Sevən və sevilən lider

 

Ötən XX əsr Azərbaycan xalqının tarixində bir çox cəhətdən yüksək zirvələr, bənzərsiz hadisələr dövrü oldu. Bu əsrdə neçə dövlətin ərazisinə qatılmış xalqımız Quzey Azərbaycanda çoxəsrlik dövlətçilik ənənəsini bərpa edərək 2 dəfə müstəqil dövlət qurdu. Keçən yüzillikdə xalqımız sivil dünyada sosial-iqtisadi və elmi-mədəni cəhətdən özünəlayiq yer tutdu. Xalqımız yetirdiyi bir çox övladları ilə dünyanın böyük şəxsiyyətləri cərgəsinə çıxdı. Bu proseslər zəminində 50 milyonluq dünya azərbaycanlılarını öz adı, öndərliyi ilə bir araya gətirən ümummilli lider ərsəyə gəldi.

Xalqımız öz tarixi əraziləri, dövlət sərhədləri ilə bütövləşə bilməsə də, milli yaddaşın və özünüdərkin ən mühüm amili olan ümummilli liderin nəhəng şəxsiyyəti, dünəndən sabaha körpü salan ideya-məfkurəvi fəaliyyəti ətrafında toparlandı, bir mərkəzə yönəldi. Bu şəxsiyyət dövlətçilik tariximizin ən böyük dühası, ən qüdrətli dövlət xadimi ulu öndər Heydər Əliyevdir. Onun əzəmətli liderliyi ilə sivil tarixin xalqımıza da məxsus olan ikiminilliyi bitdi, üçüncü minilliyi başlandı.

Yaşadığımız dövrün bu həqiqətini, sadəcə, təkrarlamaqla bir azərbaycanlı kimi bu danılmaz gerçəkdən, belə bir tarixin iştirakçısı və şahidi olmaqdan duyduğum qüruru soydaşlarımla bölüşmək istəyirəm. Doğrudan da, tariximizin ən məsul və öyünclü bir dönəmində, xalqımızın yetirdiyi ən uca şəxsiyyətlə bir dövrdə yaşamaq, hətta onunla təmasda olub, qayğısından bəhrələnmək böyük səadətdir, tale bəxşişidir. Ulu öndərin böyük eşqlə söylədiyi “Mən azərbaycanlıyam, azərbaycanlı olmağımla həmişə fəxr etmişəm” nidası 50 milyonluq xalqımızın qəlbini bir günəş kimi nurlandırdı, hər birimizin ürəyində bir vətəndaşlıq çırağı yandırdı.

Ümumiyyətlə, Heydər Əliyev adı azərbaycançılıq məfkurəsinin timsalı kimi xalqımızın siyasi pasportuna çevrilmişdir. Bu ad milli kimliyimizi həm özümüzə anladır, həm də xalqımızı yaxın-uzaqlarda Azərbaycan sözünün təyini olaraq tanıdır. Son illərdə səfərdə olduğum ölkələrin hamısında bunun şahidi olmuşam. Vətəndən kənarda harada olurduqsa, Azərbaycandan gəldiyimizi eşidən kimi deyirdilər: “Heydər Əliyevin ölkəsi”, “Heydər Əliyevin Vətəni”, “Heydər Əliyevin Azərbaycanı”. Heydər Əliyev adı çağdaş zəmanənin dillərə düşmüş, populyarlaşmış az sayda siyasi xadimlərindən, lider şəxsiyyətlərindən biri kimi sayğı ilə səslənir, ehtiramla anılır.

Bu yaxınlarda Rumıniyada işgüzar səfərdə olarkən bu ölkədə keçirdiyimiz müxtəlif görüşlərdə bir daha bu sevgi-sayğının şahidi olduq. Bir daha yəqin etdik ki, Heydər Əliyev ucalığı yurdumuzdan kənarda necə də aydın görünür, onun bəşəri obrazı ölkəmizi necə də şərəfləndirir. Bu, tariximizin misilsiz bir reallığıdır, bu xalqımızın heç bir zaman görmədiyi, indiki nəsillərə qismət olmuş mənəvi sərvətidir. “Heydər Əliyev” adı tanımadığımız insanlarda xoş hisslər yaradırsa, bu sözdən sonra bizə olan münasibət daha da yaxşılaşırsa, işlər avanda düşürsə, deməli, ulu öndərimiz, həqiqətən, bəşəri bir dəyər, mənəvi bir xəzinədir.

Bütün bu keyfiyyətlər, qiymətlər ulu öndərin sağlığında qazandığı şöhrəti, ad-sanı, yüksəldiyi ümumbəşəri ucalığı göstərir. Mən ümummilli lider Heydər Əliyevin öz qəlbimdə yaranmış yerini göstərmək üçün duyğu-düşüncələrimi də açıqlamaq istəyirəm. Heydər Əliyev, hər şeydən əvvəl, mənim üçün xalqın içərisindən çıxıb yüksəlməsi, buna görə də öz xalqını sonsuz bir məhəbbətlə sevib bütün həyatını onun xoşbəxtliyinə həsr etməsi ilə əziz, doğma və ucadır. Ulu öndərin hər bir soydaşımıza çatan sevgisi, təbii olaraq bir yerə yığışıb onun özünə qarşı ümumxalq sevgisinə çevrilmişdir. Heydər Əliyevin tarixi nadirliyi bir də ondadır ki, bu insan xalqını sevdiyi qədər də onun tərəfindən sevilib və sevilir.

Heydər Əliyev həyatda irəliləyişin, yüksəlişin ağıl və zəhmətlə hasilə gəldiyini lap əzəldən doğulub-böyüdüyü halal bir mühitdə dərk etmiş, göyün-yerin bu ulu hikmətindən kifayət qədər bəhrələnmişdi. Elə buna görə də həmişə ağıllı və işgüzar adamları çevrəsinə yığmış, respublikaya rəhbərlik etməyə başlayanda isə bu düsturu idarəçiliyin başlıca prinsipinə çevirmişdi. Böyük rəhbər Azərbaycana ilk dəfə rəhbərlik etdiyi ötən əsrin 70—80-ci illərində respublikanın zəka və əmək potensialını oyatmaqla, hərəkətə gətirib bir məcraya yönəltməklə “Azərbaycan möcüzəsi”nin müəllifi kimi çox böyük şöhrətə yetişmişdi. Bununla o, keçmiş SSRİ-nin ən güclü, bacarıqlı liderlərindən biri səviyyəsinə yüksəlmişdi. Xalqımızın böyük oğlu sovet dövlətinin idarə olunmasında da eyni zəka və enerji vəhdəti yaradaraq, ən çətin, ağır sahələrdə ciddi irəliləyişə nail olmuşdu.

O böyük insan əfsanəvi bir qəhrəman kimi həmişə yükün ağır başından özü yapışırdı. Öndə özü gedirdi, ən çətin anda belə hamıda inam və ruh yüksəkliyi yarada bilirdi. O öz iş otağında mahir bir memar kimi layihələr hazırlayırdısa, onları həyata keçirmək üçün yorulmaz bir mühəndis, iş icraçısı kimi zəhmət meydanlarında olurdu. Heydər Əliyev kimi ikinci bir lider olmuşdurmu ki, Azərbaycanda irili-xırdalı hər bir plandan, layihədən təfsilatı ilə xəbərdar olsun, məmləkətinin hər bir bölgəsində, hər bir kollektivində, hər bir yenilik ünvanında adamlarla görüşsün? Bu nadirlik də məhz ona məxsusdur.

Zəhmət meydanında yetişmiş sadə bir əməkçi, həyat məktəbi keçmiş bir iş adamı kimi bu dediklərim illər boyu görüb yəqin etdiyim böyük bir həqiqətdir. Ötən əsrin 60—70-ci illərində öz taleyini zəhmət meydanında axtaran milyonlardan biri kimi Ucar rayonunun Çiyni kəndindən Sumqayıta gəlmişdim. Bu şəhəri keçmiş SSRİ-də məşhurlaşdıran nəhəng müəssisələrdən birində — Boru-prokat zavodunda marten sobasında çalışırdım. Daha yüngül işə keçmək imkanı olsa da zavodun ürəyi sayılan ən ağır sexdə, od-alovun içərisində işləməyə bir sınaq, romantika kimi baxırdım.

O dövrdə coşğun bir enerji ilə gecə-gündüz çalışan, respublikasını hərtərəfli inkişafa qoşan Heydər Əliyev Sumqayıtdan da ayağını kəsmirdi. Hər gəlişində bizim zavoda da, təbii ki, bizim sexə də gəlir, hər birimizlə səmimi görüşüb, əhvallaşırdı. O, əsl rəhbər, ata kimi vəziyyətimizlə, qayğılarımızla da maraqlanırdı. İşimizin son dərəcə ağır olduğunu görüb deyirdi ki, belə yerdə uzun müddət işləmək olmaz, mütləq təhsil alın, başqa bir peşə qazanın ki, sonrakı həyatınız rahat olsun. Ulu öndərin bu məsləhətinə əməl edərək ixtisas təhsili aldım. Ağır işimin müqabilində yaxşı qazancım, ad-sanım var idi. Həyat təcrübəm də artmışdı.

Əsl xalq rəhbəri, zəhmət adamının pasibanı kimi o illərdə Heydər Əliyev əmək meydanında yetişmiş bilikli-bacarıqlı adamları müxtəlif səviyyələrdə rəhbər işlərə irəli çəkirdi. O, yaxşı bilirdi ki, zəhmətdə bərkimiş adamlar həyatın isti-soyuğunu görməyən, çox vaxt öz marağını güdən kobinet məmurlarından fərqli olaraq, vəzifə borcuna daha vicdanla yanaşır, xalq işinə ürəkdən can yandırır, əyri yollara qədəm basmır. Heydər Əliyevin bu meyarla yetişdirib irəli çəkdiyi, onun həyat məktəbində tərbiyələnən çoxsaylı kadrlardan biri olmaq mənim də qismətinə düşdü.

Ötən əsrin 80-ci illərinin əvvəllərində ərzaq qıtlığı səbəbindən zəhmət şəhəri olan Sumqayıtda bazar bitib-tükənməyən narazılıq ünvanına çevrilmişdi. Şəhərə rəhbər işçilərdən kim gəlirdisə mütləq bazarla bağlı şikayətlər eşitməli olurdu. Nəhayət, çıxış yolunu Heydər Əliyevin müəyyən etdiyi üsulda gördülər: xalqın istəyini yerinə yetirmək üçün onun öz sıralarından çıxmış bir adam kimi məni şəhər bazarına direktor qoydular.

Yatsam yuxuma da girməzdi ki, bir gün bazara rəhbərlik edərəm. Göstərilən etimadı doğrultmaq, yetirməsi olduğum əmək adamlarını razı salmaq üçün şəhər bazarında ciddi qayda yaratdıq. Beləliklə, taleyimin yeni bir səhifəsi açıldı. Məsuliyyətim də artdı, çətinliyim də çoxaldı. Əvvəl özümə cavabdeh idimsə, indi böyük bir kollektivin nümunəvi işinə məsul idim, şəhərin halal süfrəsini haramxorlardan qorumalı idim. Nə qədər ki, Heydər Əliyev iş başında idi, qayda-qanun hökm sürürdü, bu çətinliklərin öhdəsindən gəlmək olurdu. Elə ki, o millət atası düşmənlərin fitnə-fəsadı ilə hakimiyyətdən kənarlaşdırıldı, ölkə də dağılmağa başladı, sabitlik də pozuldu. Xalqın taleyinə biganə adamlar iş başına gəlib hər yerdə talançılığa rəvac verdilər.

Belə bir vaxtda rəhbər işçidən tutmuş, yol ötən yaraqlıya qədər çoxları bazardan haqq tələb edirdi. Hətta məsul şəxslər günü-gündən həyat şəraitinin aşağı düşdüyü bir şəhərdə bazarı qazanc yerinə çevirmək istəyirdilər. O özbaşınalıq dövrü hamımızın yaxşı yadındadır. Xoşbəxtlikdən, bütün bunlara ulu öndərin tarixi qayıdışı ilə birdəfəlik son qoyuldu. Xalqın istək və iradəsi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün təhlükələri məharətlə sovuşdurdu, tarixi fürsətin bəxş etdiyi dövlət müstəqilliyimizi dönməz və əbədi etdi. Bütün əvvəlki fəaliyyəti ilə xalqımızı inkişaf yoluna çıxaran ulu öndər həyatının yerdə qalan hissəsini də Azərbaycanın yeni tarixi şəraitdə yüksəlişinə həsr etdi. Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu kimi indiki və gələcək nəsillərin dinc, firavan taleyini müəyyən etdi.

Hakimiyyətinin birinci mərhələsində olduğu kimi, ikinci dövründə də ulu öndər Sumqayıtın ağır, spesifik problemlərinə kifayət qədər diqqət-qayğı göstərdi. O, dəfələrlə şəhərimizə gəldi, adamlarla sıx təmasda oldu. Belə görüşlərdən birində ulu öndər dayandığım sıranın qarşısından keçəndə vaxtilə marten sobasının qarşısında gördüyü qarabəniz oğlanı — məni dərhal tanıdı, işimlə maraqlandı. Bildirdi ki, indi bazar iqtisadiyyatı dövrü olduğundan köhnə bazarın da xarakteri dəyişir.

Ulu öndərin bu mülahizəsini rəhbər tutaraq, qısa müddətdə şəhər bazarını müasir kommersiya mərkəzinə çevirdik. İş yerlərinin sayı artdı. Ərazini abadlaşdırdıq. Xidmət mədəniyyəti də qat-qat yüksəldi. İndi bizim “Karvan” adlandırdığımız bu müəssisə həm də şəhərin böyük vergi ödəyicilərindən biridir. Qazancın xeyli hissəsini humanitar tədbirlərə, xeyriyyə işlərinə yönəldirik.

Qısa müddətdə bu uğurları qazanmağımız ulu öndər Heydər Əliyevin ölkədə yaratdığı möhkəm sabitlik və həyata keçirdiyi radikal islahatlar nəticəsində mümkün oldu. Yeni iqtisadiyyatın aparıcı yönü olan özəl fəaliyyəti xüsusi nəzarətdə saxlayan, onun qarşısındakı maneələri ardıcıl olaraq dəf edən, sahibkarların ən böyük himayədarına çevrilən Heydər Əliyev bu xidmətləri ilə ölkəmizdə bolluğa və yüksək güzərana qapı açdı. Ümummilli lider daha xoş gələcəyimizin möhkəm təməllərini, etibarlı təminatlarını yaradaraq, ömrünü canın- dan çox sevdiyi Azərbaycana, onun indiki nəsillərinə bəxş edərək, əbədiyyətə qovuşdu. Beş ildir ki, onun məkanı milyon-milyon ürəklərdir. Ümummilli lider Heydər Əliyev əməllərinin davamı, ideyalarının yaşarılığı ilə mənəvi öndərimiz olaraq qalır.

Xalqımız ulu öndərin yolunu, tarixi missiyasını ona layiq səviyyədə davam etdirən İlham Əliyevi bu ilin oktyabrında ikinci müddətə dövlət başçısı seçməsi xalqın Heydər Əliyev yolunun alternativsizliyinə inamını və sadiqliyini nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev xalqını hamıdan çox sevən və hamıdan çox sevilən lider idi. Onun gücü və qüdrəti xalqına sonsuz bağlılığında, onu daim yüksəlişdə görmək arzusunda idi. Bu arzunun bu gün yüksək səviyyədə gerçəkləşməsi ulu öndərin xatirəsinə ən böyük ehtiramdır. Ümummilli liderin böyük adı xalqımızın sönməz mayakı, pak ruhu isə müqəddəs qoruyucusudur.

 

Ağamirzə ƏHƏDOV,

“Karvan”

İstehsalat-Kommersiya

Şirkətinin direktoru 

 

Xalq qəzeti.-2008.- 16 dekabr.- S.4.