Əbədiyaşar şəxsiyyət
Türk dünyasının liderlərindən biri Azərbaycanın böyük oğlu dövrümüzün qüdrətli və nüfuzlu siyasətçisi, müstəqil respublikamızın banisi Heydər Əliyev siyasəti zəfər çalmışdır.
Onun ideyaları, düşüncələri həyatımızda yaşayır. 15 il əvvələ səyahət etsək, ən yeni tariximizin qarmaqarışıq mənzərəsi, ümidsiz və çarəsiz anlarımız, gələcəyimizin məhv olma təhlükəsi gözlərimiz önünə gəlir. Belə ağır və böhranlı şəraitdə ulu öndərin böyük cəsarət, iradə nümayiş etdirərək hakimiyyətə qayıtması, xalqımızı fəlakət və faciələrdən xilas etməsi tarixmizin şanlı səhifələrindən biridir. Məlum olduğu kimi, tarixdə nadir şəxsiyyətlər çox olub. Ağlı, zəkası ilə dünyanı heyrətə gətirən insanlar həmişə mənsub oduğu ölkəyə şan-şöhrət gətirmişdir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyətdir. Onun Azərbaycan xalqı qarşısında misli görünməmiş tarixi xidmətləri var. O, müdrik rəhbər, uzaqgörən siyasətçi kimi dünya ölkələrinin başçıları arasında böyük nüfuz qazanmışdır.
Heydər Əliyevi xatırlayan Vladimir Putinin belə bir fikir söylədiyi yaxşı yadımdadır: “Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz işlər görmüşdür. Onu heç vaxt unutmaq olmaz. Qoy, azərbaycanlılar məndən inciməsinlər. Heydər Əliyev Azərbaycan çərçivəsinə sığan siyasətçi deyildi. O ümumbəşəri bir siyasətçi idi”. O, Azərbaycanı, öz xalqını çox sevirdi, ölkəsini dünyanın ən inkişaf etmiş dövləti səviyyəsində görmək istəyirdi: “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deməsi onun Azərbaycana necə bağlı olduğunu sübut edir. Heç də təsadüfi deyildir ki, Moskvada ulu öndəri qəbul etməyə hazırlaşan Boris Yeltsində həyəcan hissi duyulurdu. O, bu görüşün məsuliyyətli olduğunu anlayırdı. Heydər Əliyev çox qətiyyətli insan idi. Hansı addım atacağını öncədən dərk etmək asan deyildi. Onun fəaliyyətini təhlil etmək, bu barədə fikir yürütmək üçün bir çox dərin elmi və politoloji axtarışlar aparmaq gərəkdir.
Ümummilli liderin zəkasını ən yüksək düşüncələrlə qidalandıran onun ürəyi və ruhu idi. Hər şeydən əvvəl, həssas ürək və idrak sahibi idi. Daim hər şeyi nəzarətdə saxlayırdı. Təbiətdə əbədi bir nizam olan kimi, bu böyük insanın da daxili aləmində müstəsna bir harmoniya hökm sürürdü. Bu ruhun, qəlbin, beynin qarşılıqlı tarazlığı, müvazinətidir. Böyük şəxsiyyət zamanın dinləyicisi, seyrçisi, müşahidəçisi olmaqla yanaşı, həm də tarixin yaradıcısı idi, Cəmiyyətdə böyüklü-kiçikli elə mühüm hadisə yox idi ki, ulu öndər orada iştirak etməsin və yaxud sözünü deyib, münasibətini bildirməsin. Bu müstəsnalıq dəst-xətti kimi, cəmiyyət hadisələrinə diqqət, nəzarət, qayğı olmaqla, həm də dahi şəxsiyyətin öz zehnini aktiv fəaliyyətdə saxlayan olduqca önəmli bir amildir. Yaddaşının dərinliyi isə ulu öndərin öz-özlüyündə alternativ düşüncələrə açıq olduğunun təzahürüdür, bu da beyinin çoxtərəfli və gərgin fəaliyyətinə güvənir. İctimai sosial həyatın bütün sahələrində yüksək məlumatlılığı, biliyi və tələbkarlığı Heydər Əliyevin özünün özünə qarşı çox tələbkar olduğunu sübut edir. Bu da onu təsdiq edir ki, ulu öndər yalnız siyasət aləminin deyil, bütün sahələrin yüksək məlumatlı insanıdır. Bu xüsusiyyətlərin bir insanda cəmləşməsi isə həqiqətən fövqəladəlikdir.
Heydər Əliyev cənablarının tarixi xidmətlərindən biri də respublika səhiyyəsinin inkişaf etdirilməsi məqsədilə apardığı məqsədyönlü işlərdir. Bu baxımdan həyata keçirilən bir çox islahatların ilk müəllifi də məhz onun özüdür. Səhiyyə sahəsində aparılan islahatlar indi öz bəhrəsini verməkdədir. Hazırda respublika səhiyyəsi əbədi liderimiz Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində sürətlə inkişaf etməkdədir.
Onun səhiyyədə apardığı islahatları davam etdirən Prezident İlham Əliyev Azərbaycan səhiyyəsində səmərəli işlər həyata keçirir. Sovet dövründə tikintisi yarımçıq qalan tibb obyektlərinin istifadəyə verilməsi reallaşmışdır. Hazırda oftalmologiya kompleksi tikilib istifadəyə verilmək üzrədir. Bu dövr ərzində bir çox səhiyyə obyektləri bərpa olunmuş, yeni-yeni tibb müəssisələri inşa edilmişdir. Müasir tibb avadanlıqları xalqın istifadəsinə verilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu işdə ona böyük köməklik göstərir, mühüm sosial problemlərin aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirir.
Bütün bunlar ulu öndər Heydər Əliyev siyasətinin zəfərinin sübutudur. Heydər Əliyev siyasəti, Heydər Əliyev ideyaları ölməzdir, əbədidir.
Kərəm KƏRİMOV,
Akademik Zərifə Əliyeva adına
Azərbaycan Elmi Tədqiqat
Göz
Xəstəlikləri İnstitutunun
professoru, Türk Dünyası
Araşdırmaları Dövlətlərarası
Elmlər
Akademiyasının
akademiki
Xalq qəzeti.-2008.- 14 dekabr.- S.6.