Ümummilli lider Heydər Əliyev
xilaskarlıq missiyasını şərəflə
yerinə yetirdi
Bu fikirləri AMEA-nın İnsan Hüquqları
İnstitutunun elmi
işlər üzrə direktor müavini,
hüquq elmləri namizədi
Cahangir Hüseynov dedi
1988-ci ildən
başlayaraq Azərbaycanda dərinləşməkdə olan
ictimai-siyasi, hərbi böhran getdikcə daha kəskin xarakter
alırdı. Anarxiya, başıpozuqluq, xaos Azərbaycanı
uçuruma daha da yaxınlaşdırırdı. Belə bir
şəraitdə xalq xilas, nicat yolunu böyük tarixi şəxsiyyət
Heydər Əliyevin ölkəyə rəhbərlik etməsində
görürdü. O dövrdə ulu öndərin yenidən
siyasi hakimiyyətə qayıtmasını təkidlə tələb
edənlərdən biri də həmin vaxtlarda Ağdaş
rayon milis şöbəsinin (indiki polis şöbəsi) rəisi
kimi mühüm vəzifədə çalışan Cahangir
Hüseynov idi.
— Cahangir müəllim, 1992-ci ildə məsul vəzifələrdən birində çalışırdınız. Yaxşı bilirsiniz ki, həmin dövrdə ümummilli lider Heydər Əliyevin adını çəkənlər vəzifələrindən uzaqlaşdırılmaqla yanaşı, təqiblərə də məruz qalırdı. Siz bunları bilə-bilə Ali Sovetin sessiyasında ölkəni düçar olduğu bəladan yalnız Heydər Əliyevin xilas edə biləcəyini dediniz. Bilirdinizmi ki, bu, sizə çox baha başa gələcəkdi?
— Qabaqcadan deyim ki, bu günlər Azərbaycan xalqı, eləcə də türk dünyası üçün çox kədərli, hüznlü bir gün olan tarixdən — ulu öndərimizin dünyasını dəyişməsindən beş il keçir. Lakin o, hər birimizin qəlbində, ailəsində, xalqı ilə bir yerdədir. Xalq ulu öndərin anım günündə axın-axın Fəxri Xiyabana gedir, onu ziyarət edir, belə firavan həyat bəxş etdiyinə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsinə, nüfuzunun artmasına böyük zəmin yaratdığına görə minnətdarlığını bildirir, ruhu qarşısında baş əyir. Bu gün hara baxırıqsa, Heydər Əliyevin qurub-yaratdığını, yadigarlarını görürük. Onun uzaqgörənliyi, müdrikliyi sanki Azərbaycanın inkişafı, xalqın xoşbəxtliyi üzərində köklənib. Mən ümummilli liderimizin böyük humanistliyinin, insanlara göstərdiyi diqqət və qayğının təcəssümünü ilk növbədə insan haqlarının qorunması yolunda atdığı qətiyyətli addımlarda görürəm və söhbətə də həmin məsələdən başlamaq istərdim. Bu sahədə bir-birinin ardınca uğurlar əldə edən Azərbaycanın beynəlxalq konvensiyalara qoşulmasını təmin etdikdən sonra daha mühüm əhəmiyyətli qərarlar qəbul edildi. Mən müdrik şəxsiyyət Heydər Əliyevin 30 noyabr 1998-ci il tarixli sərəncamını xatırlatmaq istərdim. Həmin dövrdə ulu öndər “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli fərmanına uyğun olaraq qərara alır: “İnsan hüquq və azadlıqlarının probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin dərinləşdirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılsın”. Düz 10 il bundan qabaq yaradılmış bu institut öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Bugünkü fəaliyyətimiz Dünyada İnsan Haqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi ilə üst-üstə düşür. Bu Bəyannamə dünyanın 400 xalqının dilinə tərcümə olunmuş, BMT üzvü olan ölkələr tərəfindən qəbul edilmiş və hər bir ölkənin Konstitusiyasında təsbit olunmuşdur. Təbii ki, sovet hökuməti o zaman bu bəyannaməni imzalamamışdı və buna görə də sovet cəmiyyətində bu sənəd təbliğ olunmurdu. Bunun davamı olaraq Azərbaycanda insan haqlarının qorunması ilə əlaqədar görülən səmərəli işlərdən biri kimi elmi-tədqiqat institutunun yaradılması çox yüksək qiymətə layiqdir. Bu, möhtərəm Prezidentimizin uzaqgörənliyi idi. Həmin dövrdə Milli Elmlər Akdemiyasının nəzdində İnsan Haqları İnstitutunun təşkil olunması, bu sahədə hazırda görülən işlər üçün möhkəm baza yaratdı. Müstəqil dövlətimizdə son illər insan haqları sahəsində çox dəyərli elmi-tədqiqat işləri aparılır, onlarla dissertasiya işləri müdafiə olunub. Ümummilli liderimizin yaratdığı bu institutda Azərbaycan vətəndaşları ilə yanaşı, İran, Yəmən, İsrail və Gürcüstan respublikalarının vətəndaşları da təhsil alır, insan hüquqlarının müdafiəsi sahəsində öz töhfələrini verirlər. İnstitutun direktoru, professor Rövşən Mustafayevin bu il işıq üzü görmüş iki əsəri erməni qəsbkarlarının XX əsrin əvvəllərində nəinki azərbaycanlılara, həm də ölkəmizdə yaşayan yəhudi xalqına qarşı törətdikləri cinayətləri ortaya çıxarıb. Bu, çox dəyərli əsərdir. Elə buna görə də Azərbaycanla yanaşı Rusiyada, İsraildə də nəşr olunub. Hər iki kitab erməni qəsbkarlarının törətdikləri cinayətlərin daha geniş aspektdə əks etdirilməsi baxımından qiymətli əsərlərdir. Bu əsərlər beynəlxalq aləmdə də böyük əks-səda doğurub.
Ümummilli liderimizin institutun qarşısına qoyduğu vəzifələr layiqincə yerinə yetirilir. Belə vəzifələrdən biri də qadın-uşaq hüquqlarının qorunması məsələsidir. Heydər Əliyev hələ o zaman qadınların hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyət kəsb edən sənədlər imzalamışdı.
Bütün
bunları sadalamaqla qurtaran deyil. Bu gün biz hansı
sahəyə baxırıqsa, orada ümummilli liderimizin diqqət
və qayğısının bəhrələrini
görürük. Ona görə də
xalq 1988-ci ildən başlayaraq xaos, anarxiya,
özbaşınalığın daha da genişləndiyini,
yenicə əldə olunmuş müstəqilliyimizin məhvə
doğru yaxınlaşdığını görəndə
xalqı bu bəladan yalnız Heydər Əliyevin xilas edəcəyinə
inanırdı. Sizin sualınıza rəğmən
bildirmək istəyirəm ki, mən də baxmayaraq ki, həmin
dövrlərdə məsul vəzifədə
çalışırdım, Heydər Əliyevin Azərbaycana
rəhbərlik etməsinin tərəfdarlarından idim.
Mən 1992-ci ilin martın 6-da keçirilmiş
Ali Sovetin fövqəladə sessiyasındakı
çıxışımı xatırlatmaq istərdim.
Ayaz Mütəllibovun prezident olduğu və iştirak etdiyi həmin
sessiyada mən tribunaya qalxaraq dedim ki, bu xalqı
düşdüyü bəladan, çətinliklərdən
yalnız Heydər Əliyev qurtara bilər. Ona
görə də üzümü sessiya
iştirakçılarına tutub ümummilli liderin hakimiyyətə
gəlməsi yolunda fəallıq göstərmələrini
tələb etdim. Mən qəti olaraq
bildirdim ki, axı niyə bu parlament binasını tikdirən
bir şəxsin (Ali Sovetin binasını nəzərdə
tuturdum) bu zalda oturmasına əngəllər yaradılır?
Axı niyə respublika rəhbərliyi onu
özünə düşmən sayır? Heydər Əliyev parlamentə dəvət
olunmalıdır. Onun təcrübəsindən istifadə
etməliyik... Təbii ki, o dövrdə bu
sözləri demək asan məsələ deyildi. Özü də hakimiyyətdə mühüm bir vəzifədə
çalışan şəxs üçün. Mən o vaxt Ağdaş rayonunun milis şöbəsinin
rəisi idim.
— Belə bir
çıxış etməyə zərurət nədən
yarandı? Axı yaxşı bilirdiniz ki, bu
sizin həyatınıza son qoya bilərdi.
— Tamamilə doğru deyirsiniz.
Mən bütün bunları görür və
bilirdim. Ancaq gözümüz görə-görə
Azərbaycan uçuruma gedirdi. Torpaqlarımız
ermənilər tərəfindən işğal olunurdu,
soydaşlarımız vəhşicəsinə qətlə
yetirilirdi. Hakimiyyətdə olanlar isə
bunu ört-basdır edir, vəzifələrini qoruyub saxlamaq
üçün min hiylə və məkrə əl atır,
baş vermiş hadisələrə yalan donu geydirərək əsl
həqiqəti xalqdan gizlədirdi. Bir tərəfdən
də qeyri-qanuni silahlı qruplaşmalar meydan sulayır,
qoçu dəstələri istədikləri oyunları
çıxarır, soyğunçuluq, qarətçilik
baş alıb gedirdi. “Əsrin faciəsi”
hesab edilən Xocalı faciəsi baş vermişdi. Hakimiyyət bu faciənin qarşısını ala
bilərdi.Amma almadı. Üstəlik, belə
bir hadisəni xalqdan gizlədirdi. Digər
tərəfdən, daxildəki qarşıdurma vətəndaş
müharibəsinin başlanacağından xəbər verirdi.
Məhz bu baxımdan böyük tarixi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətdə olması zərurəti
özünü açıq-aydın büruzə verirdi.
Mən bu çıxışı edərkən
təkcə özümü düşünmürdüm.
Vətənimi, xalqımı, bizdən sonra gələn
nəsilləri düşünürdüm. Elə həmin
ilin may ayının 14-də keçirilən fövqəladə
sessiyada da çıxış edəndə məqsədim
yalnız bu olmuşdu. Özümə
qalsaydı, vəzifəm, nüfuzum, hörmətim var idi.
Xalq arasında tanınmasaydım, nüfuzum
olmasaydı, deputat seçməzdilər. 1992-ci ilin may
ayında Ali Sovetdə boşluq əmələ gəlmişdi.
Yaqub Məmmədov istefa verdikdən sonra sədrlik
postu boş qalmışdı. Mən
çıxış edərək həmin vəzifəyə
Heydər Əliyevin namizədliyini irəli sürdüm.
Dedim ki, bu vəzifəyə ondan real namizəd ola
bilməz. Lakin o zaman hakimiyyəti ələ
almağa çalışan və bu iddianın bir
addımlığında olan müxalifət qüvvələri
bəhanə etdilər ki, guya Heydər Əliyevlə
danışıblar və o, Ali Sovetin sədri vəzifəsinə
gəlmək istəmir. Təbii ki, bu da
hakimiyyəti ələ almaq istəyən qüvvələrin
uydurması idi. O, həmişə azərbaycanlı olmağı
ilə fəxr etdiyini qürurla deyirdi. Ömrünün
qalan hissəsini də xalqına sərf etməyə hazır
olan belə bir şəxsiyyətin Vətəninin dar
günündə köməyə gəlməməsi
inandırıcı deyildi. Biz sonradan
AXC-Müsavat cütlüyünün hakimiyyəti
dövründə də bunun şahidi olduq. Hakimiyyəti
ələ alan qüvvələr Heydər
Əliyevin Bakıya gəlişinin qarşısını kəsmək
üçün min oyundan çıxırdılar. Ona
görə də 1992-ci ilin may sessiyasında onlar Heydər Əliyevin
Ali Sovetin sədri vəzifəsinə namizədliyinin irəli
sürülməsinə mane oldular. Ancaq sonradan
özləri də peşman oldular. Çünki
1993-cü ilin iyun hadisələri baş verən zaman hakimiyyətdə
olan AXC-Müsavat cütlüyünün rəhbərliyi də
xalqı, Vətəni bu böhrandan yalnız müdrik şəxsiyyət
Heydər Əliyevin xilas edə biləcəyini dərk etdi və
ona Bakıya gəlmək üçün minnətçi, hətta,
xüsusi təyyarə də göndərdi. O ərəfədə
bəzi şəxslərin həmin vəzifədə
gözü var idi. Mən 1993-cü il
iyunun 16-da yenə də öz çıxışımda
birmənalı olaraq bildirdim ki, hər bir siyasi partiya, hər
bir şəxs gəlib 5-6 ay hakimiyyətə rəhbərlik
edir, sonradan atıb qaçır. Ona görə
də bütün bunlara son qoyulmalı və Heydər Əliyev
hakimiyyətə gətirilməlidir. Bu
çıxışı edərkən artıq mən milis
şöbəsinin rəisliyindən istefa vermişdim. AXC-Müsavat rəhbərliyi hakimiyyətə gələndən
bir qədər sonra mən öz vəzifəmdən istefa
verdim. Çünki onların idarəetmədə
heç bir səriştələri, təcrübələri,
hətta, savadları belə yox idi. Onların
göstərişlərini icra etmək ölkəni
gözün baxa-baxa uçuruma aparmaq idi. Lakin
mən deputat kimi siyasi fəaliyyətimi davam etdirirdim.
Xalqın, həmçinin
AXC-Müsavat hakimiyyəti rəhbərliyinin təkidli
xahişlərindən sonra ümummilli lider Heydər Əliyev
yenidən hakimiyyətə rəhbərlik etməyə
razılıq verdi. O, Ali Sovet sədri,
sonradan isə prezident seçildi. Bundan sonra Azərbaycanın
həyatında çiçəklənmə, inkişaf
başladı. İctimai-siyasi sabitlik
davamlı olduqca ölkəyə xarici investisiya, daha sonra isə
neft kapitalının axını başlandı, milli ordu
formalaşdı, getdikcə qüdrətləndi. Qeyri-qanuni silahlı dəstələr ləğv
edildi. Cinayətkarlığa qarşı
kəskin mübarizə başlandı və Azərbaycan vətəndaşlarının
əmin-amanlıq şəraitində yaşamasına təminat
verildi.
— Ümummilli lider hakimiyyətə
qayıdandan sonra sizə etimad göstərib Abşeron rayon
polis şöbəsinə rəis vəzifəsini təklif
etdi. O vaxt bəzi qüvvələr tərəfindən sizə
qarşı sui-qəsd də təşkil olundu. Bu barədə bir qədər ətraflı məlumat
vermənizi xahiş edirik.
— Mən o vaxt Azərbaycanda
yeganə şəxs idim ki, Moskvada SSRİ Daxili İşlər
Nazirliyinin Ali Akademiyasında rəhbər kadr
hazırlanması üzrə təhsil almışdım. Bəli, ulu öndər məni Abşeron rayon polis
şöbəsinə rəhbərliyə tövsiyə etdi.
Mən ilk gündən cinayətkarlığa,
qanunsuz silahlı qruplaşmalara qarşı ciddi mübarizəyə
başladım. O vaxt dövlət
başçımızın qətiyyəti nəticəsində
bir çox silahlı qruplaşmalar zərərsizləşdirilmişdi.
Lakin ipə-sapa yatmayan harınlamışlar,
müftə gəlirlərdən əlləri üzülənlər
hər cür çirkin vasitələrə əl ataraq
Prezidentə qarşı çıxır, yenidən hakimiyyət
çevrilişinə hazırlaşırdılar. Biz isə onlara qarşı ciddi mübarizə
aparırdıq. 1994-cü ilin iyul
ayında belə qüvvələrdən bir qrupu mənə
qarşı da sui-qəsd təşkil etdi. Onlar məni və ailə üzvlərimi avtomat
silahdan atəşə tutdular. Mən o
zaman 13 yaşlı oğlumu və yaxın qohumumu itirdim.
Özüm isə ağır yaralandım və
fiziki cəhətdən xəsarət aldım. Uzun müalicədən sonra
sağlamlığım qismən də olsa bərpa olundu.
Ümummilli lider mənə həmin vəzifədə
mübarizəni davam etdirməyi tapşırdı. Biz sui-qəsd təşkil edən həmin
silahlı qüvvələri — “Qardaşlıq” cəmiyyətini
və digərlərini zərərsizləşdirdik. Bundan başqa onlarla ağır cinayətlərin
qarşısını aldıq, əksəriyyətinin
üstünü açdıq. Biz
qeyri-qanuni silahların toplanmasında da fəallıq göstərirdik.
Prezident Heydər Əliyev deyirdi ki, əhalidəki
qeyri-qanuni silahlar mütləq toplanmalıdır. Çünki bu çox ağır nəticələr
verə bilər. Fakt üçün deyim
ki, 1993-1998-ci illər ərzində əhalidən qanunsuz
saxlanılan 20 mindən çox odlu silah müsadirə
edilmiş, xeyli sayda mütəşəkkil cinayətkar qrup ləğv
edilmişdir. Heydər Əliyev
iqtidarının cəsarətini və cinayətkarlığa
qarşı barışmazlığını sübut etmək
üçün rəqəmlərin siyahısını daha
da artırmaq olar. Qısa müddət ərzində
ölkədə əmin-amanlıq, sabitlik yaradıldı.
Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri
genişləndi, ölkəmizlə əməkdaşlıq
etmək istəyən dövlətlərin sayı
çoxaldı, Azərbaycan nüfuzlu beynəlxalq
qurumların üzvü oldu. Heydər Əliyevin
uzaqgörənliyi, müdrikliyi və idarəetmədəki zəngin
təcrübəsi sayəsində müstəqilliyimiz qorunub
saxlanıldı və əbədiləşdi. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyi
nəticəsində bu gün Azərbaycan dünyanın
aparıcı dövlətlərindən birinə
çevrilib. Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri əfsanədən
reallığa çevrildi. Bu, müstəqil
dövlətimizin beynəlxalq aləmdəki imicini daha da
artırıb, iqtisadi cəhətdən qüdrətləndirib.
Son beş ildə dövlət büdcəmizin
10 dəfə artması, geniş quruculuq, abadlıq işlərinin
vüsət alması, beynəlxalq standartlara cavab verən
istehsal müəssisələrinin yaradılması dövlət
başçımızın məntiqli daxili və xarici siyasətindən
xəbər verir. Regionların sosial-iqtisadi inkişafı ilə
əlaqədar Prezident İlham Əliyevin uzaqgörənliyi
sayəsində son beş il ərzində
çoxlu sayda yeni iş yeri yaradılmış,
yoxsulluğun səviyyəsi azaldılmış, əmək
haqları, sosial müavinətlər, pensiyalar bir neçə
dəfə artırılmışdır. İnsan
haqlarının qorunması istiqamətində görülən
işlər təkcə ölkəmizdə deyil, beynəlxalq
aləmdə də yüksək qiymətləndirilir. Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti
dövründə əfv fərmanlarının imzalanması
artıq bir ənənənyə çevrilib. Məhz möhtərəm Prezidentimizin yüksək
humanistliyi sayəsində minlərlə soydaşımız cəzalarının
çəkilməmiş hissəsindən azad edilərək
ailələrinə qovuşmuşlar. Azərbaycan
beynəlxalq aləmdə demokratik, azad, ədalətli, şəffaf
seçkilər keçirən ölkə kimi tanınıb.
Bu da ölkəmizin dünya miqyasında
nüfuzunun artmasına böyük təsir göstərib.
Yaxın on ildə Azərbaycan dünyanın
qüdrətli dövlətlərindən birinə çevriləcək.
—Cahangir müəllim, bu bir
həqiqətdir ki, müstəqil dövlətimizin beynəlxalq
aləmdə getdikcə şöhrətlənməsində
Heydər Əliyev Fondunun fəaliyyəti də böyük
rol oynayıb.
— Təbii ki, ölkəmizin
dünya miqyasında tanınmasında, milli-mənəvi dəyərlərimizin,
milli adət-ənənəmizin, mədəniyyətimizin, incəsənətimizin,
muğamlarımızın təbliğində Heydər Əliyev
Fondunun fəaliyyəti əvəzedilməzdir. Hələ
ümummilli liderimizin sağlığında, 2003-cü il noyabrın 7-də mənim təşkilatçılığımla
bir qrup ağsaqqal Heydər Əliyev irsinin
araşdırılması, təbliği və öyrənilməsi
təşəbbüsü ilə çıxış etdi. Mənim üçün fəxrdir ki, atam Hüseyn
Hüseynov ümummilli lider Heydər Əliyevlə Bakı
Dövlət Universitetinin tarix fakültəsində bir yerdə
təhsil alıb. Onunla birgə təhsil alan digər
şəxslər də bir yerə toplaşaraq, Milli Məclisə,
YAP-ın rəhbərliyinə və artıq Azərbaycan
Prezidenti seçilmiş cənab İlham Əliyevə bu barədə
müraciətlər ünvanladıq. Möhtərəm
Prezidentimizin sərəncamı ilə Heydər Əliyev Fondu
yaradıldı. Fond yarandığı
gündən uşaqlara, uşaq evlərinə böyük
qayğı göstərir. Təhsilimizin,
mədəniyyətimizin inkişafında çox səmərəli
işlər görür. Respublikanın
müxtəlif regionlarında ən müasir ləvazimatlarla təchiz
olunmuş, beynəlxalq standartlara cavab verən 280-dən
çox yeni məktəb tikintisinin təşəbbüskarı
olmuşdur. “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
bu işlər müvəffəqiyyətlə davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın
terror təşkilatlarının Azərbaycanda törətdikləri
vandal aktları və digər beynəlxalq əhəmiyyət
kəsb edən məsələlər barəsində əsl
həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında
fondun gördüyü işlər çox yüksək qiymətə
layiqdir. Heydər Əliyev Fondunun fəaliyyəti
ilə əlaqədar institutumuzda elmi-tədqiqat işləri
aparılır. “Heydər Əliyev Fondunun
timsalında Azərbaycanda fond siyasəti” mövzusunda elmi
araşdırma aparılır. Hesab edirəm
ki, bu mövzu yaxın vaxtlarda elmi dərəcə alacaq və
elmi şurada müzakirə olunacaq. Heydər
Əliyev Fondu müstəqil dövlətimizin dünya
miqyasında daha geniş tanınmasında öz fəaliyyətini
daha da genişləndirir. Biz fondun fəaliyyətində
də ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli
davamını görürük. İnanırıq
ki, ulu öndərin siyasi kursu müstəqil Azərbaycanı
yaxın gələcəkdə dünyanın inkişaf
etmiş ən qüdrətli dövlətləri ilə bir cərgəyə
qoşacaq.
Müsahibəni qələmə aldı: Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.-2008.-18
dekabr.-S.4.