərin
hesablamalarına görə, hər il
Fransanın təkcə
Azərbaycan unikal turizm imkanlarına malikdir.
Müalicəvi dağ-meşə və dəniz sahili 825
kilometr qumlu, bəzi yerlərdə müalicəvi qum zolağı,
dünyada yeganə müalicəvi neft mədənləri və
sanatoriyası olan, iqlim rəngarəngliyi, tez-tez dəyişən
flora və fauna zolaqları, rəngarəng heyvanat aləmi, təbiət
abidələrinin, müxtəlif tarixi dövrlərə aid
arxitektura abidələrinin çoxluğu turizmin
inkişafı üçün əlverişli şərait
yaradır. Onların iqtisadi inkişafa və
xalqın rifahının yüksəlməsinə xidmət
etməsi təmin edilməlidir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın üç illiyi ilə bağlı
konfransda “Turizm sahəsi həm regionların inkişafı, həm
də ölkənin iqtisadi potensialının möhkəmlənməsi
üçün, Azərbaycanın imici, dünyaya
inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim
çox gözəl təbiətimiz var. Bəlkə nadir
ölkələrdən biriyik ki, burada istənilən təbii
şərait, istənilən iqlim vardır”- deyən ölkə
Prezidenti bu əlverişli şəraitin xalqın güzəranı
və dövlətin daha da güclənməsi
üçün səmərəli istifadə edilməsi, nəqliyyat
və digər infrastruktur obyektlərinin dünya
standartları səviyyəsinə qaldırılması, bu
sahənin yüksək ixtisaslı mütəxəssislərə
tələbatının ödənilməsi haqqında öz
tövsiyələrini vermişdir.
“Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
(2004-2008-ci illər)" reallaşması respublikamızda
qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı
məhsulları istehsalı və emalının sürətlənməsinə,
təbii sərvət ehtiyatlarının kəşf
olunması və istismarını (alunit, mis, sink,
gümüş, qızıl, duz) təşkil etməyə,
infrastruktur sahələrinin inkişafına, bütün
potensial imkanların təsərrüfatçılıq
dövriyyəsinə cəlb olunmasına təsir edəcəkdir.
Yüksək
dinamikanı saxlamaq üçün emal sənayesinin hasilat sənayesini
üstələyən templə artımı, uzunmüddətli
investisiya qoyuluşları artımının ÜDM-in
artımını qabaqlaması, xidmət sektorunun istehsaldan
üstün sürətli artımını, əmək məhsuldarlığının,
əməkhaqqının artımını qabaqlaması və
s . təmin edilməlidir.
Hazırda regionlarda emal sahəsi hasilat bölməsi ilə
rəqabət aparmaq qabiliyyətinə malik deyil. Əslində isə əksinə olmalıdır.
Rəqabətqabiliyyətli, ixrac
yönümlü emal müəssisələrinin lazımi dərəcədə
olmaması ucbatından regionlarda ağır zəhmətlə
istehsal edilmiş kənd təsərrüfatı məhsullarının
xeyli hissəsi zay olub gedir, mal-qara yeminə çevrilir.
Kənd regionlarında iş yeri tapmadığından minlərlə
adam Bakı-Sumqayıt şəhərlərinə
üz tutur. Bu, öz növbəsində, yeni
problemlər yaradır. Qeyri-neft sektorunda
iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin etmək
üçün maliyyə resursları axınının
istiqamətini xammal istehsalı sahəsindən emal sahəsinə
əhəmiyyətli dərəcədə keçirilməsi
təmin edilməlidir.
Hasilat və emal sənayesinin inkişafı aqrar sektorda
istehsalla emal arasında disproporsionallığın aradan
qaldırılması, yerli xammal bazasında fəaliyyət
göstərən, rəqabət qabiliyyətli, ixrac
yönümlü müasir emal müəssisələri
yaradılmasının aktuallığını daha da
artırır. Ölkə Prezidenti bu
sahədə son illər regionlarda (Qəbələ,
Şamaxı, Xaçmaz, Göyçay, İmişli və
s. rayonlarda) görülmüş işlərə yüksək
qiymət verməklə yanaşı, digər regionlarda
işlərin sürətləndirilməsi üçün
ciddi göstərişlər vermişdir.
Dövlət büdcəsindən qeyri-neft sektoruna
güzəştli şərtlərlə kredit verilməsi,
aqrar sektora vergi güzəştlərinin davam etməsi,
infrastruktur obyektlərinin, yolların, o cümlədən
rayondaxili yolların abadlaşdırılması sosial-iqtisadi
inkişafın sürətlənməsinə təsir edir.
Regionların sosial-iqtisadi inkişafında son illər
baş vermiş irəliləyişlərin əhəmiyyətini
qeyd etməklə yanaşı, Bakı və Sumqayıt
regionunun da öz yerində saymadığı, sürətlə
inkişaf etdiyi göz qabağındadır.
Bakı və Sumqayıtla müqayisədə regionlarda
quruculuq və yaradıcılıq tempinin daha sürətli
baş verməsi üçün, fikrimizcə, regionlar
üzrə iqtisadiyyatın “oyun qaydaları” dəyişdirilməlidir. Üstün şərait yaradılmadan üstün
inkişafı təmin etmək olmaz. Bu,
adi həqiqətdir. Onu hamımız dərk
etməliyik.
Heç kim investora öz vəsaitini respublikanın
hansı regionuna, iqtisadiyyatın hansı sahəsinə
qoymağı diktə edə bilməz. Seçim
investorundur. Biz seçim şərtlərini
dəyişdirməklə, iqtisadi idarəçilik
qaydalarını, prinsiplərini, normalarını dəyişdirməklə,
diferensial qaydalar tətbiq etməklə investoru öz vəsaitlərini
regionlara yönəltməyə stimullaşdıra bilərik.
Bakı və Sumqayıta nisbətən investor Ucarda,
Ağdaşda, Göyçayda və s. rayonlarda qazanc əldə
etmək üçün daha əlverişli şərait
olduğuna əmin olduqda sərmayəsini həmin rayonlara yatırar.
Burada vergi, gömrük, kredit və s. siyasətinin,
enerji daşıyıcıları tariflərinin
unifikasiyalılığı deyil, diferensiallığı
stimullaşdırıcı rol oynaya bilər. Bu sahədə dünya təcrübəsinin
müxtəlif formaları mövcuddur.
Dünyanın 120 ölkəsində 3 mindən çox
Xüsusi İqtisadi Zonalar (XİZ) yaradılmışdır. Onların olduqca müxtəlif formaları, tipləri
mövcuddur. Hamısının ümumi prinsipi yüksək
infrastruktur, vergi, gömrük dərəcələrinin əhəmiyyətli
dərəcədə aşağı olması, servis xidmətlərinin
yüksək səviyyəsi, idarəetmədə
bürokratik əngəllərin aradan qaldırılması və
s. diferensial yanaşmadır.
XİZ vergi dərəcələrinin səviyyəsi ilə
deyil, vergi bazasının genişliyi, vergi ödəyicilərinin
sayı və yığım əmsalının yüksək
olması hesabına yüksək gəlir götürür.
Azərbaycan
Respublikasının Prezidenti 2007-ci ilin martında “Xüsusi
İqtisadi Zonaların yaradılması” haqqında fərman
vermiş və bu zonaların yaradılması sahəsində
görüləsi işləri İqtisadi İnkişaf
Nazirliyinə tapşırmışdır. Fərmanda
müvafiq icra hakimiyyəti orqanlarına qısa müddət ərzində
“Xüsusi İqtisadi Zonalar haqqında” Azərbaycan
Respublikası Qanununu hazırlamaq tapşırığı
verilmişdir. Dünya təcrübəsinə
əsaslanaraq, Azərbaycan gerçəkliyini ehtiva edən bu
qanun keyfiyyətlə hazırlanarsa və tətbiq edilərsə,
respublikamızın dinamik inkişafının sürətlənməsinə,
regionların, həqiqətən, üstün
inkişafının təmin edilməsinə xidmət edə
bilər.
İlham Əliyev
ölkə qarşısında duran strateji məqsədlərin
reallaşmasına sinergetik yanaşma metodundan istifadə edir və
yüksək nəticələrə nail olur. İqtisadiyyata
sinergetik səmərəlilik ideyasını Ştutqart
universitetinin professoru, Nəzəri Fizika və Energetika
İnstitunun direktoru Qerman Xaken gətirmişdir.
Sinergetikanın
mənası müəyyən məqsədə nail olmaq
üçün qüvvələrin birləşdirilməsindən,
qarşılıqlı, birgə təsirdən,
koordinasiyalı fəaliyyətdən ibarətdir. Sinergetikanın iqtisadi məzmunu məcmu amillərin
gücünün onu təşkil edən ayrı-ayrı tərkib
hissələrin gücündən dəfələrlə
çox olmasıdır. Ayrı-ayrı
güc daşıyıcılarının birgə
gücünün onların ədədi gücünü
üstələməsidir. İqtisadi
inkişafa ayrı-ayrı amillərin koordinasiya olunmuş birgə
fəaliyyəti ilə əldə edilən səmərənin,
onların hər birinin (büdcə, vergi, qiymət, pul,
kredit, tarif, rüsum və s.) ayrılıqda, öz orbitində
fəaliyyət göstərməklə, iqtisadi proseslərə
avtonom təsirinin verdiyi nəticələri dəfələrlə
üstələməsidir. Rəqabət mübarizəsinin
doğurduğu dinamik inkişaf imkanları nə qədər
çox olarsa, sinergetik üsulun səmərəsi də bir o
qədər yüksək ola bilər.
Bu, sosial-iqtisadi proseslərin məcmu nəticələrinin
onların ayrı-ayrı tərkib hissələrinin cəmindən
üstün səmərə verməsidir. Sinerqizm minimum maddi, material və maliyyə xərcləri
hesabına iqtisadi səmərəliliyin yüksəlməsinə
şərait yaradır. Sinerqizm
innovasiyaların tətbiqinə, istehsal
avadanlıqlarının optimal yüklənməsinə,
istehsal və idarəetmə xərclərini azaltmağa,
iqtisadi səmərəliliyi yüksəltməyə təsir
edir.
Ulu
öndərimizin hazırladığı iqtisadi siyasət
strategiyasına kristallaşmış, dəyişməz
mexanizmlər, alətlər yığımı kimi statik
halda deyil, daim dəyişən, yeniliklərə reaksiya verən,
yeniləşmə prosesi keçirən bir proses kimi
baxırıq. Müasir iqtisadi düşüncəli,
yeni iqtisadi təfəkkürlü Prezidentimiz cənab
İlham Əliyev ulu öndərimizin strategiyasını
yaşatmaqla və onun daim zənginləşməsini təmin
etməklə Azərbaycanın gələcəyini, xalqın
rifahını müntəzəm olaraq yüksəltməyi
qarşıya məqsəd qoymuşdur. Bizim
hər birimiz və hamımız bu məqsədin tezliklə
reallığa çevrilməsinin ən fəal
iştirakçısı olmalıyıq.
Səttar SƏFƏROV,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, iqtisad
elmləri doktoru
Xalq qəzeti.-2008.-
14 dekabr.- S.3.