İraqlılar jurnalistin müdafiəsinə qalxdılar

 

İraqda ABŞ Prezidenti Corc Buşa mətbuat konfransı zamanı müxbir tərəfindən ayaqqabı tullanılması hadisəsi bütün dünya mediasında qızğın müzakirə olunur. Belə ki, “Əl-Baqdadi” telekanalının 29 yaşlı müxbiri Müntədər əz-Zeydi ABŞ-ın dövlət başçısına çəkmələrini tullayan zaman bu sözləri demişdi: “Bu da sənə İraq xalqından vida öpüşü, köpək!”

Artıq həmin müxbir İraqın təhlükəsizlik orqanları tərəfindən həbs olunub.

Ən maraqlısı isə odur ki, müxbirin çəkmələrini astronomik qiymətə almaq istəyənlərin sayı durmadan artır. Belə ki, İraqın futbol komandasının keçmiş baş məşqçisi Adnan Həmid adıçəkilən çəkmələrə yüz min dollar verməyə hazır olduğunu bəyan edib. O, jurnalistlərə deyib ki, iraqlı jurnalist bu hərəkəti ilə bütün İraqı pis günə qoymuş Buşa münasibətini ifadə edib. Bu arada Səudiyyə Ərəbistandan olan iş adamı deyib ki, o təkcə bir çəkmə üçün 10 milyon dollar ödəməyə hazırdır. Lakin Corc Buşa tuşlanmış çəkmələrin hazırda harada olduğu məlum deyil. Bəzi ehtimallara görə çəkmələr ölkənin xüsusi xidmət orqanları tərəfindən müsadirə olunub. Digər ehtimala görə isə ayaqqabıları Buş administrasiyasının əməkdaşlarından biri aparıb. Lakin bu insidentlə bağlı məhkəmə qurulsa və jurnalistə bəraət verilsə, onun artıq məşhurlaşmış ayaqqabılarını tələb etmək hüququ olacaqdır.

Qeyd edək ki, İraq hökuməti Müntədər əz-Zeydinin hərəkətini kəskin pisləyir. Belə ki, İraqın Baş nazirinin müşaviri Yasin Məcid bildirib ki, Müntədər əz-Zeydi vəhşi və xəcalət gətirən hərəkəti ilə İraq rəsmilərini çətin vəziyyətdə qoyub. O, bu əməlinə görə məhkəmə qarşısında cavab verməlidir.

Maraqlıdır ki, iraqlı müxbirin davranışı bütün ərəb dünyasında böyük rəğbətlə qarşılanıb. Çünki ərəblərin adətlərinə görə bir nəfərə ayaqqabının tullanması nifrətin ən yüksək həddinə bərabərdir. Jurnalistin qardaşı Dirhəm əz-Zeydi isətiranı təhqir etdiyi üçün qardaşı ilə fəxr etdiyinisöyləyib. O həmçinin deyib ki, onun qardaşı hər gün İraq torpağında axıdılan günahsız qana görə həyəcan keçirirdi. O, həmvətənlərinin qayğılarına çox həssas yanaşar, imkanı daxilində hər kəsə yardım edərdi. Onun yazdığı məqalələrin əksəriyyətində, məhz İraqdakı zorakılıq hallarından, partlayışlar nəticəsində günahsız insanların həyatlarını itirmələrindən, terrorun minlərlə körpəni yetim qoymasından bəhs olunurdu. Bu aradaRöyteragentliyinin yaydığı məlumata görə Liviya Prezidenti Muəmmar Qəddafinin qızı Ayişə Qəddafinin rəhbərlik etdiyi xeyriyyə fondu iraqlı jurnalisti nümayiş etdirdiyi cəsarətə görə xüsusi medalla təltif ediləcəyini qeyd edib. Onun fikrincə, İraq hakimiyyəti müxbiri mükafatlandırmalı Müntədər əz-Zeydi azadlığa buraxılmalıdır.

Artıq iki yüzdən çox vəkil iraqlı müxbiri müdafiə etməyə hazır oldugunu vurğulayıb. Onlar arasında İraqın keçmiş Prezidenti Səddam Hüseynin vəkili məşhur Xəlil Duleymi var.

Dünən paytaxt Bağdadda minlərlə iraqlı sakin Müntədər əz-Zeydinin həbs olunmasına etiraz edərək, onun azadlığa buraxılmasını tələb edib. Etiraz aksiyaları ölkənin digər şəhərlərində qeydə alınıb. Ölkə əhalisi kütləvi şəkildə küçələrə çıxaraq jurnalistin həbsdən buraxılmasını tələb edir. İraqlılar əz-Zeydini milli qəhrəman elan ediblər.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2008.-17 dekabr.- S.6.