Azərbaycan 2009-cu ildə də sürətlə inkişaf edəcək

 

Ölkəmiz bu gün iqtisadi inkişafına, milli maraqların qorunması istiqamətində atılmış cəsarətli addımlara, Avropanın enerji təhlükəsizliyindəki iştirakına görə qloballaşan dünyada lider dövlətə çevrilmişdir. Son beş ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirməklə bunu aydın görə bilərik. Sözügedən dövrdə Azərbaycanda ümumi daxili məhsul istehsalı 5,8 dəfə, adambaşına düşən məhsul 5,5 dəfə artmışdır. Gələn il də ümumi daxili məhsulun yüksək sürətlə artacağı, qeyri-neft sektorunda ümumi daxili məhsulun artım sürətinin 10 faizdən çox olacağı gözlənilir. Bütün bunlar isə onu göstərir ki, respublikada qeyri-neft sektorunun inkişaf istiqamətində böyük irəliləyişə nail olunmuşdur.

Respublikamızda adambaşına düşən ümumi daxili məhsulun ildən-ilə artması son beş ildə yoxsulluğun səviyyəsinin 49 faizdən 16 faizə enməsinə, əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Bununla əlaqədar Prezident İlham Əliyev demişdir: “2003-2008- ci illərdə Azərbaycanda minimum əməkhaqqı 8 dəfə artmışdır. İndi Azərbaycanda minimum əməkhaqqı 92 dollardır. Minimum pensiya 4 dəfə artmışdır, bu da 92 dollar təşkil edir. Böyük irəliləyişdir. Amma desəm ki, bu, bizi tam qane edir, səhv edərəm. Yox, qane etmir. Ancaq dinamika çox müsbətdir — 8 dəfə və 4 dəfə. Növbəti illərdə, əlbəttə ki, bu məsələyə həmişə diqqət göstərəcəyik... Beş il ərzində Azərbaycanda orta əməkhaqqı 3,6 dəfə artmışdır. Bu günə orta əməkhaqqı 313 dollardır, ilin sonuna qədər 335 dollara qalxacaqdır. Bu da yaxşı göstəricidir. Bir daha demək istəyirəm ki, beş il ərzində Azərbaycanda orta əməkhaqqı təxminən 4 dəfə artıbdır. Növbəti illərdə daha çox artmışdır...”

Ölkənin valyuta ehtiyatları da son 5 ildə əhəmiyyətli dərəcədə artmışdır. 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1 milyard 600 milyon dollar təşkil edirdi. Bu ilin oktyabr ayında həmin göstərici təxminən 17 milyard dollar olmuşdur. Təbii ki, bu rəqəm sürətlə artacaq və enerji layihələrindən daxil olacaq gəlirlərlə Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir.

Azərbaycanda sosialyönümlü siyasət strategiyasına üstünlük verilməsi bir tərəfdən insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bəşər cəmiyyəti sivilizasiyasının yüksək mərhələsinə çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılmalı, həmin insanların sosial tələbatının ödənilməsi bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilməlidir. Büdcədən maliyyələşən təşkilatlarda məvaciblərin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması da deyilənlərin əyani təcəssümüdür.

Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının icrasıdır. “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, respublikamızda hazırda 600 minə yaxın insan dövlətin ünvanlı sosial yardım proqramından yararlanmaq imkanı qazanmışdır. Dövlət başçımızın bununla əlaqədar fikirlərinə diqqət yetirək: “Ünvanlı sosial yardım artıq 600 min nəfərə verilir. Azərbaycanda 600 min insan hər ay dövlətdən pul alır. Orta hesabla, hər ailəyə 122 dollar pul verilir. Yəni bu, dövlətin o insanlara qayğısıdır. Onlar aztəminatlı insanlardır, hələ ki, həyatda özləri üçün yaxşı şərait yarada bilməyiblər. Onları günahlandırmaq lazım deyil və olmaz. Müəyyən səbəblər ola bilər...”

Prezident İlham Əliyevin yeritdiyi sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlət başçısı sosial ədalət prinsipinin cəmiyyətdə bərqərar olması vacibliyini dəfələrlə önə çəkmişdir: “Bu gün biz öz işimizi bazar iqtisadiyyatı prinsipi əsasında qururuq. Ancaq bununla bərabər, sosial ədalət prinsipləri də tam şəkildə təmin olunmalıdır... Heydər Əliyevin siyasətinin əsas istiqamətləri məhz bunlar idi. Azərbaycanda sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. İnsanları narahat edən problemlər aradan qaldırılmalıdır. Biz hamımız insanlara böyük diqqət və qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən tutmuş onun yerlərdəki nümayəndələrinə qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli inkişafı, əlbəttə ki, həm ölkəmizi gücləndirəcək, həm yeni iş yerlərinin açılmasına imkan yaradacaq və insanların yaşayış səviyyəsini yaxşılaşdıracaqdır”.

Respublikamızın ötən beş ildə dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitlərin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardır. Azərbaycan Prezidentinin hələ 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004—2008-ci illər)” son beş ildə xüsusilə aktual olmaqla Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun yüksəlişi, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar ötən beş ildə regionlarımızın sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə ciddi zəmin yaratmışdır. Respublikamızın mərkəzində olduğu kimi, rayonlarda, kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial infrastruktur problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ölkəmizin sosial-iqtisadi yüksəlişindəki müstəsnalığını daha aydın şəkildə qiymətləndirən Prezident İlham Əliyev ötən beş ildə Azərbaycanın ayrı-ayrı bölgələrinə dəfələrlə səfərlər etmiş, verdiyi tapşırıqların icra vəziyyəti ilə yerindəcə tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Proqramın ən uğurlu cəhətlərindən biri də son beş ildə ölkədə 740 mindən çox yeni iş yerinin açılması olmuşdur. Nəticədə rayonlardan paytaxta və digər iri şəhərlərə axın prosesi səngimişdir.

Ölkəmizin dinamik inkişafından danışarkən, bir məqama da xüsusi diqqət yetirmək istərdim. Bu da büdcə siyasəti ilə bağlıdır. Azərbaycanda son illər büdcə layihələri hazırlanarkən sosial-iqtisadi siyasətə əsaslanan prinsipial müddəalar əsas götürülür. Bunların sırasında Azərbaycan iqtisadiyyatında baş verən müsbət meyllərin gücləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin, iqtisadi qüdrətinin artırılması kimi mühüm məqamlar vardır.

Son illər hazırlanan büdcələr sosialyönümlülüyü ilə diqqəti çəkir. Gələn ilin dövlət büdcəsi də bu xarakterli olacaq. Belə ki, bir müddət əvvəl Milli Məclisdə təsdiq edilən 2009-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya 4 milyard 24 milyon manat proqnozlaşdırılmışdır. Bu da 2008-ci illə müqayisədə 24,4 faiz çoxdur.

Dövlət büdcəsi 2003-cü ildə 1 milyard 200 milyon dollar idi. Bu il isə Azərbaycanın icmal büdcəsi 15 milyard dollardan çoxdur. Proqnozlara görə, 2009-cu ildə icmal büdcə 17-18 milyard dollar təşkil edəcəkdir.

Onu da xatırladaq ki, dövlət büdcəsində investisiya xərcləri də ildən-ilə artırılır. Ayrılmış vəsait regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məqsədlərin gerçəkləşdirilməsinə, ilk növbədə, infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir. Əgər bir vaxtlar kimlər üçünsə Qubanın Xınalıq kimi ucqar dağ kəndinə magistarl yolun çəkilişi, yaxud da keçmiş sovetlər birliyinin iqtisadi cəhətdən ən qüdrətli çağında belə mavi yanacaq üzü görməyən Lerik və Yardımlı rayonlarına təbii qazın verilməsi əfsanə kimi görünürdüsə, bu layihələr ötən beş ildə uğurla başa çatdırılmışdır. Uzun illik fasilədən sonra kontinental iqlimi — sərt qışı ilə tanınan Naxçıvanın təbii qazla təmin olunması da bu baxımdan xüsusi vurğulanmalıdır...

Ölkəmizdə qlobal enerji layihələri də uğurla həyata keçirilir. Hazırda Bakı—Tbilisi—Qars dəmir yolu kimi mühüm, beynəlxalq səviyyəli nəqliyyat və infrastruktur layihəsinin reallaşdırılmasına başlanılmışdır. Bu da, heç şübhəsiz, uzun müzakirələrin, xüsusən də, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur. Bununla əlaqədar cənab İlham Əliyevin dedikləri xüsusi maraq doğurur: “...Bu da layihə kimi qala bilərdi. Əgər tədbirlər görülməsəydi, maliyyə məsələləri həll olunmasaydı, Azərbaycana Bakı—Tbilisi—Ceyhan, Bakı—Tbilisi-Ərzurum neft-qaz kəmərlərindən əldə edilmiş gəlirlər gəlməsəydi, biz 200 milyon dollardan çox krediti necə verə bilərdik? Heç vaxt! Nəyin bahasına verə bilmişik? Bax, bu layihələrin icrası nəticəsində! Bax, bu layihələr, neft-qaz layihələri başqa layihələrin icrasına gətirib çıxarıb, Azərbaycanın müstəqilliyini möhkəmləndiribdir. Bakı—Tbilisi—Qars dəmir yolu o layihələrdəndir ki, Azərbaycanın uzunmüddətli iqtisadi və siyasi maraqlarını təmin edəcəkdir. Mən çox şadam ki, layihə icra olunmağa başlamışdır və şübhə etmirəm ki, biz bunun tikintisinə vaxtında nail olacağıq...”.

Bütün bunlarla yanaşı, ölkə daxilində də nəhəng infrastruktur layihələrinin reallaşdırılmasına başlanılmışdır. Bakını təmiz su ilə təchiz edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hazırda uğurla aparılır və gələn il istismara verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa Samur-Abşeron su kanalı, Taktakörpü su anbarının inşası davam etdirilir. Son beş ildə Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran hava limanları istifadəyə verilmişdir. Hazırda Bakını üç sərhədlə birləşdirən avtomobil yolları salınır. Şəhərlərarası, kənd yolları yenidən, müasir standartlara uyğun qurulur.

Bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata keçirilməsi, yolların abadlaşdırılması, eyni zamanda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tikintisi, mədəniyyət və incəsənət abidələrinin, muzeylərin, idman saraylarının bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuşdur.

Hazırda ölkədə diqqət yetirilən məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Respublikada əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Son illər əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir. Artıq kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tam daxili istehsal hesabına ödənilməklə Azərbaycan bu sahədə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Hazırda respublikamızdan 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac olunur.

Azad bazar iqtisadiyyatı şəraitində qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir sıra problemlərin həlli, şübhəsiz, sahibkarlığın inkişafından keçir. Bu baxımdan Azərbaycan Prezidentinin iş adamlarının fəaliyyətinə verdiyi yüksək dəyər olduqca sevindiricidir. Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən dövlət başçısı respublikanın sosiaq-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir, hökumət strukturları ilə iş adamlarının sağlam əməkdaşlıq etməsini zəruri sayır. Qısa müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Yuxarıda qeyd edilən uğurlar yaxın gələcəkdə Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan iqtisadi inkişafın dinamikasını, sosial tərəqqiyə xidmət edən mükəmməl konsepsiyaların həyata keçirilməsində yeni mərhələnin əsasının qoyulduğunu göstərir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .- 2008.- 16 dekabr.- S.1.