Prezidentin iki dəfədən artıq seçilməsi

 təklifi xalqın iradəsinin ifadəsidir

 

Məlum olduğu kimi, Milli Məclisin 16 dekabr 2008-ci il tarixli iclasında millət vəkilləri Konstitusiyada prezidentlik müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etmişlər. Yeni Azərbaycan Partiyası sədrinin müavini — icra katibi, millət vəkili Əli Əhmədov bu məsələnin Milli Məclisdə müzakirə olunmasını təklif etmişdir. O qeyd etmişdir ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının vaxtı çatmış reallıq olduğunu açıq şəkildə ifadə edir.

Əslində, bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşların seçilmək hüququna, digər yandan xalqın seçmək hüququna məhdudiyyətin qoyulması anlamına gətirib çıxarır. İkinci bir tərəfdən, belə məhdudiyyətin tətbiq edilməsi xalqın öz iradəsini tam şəkildə ifadə etməsinə imkan vermir. Eyni zamanda, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin olduğu bir şəraitdə xalqın həqiqi mənada prezident görmək istədiyi şəxsə səs vermək şansı olmadığından başqa bir şəxsin — bəlkə də, prezident qiyafəsində görmək istəmədiyi şəxsin dövlət başçısı seçilmək şansı yaranır ki, bu da xalqın və ölkənin gələcəyinin taleyin hökmünə buraxılması demək olardı.

Millət vəkilinin bu təklifinə münasibət bildirən deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Siyavuş Novruzov, Həvva Məmmədova, Qənirə Paşayeva, Hüseynbala Mirələmov, Mübariz Qurbanlı və başqaları Konstitusiya dəyişikliyinə ehtiyac olduğunu bildirmişlər. İclasda qərara alınmışdır ki, sözügedən məhdudiyyətin aradan qaldırılması ilə bağlı təkliflərə Milli Məclisin müvafiq komissiyalarında baxılsın və sonradan məsələ müzakirəyə çıxarılsın. Həmin məsələ ilə bağlı mən də bir vətəndaş mövqeyi bildirməyə ehtiyac duydum.

Müasir dövlətlər konstitusiyalarını qəbul etməklə öz cəmiyyətlərində demokratik quruluşu yaradırlar. Azərbaycan Respublikası da dünya birliyinin üzvü olaraq özünün dövlət quruluşunu konstitusiyaya əsasən yaratmışdır və formalaşdırmaqdadır.

Müəllifi Azərbaycan xalqının milli lideri Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında demokratik prinsiplər geniş şəkildə təsbit olunmuşdur. Müstəqil dövlətin mövcud və gələcək inkişafı 1995-ci ildə xalqın ümumi iradəsi ilə qəbul edilmiş məhz bu qanunla müəyyən olunmuşdur. Artıq 13 ildir ki, müstəqil Azərbaycanın Əsas Qanunu fəaliyyət göstərərək, dövlətçiliyin və xalqın inkişafı yolunda cəmiyyətdə demokratiyanın norma və qaydalarının tətbiqi, daha da təkmilləşdirilməsi naminə mühüm qanunvericilik bazasının formalaşmasına zəmin yaratmışdır. Azərbaycan dövlətinin qanunları, Prezident fərmanları, sərəncamları, məhkəmə qərarları və digər icra strukturlarının qəbul etdikləri normativ-hüquqi aktlar, eləcə də, Azərbaycan dövlətinin beynəlxalq münasibətlərini tənzimləyən sənədlər (müqavilələr, sazişlər, bəyannamələr və s.) Konstitusiyanın əsas prinsipləri ilə müəyyən edilir və ona zidd ola bilməz. Məsələn, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan xalqının iradəsinin əksinə, Konstitusiya normalarına zidd qanun layihəsi qəbul edilə bilməz. Eləcə də, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən qərarlar Konstitusiyaya əsaslanır. Həmçinin dövlət xalqın iradəsinin əksinə olaraq xarici siyasət həyata keçirə bilməz. Xalqın iradəsi məhz Konstitusiyada öz əksini tapmışdır. Demokratiyanın əsası da bundan ibarətdir. Demokratiyanın özü xalqın hakimiyyəti deməkdir, bu hakimiyyəti xalq öz iradəsinə uyğun olaraq formalaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasında xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, dövlət hakimiyyəti — qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti, qanunvericilik sisteminin əsasları geniş şəkildə və demokratik prinsiplərə, xalqın iradəsinə müvafiq olaraq öz əksini tapmışdır. Konstitusiyaya maddə və bəndlərin əlavə edilməsi (insanların hüquq və azadlıqlarını məhdudlaşdıran maddə və bəndlərdən başqa), maddə və bəndlərin dəyişdirilməsi (insan hüquqları və azadlıqlarını əks etdirən maddə və bəndlər istisna olmaqla) xalqın iradəsinə müvafiq olaraq həyata keçirilə bilər.

Ümumiyyətlə, konstitusiya islahatları zamanın tələbinə uyğun olaraq tarixən bütün cəmiyyətlərdə həyata keçirilmişdir və bu proses davam etməkdədir.

Azərbaycan Respublikasının Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndindəki “heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz” ifadəsi dəyişdirilərək, “bir şəxsin bir neçə dəfə təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə məhdudiyyət qoyulmur” ifadəsi ilə əvəz edilə bilər. Deyə bilərlər ki, Konstitusiyada “heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz” ifadəsinin yazılması və bu prinsipin qəbul edilməsi də demokratikdir. Çünki bu prinsip xalqın iradəsi ilə qəbul edilibdir. Ancaq Konstitusiyanın bu maddəsinin ümumxalq səsverməsi ilə dəyişməsi də demokratik prinsiplərlə ziddiyyət təşkil etməz. Bunu aşağıdakı şəkildə izah etmək olar:

 

Hüquqi əsasları

 

1. Konstitusiyada bu bəndin dəyişdirilməsi Əsas Qanunda nəzərdə tutulmuş qaydada xalqın hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları kimi demokratik hüquqları məhdudlaşdırmır. Məsələn, bir şəxsin üçüncü və s. müddətə təkrarən ümumxalq səsverməsi ilə prezident seçilməsi Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, bərabərlik hüququ, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, əqli mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, şəxsi toxunulmazlıq hüququ, mənzil toxunulmazlığı hüququ, nikah hüququ, əmək hüququ, tətil hüququ, istirahət hüququ, sosial təminat hüququ, sağlam ətraf mühitdə yaşamaq hüququ, mədəniyyət hüququ, sağlamlığın qorunması hüququ, mənzil hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə, şərəf və ləyaqətin müdafiəsi, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, vətəndaşlıq, vətəndaşlıq hüququnun təminatı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, dövlətin idarə olunmasında iştirak etmək, seçki, müraciət etmək, birləşmək, azad sahibkarlıq, hüquq və azadlıqların məhkəmə təminatı və s. kimi vətəndaşların təbii hüquq və azadlıqlarını məhdudlaşdırmır. Sadalanan hüquqlar insanın təbii, anadangəlmə hüquqlarıdır, insan dünyaya gəlməsi anından həyatının sonuna qədər zaman-zaman bu hüquqlara sahib olur. İnsanın hüquq və azadlıqları və bu azadlıqların təminatı demokratiyanın əsasını təşkil edir;

2. Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi vətəndaşların Əsas Qanunda əks olunmuş vəzifələrini dəyişdirmir;

3. Bəndin dəyişdirilməsi dövlət hakimiyyətinin əsasını təşkil edən və demokratik əsaslarla formalaşmış qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, yerli özünüidarəetmənin funksiyalarını dəyişdirmir;

4. Şəxsin üçüncü və s. müddətə təkrarən prezident seçilməsi dövlətin qanunvericilik sisteminin əsaslarını dəyişdirmir;

5. Şəxsin üçüncü dəfə təkrarən namizədliyini irəli sürməsi Konstitusiyanın 100-cü maddəsində Azərbaycan Respublikasının prezidentliyinə aid olan tələbləri dəyişdirmir və digər şəxslərin prezident seçilməsini məhdudlaşdırmır.

 

Siyasi əsasları

 

Demokratiya cəmiyyətdə həyatın bütün sahələrini əhatə edən daim dinamik xüsusiyyətlərə malik müəyyən aktlar prosesini özündə cəmləşdirir. Azərbaycan cəmiyyətində demokratik islahatlar həyata keçirilməkdədir. Dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyəti bu islahatların həyata keçirilməsini sürətləndirən əsas amillərdəndir. Qarşıda duran vəzifələr cəmiyyətdə demokratik prinsiplərin tam tətbiqi ilə müəyyən nailiyyətlərə sahib olmaqdır. Bu baxımdan Azərbaycanda demokratiyanın yüksək inkişaf formasına gəlib çatması üçün cəmiyyətdə ardıcıl olaraq kifayət qədər proseslərin reallaşdırılması tələb olunur. Demokratik cəmiyyətlərin yaranması və formalaşmasında ən mühüm şərt hüquqi dövlətçiliyin mövcudluğu, dövlət hakimiyyətinin (qanunverici, icraedici və məhkəmə) işinin vətəndaşların mənafeyini tam təmin edəcək səviyyədə təşkil edilməsidir. Bu siyasəti həyata keçirmək məqsədilə dövlət hakimiyyəti strukturlarının demokratik əsaslarla qarşılıqlı fəaliyyətini təmin etmək zəruridir. Dövlət hakimiyyətini xalq özünün hüquq və azadlıqlarının təminatı və təhlükəsizliyinin qorunması naminə təşkil edir. Hakimiyyətin təsisatları vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün qanunvericilik bazasını yaradır və onun icrasını təmin edir.

Azərbaycanda Konstitusiyaya əsasən, prezidentin həm dövlət rəhbəri, həm də icra hakimiyyətinin rəhbəri kimi üzərinə böyük məsuliyyət düşür. Prezident kifayət qədər mühüm səlahiyyətlərə malikdir. Dövlətin rəhbəri olaraq qanunları təsdiqləyir və icra hakimiyyətinin başçısı kimi onların icrasını təmin edir. Vətəndaşların təbii hüquq və azadlıqları məhz qanunla və digər hüquqi sənədlərlə təmin edildiyi üçün prezidentin cəmiyyətdə demokratik prinsiplərin tətbiqində üzərində mühüm vəzifə və məsuliyyət durur. Əgər cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları təmin olunursa, deməli, həmin cəmiyyət demokratik cəmiyyətdir. Qanunların icra mexanizmlərinin demokratiyanın tələblərinə müvafiq təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti məhz icra hakimiyyətinin rəhbəri olaraq bu qanunların icra mexanizmlərinin başlıca təşkilatçısı olduğundan da mühüm məsuliyyət daşıyır.

Ümumiyyətlə, Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi ilə bağlı bəzi siyasi məsələləri aşağıdakı şəkildə qeyd etmək olar:

1. Azərbaycan Respublikası gənc bir dövlət olduğundan dövləti idarəetmədə sistemlərin, metodların və mexanizmlərin formalaşması prosesləri həyata keçməkdədir. Cəmiyyətdə keçid dövrünün bir çox problemləri həll edilsə də, lakin bu istiqamətdə görüləsi işlər çoxdur. Ona görə də dövlət idarəçiliyində prezidentin rolunun çox mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, həmin işlərin bir çoxunun başa çatdırılması naminə 10 il bu vəzifəni tutmuş, kifayət qədər təcrübə əldə etmiş bir şəxsə xalqın iradəsinə əsasən, təkrarən yenə prezident seçilmək imkanlarını vermək demokratiyaya zidd hesab oluna bilməz. Əgər demokratiya vətəndaşların mənafeyini təmin edən qanunların qəbulu və icrasını tələb edirsə, belə olan halda, əsas olaraq, qanunların yüksək səviyyədə icrası lazımdır. Qanunların yüksək səviyyədə icrasını isə daha çox təcrübə əldə etmiş şəxs və onun formalaşdırdığı hakim elita yerinə yetirə bilər.

2. Məlumdur ki, cəmiyyətdə demokratiyanın inkişafı, insanların hüquq və azadlıqlarının təminatı həmin cəmiyyətdə iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır. Demokratiya özünün yüksək inkişaf mərhələsinə o zaman çatır ki, cəmiyyətdə iqtisadiyyatın yüksək səviyyədə inkişafını təmin edən qanunlar qəbul edilərək onların icrası reallaşdırılsın. Qanunlar demokratiyanı yaradır, demokratik proseslər davam etdikcə, buna müvafiq qanunlar yaradılır. Hüquq normaları ilə demokratiya özlüyündə bir-birini ardıcıl olaraq tamamlayan prosesləri ehtiva edir. Azərbaycanın hazırkı iqtisadi siyasəti insanların sosial-rifah halının daha da yüksəldilməsini qarşısına məqsəd qoymuşdur. Maddi-sosial cəhətdən yüksək təmin olunmuş, hüquqları qorunan şəxs özünü demokratik cəmiyyətdə hiss edə bilər. Bir şəxsin (şəxslərin) iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, güclü xarici siyasət yeridən dövləti, təkmilləşdirilmiş hüquq sistemi, qanunların icrasını həyata keçirən icra orqanları, hüquqlarını ədalətli müdafiə edən məhkəmə qurumları, elm və təhsil sistemi, səhiyyə sistemi, mühüm iqtisadiyyat sahələri və s. varsa, həmin şəxs (şəxslər) demokratiyaya sahib olmuş hesab edilir. Azərbaycan cəmiyyətində qeyd edilən demokratiyanın yüksək səviyyəsinə çatmaq naminə dövlətçilik gücləndirilməkdə davam edir, bir çox iqtisadi-sosial proqramlar qəbul edilərək onların icrası təmin edilir və yeni proqramların qəbul edilməsi üçün mühüm layihələr işlənib hazırlanmaqdadır. Həmin iqtisadi proqramların uğurla reallaşdırılması məqsədilə xalq tərəfindən seçilərək 10 il prezident işləmiş bir şəxsə növbəti dəfə bu vəzifəni tutmaq imkanlarının verilməsi demokratiyaya zidd ola bilməz.

3. Azərbaycan dövləti gərgin bir geosiyasi regionda yerləşmişdir. Burada Qərb dövlətlərinin, Rusiya, Türkiyə və İranın strateji maraqları formalaşmışdır. Azərbaycan regionda bu dövlətlərin maraqlarını nəzərə alaraq, münasibətlərdə balanslaşdırma siyasəti həyata keçirir. Milli liderimiz Heydər Əliyevin balanslaşdırma siyasəti artıq 15 ildir ki, Azərbaycanın dövlətçiliyinə lazımi xidmət göstərir və dövlətin regional və qlobal səviyyədə beynəlxalq gücünü artırır. Birtərəfli xarici siyasət kursu isə Azərbaycanın dövlətçiliyinə təhlükə törədə bilər. Beynəlxalq münasibətlərdə tarazlaşdırma kursunun saxlanması naminə xalqın razılığı ilə bir şəxsin üçüncü dəfə təkrarən prezidentliyə namizəd kimi irəli sürülməsi demokratiyanın prinsiplərinin əleyhinə deyil.

4. Azərbaycanda demokratik cəmiyyətlərə xas olan siyasi mühit formalaşmışdır. Ümumiyyətlə, prezident postunu tutmaq istəyən şəxs cəmiyyət tərəfindən hazırlanmalıdır. Həmin şəxs prezident seçilməsinə qədər cəmiyyətdə özünün müsbət ictimai və siyasi fəaliyyəti ilə tanınmalı, müəyyən sınaqlardan keçməlidir. Hazırda Azərbaycanın siyasi səhnəsində hakimiyyətdə olan, müxalifət və bitərəf siyasət yeridən çoxlu sayda siyasi qurumlar, partiyalar fəaliyyət göstərirlər ki, həmin qurumlar hakimiyyətdə təmsil olunmanı qarşılarına məqsəd qoymuşlar. Azərbaycanda siyasi mühit plüralizm, yəni müxtəliflik prinsipləri əsasında formalaşmışdır. Siyasətçilər içərisində prezident postunu tutmaq iddiasında olan və bu istiqamətdə ictimai-siyasi fəaliyyət göstərən şəxslər vardır. Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi həmin şəxslərin fəaliyyətini məhdudlaşdırmır və prezident seçilmək üçün namizədliklərini irəli sürmək imkanlarına qadağa qoymur.

 

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsinin Azərbaycan dövlətçiliyi üçün müsbət tərəfləri

 

1. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu zaman 35 və ya bu yaşdan bir qədər yuxarı yaş həddində olmuş şəxs iki dəfə təkrarən prezident seçilə bilirsə, 10 ildən sonra prezident postunu tutmuş həmin şəxsin yaşı 45 və ya bu yaşdan bir qədər yuxarı olur. Hamımıza məlumdur ki, 45 yaşdan yuxarı yaş həddi insanın kamillik, müdriklik dövrü hesab olunur. Şəxs həmin yaş dövründə prezident postunda daha da səmərəli xidmət göstərə bilər.

2. Azərbaycanın xarici dövlətlərlə münasibətlərdə balanslaşdırma siyasəti davam etdirilər və dövlətin beynəlxalq mövqeyi daha da möhkəmlənər, dövlətə gələcəkdə edilə biləcək təhlükələrin qarşısı alınar.

3. İnsanların sosial-rifah halının yüksəldilməsinə doğru istiqamətlənmiş mövcud siyasi kurs daha da təkmilləşdirilər və Azərbaycan iqtisadiyyatına görə dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksələr.

4. 10 il müddətində prezident işləmiş və bu sahədə zəngin idarəçilik təcrübəsi əldə etmiş, düzgün siyasi kurs seçmiş, öz proqramları ilə dövlətin inkişafına təkan vermiş, cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə nüfuz qazanmış bir şəxsin üçüncü dəfə təkrarən prezident seçilmək imkanlarının olmaması, onun təcrübəsindən faydalanmamaq dövlət və cəmiyyətin tərəqqisinə mənfi təsirlərini göstərə bilər. Bununla yanaşı, dövlət idarəçilik təcrübəsi və təkmil xarici siyasət proqramı olmayan bir şəxsin Azərbaycana rəhbər seçilməsi dövlətdə iqtisadi geriləmə əmələ gətirər, ictimai-siyasi sabitlik pozular, dövlətçilik təhlükələrə məruz qalar.

5. Azərbaycan kimi gənc bir dövlətdə bir şəxsin uzun müddət dövlətə rəhbərlik etməsi ilə onun dövlətin idarə olunmasında formalaşdırdığı sistem, metod və mexanizmlərin səmərəli şəkildə yüksək formalaşma mərhələsinə gəlib çatması dövlətin ümumi inkişafına güclü təkan olar.

 

Konstitusiya dəyişikliyi və ictimai təklif

 

Konstitusiya dövlətin Əsas Qanunu olduğu üçün bu sənədin qəbulu, sənədə dəyişikliklərin edilməsi yalnız xalqın ümumi razılığı ilə həyata keçirilə bilər. Təbii ki, digər qanunların hazırlanmasında da xalq iştirak edir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilməmişdən öncə, layihə xalqın müzakirəsinə təqdim edildi. İctimaiyyətdə müzakirə zamanı müəyyən təkliflər nəzərə alındı. Azərbaycanın mövcud Konstitusiyasına əsasən konstitusiyaya əlavələrin edilməsi konstitusiya qanunlarının qəbul edilməsi ilə qanunvericilik orqanında həyata keçirilir. Digər qanunlar da qanunvericilik orqanında qəbul edilir. Həmin orqan xalqın seçdiyi nümayəndələrdən (millət vəkillərindən) ibarətdir. Qanunun təsdiqini isə xalqın seçdiyi prezident həyata keçirir. Xalq nümayəndələri vasitəsilə qanunların yaradılması və icrasında iştirak edir. Demokratiyanın əsas mahiyyəti məhz bundan ibarətdir.

Konstitusiya dövlətin əsas qanunu olaraq dövlətin və xalqın mövcudluğuna, inkişafına xidmət edir. Cəmiyyət inkişaf etdikcə buna müvafiq olaraq hüquq normalarında da dəyişiklik etmək zəruridir. Konstitusiya islahatları bir çox dövlətlərdə həyata keçirilir və bu normal bir proses kimi qəbul edilir. Əsas odur ki, bu dəyişikliklər dövlətin mövcudluğuna, xalqın hakimiyyətinə, vətəndaşların əsas hüquq və azadlıqlarına, dövlətin beynəlxalq münasibətlərdə iştirakına xələl gətirməsin. Konstitusiya xalqın iradəsi ilə qəbul edildiyi üçün dəyişikliklərin edilməsində də xalqın rəyi nəzərə alınmalıdır. Hal-hazırda Azərbaycan cəmiyyətində prezidentin Konstitusiyada nəzərdə tutulmuş səlahiyyət müddətinin uzadılması, onun bir neçə dəfə dövlətə rəhbərlik etməsi, hətta, ömürlük seçilməsi ilə bağlı təkliflər səslənməkdədir. Həmin təkliflər daha çox sadə vətəndaşlar tərəfindən irəli sürülür. Belə təkliflərin zaman-zaman meydana gəlməsi cəmiyyətin mövcud inkişafına baxışlardan irəli gəlir. Getdikcə belə xarakterli təkliflərin sayı artmaqdadır. Hətta Azərbaycan Respublikasının Milli Məclisinə 2008-ci ilin aprel ayında səsvermə hüququna malik min nəfərdən çox vətəndaşın bir şəxsin iki dəfədən çox təkrarən prezident seçilməsinə məhdudiyyət qoyan konstitusiya bəndinin dəyişdirilməsi təklifi də ünvanlanmışdır. Bu təklif olduqca real görünür. Nəzərə almaq lazımdır ki, prezident konstitusiyanın mövcudluğunun və onun fəaliyyət göstərməsinin qarantıdır. Azərbaycan kimi dövlətçilik sisteminin, dövləti idarəetmə mexanizminin formalaşmaqda olduğu gənc bir dövlətdə bu proseslərin uzun müddət və səmərəli olaraq həyata keçirilməsi üçün prosesləri həyata keçirən rəhbərin uzun müddətli işləməsi reallığın tələbidir. Məhz bu amilləri nəzərə alaraq, Azərbaycan dövləti öz gələcək siyasətində ictimai fikirləri, vətəndaşların təklifini nəzərə almalıdır. Bütün sivil dövlətlərdə dövlət siyasətinin formalaşmasında ictimaiyyətlə dövlət birlikdə iştirak edir. Yəni vətəndaş cəmiyyəti ilə dövlət birlikdə ümumi siyasəti müəyyənləşdirir. Bu fakt özlüyündə xalqın dövlət siyasətində təmsil olunmasıdır. Bu amil demokratiyanın əsaslarını təşkil edir.

 

Konstitusiya dəyişikliyinə beynəlxalq mövqe

 

Müasir dövlətlərarası münasibətlər beynəlxalq hüquq normaları ilə tənzimlənir. Normaları dövlətlərin özləri yaradırlar. Beynəlxalq hüquq normalarına əsasən dövlətlər və xalqlar öz müqəddəratlarını sərbəst müəyyən edirlər. Bir dövlətin digər dövlətin daxili işlərinə qarışmaq haqqı yoxdur. Dövlət öz daxili qanunlarını sərbəst olaraq qəbul edir. Konstitusiya elə bir qanundur ki, dövlətin əsaslarını müəyyən edir. Konstitusiya dövlətin vətəndaşlarının daxili müqəddəratını həll etdiyindən mövcud qanun yalnız həmin dövlətin vətəndaşları tərəfindən qəbul edilir. Beynəlxalq aləmdə belə bir praktika və qayda yoxdur ki, bir dövlətin konstitusiyasına başqa bir dövlət müdaxilə etsin. Bu sahədə yalnız beynəlxalq təcrübə öyrənilə və tətbiq edilə bilər. Konstitusiya dəyişikliyi hər bir dövlətin və xalqın öz tarixi inkişaf mərhələsinə bağlıdır.

 

Konstitusiyaya dəyişiklik etməklə:

 

1.Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi ilə Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına əsasən xarici siyasət kursu dəyişmir və bu, hər hansı bir dövlətin mənafeyinə zidd deyil. Bu səbəbdən digər bir dövlət və ümumilikdə, beynəlxalq hüququn subyektləri olan dövlətlər dəyişikliyin əleyhinə çıxa bilməz.

2. Bu dəyişikliklə hər hansı bir dövlətin Azərbaycandakı maraqları təhlükə altında qalmır. Qeyd edilən səbəbdən heç bir dövlətin hüquqi və siyasi cəhətdən buna etiraz etmək səlahiyyəti yoxdur.

3. Həmin bəndin dəyişməsi ilə digər dövlətlərin Azərbaycanda yaşayan vətəndaşlarının və iqtisadi fəaliyyət göstərən şirkətlərinin mənafeyi zərbə altında qalmır. Bu baxımdan dövlətlər dəyişikliyə etiraz edə bilməzlər.

4. Bəndin dəyişməsi ilə ölkə vətəndaşlarının hüquq və vəzifələri məhdudlaşdırılmadığı üçün beynəlxalq ictimaiyyət bu addıma qarşı ola bilməz.

5. Azərbaycan Respublikası öz Konstitusiyasına aid heç bir beynəlxalq təşkilat qarşısında öhdəlik götürməmişdir. Beynəlxalq hüquqda belə bir norma da yoxdur. Bu nöqteyi-nəzərdən bəndin dəyişməsi beynəlxalq aləmdə (dövlətlərin rəsmi mövqelərində) etirazla qarşılana bilməz.

 

(ardı var)

 

Elşən NƏSİBOV, politoloq

 

Xalq qəzeti.-2008.-18 dekabr.- S.3.