Heydər Əliyev Azərbaycanın davamlı

inkişaf konsepsiyasının banisidir

 

Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edirdi.

Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı kimi bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri, həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.

Bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımları və inanılmaz iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulur. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri sırasındadır.

Bu gün Azərbaycan Respublikası sürətli iqtisadi inkişaf dövrünü yaşayır. İqtisadi inkişaf göstəriciləri ilə artıq nəinki regionda və ya MDB-də, hətta dünyada lider dövlətlər sırasına çıxan Azərbaycan Respublikasında əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. “Biz xalqın xidmətçiləriyik” deyən ölkə başçısının hər bir addımı beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə, ölkədə insan azadlığının, davamlı inkişafın və sosial yönümlü iqtisadiyyatın formalaşmasına hesablanmış məqsədyönlü fəaliyyətdir. Son dövrlər ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar da bunun bariz nümunəsidir. Qeyd olunanları 2008-ci ilin 9 ayının yekunlarına dair statistik məlumatlar da bir daha təsdiq edir. Belə ki, ilin 9 ayı ərzində milli iqtisadiyyatın inkişafını xarakterizə edən mühüm göstəricilərdən olan sənaye istehsalının artımı 12 faiz təşkil etmiş, kənd təsərrüfatında artım 8 faizdən çox olmuş, əhalinin pul gəlirlərinin artımı isə 34 faizə bərabər olmuşdur.

Əvvəlki dövrlərdə olduğu kimi, son doqquz ayda da ölkədə sosial məsələlərin həllinə, insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına çox böyük diqqət göstərilmiş, bu məsələlər prioritetlik kəsb etmişdir. Məhz bunun nəticəsidir ki, yalnız iyul, avqust, sentyabr ayları ərzində minimum əmək haqqı, minimum pensiyaların baza hissəsi, büdcə təşkilatlarında çalışanların əmək haqqı artırılmış, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində xeyli sayda sosial təşəbbüslər irəli sürülmüş, yeni məktəblər, xəstəxanalar tikilərək istifadəyə verilmişdir.

İlin 9 ayı ərzində müxtəlif istiqamətləri əhatə edən infrastruktur layihələrinin icrası uğurla davam etdirilmiş və nəhəng infrastruktur layihələri - nəqliyyat, energetika, tikinti və s. sahələri əhatə edən infrastruktur layihələri uğurla icra olunmuşdur. Belə layihələrin həyata keçirilməsi ölkənin uzun müddətli dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində infrastruktur sahələrinin inkişafına çox böyük vəsait qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuş, çoxlu elektrik stansiyaları tikilmiş, qaz xətləri çəkilmiş, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülmüşdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı və s. sahələrin inkişafı isə göz qabağındadır.

Sevindirici haldır ki, ümumilikdə ölkənin hərtərəfli inkişafı, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, nəhəng transmilli layihələrlə paralel həyata keçirilir. Bu da qarşıya qoyulmuş məqsədlərin tamamlanmasında öz bəhrəsini verir. Məhz həyata keçirilən layihələrin nəticəsidir ki, son doqquz ayda da regionların sürətli inkişafı davam etmişdir. Demək olar ki, regionların sosial-iqtisadi inkişafı haqqında məlum Dövlət Proqramı uğurla icra edilmiş, həm infrastruktur layihələri, həm də özəl biznesin inkişafı üçün aparılan işlər, qoyulan sərmayələr regional inkişafı daha da sürətləndirmişdir. Bütün bunlar isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafına son beş il ərzində verilən dəstək və diqqət öz gözəl bəhrəsini verir və Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli istiqamətlərdə davamlı inkişaf etməkdədir.

Statistik araşdırmalardan aydın olur ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın maliyyə mənbələri güclənmiş, valyuta ehtiyatlarının həcmi xeyli çoxalmış və daha geniş miqyaslı layihələrin həyata keçirilməsi üçün münbit şərait yaranmışdır. Belə ki, ilin əvvəli ilə müqayisədə ölkənin valyuta ehtiyatları 10,3 milyard ABŞ dolları və ya 2,4 dəfə artaraq, 17 milyard dollara çatmışdır. Sosial sferada əhalinin rifah halının, maddi təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2008-ci ilin yanvar-sentyabr ayları ərzində orta aylıq əmək haqqı 23,1 faiz, əhalinin adambaşına düşən gəlirləri 34,1 faiz artmış, əhalinin sərəncamında qalan vəsaitlər 36,9 faiz çox olmuşdur. Bütün bunlar əhalinin pul gəlirlərinin və bank əmanətlərinin artımına şərait yaratmışdır. Hesabat dövründə əhalinin pul gəlirlərinin artımı mövcud qiymət artımını 12,6 faiz üstələmiş, əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 29,7 faiz artmışdır. Eyni zamanda ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, ixracyönümlü istehsal sahələrinin genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür ki, bu da daxili sərmayələrin xarici investisiyaları üstələməsinə imkan vermişdir. Belə ki, 2008-ci ilin doqquz ayında əsas kapitala yönəldilən daxili investisiyalar 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 77,6 faiz çox olmuşdur.

Aparılan araşdırmalardan aydın olur ki, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər də artıq öz bəhrəsini verməkdədir. Statistik məlumatlara görə, 2008-ci ilin doqquz ayı ərzində təkcə qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 737 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 566,8 milyon manat və ya 48,4 faiz çoxdur. Nəticədə qeyri-neft sektorundan vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2008-ci ildə 17,6 faizə qədər artmışdır. Vergi daxilolmalarında ciddi artım müşahidə edilən sahələrdən biri də tikinti sektorudur. Bütün ölkə ərazisində aparılan çox möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsidir ki, tikinti sektorundan daxilolmalar 7 dəfə artmış və təkcə 2008-ci ilin doqquz ayı ərzində bu sektordan 330,3 milyon manat vergi hesablanmışdır.

Sahibkarlıq subyektlərinin inkişafı, sahibkarlıq fəaliyyətinə mane olan halların aradan qaldırılması, müdaxilələrin qarşısının alınması və ən əsası bu sahədə “bir pəncərə” prinsipinin tətbiq edilməsi və beləliklə də sahibkarlığa dövlət qayğısının nəticəsi olaraq faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı 2003-cü ildəki 93 mindən 2008-ci ildə 200 minə qədər artmışdır. Eləcə də sahibkarlara öz hesabatlarının, vergi bəyannamələrinin təqdim olunmasında və vergi ödənişlərində elektron xidmətlərdən istifadə etmək şəraiti yaradılmışdır. Sahibkarlığın inkişaf etdirilməsi isə respublikamızda məşğulluğun təmin olunmasına, büdcə gəlirlərinin artımına və digər müsbət təsirlərə səbəb olur. 2003-cü ilin oktyabrın 1-dən 2008-ci ilin iyulun 1-i vəziyyətinə qədər olan dövr ərzində cəmi 705711 iş yeri, o cümlədən 505150 daimi iş yeri yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 20,1 faizi yeni yaradılmış, 35 faizi mövcud, 3,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 41,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Məhz rayonlara göstərilən diqqətin, aparılan abadlıq işlərinin nəticəsidir ki, yeni iş yerlərinin əksəriyyəti regionların payına düşür. Belə ki, ölkədə regionların inkişafına yönəldilmiş tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, yeni iş yerlərinin 23,4 faizi Aran, 12,3 faizi Gəncə-Qazax, 9,6 faizi Lənkəran, 6,5 faizi Abşeron, 6 faizi Quba-Xaçmaz, 5,3 faizi Şəki-Zaqatala, 4,8 faizi Naxçıvan iqtisadi rayonlarında olmaqla, 80,1 faizi regionlarda açılmışdır.

Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev ümummilli liderin “Təhsil millətin gələcəyidir” sözlərini əldə rəhbər tutaraq bu sahəyə də xüsusi diqqət və qayğı göstərir. Ölkəmiz inkişaf etdikcə təhsilin keyfiyyətinin cəmiyyətin tələblərinə, müasir dünyanın standartlarına və milli siyasətin tələbatına uyğunlaşdırılması məqsədilə təlim texnologiyalarının və məzmunun yeniləşdirilməsinə ciddi ehtiyac yaranmışdır. Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ali təhsil sistemində, ixtisaslı kadrların hazırlanmasında ciddi uğurlara nail olunub, ali məktəblərə qəbulda 600-dən çox bal toplayan abituriyentlərin sayı artıb. Ölkənin gələcək savadlı, müasir texnika və texnologiyaya bələd olan ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində aparılan işlərin əsas istiqamətlərindən biri də azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı həyata keçirilən layihələrdir. Araşdırmalardan aydın olur ki, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir ki, onlardan da 1000 nəfəri dövlət hesabına təhsil alır.

İqtisadi inkişafda davamlılığın təmin olunması, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, habelə dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, müasir intellektual səviyyəyə malik, vətənpərvər kadrların hazırlanması elm və təhsil sahəsində də dövrün tələbi ilə səsləşən ardıcıl islahatların aparılmasını zəruri etmişdir. “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir” - deyən ölkə başçısının əsas məqsədi Azərbaycan Respublikasında dayanıqlı və sabit sosial-iqtisadi inkişafı təmin etməkdən ibarətdir. Məhz bu baxımdan cənab İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının da vurğuladığı kimi, bu proqram 5-10 ildən sonra, bəlkə də daha da gec bəhrə verəcəkdir, amma intellektual gələcəyə yönəldilən investisiya kimi mütləq özünü doğruldacaqdır.

2008-ci ilin doqquz ayında təhsil sahəsi ilə yanaşı, digər sosial sahələrdə də aparılan islahatlar daha da sürətləndirilmiş, sığorta-pensiya sisteminin yenidən qurulması, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz artaraq 959 milyon manat olmuşdur. Sosial sığorta haqları üzrə gəlirlər 2007-ci ilin doqquz ayına nisbətən 31 faiz artaraq 623 milyon manata çatmışdır. Gəlirlərin 59 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. Bu həmin təşkilatlardan daxilolmaların əvvəlki ilin müvafiq dövrünə nisbətən 29 faiz artması deməkdir. Eyni zamanda, ilkin məlumatlara əsasən, 2008-ci ilin ötən doqquz ayında fondun xərcləri 980 milyon manat təşkil etmiş, həmin vəsaitin 97 faizi və ya 949 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir. Əhaliyə ödənişlər 2007-ci ilin müvafiq dövrünə nisbətən 37 faiz çoxdur ki, bu da sosial sferanın hər zaman olduğu kimi, son doqquz ayda da dövlətin diqqət mərkəzində olduğunu sübut edir.

Bütün bunlar isə bütövlükdə doqquz ayın yekunlarının ürəkaçan və müsbət olması deməkdir. Araşdırmalar göstərir ki, 2008-ci il üçün qarşıya qoyulmuş məsələlərin həlli uğurla icra edilməkdədir. Bütün istiqamətlərdə ən müasir infrastruktur layihələri uğurla həyata keçirilir. Bütün bunlar Azərbaycan dövlətinin indiki və gələcək inkişafında mühüm rol oynayacaqdır. Artıq başa çatmaqda olan regional inkişaf proqramının davamı kimi, nəzərdə tutulmuş işlərin yekunlaşdırılması məqsədilə 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması istiqamətində müvafiq göstərişlər verilmişdir. Təbii ki, yeni proqram mövcud proqramın məntiqi davamıdır, həll olunmamış və ya tamamlanmamış məsələləri əhatə edəcəkdir. Bu da növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemlərinin həlli deməkdir. Başqa sözlə desək, həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, regional inkişaf və sahibkarlığın inkişaf etdirilməsi məsələləri, əvvəlki illərdə olduğu kimi, növbəti illərdə də prioritet sahələr olacaqdır.

Aparılan təhlil və araşdırmalardan aydın olur ki, bu gün bütün dünyanın diqqət mərkəzində olan məsələlərdən biri də ərzaq təhlükəsizliyi məsələləridir. Eyni zamanda, sürətli iqtisadi inkişaf yolunda olan, əldə edilmiş inkişafı davamlı iqtisadi inkişafa çevirmək məqsədi ilə vaxtaşırı olaraq geniş, əhatəli tədbirlər planı qəbul edən və həyata keçirən Azərbaycan Respublikasında əsas məsələlərdən biri də əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək, bir sözlə, ölkənin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu baxımdan ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda cəmiyyəti narahat edən aktual problemlərin həlli nəzərdə tutulmuşdur və həmin proqram davamlı inkişafın təmin edilməsində xüsusi əhəmiyyətə malikdir. Həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin edilməsidir.

Məlumdur ki, iqtisadi təhlükəsizliyin əsasında cəmiyyətin və ölkənin iqtisadi maraqları durur. Eyni zamanda, iqtisadi təhlükəsizlik iqtisadi maraqların təmin olunmasına mane olan daxili və xarici amillərin zərərsizləşdirilməsidir. Deməli, iqtisadi təhlükəsizlik, həm də iqtisadiyyatın səmərəli fəaliyyətinin təmin olunmasını tələb edir. İqtisadiyyat əgər inkişaf etmirsə və ya ölkənin resurs ehtiyatlarının imkan verdiyi lazımi sürətlə inkişaf etmirsə, onun daxili və xarici təhlükələrə müqavimət göstərmək və uyğunlaşmaq imkanları məhdudlaşır. Eyni zamanda, iqtisadi maraqlar yalnız iqtisadiyyatın səmərəli fəaliyyət göstərdıyi bir halda təmin olunur. İqtisadiyyatın səmərəli fəaliyyəti dedikdə isə ölkədə geniş təkrar istehsalın həyata keçirilməsi, ölkənin resurs potensialının səmərəli bölgüsü və istifadə olunması, dünya təsərrüfatında səmərəli iştirakın və sosialyönümlü iqtisadiyyatın təmin olunması və. s nəzərdə tutulur. Azərbaycan hökumətinin iqtısadi siyasətinin də əsas məqsədi, məhz yuxarıda qeyd olunanların təmin edilməsi, əhalinin bütün əsas ərzaq məhsullarına olan tələbatının tam şəkildə təmin olunmasıdır. Təbii ki, bu istiqamətdə vacib məsələlərdən biri ölkənin taxılla təmin edilməsidir ki, bu da dövlətin diqqət mərkəzində olan və demək olar ki, artıq həll edilmiş bir problemdir.

Ümumilikdə istər son illər, istərsə də axırıncı doqquz ayda əldə edilmiş iqtisadi uğurların əsas səbəbi bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın uğurla davam etdirilməsidir. Eyni zamanda, son beş ildə qazanılmış nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış daxili və xarici siyasətin bəhrəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan nəinki regionda, hətta dünyada söz sahibi olan, özünəməxsus mövqeyə malik islahatçı bir ölkə kimi qəbul edilir. Təbii ki, güclü iqtisadi dayağı olmayan siyasət lazımi səmərə verə bilməz. Bunu çox düzgün qiymətləndirən Azərbaycan hökuməti iqtisadi və siyasi sahədə atdığı addımları uzlaşdırmış və nəticədə məqsədə nail olmuşdur. Belə ki, 2003-2008-ci illərdə Azərbaycanın ümumi daxili məhsulu 2,7 dəfə artmış, adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatmışdır ki, bu da ölkənin inkişafını sübut edən makroiqtisadi reallıqdır. Digər tərəfdən, son beş il ərzində sənaye istehsalı 2,7 dəfə artmış, dövlət büdcəsinin xərcləri 2003-cü ildəki 1 milyard 200 milyon dollardan 2008-ci ildə 15 milyard dollara qədər artmışdır.

Axırıncı beş ilin iqtisadi uğurlarından biri də Azərbaycan Respublikasının investisiya cəlbediciliyinin qorunub saxlanması və artırılmasıdır. Statistik araşdırmalardan aydın olur ki, məhz investisiya cəlbediciliyinin nəticəsidir ki, 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına təxmınən 44 milyard dollar investisiya qoyulmuşdur ki, bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil etməsinə baxmayaraq, 2008-ci ilin oktyabr ayında bu rəqəm, təxminən 17 milyard dollara bərabər olmuşdur.

Bütün bunlar Azərbaycanda dinamik iqtisadi inkişafın əldə olunduğunu və yoxsulluğun azaldılması istiqamətində ardıcıl işlər görüldüyünü sübut edir. Yoxsulluğun azaldılması isə keçid iqtisadiyyatını yaşayan başqa ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da insan inkişafının əsas aspektlərindən biridir. Çünki yoxsulluq insan inkişafını məhdudlaşdıran, normal yaşayış şəraitini pozan əsas amillərdən biridir.

Ümumiyyətlə, son illər yoxsulluq və onun azaldılması problemi qloballaşan dünyanın ümumbəşəri bir probleminə çevrilmişdir. Bu problemin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyü halda, yenə də hazırda dünyanın bir çox ölkələrində yoxsulluq həddi yüksək olaraq qalmaqdadır. Bu səbəbdən də Dünya Birliyi ölkələri 1992-ci ildən Rio de-Janeyro şəhərində ətraf mühit və inkişaf üzrə keçirilən ümumdünya sammitində yoxsulluğun azaldılması problemınə ciddi diqqət yetirərək onu davamlı inkişafın həlledici amili hesab etmişlər. Belə ki, Rio sammitində qəbul edilmiş “XX əsrin gündəliyi” sənədində sosial, iqtisadi və ekoloji cəhətdən davamlı inkişafa nail olunması məqsədilə yoxsulluğun azaldılması zərurəti xüsusi qeyd edilmişdir.

Rio sammitindən sonra BMT-nin sosial inkişafa həsr olunmuş Kopenhagen (1995) zirvə toplantısında yoxsulluq, işsizlik və s. bu kimi sosial bəlaların aradan qaldırılması problemləri geniş müzakirə edilmişdir. BMT-nin Kopenhagen konfransı yoxsulluğa qarşı mübarizəni, ilk dəfə olaraq dünya ölkələri qarşısında duran mühüm problemlərdən biri hesab etmiş və davamlı insan inkişafına nail olmaq üçün yoxsulluğa qarşı mübarizənin yeni yollarını müəyyənləşdirmişdir.

BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabrında 147 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “Minilliyin Forumu”nda davamlı insan inkişafına nail olmaq üçün yoxsulluğun azaldılması probleminə ciddi diqqət yetirilmişdir. “Minilliyin Forumu”nda BMT-nin bütün üzv dövlətləri gündəlik gəliri bir ABŞ dollarından aşağı olan və aclıqdan əzab çəkən insanların sayını 2015-ci ilə qədər yarıyadək azaltmağı öhdələrinə götürmüşlər.

Minilliyin inkişaf məqsədlərində BMT-nin üzvü olan dövlətlər 2005-ci ilədək yoxsulluğun azaldılması ilə əlaqədar aşağıdakı vəzifələrin yerinə yetirilməsinə dair öhdəlik götürmüşdülər: 1.İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq; 2.Ümumi ibtidai təhsilə nail olmaq; 3.Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək; 4.Uşaq ölümü hallarını azaltmaq; 5.Ana sağlamlığını yaxşılaşdırmaq; 6. HİV, AİDS, malyariya, vərəm və s. xəstəliklərə qarşı mübarizə aparmaq; 7. Ətraf mühitin davamlılığını təmin etmək; 8. Davamlı inkişaf üçün qlobal tərəfdaşlığı genişləndirmək.

Bundan sonra 2002-ci ilin 26 avqust-4 sentyabr tarixində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BMT-nin davamlı inkişafa həsr edilmiş beynəlxalq sammitində dünya ölkələri 2015-ci ilədək yoxsulluğun səviyyəsınin iki dəfə azaldılmasını əsas vəzifə kimi müəyyən etmişlər. Mötəbər beynəlxalq tədbirlərdə yoxsulluğun azaldılması ilə əlaqədar irəli sürülən bu tövsiyələri nəzərə alan ümummilli lider Heydər Əliyev Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı hazırlamaq üçün 2 mart 2001-ci il tarixli, 636 saylı sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq müvafiq Dövlət Komissiyası və işçi qrupu yaradılaraq yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı hazırlamışdır. Bu proqramda dövlətin əsas vəzifəsi iqtisadi islahatların əsas istiqamətlərini sosial problemlərin həlli istiqamətləri ilə əlaqələndirməkdən, bazar iqtisadiyyatının tələblərinə cavab verən sosial müdafiə sisteminin formalaşdırılmasından, məşğulluq səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. Proqramda 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçiriləcək strateji tədbirlər müəyyən olunmuş, Azərbaycandakı mövcud yoxsulluq səviyyəsi və onun müxtəlif aspektləri təhlil edilmiş, yoxsulluğun azaldılması məqsədilə sosial-iqtisadi islahatların əsas istiqamətləri müəyyənləşdirilmiş, əhalinin həssas qruplarının, ilk növbədə, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ön plana çəkilmişdir.

 

İsa ALIYEV,

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru,

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar

İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru  

 

Xalq qəzeti.-2008.-14 dekabr.- S.4.