Təhsilə qayğı ölkənin gələcəyinə göstərilən qayğıdır

 

“Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev daim xalqını, onun balalarını daha bilikli, geniş dünyagörüşlü, müasir insan kimi görmək istəyirdi. Ümummilli liderimiz müstəqillik qazanan Azərbaycanda milli təhsilin formalaşmasında, onun yeni məzmun kəsb edilməsində, müəllimə olan dərin etibarın və inamın özünə qaytarılmasında çox böyük işlər gördü. Bakı şəhərindəki Namiq Məmmədov adına 9 saylı orta məktəbin direktoru Ziynət Əhmədova təhsilin inkişafı istiqamətində ulu öndərin rəhbərliyi altında reallaşdırılan tədbirlərdən həvəslə söhbət açdı:

— Hazırda ölkəmizdə hər sahədə olduğu kimi, təhsildə də böyük canlanma özünü göstərir. Əlbəttə, bu irəliləyiş məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. Ona görə ki, yüksək dövlətçilik ənənələrinə sadiq olan ulu öndərimiz zəngin siyasi təcrübə və biliyini ölkənin hərtərəfli inkişafına sərf edirdi. Bunun üçün isə, ilk növbədə, sabahın qurucuları olan gəncləri yetişdirmək lazım idi. O, ən əvvəl xalqın mənəviyyatının,təhsilinin, sağlamlığının qayğısına qalmağı əsas vəzifə kimi qarşıya qoydu. Çünki məhz mənəvi cəhətdən zəngin, fiziki cəhətdən sağlam olan xalq hərtərəfli inkişaf edə bilər. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verəndə ulu öndər böyük sevinc hissi ilə deyirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik”.

Azərbaycan xalqının dahi oğlu, ulu öndərimiz Heydər Əliyevin təhsilə göstərdiyi qayğı sayəsində ölkənin intellektual qüvvəsi xeyli gücləndi. Bilik mənbəyi olan məktəbin nüfuzu ailədə, cəmiyyətdə daha da möhkəmləndi. Ulu öndər öz müəllimlərini ürəkdən sevirdi, onların qarşısında ehtiramla baş əyərək deyirdi: “Bizim hər birimiz elmi dərəcəsindən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.

Məhz Heydər Əliyevin yeritdiyi ardıcıl siyasət nəticəsində ölkədə müəllimlərin nüfuzu artdı, onların sosial şəraiti daha da yaxşılaşdırıldı. Hər il müəllimlərin əməkhaqları artırıldı. Bu şərəfli peşə sahiblərinin qurultayında ulu öndər demişdir:Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən elə olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün var, gələcəkdə ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər belə olmasaydı, Azərbaycanın bugünkü elmi,iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.

Sonda özümüzə borc bilərək xüsusi vurğulamaq istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyev müəllimlərə böyük ehtiram hörmət göstərir, təhsilin inkişafı üçün əlindən gələni əsirgəmir. Onun maddi-texniki bazasını daha da möhkəmləndirməyə çalışır. İnamla deyə bilərik ki, respublikada təhsil bundan sonra da ölkə başçısının həmişə diqqət mərkəzində olacaqdır. Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı istiqamətində başladığı çox mühüm proqramlar onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla reallaşdırılacaqdır.

 

Qismət ALIŞOĞLU

 

Xalq qəzeti.-2008.- 14 dekabr.- S.3.