Heydər Əliyev Azərbaycanın davamlı inkişaf konsepsiyasının banisidir

 

Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılması sahəsində vahid proqram sənədi hazırlanmışdır ki, bu da ölkədə yoxsulluğun səviyyəsi, onun paylanması və səciyyəvi xüsusiyyətləri haqqında hərtərəfli informasiyanın əldə olunmasına lazımi köməklik edəcəkdir. Məlumatların toplanması üçün mövcud vəziyyəti təkmilləşdirmək məqsədi ilə Dövlət Statistika Komitəsi (DSK) tərəfindən həyata keçirilən ev təsərrüfatlarının büdcə müayinəsinin tədqiqi bu sahədə müəyyən müsbət dəyişikliklər yaratmışdır. Belə ki, 2001-ci ilin sonundan etibarən Dövlət Statistika Komitəsi ölkə üzrə adambaşına gəlirlər və xərclərin orta səviyyəsinə görə yeni müayinə üsulu ilə əldə edilmiş dövrü statistikaya malik olmuşdur.

Azərbaycanda yoxsulluğun qiymətləndirilməsi üçün DSK xarici ekspertlərlə birlikdə 2001-ci ildə 8 mindən çox ailədə ev təsərrüfatının müayinəsıni keçirmişdir. Müayinə zamanı aparılan sorğunun nəticələrinə görə ayda adambaşına düşən gəlirin 24 AzN-dən (və ya 25,8 ABŞ dollarından) aşağı olması mütləq yoxsulluq, gəlirin 14,4 AzN-dən (və ya 15,5 ABŞ dollarından) aşağı olması isə nisbi yoxsulluq həddi kimi müəyyənləşdirilmişdir.

2001-ci ilin hesablamalarına görə ölkə əhalisinin 49 faizi mütləq yoxsulluğ həddində, 17 faizi isə nisbi yoxsulluğ vəziyyətində yaşadığı müəyyən edilmişdir.

Son dövrlər aparılan ciddi sosial-iqtisadi islahatlar və həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində respublikada yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2007-ci ildə 16 faizə enmişdir. Yoxsulluğun azaldılmasında bu illər ərzində yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər də mühüm rol oynamışdır. Eyni zamanda, müşahidələr göstərir ki, yoxsulluq səviyyəsi regionlarda daha yüksəkdir ki, bu da regionlarda məşğulluq səviyyəsinin aşağı olması ilə əlaqədardır. Bu səbəbdən kənd və qəsəbələrdə işsiz qalan insanlar iş axtarmaq üçün böyük şəhərlərə üz tuturlar. Regionlardan böyük şəhərlərə əhalinin kütləvi axını urbanizasiya prosesinin tənzimlənməsində çətinliklər əmələ gətirir. Tənzimlənməyən urbanizasiya nəticəsində kəndlər boşalır, iri şəhərlərdə isə əhali sıxlığı yaranır. Bu problem dünyanın bir çox ölkələrində mövcuddur. Məsələn, Moskva şəhərində 1 kvadratkilometr ərazidə 90 min, Nyu-York şəhərində 10 min, Parisdə 12 min, Tokioda 14 min, Honkonqda isə 1.500 min adam yaşayır. Qeyd edilən faktlar onu göstərir ki, yeni iş yerlərinin əksəriyyətinin regionlarda açılması daha zəruridir.

Bu müddət ərzində ölkə başçısının tapşırığı ilə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafa dair, 2008-2015-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanmışdır. Proqramın həyata keçirilməsi nəticəsində 2015-ci ilə qədər ölkədə yoxsulluq səviyyəsinin inkişaf etmiş ölkələrdəki həddə çatdırılması planlaşdırılmışdır.

Bütün bunlarla yanaşı yoxsulluğun aradan qaldırılması istiqamətində müəyyən problemlər hələ də qalmaqdadır. Məsələn, yoxsulluq statistikasının əsas göstəricilərinin hazırlanması üçün yeni məlumat mənbələrindən istifadə edilməsi, hazırda yoxsulluq həddinin müəyyən edilməsində və əhalinin hansı təbəqələrinin yoxsul hesab olunmasında razılığın əldə olunmasını bir qədər çətinləşdirir. Bu çətinlik əsasən yoxsulluq həddinin, yəni yoxsul hesab edilən əhalinin müəyyənləşdırilməsi zamanı beynəlxalq praktikada istifadə olunan göstəricilərin tapılması zamanı daha qabarıq şəkildə özünü büruzə verir. Yeni müayinə məlumatları yoxsulluğun məhz sistemli şəkildə tədqiq edilməsi üçün kifayət qədər informasiya mənbəyidir. Bu tədqiqatın nəticələri yoxsulluğun izlənilməsi imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, xüsusilə monetar göstəricilərə əsaslanan nəticələr əldə edilməsinə imkan verəcəkdir. Yoxsulluğun infrastruktur imkanları səhiyyə, təhsil, mədəniyyət və s. kimi qeyri-monetar göstəricilərin hazırlanması və onların müntəzəm nəşri mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunduğu kimi, yoxsulluq səviyyəsinə təsir edən mühüm amillərdən biri də ölkədə təhsilin səviyyəsidir, daha doğrusu, təhsilə dair göstəricilərdir. Hazırda Azərbaycan Respublikasının təhsil sektorunda 15-ə yaxın inkişaf proqramı həyata keçirilməkdədir. Bu proqramlar yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin müasir tələbata uyğun yenidən qurulması və əsaslı təmiri, məktəblərin kompyuterləşdirilməsi, müasir tədris avadanlıqları və dərsliklərlə təmin olunması və s. məsələləri əhatə edir. Həyata keçirilən proqramlar nəticəsində 2004- 2007-ci illər ərzində 254 min şagird yeri olan 1217 yeni məktəb və əlavə korpuslar tikilərək istifadəyə verilmişdir. Bundan başqa, ölkədə Bolonya prosesinə qoşulmağa dair qərar verilmişdir. Bu isə Avropa ali təhsil məkanına inteqrasiya üçün ardıcıl tədbirlərin həyata keçirilməsini tələb edir.

Eyni zamanda, Azərbaycan Respublikasında “2007-2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqram çərçivəsində, artıq onlarla gənc xarici ölkələrdə nüfuzlu universitetlərə təhsil almağa göndərilir. Bütün bunlar ümumilikdə cəmiyyətin elmi, intellektual və mədəni səviyyəsini yüksəltməklə, yoxsulluğun azaldılması istiqamətində aparılan işləri daha da gücləndirir.

Azərbaycanda yoxsulluğun azaldılmasına xidmət edən tədbirlərdən biri də hazırlanmış Dövlət Proqramına uyğun olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşan layihədir. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrası istiqamətində respublikanın bir sıra ali məktəblərində professor-müəllim və tələbə heyətinin məlumatlandırılması” adlanan bu layihənin əsas məqsədi gənclərin yoxsulluq problemi barədə maarifləndirilməsindən ibarət olmuşdur. 2003-2004-cü illəri əhatə edən layihənin icrası zamanı Azərbaycan Respublikasının bir çox aparıcı ali məktəblərində treninq-görüşlər təşkil edilərək əlaqədar mütəxəssislərin iştirakı ilə müzakirələr aparılmışdır.

Bu sətirlərin müəllifinin də “layihə koordinatoru” kimi iştirak etdiyi həmin layihədə YAİİDP-nin əsas mahiyyəti, yoxsulluq və təhsil problemləri, pul-kredit siyasəti və bank sektorunun inkişaf etdirilməsi, yoxsulluğun azaldılması və davamlı insan inkişafının perspektivləri, əmək bazarı və məşğulluq, yoxsulluq və ətraf mühit, sosial müdafiə sistemi və pensiya islahatları, enerji siyasəti və ekoloji təhlükəsizlik və s. istiqamətlər əhatə olunmuşdur.

Ümumiyyətlə, araşdırmalardan aydın olur ki, yoxsulluq göstəriciləri müxtəlif ölkələrdə mübahisəli xarakterə malikdir. Bu göstəricilərin müəyyən olunmasında qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat institutlarının və təhsil müəssisələrinin iştirakı, eyni zamanda həmin göstəricilərin daha da təkmilləşdirilməsi üçün təhlillərin aparılması və ictimaiyyət qarşısında geniş müzakirəsi vacib məsələdir. Əhalinin müxtəlif təbəqələrinin yaşayış standartlarının sürətlə dəyişdiyi bir şəraitdə bu dəyişikliklərin monitorinqinin aparılması yoxsulluq probleminin öyrənilməsi və onun azaldılması prosesində mühüm əhəmiyyət kəsb edir.

2002-ci ilin 25 oktyabrında Bakı şəhərində YAİİDP-nin təqdimatına həsr olunmuş respublika konfransı keçirilmişdir. Konfransda dövlət orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, 156 beynəlxalq təşkilatın nümayəndələri və 26 xarici ölkə təmsilçiləri də iştirak etmişdir. Konfransda iştirak edən ümummilli lider Heydər Əlıyev “Yoxsulluğu azaltmaq və gələcəkdə onu ləğv etmək Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Ümummilli lider öz çıxışında hazırkı şəraitdə Qarabağ münaqişəsinin meydana gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizdə yaradılmış siyasi, sosial və iqtisadi stabilliyin mövcudluğunu konfrans iştirakçılarının nəzərinə çatdırmışdır. Bundan sonra konfransda çıxış edən mütəxəssis və alimlər Dövlət Proqramının strukturu, ölkədə yoxsulluğun azaldılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin əsas istiqamətləri haqqında məlumat vermişdir. Onlar öz çıxışlarında göstərmişlər ki, 2003-2005-ci illəri əhatə edən bu proqramın həyata keçirilməsi nəticəsində 2005-ci il və sonrakı illərdə Azərbaycanda getdikcə yoxsulluq səviyyəsinin azalacağı gözlənilir. 2007-ci ilin statistik məlumatları sübut edir ki, artıq bu gözləntilər özünü doğrultmaqdadır. Belə ki, əvvəldə qeyd olunduğu kimi, yoxsulluğun azaldılması və davamlı insan inkişafının təmin edilməsində respublikada istehsal edilmiş ÜDM artımı əsas şərtlərdən biridir. Azərbaycanda istehsal edilmiş ÜDM-in artım dinamikası yoxsulluğun azaldılması perspektivlərinə inamı artırır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublikada ÜDM əvvəlki ilə nisbətən 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,4 faiz, 2002-ci ildə 2001-ci ilə nisbətən müqayisəli qiymətlərlə 10,6 faiz olmuşdur. Statistik araşdırmalar göstərir ki, 2006-cı ildə 2005-ci ilə nisbətən, ÜDM 34,5 faiz, sənaye məhsulunun həcmi 36,6 faiz, əsas kapitala yönəldilmiş investisiyalar 14,8 faiz, xarıci ticarət dövriyyəsi 36 faiz, əhali gəlirləri 23,4 faiz, orta aylıq əmək haqqı 19,8 faiz və s. artmış, işsizlərin sayı 4,4 faiz azalmışdır. Bütün bunlar ölkənin sürətli iqtısadi inkişaf yolunda olduğunu və yoxsulluğun azaldılması istiqamətində inamla irəlilədiyini bir daha təsdiq edir. 2007-ci ilin statistik məlumatlarına görə isə ölkədə ÜDM 2006-cı ildə 18037,1 milyon manat, əhalinin gəlirləri 9949,8 milyon manat, adambaşına düşən gəlirlər 1189,5 manat, adambaşına düşən ÜDM həcmi isə 2156,4 manata bərabər olmuşdur. 2007-ci ildə ÜDM həcmi 25,2 mlrd. manata, adambaşına düşən ÜDM həcmi isə 3,5 min ABŞ dolları təşkil etmişdir. Bu isə ÜDM miqdarının əvvəlki ilə nisbətən 25 faiz, adambaşına düşən ÜDM-in isə 23,6 faiz artımı deməkdir. Eyni zamanda, baxılan müddət ərzində ölkə üzrə orta aylıq əmək haqqı 42 faiz, əmək pensiyalarının miqdarı isə 76 faiz artmışdır.

Qeyd edilən statistik göstəricilər iqtisadi artımın son illərdə davamlı xarakter daşıdığını göstərir. Beləliklə, ÜDM-in artım dinamikası respublikamızda yoxsulluğun azaldılmasına xidmət edən iqtisadi zəmin yaradıldığını göstərir. 1996-cı ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu genişlənmişdir ki, bu da davamlı insan inkişafının gələcək perspektivlərinə təminat verən amillərdəndir.

Qeyd edək ki, 1994-2001-ci illərdə ölkə iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulmuşdur ki, bunun da 60 faizdən çoxu (6,1 mlrd.dollar) xarici kapitalın payına düşür. Bu da 2001-ci ildə ölkədə istehsal olunmuş ÜDM həcminə bərabərdir. 1996-2001-ci illərdə respublikamızda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin həcminin vergi daxilolmalarında payı 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumiyyətlə 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində dövlət büdcəsinə təqribən 600 mln., sosial müdafiə fonduna isə 400 mln. dollara yaxın vəsait ödəmişlər. Bu tendensiya sonrakı illərdə də davam etdirilmişdir. Xüsusən son illər ölkədə təmin edilmiş iqtisadi və siyasi stabillik Azərbaycan iqtisadiyyatının investisiya cəlbediciliyini xeyli artırmışdır.

Belə ki, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar 1994-cü ildə 150 mln. dollar, o cümlədən 128 mln. maliyyə kreditləri və 22 mln. neft sənayesi üçün; 1995-ci ildə 375.1 mln. dollar, o cümlədən 220.4 mln. maliyyə kreditləri, 139.8 mln. neft sənayesinə qoyulmuş investisiyalar, 14.9 mln. dollarını isə birgə müəssisələr və xarici firmalar tərəfindən qoyulmuş vəsaitlər; 1996-cı ildə 620.5 mln. dollar, yəni 1995-ci ilə nisbətən 245.4 mln. dollar çox; 1997-ci ildə 1307.3 mln. dollar, o cümlədən 196.3 mln. maliyyə-kreditləri şəklində, 780.1 mln.dollar neft sənayesinə, 330.9 mln. dollar isə birgə müəssisələr və xarici firmalar tərəfindən həyata keçirilməklə; 1998-ci ildə 1472 mln. dollar, o cümlədən 120 mln. dollarını maliyyə kreditləri, 460.2 mln dollarını isə birgə müəssisələr və xarici firmalar tərəfindən qoyulmuş investisiyalar; 1999-cu ildə isə 1091.1 mln. dollara bərabər olmuşdur. Ölkə iqtisadiyyatına yönəldilmiş xarıci investisiyaların məbləğı 2000-ci ildə 927, 2001-ci ildə 1091.8, 2002-ci ildə 2234.9, 2003-cü ildə 3371.0, 2004-cü ildə 4575.5, 2005-ci ildə 4893.2, 2006-cı ildə isə 5052.8 mln. dollar təşkil etmişdir ki, bu da 1994-2006-cı illər ərzində Azərbaycan iqtisadiyyatına 27.2 mlrd. dollar xarıci investisiya qoyuluşu deməkdir. 2007-ci ildə ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların miqdarı 6774.8 mln.manat olmuşdur ki, bu da 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 17.8 faiz çoxdur. İnvestisiyaların 3495.9 mln. manatı və ya 51.6 faizi qeyri-dövlət sektorunun, 3278.9 mln.manatı və ya 48.4 faizi isə dövlət sektorunun payına düşmüşdür. 2007-ci il tikinti quraşdırma işlərinə cəlb edilmiş investisiyaların həcmi, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27.1 faiz artaraq 3615.6 mln. manata çatmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin tələbinə uyğun olaraq investisiyaların 5307.2 mln. manatı istehsal təyinatlı obyektlərin, 1467.6 mln.manatı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. İl ərzində iqtisadiyyata qoyulmuş investisiyaların 49.0 faizi və ya 3318.2 mln. manatı qeyri-neft sektorunun inkişafına sərf edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.8 faiz çoxdur. Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 40.4 faizini xarici, 59.6 faizini isə daxili investisiyalar təşkil etmiş və beləliklə də daxili investisiyaların həcmi, ötən ilin müvafiq dövrünə nisbətən 50.7 faiz artmışdır. Bu isə ölkənin investisiya cəlbediciliyini, bir daha təsdiq edir. Hesabat ili ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2736083.1 min manat təşkil etmişdir. Statistik məlumatlardan da göründüyü kimi, Azərbaycan iqtisadiyyatına yerli və xarici mənbələrdən daxil olan investisiyaların miqdarı ilbəil artır ki, bu da, öz növbəsində yoxsulluğun azaldılması və davamlı inkişafın təmin olunmasının əsas amillərindən biridir. Araşdırmalardan aydın olur ki, cəmi investisiyaların 61.6 faizini (4174.6 mln. manat) müəssisə və təşkilatların vəsaiti, 3.7 faizini (249.0 mln. manat) bank kreditləri, 25.3 faizini (1718.2 mln.manat) büdcə vəsaitləri, 5.8 faizini (390.9 mln.manat) büdcədənkənar vəsaitlər, 3.3 faizini (223.6 mln. manat) əhalinin şəxsi vəsaiti və 0.3 faizini (18.5 mln. manat) isə digər vəsaitlər təşkil etmişdir. Eyni zamanda 2007-ci ildə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 2006 -cı ilin müvafiq dövrü ilə müqayisədə 92.8 faiz və ya 2.1 mlrd. manat artaraq 4323.1 mln. manata çatmışdır ki, bunun da 39.9 faizi dövlət, 60.1 faizi isə qeyri-dövlət kredit təşkilatlarının payına düşür. Qeyd edək ki, yoxsulluğun azaldılması əhalinin təkcə pul gəlirlərinin artması və onların ərzaqla təminatının yaxşılaşdırılmasından ibarət deyil. Bütün beynəlxalq sənədlərdə yoxsulluğun azaldılması irəli sürülərkən davamlı insan inkişafının sosial-iqtisadi aspektləri nəzərdə tutulur. Belə ki, insan üçün layiqli və davamlı həyat səviyyəsinin təmin edilməsi ölkədə yoxsulluğun azaldılması və tamamilə ləğv olunması ilə əlaqədardır. Bu baxımdan yoxsulluğun azaldılması dedikdə, əhalinin istehsal ehtiyatlarından, o cümlədən torpaq və su ehtıyatlarından istifadə etməsi, işlə təmin olunması, maddi rifaha nail olunması, təhsil alması, səhiyyə xidmətlərindən normal istifadə etməsi, kommunal və məişət xidmətlərinə olan ehtiyacın ödənilməsi, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və s. problemlərin həllini nəzərdə tutur. Beləliklə, yoxsulluğun aradan qaldırılması geniş məna kəsb edir və çoxcəhətli sosial problemlərin həll edilməsıni qarşıya qoyur. İstər yoxsulluğun azaldılması və davamlı inkişaf haqqında, istərsə də Azərbaycan Respublıkasının iqtisadi nailiyyətlərini əks etdirən statistik göstəricilər barədə yuxarıda qeyd olunanlardan aydın olur ki, ölkədə davamlı inkişafın təmin edilməsi istiqamətində bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu addımlar İlham Əliyev cənablarının rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilməkdədir.

Ölkə başçısının yoxsulluğun azaldılması və davamlı inkişafa dair geniş əhatəli təkmil Dövlət Proqramının hazırlanmasına dair müvafiq sərəncam imzalaması, respublikada bazar iqtisadiyyatının əsas atributu olan sahibkarlığın, özəl sektorun inkişaf etdirilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi, MDB-də analoqu olmayan torpaq islahatlarının həyata keçirilməsi, sosial sferada köklü islahatların aparılması, əhaliyə ünvanlı sosial yardımlarının verilməsi və s. məhz İlham Əliyev cənablarının Azərbaycanda davamlı iqtisadi inkişafın, eləcə də davamlı insan inkişafının təmin edilməsi istiqamətində atdığı məqsədyönlü addımların çox az bir hissəsidir. Azərbaycan Respublikasının sürətli inkişaf yolunda olduğunu, milli təsərrüfatın ayrı-ayrı sahələrinin davamlı iqtisadi inkişafını sübut edən göstəricilərin siyahısını daha da genişləndirmək olar. Lakin bir məsələni qeyd etmək kifayətdir ki, ölkəmizin əldə etdiyi uğurların əsasını Heydər Əliyev strategiyası və bu strategiyanın uğurla davam etdirilməsi təşkil edir. 2008-ci ilin 15 oktyabrında Azərbaycan xalqı bu strategiyanın davamına bir daha “hə” dedi və xalqın etdiyi bu düzgün seçim milli iqtisadiyyatın gələcəkdə dinamik və sürətli inkişafının əsas qarantıdır. Çünki İlham Əliyev cənabları xalqın seçimidir. Xalqa arxalanan hakimiyyət isə hər şeyə qadirdir.

 

İsa ALIYEV,

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru,

iqtisad elmləri doktoru,

 

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar

 İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.-2008.-16 dekabr.- S.3.