Heydər Əliyev Azərbaycanın idman
nailiyyətlərini beynəlxalq
səviyyəyə qaldırdı
Azərbaycanın
müstəqilliyini qoruyub saxlayan, möhkəmləndirən, əbədi
edən ümummilli lider Heydər Əliyevin ölkəmizin
bütün sahələr üzrə inkişaf yoluna qədəm
qoymasında xidmətləri əvəzsizdir. İndi müstəqil
Azərbaycanın dünya miqyasında böyük nüfuza
malik olması, mövqelərinin getdikcə möhkəmlənməsi
məhz ulu öndərin uzaqgörən daxili və xarici siyasətinin
nəticəsidir.
Müstəqilliyini
yeni qazandığı illərdə respublikamızın
bütün sahələrində vəziyyət olduqca
acınacaqlı idi. O dövrdə hakimiyyətdə olanlar
ölkəni siyasi böhrandan çıxarmaq əvəzinə
daha da gərginləşdirirdilər. Dövlət idarəçiliyində
naşı olanların bir-birinin ardınca buraxdıqları
kobud səhvlər müstəqil Azərbaycanı beynəlxalq
aləmdən təcrid edirdi. Başı daxili münaqişələrə
qarışmış dövlət məmurları ətraflarına
qeyri-qanuni silahlı dəstələr toplayaraq yalnız
özlərini və topladıqları var-dövləti
qorumaqla məşğul idilər. Həyatımızın
inkişafı, insanların sağlamlığı, xarici
dövlətlərlə əlaqələrin
yaradılmasında və inkişafında ən yaxşı
vasitə olan idman da büsbütün unudulmuşdu. Hakimiyyətdə
olanların idmana münasibəti son dərəcə
aşağı səviyyədə idi. Onlar sanki unudurdular ki,
idman dostluq və əməkdaşlıq sahəsində əlaqə
yaratmaq üçün ən yaxşı siyasətdir.
Bədən tərbiyəsi
və idmana laqeyd münasibət tanınmış idmançıların
və məşqçilərin
xarici ölkələrə
üz tutmalarına gətirib çıxarırdı.
Azərbaycanın adlı-sanlı idmançıları
müxtəlif ölkələrin
bayraqları altında
yarışlara çıxır,
məşqçilərimiz üçün doğma respublikamızda idmançı yetişdirməyə
şərait yaradılmırdı.
Məlumdur ki, Azərbaycan qədim idman tarixinə, ənənəsinə malik
ölkələrdən biridir.
İdmançılarımız həmişə İttifaq,
Avropa və dünya miqyaslı turnirlərdə uğurla
çıxış edərək
fəxri kürsünün
ən yüksək pilləsinə qalxıblar. Bunu yüksək dəyərləndirən
Heydər Əliyev çıxışlarının birində demişdi: “Xalqımız, millətimiz
genetik xüsusiyyətlərinə
görə fiziki cəhətdən sağlam
insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla
bərabər Azərbaycan
xalqına, millətinə
xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır.
Keçmiş dövrlərdə
də, əsrlərdən
- əsrlərə pəhləvanlarımız
da, güləşçilərimiz
də, oxatanlarımız
da, fiziki imkanlarını cürbəcür
oyunlarda nümayiş
etdirənlərimiz də
olubdur. Ancaq məlum olan səbəblərə görə
bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır”.
Müstəqilliyimizin ilk
illərində bədən
tərbiyəsi və
idmana münasibət çox aşağı səviyyədə idi. İdman meydançaları
və zalları, idman avadanlıqları baxımsızlıq ucbatından
dağılıb məhv
olmaq dərəcəsinə
çatmışdı. Azərbaycanın
ən böyük stadionu ayrı-ayrı adamlar arasında bölünərək, müxtəlif
bazarlar, dükanlar, yeməkxanalar yaradılmışdı.
Bu, idman həvəskarlarını hiddətləndirsə
də heç nə etmək mümkün deyildi. Yalnız ulu öndərin yenidən hakimiyyətə
qayıdışından, qətiyyətindən,
idmanın inkişafına
xüsusi diqqət göstərməsindən sonra
qısa müddət ərzində stadionda təmizləmə işləri
aparıldı və idmançıların ixtiyarına
verildi.
Heydər Əliyev
1993-cü ildə yekdilliklə
prezident seçildikdən
az sonra Azərbaycanın tanınmış
idmançılarını, qabaqcıl idman xadimlərini qəbul etdi. O, bütün problemlərlə yaxından
tanış oldu. Bildirdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdır.
Çünki onlar beynəlxalq miqyasda ölkəmizin idman şərəfini qoruyur, Azərbaycanı dünya miqyasında tanıdır,
bayrağımızı yüksəkliyə
qaldırır, dövlət
himnimizin səsləndirilməsinə
nail olurlar. Ona görə də idmanın inkişafına geniş imkanlar yaradılmalıdır.
İstedadlı, bacarıqlı
idmançıların beynəlxalq
turnirlərdə, olimpiya
oyunlarında iştirakına
şərait yaradılmasını
başlıca vəzifələrdən
biri kimi qarşıya qoydu.
Beynəlxalq yarışların
Azərbaycanda keçirilməsi,
bununla da ölkəmizin beynəlxalq
aləmdə tanınması
da vacib məsələlərdən biri
kimi qeyd edildi. Bir il
sonra– 1994-cü ildə
isə Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası
və Avropa Olimpiya Komitəsinin prezidentlərini Azərbaycanda
qəbul etməklə
ölkəmizdə olimpiya
hərəkatının genişlənməsinə
təkan verdi. Bir qədər sonra isə Azərbaycan Gənclər və İdman Nazirliyinin yaradılması haqqında
sərəncam imzaladı.
Bununla da gənclərin idmana cəlb olunması, yeni perspektivli idmançıların yetişdirilməsi
üçün möhkəm
baza yaradıldı. İdmanın inkişafını
daim diqqətdə saxlayan ümummilli lider Əl oyunları
sarayında idman oyunlarına baxış keçirilən
zaman demişdi: “İndi müstəqil Azərbaycanda idmanın inkişafı, bədən
tərbiyəsinin geniş
yayılması üçün
daha çox imkan yaradılmışdır.
Bu imkanlardan Azərbaycan vətəndaşları
səmərəli istifadə
etməkdədirlər... Biz indi müstəqil bir dövlət kimi dünya miqyasında keçirilən bütün
ictimai, mədəni, siyasi tədbirlərdə
iştirak edirik və bu baxımdan,
Azərbaycan idmançılarının
müxtəlif beynəlxalq
idman yarışlarında
iştirak etməsi respublikamız üçün
çox əhəmiyyətlidir”.
Yeni inkişaf
mərhələsinə keçid
dövrünə qədəm
qoyulmasına baxmayaraq,
müəyyən çətinliklər
olsa da, idmanın inkişafı üçün tələb
olunan vəsaitin ayrılmasında hər hansı problem yaranmırdı. O ərəfədə
ölkəmizdə səfərdə
olmuş Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrini qəbul edən ümummilli lider Azərbaycanda boksun vəziyyəti, onun inkişafı, perspektivləri barədə
ətraflı fikir mübadiləsi aparmışdır.
Ə.Çoudri qısa
vaxt ərzində idman sahəsində görülmüş işləri,
inkişafı yüksək
qiymətləndirmiş və
boksun inkişafı üçün
əlindən gələni
əsirgəməyəcəyini bildirmişdi.
Azərbaycan boksçularının
Avropa, Dünya və Olimpiya oyunlarında fəxri kürsünün ən yüksək pillələrinə
yüksəlmələri, Azərbaycan
bayrağının bütün
dövlətlərin bayraqlarından
yüksəyə qaldırmaları
və Dövlət himnimizin səsləndirilməsi
ulu öndərin idmana
hədsiz qayğısının
təzahürü idi.
Onu da qeyd edim
ki, Sidney oyunlarına beş lisenziya qazanan boksçularımız ölkənin
idman şərəfini
ləyaqətlə qorudular
və ilk olimpiya medalını qazandılar. Ümummilli lider respublikada idmanın, Olimpiya hərəkatının ən
böyük pərəstişkarı
və təbliğatçısı
idi. Ən böyük nailiyyət də
Sidneydə keçirilən
XXVII Yay Olimpiya Oyunlarında qazanıldı.
İdmançılarımız iki qızıl və bir bürünc
medal qazanaraq 199 ölkə arasında Azərbaycanı 34-cü pilləyə
qaldırdılar. İdmançılarımızı
daha da ruhlandıran,
onların qələbədən-qələbəyə can
atmalarına mənəvi
ruh verən ulu öndər olimpiyaçıları qəbul
edərək sevinclə,
qürurla dedi: “Siz bizə sevinc
gətirmisiniz. Siz bizim xalqımızda böyük ruh yüksəkliyi yaratmısınız.
Siz Azərbaycan xalqının, Azərbaycan
övladlarının nəyə
qadir olduğunu bütün dünyaya nümayiş etdirmisiniz. Sizə bir daha
təşəkkür edirəm.
Sizi bir daha təbrik edirəm”.
Ümumiyyətlə, ulu öndərin qayğısı
sayəsində Azərbaycan
idmançıları adlı-sanlı idman yarışlarında 1019 medal
qazanıblar. Bu, çox böyük nailiyyətdir.
1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən
sonra Azərbaycan idmanında əsaslı dönüşün bünövrəsi
qoyuldu. Dünya və Avropa çempionatlarının və
turnirlərinin Bakıda
keçirilməsinə start
verildi. Məhz cənab İlham
Əliyevin təşəbbüsü
ilə ölkəmizdə
Olimpiya idman komplekslərinin tikintisinə
başlandı. Hazırda
bu iş uğurla davam etdirilir. İndi respublikamızın müxtəlif
regionlarında, hətta
cəbhə bölgələrində
də beynəlxalq standartlara uyğun Olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir.
Ağdam rayonundan sonra Füzuli rayonunda da belə
bir kompleksin tikintisi planlaşdırılıb.
Ən müasir
idman ləvazimatları
ilə təchiz olunmuş, beynəlxalq standartlara uyğun Olimpiya idman komplekslərinin tikintisi Azərbaycanda idmana olan marağı daha da artırdı.
Dünyanın ən mötəbər yarışlarının
Bakıda keçirilməsi
bir daha təsdiqləyir ki, Azərbaycan idman sahəsində qazandığı
müvəffəqiyyətlərə görə artıq dünya miqyasında sayılıb-seçilən dövlətlərdəndir.
2016-cı ildə Olimpiya oyunlarının Azərbaycanda
keçirilməsi barədə
Azərbaycan Prezidenti,
MOK-un prezidenti cənab İlham Əliyevin təşəbbüslə
çıxış etməsi
ölkəmizdə idmanın
sürətlə inkişaf
etməsindən xəbər
verir. Bu gün dünyanın ən güclü idmançılarının Azərbaycan
idmançılarından ehtiyat
etməsi ümummilli liderin idmana olan diqqətinin və möhtərəm Prezidentimiz tərəfindən
uğurla davam etdirilən siyasətin nəticəsidir. Möhtərəm
Prezidentimiz idmanın inkişafını gənclərin
gələcəyi, millətin
gələcəyi üçün
vacib hesab edərək deyib: “Bizim arzumuz budur
ki, Azərbaycanın hər bir guşəsində
idmanla məşğul
olmaq üçün
lazımi şərait
yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını
yüksək səviyyəyə
qaldıra bilsin. Bizə sağlam millət, sağlam xalq lazımdır”.
Ağacan ABİYEV,
Bədən Tərbiyəsi və İdman
Akademiyasının rektoru, professor,
MOK-un baş katibi,
Milli Məclisin deputatı
Xalq qəzeti.-2008.- 14 dekabr.- S.5.