Azərbaycanın xarici siyasəti xalqımızın
və
dövlətimizin mənafeləri
baxımından formalaşdırılır
Hər bir millətin
yaratdığı dövləti idarə etmək
üçün yazılmış qanunları, proqramları
olduğu kimi milli maraqları da mövcuddur. Azərbaycanın
milli maraqları da hamı üçün açıq,
aydındır və hamı üçün birmənalı
şəkildə qəbul edilmişdir: Milli dövlətçiliyimizin
yaşadılması, Azərbaycanın dövlət müstəqilliyinin
əbədiləşdirilməsi, ölkənin ərazi
bütövlüyünün bərpa edilməsi və nəhayət,
bütün dövlət atributları kimi sərhədlərin
toxunulmazlığının qorunması. Bu məqsədlərə
çatmaq üçün isə təbii ki, çoxlu sayda
detallar, məqamlar mövcuddur. Müstəqillik əldə
ediləndən sonra milli maraqların təmin edilməsi
istiqamətində həyata keçirilən tədbirlərin
xronologiyasını şərti olaraq iki mərhələyə
ayırmaq olar: 1993-cü ilin yayından 2003-cü ilin
payızına qədər olan birinci mərhələ və
həmin tarixdən başlayaraq icra edilən ikinci mərhələ.
Hətta, bəzi politoloqlar yazırlar ki, 2008-ci ilin
oktyabrından etibarən üçüncü — daha mütəşəkkil
gedişlər və konkret addımlarla zəngin olacaq növbəti
mərhələ başlanmışdır.
Məlum məsələdir ki, milli maraqların təmin edilməsi, dövlətin mənafelərinin qorunması üçün ölkənin hərtərəfli şəkildə inkişaf etdirilməsi, dövlətin qüdrətlənməsi ilə yanaşı uğurlu xarici siyasət kursunun icra edilməsi də zəruridir. Böyük siyasi uzaqgörənliyə və idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev müstəqil Azərbaycanın ilk rəhbərlərindən fərqli olaraq bütün bu məqamları incəliklərinə qədər bildiyinə və ustalıqla icra etdiyinə görə qeyd edilən istiqamətdə cəmi 10 ildə 30-40 ildə görülə biləcək işləri reallaşdırdı. Heydər Əliyev həqiqətən Azərbaycanın milli maraqlarının qorunması, dövlətimizin mənafelərinin təmin edilməsi məsələsində heç kəsə zərrə qədər də olsa güzəştə getmədən, eyni zamanda heç kəslə münasibətləri zərrə qədər də olsa pozmadan böyük uğurlara imza atdı.
Diqqət yetirin, 1993-cü ilin yayına qədər müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə bircə dostu var idi — Türkiyə Cümhuriyyəti. 2003-cü ilin yayında isə artıq beynəlxalq aləmdə Azərbaycanın dostu və tərəfdaşı olmayan bircə ölkə var idi — işğalçı Ermənistan. Fərqin böyüklüyü haqqında şərhə ehtiyac yoxdur. 1993-cü ilin yayında Ermənistan silahlı qüvvələri öz himayədarlarının köməyi ilə hər gün Azərbaycanın bir kəndini, qəsəbəsini işğal edir, beynəlxalq aləm buna seyrçi mövqeyindən baxırdı. 2003-cü ildə isə artıq dünyanın bütün beynəlxalq təşkilatları və aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zərurətindən söz açır, bunun ölkələrarası və ya regional məsələ deyil, bilavasitə beynəlxalq problem olduğunu dilə gətirirdilər. ATƏT üzvü olan ölkələrin Lissabon sammitində (1996-cı ilin dekabrı) Heydər Əliyev dünyanın 53 ölkəsinin ali rəhbərinin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq çıxarılması barədə rəsmi sənədin qəbul edilməsinə nail oldu. Tarixçilərin fikrincə, bu, ölkənin milli maraqlarının təmin edilməsində “Əsrin müqaviləsi”ndən sonra ən böyük addım idi.
Azərbaycanın Avropa Şurasına tam və bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra (yanvar, 2001-ci il) Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, deputat İlham Əliyevin ciddi-cəhdləri və siyasi-diplomatik gedişləri nəticəsində bu beynəlxalq qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan çox mühüm bir sənəd qəbul etdi. Ekspertlərin fikrincə, həmin sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əldə edilmiş ən böyük nailiyyət idi. Çünki bu sənədin qəbul edilməsi prosesində təkcə Avropa Şurası Parlament Assambleyasında təmsil olunan ölkələrin deyil, eləcə də ATƏT üzvü olan ölkələrin, xüsusən, bu qurumun tərkibində yaradılmış Minsk qrupunun həmsədrlərinin nümayəndələri də iştirak edirdilər. Deməli, Azərbaycanın mənafelərinin qorunması üçün beynəlxalq aləmdə atılan addımlar artıq dönməz xarakter almış, bu addımları dəstəkləyənlərin sayı birə yüz qat artmışdır.
Yeni əsrin üçüncü ilində Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra ölkəmizin milli maraqlarının təmin edilməsində növbəti — ikinci mərhələ başlandı. Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi, eyni zamanda müasir dünya siyasətinin və iqtisadiyyatının kamil bilicisi olan Prezident İlham Əliyevin orijinal siyasi-diplomatik gedişləri həqiqətən yeni mərhələnin başlandığından xəbər verirdi. “Biz xarici siyasətdə uğurlar əldə etmək üçün ölkəmizin iqtisadi qüdrətini artıracağıq” — deyən İlham Əliyev dövlət başçısı seçilməsindən dərhal sonra ölkənin sosial-iqtisadi inkişafını təmin edən sənədlər imzaladı. “Biz Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqlarda uğurlara nail olmaqdan ötrü Azərbaycanın dövlət büdcəsini, deməli, həm də hərbi büdcəmizi qat-qat artıracağıq, ordu quruculuğunu sürətləndirəcəyik, silahlı qüvvələrimizin maddi-texniki bazasını möhkəmləndirəcəyik” — deyən İlham Əliyev cəmi 5 ildə bu istiqamətdə əksər dövlətlərin həsəd aparacağı nailiyyətlərə imza atdı. Nəticədə Ermənistan rəhbərliyi Azərbaycan büdcəsinin və dövlətimizin hərbi xərclərinin beş ildə 10 dəfədən də çox artmasına reaksiya vermək məcburiyyətində qaldı. Beynəlxalq ictimaiyyətin rəsmi Yerevana təzyiqləri o yerə çatdı ki, Ermənistan rəhbərləri dilə gəldilər: “Azərbaycanın ölkəyə gələn neft pulları hesabına danışıqlar prosesində Ermənistana təzyiq göstərməsi yolverilməz haldır”. Erməni həyasızlığının bariz nümunəsi olan bu ifadə eyni zamanda başqa bir faktı da təsdiqləyirdi. Deməli, “Biz danışıqlarda uğur əldə etmək üçün dövlət büdcəmizi və hərbi xərclərimizi artırmalıyıq” — tezisi böyük uğurla icra edilmişdir.
Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi üçün neft diplomatiyasından məharətlə istifadə edirdi. Prezident İlham Əliyev isə 2003-cü ildən başlayaraq bu məqsədlə, yəni ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsi, Azərbaycanın milli maraqlarının təmin edilməsi üçün enerji diplomatiyasından uğurla istifadə edir. Həm GUAM çərçivəsində, həm də bu quruma üzv olmayan bir çox başqa ölkələrin də qatıldığı beynəlxalq enerji sammitləri çərçivəsində Azərbaycan öz maraqlarını uğurla təmin edir. Krakov, Kiyev, İstanbul və nəhayət, Bakı enerji sammitləri bir daha sübut etdi ki, Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolla Avropada və dünyada aparıcı söz sahiblərindən birinə çevrilir.
Bakı—Tbilisi—Ceyhan neft, Bakı—Tbilisi— Ərzurum qaz ixrac kəmərləri, Şanxay-London iqtisadi nəqliyyat dəhlizinin əsas tərkib hissələrindən olan Bakı—Tbilisi—Qars dəmir yolu xətti, Qazaxıstanın Bakı—Tbilisi—Ceyhan neft ixrac kəmərinə qatılması, NABUKKO qaz kəməri layihəsinin getdikcə daha böyük dəstək alması, Xəzər-Qara dəniz-Baltik dənizi regionunda enerji sahəsində əməkdaşlığın gündən-günə genişlənməsi Azərbaycanın enerji diplomatiyasının uğurları kimi qiymətləndirilir. Dünyadakı bəzi bədxah qüvvələrin “Azərbaycan kimi kiçik bir ölkə bu qədər işlərin öhdəsindən gələ bilməz” — cızmaqarasına polşalı bir siyasi icmalçı maraqlı cavab vermişdi: “Orada Heydər Əliyevin qoyduğu möhkəm özül vardır”.
Azərbaycan Prezidenti bütün ölkələrin və beynəlxalq təşkilatların nəzər-diqqətini Qafqaza yönəltməklə bu regionda sülhün tezliklə bərqərar olunmasına çalışır. Dövlət başçımız İtaliyanın “RAİ İnternational” telekanalına verdiyi müsahibədə həmin məramı açıq şəkildə ifadə etmişdi: “Qafqazda sülhün bərqərar olunması üçün biz məsələnin həlli yolunu tezliklə tapmalıyıq”. Sevindirici haldır ki, bu məsələdə region ölkələri, xüsusən, türkdilli dövlətlər Azərbaycan Prezidentinin təşəbbüslərini geniş şəkildə dəstəkləyirlər. Türkiyə dövləti tərəfindən irəli sürülmüş “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması”nın region ölkələrinin hamısı, xüsusən, Rusiya tərəfindən dəstəklənməsi, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Rusiya paytaxtında imzaladıqları “Moskva Bəyannaməsi”, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Türkmənbaşı şəhərində bir araya gələrək region üçün həyati əhəmiyyət kəsb edən məsələləri müzakirə etməsi maraqlı və ümidverici məqamlardan xəbər verir. Deməli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində rəsmi Bakının atdığı addımlar indi artıq daha geniş şəkildə dəstəklənir və məsələnin həlli yaxınlaşır.
Ulu öndər 1993-cü ildə Azərbaycan Prezidenti seçiləndən cəmi bir neçə ay sonra şərti olaraq “Avropanın paytaxtı” adlandırılan Böyük Britaniyaya səfər etmiş, orada keçirdiyi bütün görüşlərdə respublikamız və xalqımız üçün böyük önəm kəsb edən məsələlərdən danışmışdı. Yazının sonunda isə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə və Türkmənistan prezidentləri ilə görüşünü qeyd etdik. Yəni Azərbaycanın öz milli maraqlarını təmin etmək üçün dostluq və əməkdaşlıq etdiyi ölkələrin coğrafiyası bilavasitə dünyanın xəritəsi qədər böyükdür. Bəlkə də bu yazıdakı sitatların Qərblə başlanıb türk dünyası ilə başa çatması da təsadüfi olmadı.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2008.-18 dekabr.-S.1.