Açıq turnirin qalibi
Bakının Nizami
rayonundakı 145 saylı məktəbin 8-ci sinif şagirdi Əli
Əsgərov bu günlərdə keçirilmiş yeniyetmələr
arasında cüdo üzrə açıq turniri uzun müddət
unutmayacaq. “Lokomotiv” cəmiyyətinin yetirməsi Səbail
Rayon Gənclər və İdman İdarəsinin Bakı
şəhərindəki 9 saylı UGİM-lə birgə təşkil
etdiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə həsr olunan yarışda dörd dəfə
tatami üzərinə çıxmış və hər dəfə
də rəqiblərinə inamla qalib gələrək birinci
yerin sevincini yaşamışdır.
Ən başlıcası
isə cüdonun incəliklərinə məşqçi
Xalid Abbasovun rəhbərliyi altında yiyələnən Əli
bütün qələbələrini ippon fəndi ilə
qazanmışdır. Görünür, o da bir çox
yaşıdları kimi məşhur həmyerlisi, XXIX Yay
Olimpiya Oyunlarının çempionu Elnur Məmmədlinin Pekin
Olimpiadasında çıxışlarını diqqətlə
izləmiş və onun ifasında dünyanı heyran qoyan
ippon fəndini yaxşı öyrənmişdir. Axı,
Elnurun həmin unudulmaz uğurundan sonra ölkəmizdə
idmanın bu növünə maraq daha da artmış,
cüdoda hələ ilk addımlarını atan yeniyetmələr
çempion həmvətənləri kimi mahir usta olmaq arzusu ilə
yaşamağa başlamışlar.
Açıq turnirin
iştirakçıları üç yaş qrupunda
yarışmışlar. Əli 1995-ci il təvəllüdlü
cüdoçularla görüşlərdə 55 kq-dan
yuxarı çəki dərəcəsində yaxşı
hazırlıq nümayiş etdirmişdir. Onun bütün
dörd görüşdə ippon fəndi ilə qalib gəlməsi
çox şeydən xəbər verir.
Onu da qeyd edək ki,
indiki qələbə artıq üç ildir cüdo ilə
məşğul olan 13 yaşlı Əli Əsgərovun ilk
müvəffəqiyyəti deyil. O, ötən il Qurban
bayramına həsr olunmuş turnirdə, Bakı şəhərinin
açıq birinciliyində də fəxri kürsünün
ən yüksək pilləsinə qalxmış və daha bir
neçə yarışda mükafatçılar
sırasında yer tutmuşdur. Qarşıda isə yeni turnirlər
durur.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2008.-17 dekabr.- S.8.