Şeir dilimizin tədqiqinə dəyərli
töhfə
Azərbaycan
poeziyasını zəngin bir xəzinə adlandırsaq,
yanılmarıq. Böyük tarixi inkişaf yolu
keçmiş Azərbaycan poeziyası hər bir mərhələdə
yarandığı dövrün aynasıdır. İctimai
mühitdə baş verən hadisələr poeziyada bədiiləşir
və əbədiləşir. Azərbaycan poeziyasının
inkişafında XX əsrin 60-80-ci illəri xüsusi bir mərhələ
təşkil edir. Bu dövr poeziyası Azərbaycan ədəbiyyatının
yeniləşmə dövrüdür. “1960-cı illərdən
başlayaraq Azərbaycan poeziyasında totalitar rejimin sənət
ölçülərindən xilas olma meylləri gücləndi,
şeirdə bədii keyfiyyət və sənətkarlıq
etibarilə böyük dönüş yaranmağa
başladı. Bir sıra ənənəvi forma elementlərinin
üslubu yekrənglik çərçivəsindən kənara
çıxma halları intensivləşərək
yaradıçılıq axtarışları yeni istiqamət
almışdır.
Məhz bunun üçün də həyata, ictimai mühitə, siyasi hadisələrə fəal müdaxilə mövqeyinə yüksələn 60-80-ci illər Azərbaycan poeziyası bədii-estetik və poetik təkamülündə daha da inkişaf etmiş, sözün həqiqi mənasında onu yeni və kamil bir pillə kimi səciyyələndirmək lazımdır” (Məhərrəm Hüseynov. Şeirşünaslıqda dil sənətkarlığı. Bakı, 2007, s. 24). Bu dövr poeziyasında mürəkkəb poetik obrazlar yoxdur, bütün misralar sadədir, amma bu sadəlikdə cəlbedici bir təmizlik, saflıq var, süni ifadələrə, qafiyə xətrinə sözlərin ardıcıllığını pozmaq, yaxud heca xətrinə sözləri təhrif etmək kimi faktlara rast gəlmək mümkün deyil. (Elçin. Otuz altı ildən sonra, “Ədəbiyyat qəzeti”, 18.07.2008).
1960-1980-ci illərin poeziya dilinin tədqiqi vacib dilçilik məsələlərindən biridir. Bu baxımdan filologiya elmləri namizədi, dosent Məhərrəm Hüseynovun “Şeirşünaslıqda dil sənətkarlığı” (Bakı, “Elmi” nəşriyyatı, 2007), “Dil və poeziya” (Bakı, “Elm” nəşriyyatı, 2008) monoqrafiyaları diqqəti xüsusilə cəlb edir.
Azərbaycan poeziyasının dili ilə bağlı T.Hacıyev, Y.Seyidov, N.Cəfərov və başqaları dəyərli əsərlər yazmış, bədii dilin keyfiyyətlərini, zənginliyini yüksək elmi aspektdə tədqiq etmişlər. Məhərrəm Hüseynovun əsərlərində də bədii dilin poetik xüsusiyyətləri, şeir dilinin estetik keyfiyyətləri təhlil edilir. Müəllif “Şeirşünaslıqla dil sənətkarlığı” monoqrafiyasında XX əsrin 60-80-ci illər poeziyasının dilinə, üslub zənginliyinə, dil xüsusiyyətlərini araşdıran müəlliflərin yaradıcılığına ümumi nəzər salır, fikrinə dayanıqlıq baxımdan Y.Seyidova, B.Nəbiyeva, T.Hacıyevə, M.Cəfərə, N.Xudiyevə, K.Vəliyevə üz tutur və belə bir qənaətə gəlir: “Sənətkarlıq amillərinin geniş miqyasda təhlil predmeti olmasının böyük bir əhəmiyyəti də onunla əlaqədardır ki, son dövlərdə ümumən poeziyamızın, eləcə də ayrı-ayrı şairlərin dilinə, üslubuna, poetikanın bu və ya digər probleminə elmi maraq da artmışdır. Göstərilən məsələlərə aydınlıq gətirmək, Azərbaycan poeziyasını proses və inkişaf halında şərh etmək üçün 1960-1980-ci illər şeirimizin dil materiallarının zənginliyi arzu olunan imkanlar yaradır”. Monoqrafiyanın “Poetik linqvistika şeirdə dil sənətkarlığı haqqında” hissəsində 1960-ci illərdən bədii dilin tədqqinə marağın artdığını göstərərək, poeziya dilinin aktual məsələlərinin araşdırılmasında dilçi alimlərin rolundan geniş söhbət açır.
1960-1980-ci illərin poeziya dilinin tədqiqi baxımından akademik A.Axundovun, AMEA-nın müxbir üzvləri T.Hacıyevin, A.Qurbanovun, K.Abdullayevin, professorlar Y.Seyidovun, R.Məhərrəmovanın, M.Məmmədovun, M.Adilovun, K.Vəliyevin, gənc tədqiqatçı S.Abdullayevin və başqalarının yaradıcılığı tədqiqata cəlb edilir və dövrün şeir dilçilik baxımından araşdırılmasını göstərir.
Kitabın “Ədəbiyyatşünaslıq və ədəbi tənqid şeir dilinin problemləri haqqında” hissəsində müəllif aydın şəkildə göstərir ki, ədəbiyyatşünaslıq və ədəbi tənqid poetik dil problemlərinə, onun daxili mahiyyətinə daha yaxından nüfuz edir, onun hərtərəfli tərəqqi perspektivliyini müəyyənləşdirir. Ədəbiyyatşünaslıqda poeziyanın dil-üslub problemlərinə həmişə həssaslıqla yanaşıldığını göstərir.
M.Hüseynovun ikinci monoqrafiyası (“Dil və poeziya”) akademik Məmməd Cəfərin “Sənət yollarında” kitabından götürdüyü “Şeir xalqın ilk mürəbbisi olmuşdur” cümləsi ilə başlayır. Şeir ana dilinin ifadəlilik imkanlarını, dilin bütün incəliklərini əks etdirir. Monoqrafiyanın I fəslində şeir dilinin özəllik və şərtiliklərinin bəzi cəhətlərindən bəhs edən müəllif şeir dilinin dramaturgiya və nəsr dilindən seçildiyini göstərir. Aydın olur ki, şeir dilində sözlərin bir-biri ilə qarşılıqlı əlaqəsi daha güclüdür. Bu da şeir dilinin estetik gücü və lakonikliyi ilə bağlıdır. Şeirdə bədii dilin bütün imkanları, ilk növbədə, obrazlılıq öz əksini tapır. Müəllif şeir dilinin özəlliklərini konkret dil faktları ilə izah edir. Fikrini R.Rzanın, B.Vahabzadənin, M.Arazın, F.Qocanın, B.Azəroğlunun, S.Rüstəmxanlının, Z.Yaqubun, V.Nəsibin, M.Aslanın əsərlərindən gətirdiyi konkret nümunələrlə əsaslandırır. Sözləri “danışdıran” şairlərin ayrı-ayrı sözlərə necə həssaslıqla yanaşdığını bir dilçi təxəyyülü ilə saf-çürük edir, şeirdə sözlərin necə mühüm rola malik olduğunu elmi cəhətdən təhlil edir.
“Şeir dilinin ritm və intonasiya qaynaqları” adlı II fəsil bilavasitə şeirdə ritmin və intonasiyanın aparıcı rola malik olduğunu əsaslandırır. Nəzəri fikirləri əsasında səslərin, sözlərin və ifadələrin bir-biri ilə üzvi bağlılığını elmi şəkildə izah edir. Bu əsər Azərbaycan poeziya dilinin araşdırılması üçün yeni-yeni tədqiqatlara yol açır. Azərbaycan poeziyasına, xüsusilə də 1960-1980-ci illərin poeziyasına dərindən bələd olan M.Hüseynov şeirlərin qafiyə sistemində cinasın təsirli və emosional çalarlıqlar yaratdığını, fonetik qafiyələrin fonetik hadisələrin məhslu olduğunu konkret şeir nümunələri ilə izah edir.
M.Hüseynovun “Dil və poeziya” monoqrafiyasının III fəslində (“Şeir dilinin obrazlı leksikası”) şeirdə sözlərin yaratdığı obrazlılıq geniş şəkildə təhlil edilir. Omonimlərin, sinonimlərin, antonimlərin, poetik sözlərin üslubi rolu tam yeni elmi baxışla izah edilir.
M.Hüseynov “Şeir dilində frazeologiyanın bədii aktuallığı” adlı IV fəsildə şeir dilində frazeoloji vahidlərin üslubi rolunu araşdırır. Frazeoloji vahidlərin yaratdığı poetik obrazlılığın şeirin təbiiliyinin, milliliyinin göstəricilərindən biri olduğunu qeyd edir. Müəllif haqlı olaraq belə bir elmi qənaətə gəlir ki, dilin bədii-poetik strukturunda frazeologizmlər çox güclü təsir vasitəsi, xəlqi dil emosionallığının göstəricilərindəndir. Onlarda şeir dili meyarlarına uyğunlaşma qabiliyyəti də güclüdür. Ona görə də bu cür dil materialları şeiri canlı nitqin təbiiliyi və ahəngdarlığı ilə zənginləşdirir, fikri yığcam və şairanə ifadə etmək imkanlarını genişləndirir.
Filologiya elmləri namizədi, dosent M.Hüseynovun 1960-80-ci illərin Azərbaycan poeziyasının dilinə həsr etdiyi bu iki monoqrafiya (“Şeirşünaslıqda dil sənətkarlığı”, “Dil və poeziya”) elmi sanbalı və dəyəri ilə seçilir. Hər iki əsərdə M.Hüseynovun yüksək alimlik etikası, dərin araşdırıcılıq qabiliyyəti müşahidə olunur. Müəllif öz qələminə hörmətlə yanaşır və elmi fikirlərinin məsuliyyətini dərk edir. İnanırıq ki, M.Hüseynovun hər iki əsəri mütəxəssislərin və oxucuların rəğbətini qazanacaqdır.
İbrahim BAYRAMOV,
filologiya elmləri doktoru
Xalq qəzeti.-2008.- 17 dekabr.- S.7.