Cənub bölgəsinin
qış qayğıları
Coğrafi mövqeyinə
görə cənub bölgəsində qış o qədər
sərt keçməsə də, subtropik iqlim
qurşağında yerləşdiyindən
yağıntıların miqdarının çox, havanın
rütubətli olması xarakterikdir. Ona görə də
temperatur bir qədər aşağı düşəndə
cənubda əməlli-başlı soyuqlar hiss edilir. Hələ
avqustun 5-də Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında qarşıda duran vəzifələrdən
biri kimi, payız-qış mövsümünün mütəşəkkil
keçirilməsinə hazırlıq görülməsi zərurəti
önə çəkilmişdi. Artıq qış gəlib.
Bəs, yerlərdə bu sınaqlar mövsümünə
hazırlıq necə gedib, müvafiq qurumların qış
qayğıları həllini tapırmı? Cənub bölgəsində
olarkən bu məsələ ilə maraqlandıq.
Lerik
“Dağlar gözəli”
Lerikdə yağışlı-yağmurlu günlər
çoxdan başlanıb. Torpaq nəmdir, ağacların
gövdəsi, quzey qayaları mamıra bürünüb. Gecələr
şaxta düşür, yollar qırov bağlayır. Təbii
ki, hava şəraiti ilə bağlı camaatın
qayğıları da artıb. Rayon icra hakimiyyətinin
başçısı Rövşən Bağırov dedi ki,
payız gələndən yağan yağışların
ucbatından bir çox abadlıq-quruculuq işləri
yarımçıq qalıb. Düzdür, rayonda kimsə əlləri
qoynunda oturub havaların düzələcəyini gözləmir,
amma elə işlər var ki, yağmurlu havalarda həyata
keçirmək çətin olur. Neyləyək, bu da ucqar
bölgənin özünəməxsus bir cəhətidir.
Buna görə də tez-tez iş cədvəlində dəyişiklik
edir, qüvvələri yağışlı havada
görülməsi mümkün olan işlərin üzərində
cəmləşdiririk.
İnişil Lerikə təbii
qazın çəkilməsi qış ərəfəsində
Talış meşələrinin qırılmasının kəskin
şəkildə azalmasına səbəb olub. Əhalinin
böyük bir qisminin odun yanacağına ehtiyacı
qalmayıb, his-pasdan da canları qurtarıb. Rayonda 1320 abonentin
mənzilində qaz sayğacı quraşdırılıb. Həmin
abonentlərin evləri təhlükəsiz və fasiləsiz
mavi yanacaqla təmin olunur. Qış mövsümü ilə
əlaqədar paylayıcı və daşıyıcı qaz
kəmərləri yoxlanılıb, sızmaların
qarşısı alınıb. Bəzi sakinlər tərəfindən
yol verilən qeyri-qanuni birləşmələri Qaz
İstismarı İdarəsi ləğv eləyib. Qazın qəbulu
və satışında limit normalarına nəzarət
güclənib, istifadə edilən təbii qazın dəyərinin
ödənilməsi üzrə də mütəmadi iş
aparılır. Bunun nəticəsidir ki, ilin əvvəlindən
Lerikdə abonentlərə satılmış qazın dəyəri
dekabrın 1-dən 100 faiz həcmində ödənilib. Son
vaxtlar Ordahal kəndində 34 evə yeni qaz xətləri
çəkilib.
Mövsümlə əlaqədar
43 saylı yol istismar idarəsinin mövcud texnikası təmir
edilib, qarlı günlərdə yollara səpilmək
üçün qum-duz qarışığı tədarük
olunub, yanacaq ehtiyatı yaradılıb. Fövqəladə
hadisələrlə əlaqədar idarədə növbətçilik
cədvəli tərtib edilib. Yol kənarlarındakı
suötürücü qurğular təmizlənib, yolun hərəkət
hissələrinə tökülən xırda qaya
parçaları hər gün
yığışdırılır.
Paylayıcı-elektrik şəbəkəsində qışa hazırlıq tədbirləri kollektivin gündəlik qayğılarındandır. 10/04 kilovoltluq elektrik verilişi xətləri boyunca 104 ədəd çürümüş dirək dəyişdirilib, elektrik naqilləri yeniləri ilə əvəz edilib, bəzi dayaqlara dəmir-beton dibliklər vurulub. Yanmış və nasaz halda olan 10 transformatorun dəyişdirilməsi, qurğulara yüzlərcə kiloqram transformator yağı əlavə edilməsi də görülən tədbirlərdəndir. Aprel ayından etibarən rayona 24 saat elektrik enerjisi verilir, ödəmə 70-80 faizə çatıb.
Təhsil və səhiyyə müəssisələrində qışa hazırlıq məqsədilə müəyyən işlər görülüb. Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə 1 saylı şəhər orta məktəbi əsaslı təmir edilib, 2 saylı məktəbin dam örtüyü dəyişdirilib. Yeddi kənd məktəbində təmir aparılıb, dam örtükləri, pəncərə və qapılar qaydaya salınıb. Məktəblərə 300 odun sobası və yanacaq verilib, yeni tikilmiş 7 məktəbdə isə istilik sistemi quraşdırılıb. Mərkəzi xəstəxananın əsaslı təmiri davam edir. On kənd xəstəxanasında və uşaq xəstəxanasında tüstü bacaları təmizlənib, 230 kubmetr odun yanacağı tədarük edilib. Çayrud kənd xəstəxanasında əsaslı, altı xəstəxanada isə cari təmir işləri aparılıb.
Lerik Telekommunikasiya Qovşağı,
meşələrin mühafizəsi
və bərpası müəssisəsi də
lazımı hazırlıq
tədbirlərini həyata
keçirib. Ümid var ki, havalar
nə qədər sərt keçsə də, problemlər əvvəlki illərdən
xeyli az olacaq.
Lənkəran
Şairlərin “Cənub mirvarisi” adlandırdığı Lənkəranda Dövlət Proqramı üzrə reallaşdırılan tədbirlər, infrastrukturun yeniləşməsi əhalinin sosial qayğılarının həllinə, qış aylarında rahat yaşaya bilməsinə zəmin yaradıb.
İcra hakimiyyəti başçısının müavini Möhübbət Babayev bizə əhalinin elektrik enerjisi, təbii qaz yanacağı ilə təminatı sahəsində mövcud vəziyyət barədə məlumat verdi. Öyrəndik ki, paylayıcı elektrik şəbəkənin xidmət etdiyi ərazidə 774 ədəd 10/04 kv-luq transformator yarımstansiyası,minlərlə kilometr uzunluğunda elektrik verilişi xətləri var. Şəbəkə rayon üzrə 40 mindən çox abonentə xidmət göstərir. Kollektiv istismar müddəti başa çatmış 88 ağac dirəyi, qəzalı vəziyyətdə olan 108 dəmir-beton və sair dayaqları yenisi ilə əvəz edib, 4200 metr köhnə, yararsız naqil AS-35 markalı naqillə dəyişdirilib. 43 transformator əsaslı təmir edilərək abonentlərin istifadəsinə verilib. Şilavar, Yuxarı Nüvədi, Şağlaküçə və Şağlaser kəndlərində xətt təsərrüfatları məntəqələri inşa olunub. Lakin bunlar heç də bütün problemlərin həll olunması demək deyil. Payız-qış mövsümünə hazırlıqla bağlı keçirilmiş şura iclasında rayon paylayıcı elektrik şəbəkəsinin işindəki nöqsanlara da toxunulub.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində yaradılmış qərargah rayonun müvafiq idarə, müəssisə və təşkilatları ilə birgə tədbirlər həyata keçirib. Əhalinin işıq, təbii və maye qaz, ağ neft və digər yanacaq növləri ilə təchizatına diqqət artırılıb. İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun prinsipial mövqeyi nəticəsində rayonda enerji problemi həll olunub. Amma mövsümə hazırlıq lazımi səviyyədə aparılmadığından küləkli, yağışlı havalarda elektrik təsərrüfatında qısa qapanmaların sayı artır, enerji verilişində fasilələr yaranır. Əksər hallarda 10 kv-luq xətləri transformatorlarla birləşdirən ayırıcılar işlək vəziyyətdə olmadığı üçün xırda bir qəza nəticəsində həmin xəttin üzərində olan abonentlərin hamısı işıqsız qalır. Elektrik dirəklərinin və naqillərin əksər hissəsi istismar müddətini başa vursa da, onların təzələnməsinə lazımi diqqət yetirilmir. Enerji haqlarının yığımı 100 faizə çatdırılmayıb.
Rayon qaz istismarı idarəsi Lənkəran və Liman şəhərlərinin, şəhərə bitişik Digah və Şilavar kəndlərinin orta və aşağı təzyiqli qaz kəmərlərində cari təmir işləri aparıb. Hazırda şəhərin 80 faizi mavi yanacaqdan istifadə edir. Artıq təbii qaz tədricən rayonun kəndlərinə də daxil olur. Digah, Şilavar, Xarxatan, Vilvan, Şağlaser və Separadi kəndlərinə qazın verilməsi bərpa edilib. İşlək abonentlər sayğacla təmin olunub. Amma sərf olunmuş qazın dəyərinin yalnız 55,8 faizi ödənilib.
Uzun illər qaz təsərrüfatında əsaslı təmir aparılmadığından borular çürüyüb. Xətlərdə qaz itkisi çoxdur. Havalar soyuyan kimi qazın təzyiqi aşağı düşür və qaz verilişində çətinliklər yaranır. Bütün bunlar abonentlərin narazılığına səbəb olur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planında Lənkəranda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə 117 kilometr uzunluğunda qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Lakin “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti işə çox gec — bu ilin əvvəlində başlayıb. İndiyə kimi Lənkəran şəhərində cəmi 8 min poqonometr uzunluğunda yeni xətt çəkilib.
Lənkəranın enerji daşıyıcıları ilə təchizatına bilavasitə cavabdeh olan paylayıcı elektrik şəbəkəsinin və qaz istismarı idarəsinin fəaliyyətində nöqsanların çox olduğu bildirilir. Şura iclasında qeyd edilib ki, bu idarələrdə arxayınlıq halları hökm sürür. Vətəndaşların müraciətlərinə biganəlik göstərilir. Bütün bunlardan bezikən insanlar ümid yeri kimi şəhər icra hakimiyyətinə və digər əlaqədar təşkilatlara üz tuturlar. Son vaxtlar şəhər icra hakimiyyəti başçısının ünvanına əhalinin enerji daşıyıcıları ilə normal təchiz edilməməsi ilə əlaqədar çoxlu şikayət daxil olub.
Tənqidi ruhda keçən şura iclasında icra hakimiyyətinin başçısı Süleyman Mikayılov yaranmış vəziyyətin ciddi narahatlıq doğurduğunu, rayonun elektrik və qaz təsərrüfatlarının rəhbərlərinə dəfələrlə iradlar bildirildiyini, lakin problemlərin həllinə lazımi diqqət yetirilmədiyini, hər iki təsərrüfatın fəaliyyətində əsaslı və ciddi dönüş yaratmağın vacib olduğunu söyləyib.
Yol verilmiş nöqsanları təcili aradan qaldırmaq, qış mövsümündə əhalinin enerji daşıyıcıları ilə təchizatını yaxşılaşdırmaq son dərəcə zəruridir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2008.-16 dekabr.- S.4.