İnsan hüquqlarının
qorunması hüquqi
dövlətin əsas vəzifələrindən
biridir
60 il bundan əvvəl –
10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisi 217 (III) saylı qətnamə ilə
“İnsan hüquqları haqqında Ümumi Bəyannamə” qəbul
etmişdir.
Bəşər
sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin
son nəticədə qazandığı ən böyük
nailiyyətlərdən biri insan hüquqlarına hörmət
anlayışıdır. İnsan hüquqlarına hörmət
cəmiyyətin demokratikliyini sübut edən əsas
atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz
təmin olunması beynəlxalq hüququn təminatlarından
biridir. Hazırda demokratik mahiyyətli dövlət
qurduğunu elan edən hər bir dövlət dünya
birliyində özünə layiq yer tutmaq istəyirsə o,
ilk növbədə, öz ölkəsində insan və vətəndaş
hüquqlarının və azadlıqlarının hərtərəfli
qorunmasını təmin etməli, bu hüquq və
azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan
həyata keçirilməsi üçün şərait
yaratmalıdır.
Bəşəriyyət
tarixinin bütün inkişaf mərhələlərində,
bir ictimai-siyasi formasiyanın digəri ilə əvəzlənməsiylə
nəticələnən inqilabi dəyişikliklər
dövründə də məhz insan hüquqlarının
real təminatı üçün daha əlverişli şərait
yaradılması qarşıya qoyulan əsas məqsədlərdən
biri olmuşdur. İnsan hüquqları dedikdə, insanın təbiətinə
xas olan, onsuz insanın varlıq kimi mövcud ola bilməyəcəyi
hüquqlar başa düşülməlidir. İnsan hüquq
və azadlıqları insanın malik olduğu ən yüksək
ictimai-siyasi, sosial və mənəvi dəyərləridir.
İnsan hüquq və əsas
azadlıqlarının verilməsindən imtina, onların həyata
keçirilməsi üçün təminatlar
yaradılmaması ayrı-ayrı fərdlər
üçün şəxsi faciə olmaqla yanaşı,
sosial və siyasi qarışıqlıq, cəmiyyətdə
və dövlətlər arasında münaqişə və
zorakılıq üçün zəmin yaradır. “İnsan
hüquqları haqqında Ümumi Bəyannamə” insan
birliyinin bütün üzvlərinin hüquqlarının
toxunulmazlığını və
ayrılmazlığını təntənəli surətdə
elan edən əsas beynəlxalq sənəddir.
BMT-nin Baş Məclisi tərəfindən 60 il bundan əvvəl 1948-ci il dekabrın 10-da Parisdə qəbul edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” preambuladan və 30 maddədən ibarətdir. Ümumi Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur. Ümumi Bəyannamə, həm də Birləşmiş Millətlərin xalqlarının Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara almalarını nəzərə alır. Bu bəyannamə insan hüquq və azadlıqlarını özündə əks etdirən digər beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi üçün baza rolu oynamışdır.
Sülh və insan hüquqları bir-birindən ayrılmazdır. İnsan hüquqlarına yalnız sülh, əməkdaşlıq şəraitində hörmət və əməl oluna bilər.Bütün ölkələrdə bu hüquqların tapdalanması bəşəriyyətə qarşı cinayətlərlə və sülhün pozulması ilə nəticələnə bilər. Ona görə də Ümumi Bəyannamədə elan edilir ki, “bəşər nəslinin bütün üzvlərinə mənsub olan bərabər və ayrılmaz hüquqların tanınması azadlıq, ədalət və ümumi sülh üçün əsasdır". Bəyannamədə beynəlxalq münasibətlər tarixində, ilk dəfə olaraq, hamı tərəfindən əməl olunmalı əsas insan hüquqları və azadlıqlarının siyahısı müəyyən edilmişdir. Bu beynəlxalq sənəddə vətəndaşların şəxsiyyət, vətəndaşlıq və siyasi hüquqları, habelə sosial-iqtisadi hüquqları da hamının əməl etməli olduğu insan hüquqları sırasına aid edilir.
Ümumi Bəyannamənin 3-cü maddəsində, ilk növbədə, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ şəxsiyyətin əsas hüquqlarından biri elan edilir. Bu hüquqlar Bəyannamənin digər müddəalarında tamamlanır. Xüsusilə qeyd edilir ki, heç kəs kölə vəziyyətində (əsarətdə) və ya asılı vəziyyətdə saxlanılmamalıdır. Heç kim işgəncəyə və qəddar, insanlıqdan kənar, yaxud insan ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. Şəxsi həyatın və ailə həyatının toxunulmazlığı, mənzil hüququ, yazışma sirrinin, şərəfin və adın müdafiəsi hüququ, hər bir adamın qərəzsiz məhkəmə tərəfindən müdafiə olunması hüququ da şəxsiyyətin əsas hüquqlarına aiddir.
Ümumi Bəyannamədə şəxsiyyətin əsas hüquqları ilə yanaşı insanın siyasi və mülki hüquq və azadlıqları da geniş şərh edilir. Həmin azadlıqlar: hər kəsin fikir, vicdan, din azadlığı, dinc yığıncaqlar və assosiasiyalar azadlığı; hər kəsin öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququ və gizli səsvermə yolu ilə ümumi, bərabər seçki hüququ, sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ, sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ, vətəndaşlıq hüququ, irqindən, milliyyətindən, yaxud dinindən asılı olmayaraq, nikah bağlamaq və ailə qurmaq hüququ, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq və s. hüquqdan ibarətdir.
BMT-nin İnsan hüquqları üzrə komissiyasının 17 aprel 1998-ci il tarixli qətnaməsində göstərilir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” bütün ölkələr və xalqlar üçün ümumi etalon qismində qəbul olunur və gələcək təkamül üçün əsas sayılır. Həmin qətnaməyə görə dövlətlərə tövsiyə edilir ki, insan hüquq və azadlıqlarının tam həcmdə həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı genişləndirməli və milli səviyyədə səylər gücləndirilməlidir.
Tarixi qanunauyğunluq nəticəsində keçmiş Sovetlər birliyi süqut etdikdən sonra xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratlarını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etmiş oldu. Sovetlər birliyi dövründə Azərbaycana qarşı, əslində, müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanırdı. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalır, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixdə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə bu mübarizənin yekunu olmuşdur. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli İslam Şurasının (Sovetlər dönəmində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün sənədlərdən “İslam” sözü, əsassız olaraq, çıxarılmışdır – İ.A.) 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etmişdir.
“Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 19-cu maddəsinə əsasən Azərbaycan Respublikası insan hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquqi sənədlərə qoşularaq, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq, əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Həmin maddədə daha sonra göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları, qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Layihəsi ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış müstəqil dövlətimizin ilk Konstitusiyasının - Azərbaycan Respublikası Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edilməsi Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən biri olmuşdur. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir.
Müstəqil dövlətimizin ilk Konstitusiyasının preambulasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququnu istifadə edərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyaraq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir.
Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi təsbit edilmişdir. Beləliklə, keçmiş Sovet Konstitusiyalarından fərqli olaraq, ilk dəfə Konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilmişdir. Ümumiyyətlə, Konstitusiyanın III fəsli bütövlükdə, başqa sözlə, 158 maddədən 48-i, yəni üçdə biri insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmişdir. Demək olar ki, İnsan hüquqları Ümumi Bəyannaməsi və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu Konstitusiyada təsbitini tapmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Beləliklə, Konstitusiyanın qeyd edilən normalarının təhlili göstərir ki, bu normalar hüquqi dövlət quruculuğu prinsipinin mahiyyətindən irəli gəlməklə, cəmiyyətdə qanunun aliliyinə xidmət edir.
Ölkəmizdə həmin vaxtdan başlayaraq, ciddi sosial iqtisadi islahatlarla yanaşı, hüquq islahatı, həmçinin, onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatı həyata keçirilməyə başlamış və respublikamızda, ilk dəfə olaraq, üçpilləli məhkəmə sistemi yaradılmışdır. Hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmiş, ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir.
Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” mühüm rol oynamışdır.
Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevik və müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir və bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd edilməsi qərara alınmışdır.
Ədliyyə Nazirliyinin 31 yanvar 2007-ci il tarixli Kollegiya iclasında Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar qarşıda duran vəzifələr geniş və hərtərəfli müzakirə edilmiş, 37 bənddən ibarət tədbirlər planı da təsdiq edilərək icra edilməsi üçün bütün tabe qurumlara göndərilmişdir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması işinin təkmilləşdirilməsi bu gün də davam edir. Respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiəsini təmin etmək məqsədilə 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmizdə ilk dəfə olaraq ombudsman təsisatı yaradılmışdır və hazırda bu institut səmərəli fəaliyyət göstərir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Bu ilin 24 oktyabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: “Azərbaycan son beş ildə bölgədə öz mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi sürətlə getmişdir. Müstəqilliyimiz möhkəmlənmişdir. Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla aparılır. Demokratikləşmə prosesi uğurla gedir". Dövlət başçısının bu sözləri, eyni dərəcədə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına da aiddir.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru,
baş ədliyyə
müşaviri,
prokurorluğun fəxri
işçisi
Xalq qəzeti.-2008.- 17 dekabr.- S.4.