Naftalan: itirilmiş şöhrət qayıdır
Baş redaktordan Naftalan
barədə yazı hazırlamaq haqqında
tapşırıq almaq lap ürəyimdən oldu. Özü
də təkcə ona görə yox ki, çoxdandı bu
şəhərdən yazmamışdım, başqa bir səbəb
onunla bağlı idi ki, burada növbəti yazı
üçün, sözün həqiqi mənasında, zəngin
material vardı.
Əlbəttə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il mart
ayının 3-də Naftalan şəhərinə tarixi səfərini
ayrıca qeyd etmək lazımdır. Ölkə
başçısının məsləhət, tövsiyyə
və göstərişləri işlərin gedişinə əsaslı
təsir göstərmiş, qarşıya konkret və təxirəsalınmaz
vəzifələr qoyulmuşdur. Bununla da əslində
Naftalan şəhəri inkişafının yeni bir mərhələsinə
qədəm qoymuşdur.
Tənəzzüldən tərəqqiyə
Heç kimə sirr
deyildir ki, Naftalan son vaxtlara qədər ölü bir şəhər
idi. İnkişaf və irəliləyişdən,
tikinti-quruculuq və abadlıq işlərindən
danışmağa belə dəyməzdi.
Respublikamızın bütün bölgələrini
bürüyən genişmiqyaslı quruculuq işləri, həyata
keçirilən əsaslı tədbirlər, sanki, bu şəhərdən
yan keçmişdi. Emal müəssisələrinin
yaranması, iş yerlərinin açılması bir yana
qalsın, olanları da qoruyub saxlamaq mümkün olmurdu.
Əlbəttə, belə
vəziyyət uzun müddət davam edə bilməzdi. Şəhər
icra hakimiyyətinin başçısının dəyişdirilməsi
ilə bu bölgəyə təzə nəfəs, yeni istiqamət
və inkişaf gəldi. Ən başlıcası isə odur
ki, Naftalan Şəhər İcra Hakimiyyətinin, onun yerli
strukturlarının, bütün idarə, müəssisə
və təşkilatların iş üslub və metodları,
təşkilat-idarəetmə məsələləri təkmilləşdirildi.
Tapşırılan iş üçün möhkəm tələbkarlıq
və məsuliyyət hissi yaradıldı, icra intizamı
gücləndirildi.
Həmin vaxtlar Naftalan
Şəhər İcra Hakimiyyətinin
başçısı Musa Musayevlə olan bir söhbətimizi
yaxşı xatırlayıram. İcra başçısı
narazılığını, hətta əsəbiliyini gizlətmədi:
— Sözün
düzü, hardan, nədən başlamaq lazım gəldiyini
dəqiqləşdirə bilmirəm. Ancaq ən vacibi müxtəlif
səbəblər üzündən köçüb
başqa yerlərə getmiş yerli sakinlərin
qayıtmasıdır. Bunun üçün isə gərək
adamların iş yeri və sosial problemlərini həll edək,
onlarda inam və ümid yarada bilək.
Həmin söhbətdən
3 ilə yaxın vaxt keçib. Deməli, bu istiqamətdə
görülmüş işlərdən, konkret nəticələrdən
danışmaq olar. Ona görə şəhər icra hakimiyyətinin
başçısı ilə bu dəfəki
görüşümüzdə məhz buradan başladıq.
Başçı bildirdi:
— Sizə geri
qayıtmış onlarla ailəni misal göstərə bilərəm.
Mən yeni müəssisələrin yaradılmasını,
iş yerlərinin açılmasını bir kənara
qoyuram, hərçənd, bu, olduqca vacibdir. Məsələn,
təkcə onu deyək ki, bu ilin ötən 9 ayı ərzində
cəmi 354 iş yeri açılmışdır ki, onlardan
da 58 nəfəri daimidir. Bu, balaca bir şəhər
üçün heç də kiçik rəqəm deyil. Diqqəti
cəlb edən digər bir məqam da var: əvvəllər
burada təbii qaz, içməli su və elektrik enerjisinin
verilməsi, sözün əsl mənasında xroniki xəstəliyə
çevrilmişdi. Açığını deyim ki, adamları
bezikdirib qaçırdan da elə bu idi. İndi isə həmin
məsələlr özünün tam həllini tapıb. Son
vaxtlar şəhər icra hakimiyyəti
başçısının qəbuluna gələnlərin tərkibinə
fikir verirəm. Elektrik, qaz və su ilə bağlı bir nəfər
də olsun narazı qalan yoxdur.
— Bayaqdan şəhəri
gəzirəm. Hər yerdə iməcilik keçirilir. Demək
olar ki, şəhərin bütün küçələrində
yeni ictimai və yaşayış binaları tikilir...
— Başqa cür də ola bilməz. Biz şəhərimizi, ilk növbədə, öz gücümüzlə, daxili imkanlar hesabına abadlaşdırmalı, yaşıllıq və gözəllik yaratmalıyıq. İş gününü elə qururam ki, daha çox adamlar arasında oluram, ağsaqqallarla, ziyalılarla, gənclərlə tez-tez görüşürəm. Onların maraqlı təklif və arzuları hökmən nəzərə alınır. Mən bu sözləri deyərkən məhəllə komitələrinin xeyirxah və təşəbbüskar fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm.
— Naftalan ötən əsrin 70—80-ci illərində nəinki respublikamızda, eləcə də keçmiş Sovetlər Birliyində ən inkişaf etmiş kurort şəhərlərindən biri idi. Hər il burada müalicə və istirahət edənlərin sayı 60—70 minə çatırdı. Müasir sanatoriya binaları, yaşayış evləri, abad küçələr, park və xiyabanlar şəhəri xüsusilə gözəlləşdirirdi. Sizcə, Naftalanın əvvəlki şöhrətini qaytarmaq mümkündürmü?
— Nəinki mümkündür, hətta olduqca vacib və zəruridir. Ona görə ki, Naftalan nefti öz tərkibinə və müalicəvi əhəmiyyətinə görə dünyanın nadir möcüzələrindən biridir. Mən bu sözləri deyərkən ötən əsrin 70—80-ci illərdə respublikaya rəhbərlik etmiş xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin bilavasitə şəxsi təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Naftalan şəhərinin sosial-iqtisadi inkişafına dair qərarı qeyd etmək istəyirəm. İndi gördüyünüz və şəhərə xüsusi gözəllik verən sanatoriya binaları və yaşayış evləri məhz həmin illərin yadigarlarıdır.
Lakin təəssüflə deyim ki, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində şəhər öz tarixinin ən kədərli və acınacaqlı dövrünü yaşadı. Məsuliyyətsizlik, özbaşınalıq, xaos və mənəm-mənəmlik, üstəlik, Ermənistan–Azərbaycan,Dağlıq Qarabağ konflikti ilə əlaqədar olaraq qaçqın və məcburi köçkün axını bu əvəzsiz kurort şəhərini bərbad hala saldı.
İndi isə vəziyyət tamam başqadır. Şəhərimiz, demək olar ki, hər gün tikilir, abadlaşır. Özü də bu zaman müasir şəhərsalma və arxitektura tələblərinə ciddi əməl edilir, yüksək zövq və müasirlik əsas götürülür.
Yeri gəlmşkən, mən Naftalan şəhər sakinlərinin
bir arzusunu da bildirmək istəyirəm. Bayaqdan sadaladığımız bütün bu uğurlar, əlbəttə,
öz-özünə
yaranmayıb. Ölkə
Prezidenti İlham Əliyevin 6 mart 2008-ci ildə imzaladığı
“Naftalan şəhərinin
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”
Sərəncamı iqtisadi,
sosial və mədəni sahədə
işlərin gedişinə
böyük təkan vermişdir. Mən fürsətdən istifadə
edərək öz adımdan və şəhərimizin sakinləri
adından bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürümüzü
bildirmək istəyirəm.
Rəqəmlərin dili ilə
Son vaxtlar şəhərdə başlanmış genişmqyaslı tikinti-abadlıq və quruculuq işləri, bütün sahələri əhatə edən inkişaf və irəliləyiş cari ilin ötən ayları ərzində də eyni sürət və keyfiyyətlə davam etdirilmişdir. Belə ki, 2008-ci ilin 9 ayında ümumi məhsul buraxılışı 8317,8 manat olmuşdur. Əsas kapitala 1829,8 min manat investisiya yönəldilmişdir.
Şəhərdə Əlillərin Bərpa Mərkəzi, Su-Kanal İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun Naftalan Şöbəsi üçün yeni inzibati binaların tikintisi artıq başa çatmışdır. Bundan başqa, Əhalinin Sosial Müdafiə Mərkəzinin və Maliyyə Şöbəsinin yeni inzibati binalarında son tamamlama işləri aparılır. 2008-ci ilin 9 ayı ərzində şəhərdə fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 137,5 min manatlıq məhsul istehsal olunmuşdur. Adam başına 78 min manatlıq xidmət göstərilmişdir. Orta aylıq müavinət 55,4 manat, orta aylıq əmək haqqı isə 111,3 manat təşkil etmişdir.
Heydər Əliyev parkının yenidən qurulması artıq başa çatmaq üzrədir. Şəhərə girişdəki lövhə təzələnmiş, buradan Heydər Əliyev parkına kimi yeni istinad divarı çəkilmişdir.
Cari ilin ötən ayları sahibkarlar tərəfindən yeni istirahət mərkəzləri inşa edilmişdir. Hər il şəhərə keçmiş Sovetlər Birliyi məkanından başqa, digər xarici ölkələrdən də xeyli turist gəlir. Ümumiyyətlə, ildən-ilə şəhərə gələn turistlərin sayı artır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq, 2004—2008-ci illərdə
şəhərdə 2 ümumtəhsil
məktəbinin əsaslı
təmiri nəzərdə
tutulmuşdur. Artıq
2008-ci ilin 9 ayında bu işlər yüksək səviyyədə
başa çatdırılmışdır.
Hər iki məktəb əsaslı şəkildə
təmir edilərək
istifadəyə verilmişdir.
27 binanın giriş qapısı və pəncərələri dəyişdirilmiş,
5 binanın fasadı əsaslı təmir olunmuş, şəhərdaxili
yollara yeni asfalt örtüyü salınmışdır.
Sabaha doğru...
Bu yazı üzərində işləyərkən Naftalan şəhərini bir də gəzdik, idarə və müəssisələrdə olduq, ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbət etdik. Müşahidə etdiyimiz, şahidi olduğumuz bir həqiqət barədə danışmağı lazım bilirik. Bu da ondan ibarətdir ki, hər bir şəhər sakini yaşından, sənətindən asılı olmayaraq, öz doğma şəhərini ürəkdən sevir, onun təəssübünü çəkir, daha gözəl, abad və yaraşıqlı olması üçün əlindən gələni əsirgəmir. Hətta işin daha yaxşı təşkili üçün icra hakimiyyətinə öz rəy və təkliflərini də bildirirlər. Bizə verilən arayışda təkcə son 2 ay ərzində 10 belə təklif verildiyi bildirilir. Həmin təkliflərin, demək olar ki, hamısı öz konkret həllini tapmışdır.
Şəhər sakinləri möhkəm inanırlar ki, Naftalanın gələcəyi daha abad, gözəl və yaraşıqlı olacaqdır. Onlara bu inam və ümidi verən isə ölkə Prezidenti İlham Əliyevin apardığı qətiyyətli, uzaqgörən daxili və xarici siyasət xətti, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, yeni yaradılan müxtəlif təyinatlı emal müəssisələri, açılan iş yerləri, mövcud olan sağlam mənəvi-psixoloji mühitdir. Bəli, Naftalan sabaha böyük inam, ümid və arzularla addımlayır.
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2008.-16 dekabr.- S.5.