137 ölkə ilə idxal-ixrac əməliyyatları aparılır

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək, 51,9 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır. Xarici ticarət dövriyyəsinin 46 milyard dollarını (88,6 faizini) ölkədən ixrac olunmuş mallar, 5,9 milyard dollarını (11,4 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 40,1 milyard dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 5,6 dəfə, o cümlədən ixrac 9,5 dəfə, idxal 33,1 faiz artmışdır.

İxrac-idxal əməliyyatlarının 53,7 faizi Avropa Birliyi, 6,5 faizi MDB ölkələri ilə, 39,8 faizi isə digər dövlətlərlə aparılmışdır. Ümumi dövriyyəsinin 59,6 faizi Avropa, 24,9 faizi Asiya, 15 faizi Amerika, 0,5 faizi Afrika qitəsi ölkələrinin, 0,02 faizi isə Okeaniyanın payına düşmüşdür.

Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (81,4 faizi) İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya, Türkiyə, Birləşmiş Krallıq Çili dövlətləri ilə aparılmışdır.

 

T.ƏLİYEV

 

Xalq qəzeti .-2008.-16 dekabr.-S.7.