Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi

məsələsində respublikamız regionda liderdir

 

Təqvimdəki son ayın vərəqlərinin çevrilməsi də başa çatmaq üzrədir. Adidən də adi bir ifadədir. Ancaq başa çatan bu ildə müstəqil Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri, qazandığımız uğurları göz önünə gətirdikcə 2008-ci ilin dövlətimiz və xalqımız üçün o qədər də adi il olmadığının şahidinə çevrilirik. Təkcə 15 oktyabr prezident seçkilərindən sonra dövlətimizin beynəlxalq nüfuzunun heç zaman olmayan bir səviyyədə artması yola saldığımız ildəki uğurlarımızın miqyasından xəbər verir. Ancaq yüksək göstəricilərə imza atmadığımız heç bir sahə yoxdur. Bu yazıda isə təkcə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinin səviyyəsindən söz açacağıq.

Əvvəla qeyd edək ki, müasir dünyanı ən çox narahat edən məsələlərdən biri də ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu məsələ müxtəlif regional və beynəlxalq təşkilatların gündəliyində hətta separatçılıq və terrorizmə qarşı birgə mübarizə kimi aktual mövzudan da öndə olur. Dünya iqtisadiyyatının iti sürətlə inkişaf etməsi, xüsusilə iqtisadiyyatın sənaye bölməsinin daha irimiqyaslı genişlənməsi, eləcə də əhali istehlakçılarının tələbatının durmadan artması planetin bütün qütblərində dövlət başçılarının qarşısında yeni vəzifələr qoyur. Siyasi çeviklik nümayiş etdirən liderlər bu vəzifələrin öhdəsindən daha asanlıqla gəlirlər. Azərbaycan da həmin sıradadır. Çoxsaylı transmilli layihələrin hamı tərəfindən dəstəklənməsi, neft və qaz ixrac edən kəmərlərin marşrutunun mahiyyət etibarilə iqtisadi məsələ kimi deyil, siyasi-iqtisadi məsələ kimi qəbul edilməsi, marşrutların müəyyənləşdirilməsi zamanı bütün güc mərkəzlərinin öz maraqlarını təmin etmək cəhdləri məhz zamanın yaratdığı bu tələbatdan irəli gəlir. Taleyin bəxş etdiyi geosiyasi məkan, təbii ehtiyatlar və Heydər Əliyev siyasi uzaqgörənliyi Azərbaycanın həmin problemi daha operativ, daha yüksək səviyyədə həll etməsinə zəmin yaratmışdır.

Cəmiyyət həyatının digər sahələrində olduğu kimi, bu məsələdə də son 5 ildə elmi şəkildə əsaslandırılmış iqtisadi layihələrin icrası nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyi məsələsini bilavasitə özü həll etmişdir. Bu çox önəmli məsələdir. Çünki inkişaf etmiş ölkələr arasında da enerji təhlükəsizliyinin təmin edilməsində digər ölkələrdən asılılığı olan ölkələr az deyil. Geridə qalan 5 il bu istiqamətdə atılan bir sıra mühüm addımlarla yadda qaldı. Əvvəla, ölkə daxilində elektrik enerjisinə olan tələbatın ödənilməsi üçün müxtəlif iqtisadi rayonları özündə birləşdirən modul tipli yeni elektrik stansiyaları şəbəkəsi yaradıldı. Naxçıvan, Astara, Xaçmaz, Sumqayıt, Şəki və başqa bölgələrdə inşa edilmiş bu stansiyalar əhali abunəçilərinin və iqtisadiyyatın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsini mümkünləşdirdi. Xəzərin Azərbaycan sektorunda istehsal edilən təbii qazın hasilatı artdıqca rəsmi Bakının xaricdən qaz idxal etməkdən imtinasına zəmin yarandı. 2007-ci ildə Azərbaycan artıq xaricdən qaz və elektrik enerjisi alan ölkə deyil, bu enerji daşıyıcılarını ixrac edən ölkələr sırasına düşdü.

İnfrastrukturun yeniləşdirilməsi məqsədilə yeni paylayıcı şəbəkələrin, transformatorların, yardımçı stansiyaların istismara verilməsi, təmir-bərpa işlərinin geniş miqyas alması nəticəsində paytaxtda və regionlarda əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatı əvvəlki illərə nisbətən qat-qat yaxşılaşdırılmışdır. Bakıdakı 8-ci Kilometr, Ramana, Müşfiq, bölgələrdəki Kürdəmir, Yevlax, Mingəçevir, Gəncə yarımstansiyalarında müvafiq avadanlıqlar quraşdırılmış, enerjinin alınması, paylanılması proseslərinin modern şəkildə idarə edilməsinə nail olunmuşdur. Abşeron, Yaşma, Yevlax, Puta, Maştağa və İmişlidəki yarımstansiyalarda istismara yararsız olan avadanlıqlar tamamilə dəyişdirilmiş, modernləşdirilmişdir. Eyni zamanda, minlərlə kilometrlik yüksək gərginlikli elektrik xətləri çəkilmiş, bu qəbildən olan köhnə xətlər yeniləşdirilmişdir. Nəticədə elektrik enerjisinin həm ümumi istehlakı, həm də adambaşına düşən istehlakı ildən-ilə artmışdır. Yeri gəlmişkən, statistik göstəricilərdə maraqlı bir məqam var. Belə ki, 2003-cü ildən etibarən müşahidə edilən elektrik enerjisi istehlakının artım tendensiyası 2007-ci ildə azalmışdır. Bu nə ilə bağlı idi? Həmin sualın cavabını Azərbaycan Prezidentinin paytaxtda və bölgələrdə mövcud olan istilik sistemlərinin işə salınması, eləcə də yeni qazanxanaların tikilməsi barədə verdiyi tövsiyə və tapşırıqların icrasında tapan ekspertlər tamamilə haqlıdırlar. Çünki on minlərlə mənzilə istilik verilməsi nəticəsində əhalinin qış aylarında elektrik qızdırıcılarından istifadə etməsi kəskin şəkildə azalmış, istehlak göstəricisi 2006-cı ildə 21 milyard 655 milyon kilovat/saat olduğu halda, 2007-ci ildə bu göstərici 18 milyard 47 milyon kilovat/saata düşmüşdür. Dövlət başçısının dediyi kimi energetika sahəsində aparılan islahatlar ona gətirib çıxarmışdır ki, artıq bu sahəyə investisiya qoymaq istəyən şirkətlərin sayı artır. Dövlət bu sahədə islahatları davam etdirməklə bütün iqtisadi münasibətlərdə sağlam mühit formalaşdırmağa nail olmuşdur.

Tamamilə müasirləşdirilmiş generasiya gücləri hesabına ölkənin energetika sisteminin elektrik enerjisi idxalından asılılığı aradan qaldırılmış, 2007-ci ildən sonra respublikamız qonşu ölkələrə 100 milyonlarla kilovat/saat elektrik enerjisinin ixrac olunmasına başlamışdır. Mühasirə şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təchizatı təmin edilmiş, təbii qazın verilməsi nəticəsində muxtar respublika demək olar ki, müstəqil elektrik sisteminə malik olmuşdur. 2007-ci ildən sonra Naxçıvanın İran İslam Respublikası və Türkiyə Cümhuriyyətindən elektrik enerjisinin idxalına ehtiyac qalmamışdır. Bu isə insanların dövlətə və dövlətçiliyə etimadını artırmaqla yanaşı onların sabaha inamını da gücləndirmişdir.

Son 5 ildə ölkədə aparılan islahatlar, xüsusən əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində vəzifələrin konkretləşdirilməsi üçün müəyyən yeni strukturlar da yaradılmışdır. “Azəristiliktəchizat” Səhmdar Cəmiyyətin yaradılması da bu qəbildən olan tədbirlərdəndir. Əhalini və iqtisadiyyatı istilik enerjisi və isti su ilə təchiz etmək üçün yaradılmış bu qurumun fəaliyyətə başlamasından sonra 138 qazanxana təmir edilərək yenidən işə salınmış, yeni qazanxanalar inşa edilmişdir. Lazım olan texniki avadanlıqlar və qurğular alınmış, magistral istilik xətləri dəyişdirilmişdir. Ötən prezident seçkilərindən sonra paytaxtda 1885 yaşayış binası, 183 məktəb, 114 uşaq bağçası, 63 səhiyyə və 131 digər sosial obyektlər istiliklə təmin edilmişdir. Bir daha xatırladırıq ki, buraya 2008-ci ilin göstəriciləri daxil edilməmişdir.

Məlumdur ki, müasir iqtisadiyyatı və məişəti təbii qaz olmadan təsəvvür etmək mümkün deyildir. Ona görə də ötən prezident seçkilərindən dərhal sonra ölkənin bütün regionlarının təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində mühüm tədbirlərin reallaşdırılmasına başlanılmışdır. Nəticədə qazla təmin edilən rayonların sayı 35-dən 54-ə çatdırılmış, Naxçıvan Muxtar Respublikası və İmişli rayonunun qaz təminatı bərpa edilmiş, əvvəllər heç zaman qaz çəkilməyən Lerik və Yardımlı rayonlarına təbii qaz verilməsi təmin olunmuşdur. Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində bu yaşayış məntəqələrinin qaz təchizatı yaxşılaşdırılmış, qaz istehlak edən abonentlərin sayı 40 faizə yaxın artmışdır. Bu prosesin daha sivil şəkildə aparılması üçün elektrik və su sistemində olduğu kimi, qaz təminatında da sayğaclaşdırmaya xüsusi önəm verilmişdir. 2002-ci ildə abonentlərin cəmi 6,4 faizinin qaz sayğacı var idisə, indi sayğacsız qaz istehlak edən abonent demək olar ki, yoxdur. 2007-ci ilədək yüksək qiymətə qaz idxal edən Azərbaycan öz ehtiyatları hesabına nəinki ölkədaxili istehlakı təmin etmiş, üstəlik, qonşu ölkələrə qaz ixrac etməyə başlamışdır.

Perspektivdə daha böyük layihələrin icrası durur. Hökumətin növbəti 5 il üçün müəyyənləşdirdiyi perspektiv planlarda əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatının tam və fasiləsiz ödənilməsi üçün silsilə tədbirlər planı mövcuddur. Məsələn, Səngəçal ərazisində 300 meqavatt gücündə modul tipli, Şirvan şəhərində isə 760 meqavatt gücündə elektrik stansiyaları istifadəyə verilmişdir. Alternativ və bərpa olunan (kiçik çaylar, külək, günəş, biokütlə və s.) enerji mənbələrinin işə salınması və istismarı genişlənəcəkdir. Regionda yeni elektrik gücləri yaradılacaq. Qubada modul tipli, Qudyalçay, Həkəriçay, Viləşçay, Tovuzçay və başqa çaylar üzərində kiçik su elektrik stansiyalarının inşası başa çatdırılacaqdır. Eyni zamanda, elektrik enerjisi uçotunun yeni prinsiplər əsasında qurulması da nəzərdə tutulur. Növbəti 5 ildə qaz və istilik təchizatı sahələrində də mühüm yeniliklər olacaqdır. Əsas məqsəd ölkə vətəndaşlarının bu kommunal xidmətlərlə təminatının sürətli inkişafda olan Azərbaycanın inkişaf tempinə uyğunlaşdırılmasıdır.

Başqa bir məqama da diqqət edək. Enerji təhlükəsizliyinin təmin edilməsindən danışarkən mütləq respublikamızın beynəlxalq əlaqələri barədə də söz açmaq zərurəti yaranır. Çünki Avrasiya məkanı kimi böyük ərazidə mühüm geosiyasi əhəmiyyət kəsb edən və zəngin təbii resurslara malik olan Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropanın və bir çox hallarda dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında da iştirak edir. Xəzərin karbohidrogen ehtiyatını dünya bazarına çıxaran Azərbaycan bütün Avrasiya üçün xüsusi önəm kəsb edən dövlətə çevrilir. “Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin də enerji təhlükəsizliyində iştirak edir” – deyən dövlət başçısı İlham Əliyev bir çox beynəlxalq tədbirlərdə ölkəmizin bu fəaliyyəti gələcəkdə də genişləndirəcəyini söyləmişdir. Litvada təşkil edilmiş “Vilnus enerji təhlükəsizliyi konfransı – 2007: məsul tərəfdaşlar üçün məsul energetika” adlı konfransda Xəzər, Qara dəniz və Baltik hövzəsində enerji təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq formatı yaranmışdır. Polşa Prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə 2007-ci ilin may ayında Krakov şəhərində təşkil olunmuş enerji sammiti isə enerji təhlükəsizliyi məsələsinin region dövlətləri üçün necə mühüm əhəmiyyət kəsb etdiyinin təzahürüdür. Eləcə də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın müxtəlif şəhərlərdə keçirdiyi sammitlərdə bu məsələ daim önə çəkilmiş, region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əvəzsiz rol oynamasını bütün tərəflər səmimiyyətlə etiraf etmişlər. Bu isə təkcə ölkənin təbii sərvətləri ilə zəngin olmasından qaynaqlanmır. Bu dövlətin yeritdiyi uğurlu xarici siyasətin, ölkənin sivil dövlətçilik təcrübələrinə əsasən idarə edilməsinin və təbii ki, bütün dünyada gündən-günə genişlənən enerji diplomatiyasının rəsmi Bakı tərəfindən incəliklə həyata keçirilməsinin nəticəsidir. Ən başlıca məsələ isə ondan ibarətdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini tamamilə təmin etmişdir. Növbəti 5 ildə ölkənin hərtərəfli sosial-iqtisadi inkişafının daha da genişləndirilməsi və enerji təhlükəsizliyi təminatının dönməz xarakter alması üçün atılacaq addımlar, reallaşdırılacaq proqramlar daha zəngindir.

Qeyd edək ki, Azərbaycan dövlətinin həyata keçirdiyi son tədbirlər, xüsusən noyabrda Bakıda reallaşdırılmış enerji sammiti ölkəmizin və beynəlxalq aləmdəki tərəfdaşlarımızın enerji iəhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsində xüsusi rol oynayacaqdır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2008.- 17 dekabr.- S.1.