Pensiya islahatları
müsbət nəticə
verir
“Azərbaycan
Respublikasında Pensiya İslahatı Konsepsiyası»nın
reallaşdırılmağa başlanması və 2006-cı
ilin əvvəlindən ölkəmizdə tətbiq olunan yeni
əmək pensiyaları sistemi ölkədə sığorta
öhdəliklərinin fərdi uçotunun qurulması və
yığım pensiya sisteminin tətbiqinə nail olmaqla,
sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının
əsasını qoymuş oldu. Pensiya islahatlarının əsas
mahiyyəti işçi və işəgötürən
arasında münasibətlərin köklü dəyişilməsinə
nail olmaq, işçilərin öz pensiya təminatlarına
marağını artırmaq, işəgötürənin hər
bir işçi üçün ödədiyi sığorta
haqları üzrə məsuliyyətini artırmaqdan ibarətdir.
Yeni model daha çox
sığorta istiqamətli modeldir və vətəndaşların
əldə etdikləri gəlirdən və sığorta
ödənişlərindən asılı olaraq, onların
pensiya hüquqlarını tanıyır. Fərdi uçot
prinsipinin əsas xüsusiyyəti bundadır ki, indi
pensiyanın yığım hissəsi mövcuddur. Yeni pensiya
modelində pensiyanın həcmi işçinin təkcə
iş stajından deyil, onun real gəlirlərinin həcmi və
işəgötürənin Sosial Müdafiə Fonduna ödədiyi
sığorta ödəmələrindən
asılıdır.
Fərdi uçot
sisteminin tətbiqində əsas məqsəd ödənilən
məcburi dövlət sosial sığorta haqqı ilə
pensiya məbləği arasında birbaşa
qarşılıqlı əlaqənin təmin edilməsidir. Bu
isə, bir tərəfdən, gələcəkdə pensiya təminatında
etibarlı maliyyə mənbəyinin yaranması, digər tərəfdən
isə, sığortaolunanların pensiya təminatının ədalətli
həlli deməkdir.
Yeni pensiya sistemində əmək
pensiyaları 3 pillədən - baza, sığorta və
yığım hissələrindən ibarətdir. Əmək
pensiyalarının baza hissəsi birinci pillə olmaqla, əmək
pensiyaçılarının sosial müdafiəsinin dövlət
təminatıdır. Pensiyanın sığorta hissəsi fərdi
hesabda şərti olaraq uçota alınan pensiya
kapitalının gözlənilən pensiya ödənişi
müddətinin aylarının sayına nisbəti şəklində
hesablanan məbləğdir. Yığım hissəsi isə
fərdi hesabda real olaraq toplanan pensiya kapitalına görə
təyin olunur.
Burada daha maraqlı məqam
pensiyaların artımı mexanizmi ilə bağlıdır. Belə
ki, artımların bazar iqtisadiyyatının tələblərinə
uyğun şəkildə yeni sistemlə həyata
keçirilməsi mövcud maliyyə imkanlarının
bütün pensiyaçılar arasında ədalətli
bölgüsü prinsipinin reallaşdırılmasına
şərait yaradır.
Digər tərəfdən,
əsas üstünlüklərdən biri də ondadır ki,
pensiya sistemi ümumilikdə neqativ demoqrafik dəyişikliklərdən
sığortalanmış olur. Bu islahat öz növbəsində,
iqtisadi sistemə də müsbət təsir göstərir,
ölkənin maliyyə bazarına əhəmiyyətli kapital
cəlb edir. Nəticədə, cəlb olunmuş maliyyə
axınlarının gələcək pensiya kapitalını
artırmaq məqsədilə investisiya oluna bilmə imkanı
yaranır.
Yeni pensiya modeli pensiyaların hesablanması sistemində şəffaflıq məsələsini də həll etmiş olur. Belə ki, fərdi uçot sistemində qeydə alınmış vətəndaş öz sosial sığorta şəhadətnaməsini təqdim edərək, DSMF-də özü haqqında məlumatın dəqiqliyini, cari sosial statusu haqqında məlumatı, fərdi sığorta hesabında toplanmış vəsaitin həcmini və sair məlumatları əldə edə bilər.
Eyni zamanda, dövlət də öz məqsədlərinə çatır - vətəndaşlar özlərinin sosial müdafiəsini təmin etmək üçün bu prosesdə yaxından iştirak etmiş olurlar. Belə ki, vətəndaş fərdi uçot sistemində qeydə alınmaqda, əmək müqaviləsi bağlamaqda, əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsində maraqlı olur, sosial müdafiə haqlarının vaxtında və tam həcmdə fərdi sığorta hesablarına köçürülməsində maraqlı tərəf kimi bu işə nəzarət edir.
Bundan başqa, yeni sistemin tətbiqilə pensiyaların maksimum həddindəki məhdudiyyət də aradan qaldırılıb, pensiyanın təyin olunması prosesi tamamilə sadələşib, pensiyaların baza hissəsinin ildə 1 dəfədən və inflyasiya tempindən az olmamaqla bütün pensiyaçılar üzrə bərabər həcmdə artırılması, sığorta hissəsinin isə hər il inflyasiya tempinə uyğun indeksləşdirilməsi üçün şərait yaradılıb.
Yeri gəlmişkən, məhz səmərəli nəzarət mexanizminə əsaslanan belə bir sistemin qurulması gələcəkdə sığorta öhdəliklərinin işçi və işəgötürən arasında ədalətli bölgüsü üçün də zəmin yaradır.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2008.-16 dekabr.- S.7.