Tələbələr əlil körpələrə sevinc
bəxş etdilər
Azərbaycan Dövlət
İqtisad Universitetinin tələbələri paytaxtın və
ölkənin ictimai-siyasi həyatında daim fəal
iştirak edirlər. Müxtəlif seçki
kampaniyalarında, gənclərlə bağlı elmi-texniki,
idman və mədəni tədbirlərdə, bayram və əlamətdar
günlərdə təşəbbüskarlıqla
çıxış edən tələbələr
qayğıya ehtiyacı olan soydaşlarımızı da
unutmurlar. 2008-ci ilin başa çatması ərəfəsində,
Əlillər günü və Qurban bayramı münasibəti
ilə keçirilmiş mərhəmət xarakterli tədbir
də bunu aydın göstərdi.
Əmtəəşünaslıq
fakültəsinin 408-1-ci qrupunun tələbələri Yeni il
ərəfəsində paytaxtın Nizami rayonundakı kar
uşaqlar üçün 3 saylı xüsusi internat məktəbində
təhsil alan əlil körpələrin qonağı oldular. Direktor
Bahar Kərimova bu qəbildən olan uşaqlara dövlətin
göstərdiyi qayğıdan, paytaxt ictimiyyətinin fiziki cəhətdən
qüsurlu olan uşaqları tək qoymadığından
danışdı. 333 uşağın oxuduğu məktəbdə
yüksək səliqə-sahman var idi.
Tələbə Gənclər
Təşkilatının sədr müavini Mirəli Mahmudov
qrup yoldaşları Rəşad, Anar, Vaqif, Orxan və
Vüqarın köməyi ilə gətirdikləri müxtəlif
hədiyyə və sovqatları uşaqlara payladılar. Direktor
müavinləri Günay Ağayeva və Sevda Rzayeva xüsusi
qayğıya ehtiyacı olan körpələrlə işin
yüksək səviyyədə təşkil edildiyindən
söz açdılar. Biz internat məktəbində olanda əlil
uşaqlar (bir növbədə 118 nəfər idilər) nahar
edirdilər. Ona görə də tələbələrdən
Günel Atakişiyeva, Günel Məlikzadə, Pərviz və
Xalid cəmi bir neçə dəqiqəliyə kar
uşaqların müəllimlərinin köməkçisinə
çevrildilər. Təqvim ilinin başa çatması ərəfəsində
irəli sürdüyümüz bu təşəbbüs və
mərhəmət tədbiri fakültə dekanlığı
tərəfindən yüksək qiymətləndirildi.
Natiq QAÇAYEV,
ADİU-nun tələbəsi
Xalq qəzeti.-2008.-14 dekabr.- S.6.