Ərzaq təhlükəsizliyinin təmin edilməsi

qarşıda duran ən mühüm vəzifələrdəndir

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda hər il yanvarın 1-i vəziyyətinə “mal-qara və quşların tam uçotunun aparılması” tədbiri nəzərdə tutulmuşdur. Belə bir dövlət əhəmiyyətli tədbirin həyata keçirilməsi kənd təsərrüfatı iqtisadiyyatında heyvandarlığın yeri və rolunu daha düzgün qiymətləndirməyə, son nəticədə isə əhalinin ət, süd və yumurta məhsulları ilə təmin edilməsi səviyyəsi barədə etibarlı məlumatların əldə edilməsinə imkan verəcəkdir.

Məlumdur ki, qlobal iqlim dəyişiklikləri, quraqlıq və daşqınlar, əhalinin sayının artması, iqtisadi böhranlar, ayrı-ayrı ölkələrdə mühüm kənd təsərrüfatı məhsullarının istehsalı həcminin aşağı düşməsi və bir sıra digər amillər dünya səviyyəsində əhalinin etibarlı şəkildə ərzaqla təmin olunmasında bəzi çətinliklər yaratmışdır.

BMT-nin məlumatlarına görə ərzaq qıtlığı, enerji daşıyıcılarının və digər məhsulların qiymətlərinin ilbəil artması, şəhərləşmə, şumluq torpaqların sahəsinin get-gedə azalması və sair bu kimi amillər ərzaq qıtlığına səbəb olmuş və nəticədə son üç ildə dünya bazarlarında ərzaq məhsullarının qiyməti iki dəfə artmışdır. Belə bir gedişat hər bir ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsini pioritet vəzifə kimi qarşıya qoyur. Çünki yaranmış ərzaq qıtlığı şəraitində hər bir ölkə birinci növbədə öz əhalisinin ehtiyaclarını təmin etməyə çalışacaqdır.

Yuxarıda göstərilənlərlə əlaqədar qeyd etmək yerinə düşərdi ki, ölkənin kənd təsərrüfatı 1996- ildən başlayaraq müvəffəqiyyətlə inkişaf etməkdədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların uğurla həyata keçirilməsi, torpaq əmlakın özəlləşdirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət tərəfindən hərtərəfli dəstək göstərilməsi, aqrar sahə ilə bağlı bir sıra normativ-hüquqi sənədlərin qəbul edilməsi sayəsində əvvəllər kənd təsərrüfatı iqtisadiyyatında baş vermiş tənəzzülün nəinki qarşısı alınmış, eyni zamanda onun uğurlu inkişafı təmin edilmişdir. Ötən il müvafiq prezident sərəncamına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə edilən yanacaq motor yağlarına görə hər hektar becərilən torpağa 40 manat yardımın verilməsi, istifadə edilmiş gübrələrin 50 faiz güzəştlə satılması digər tədbirlər aqrar bölmənin inkişafına müsbət təsir göstərmişdir. Bütün bunlar respublikanın ərzaq müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratmışdır. İndi respublika əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir hər il ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracat imkanları artmaqdadır.

Heyvandarlıq məhsulları qida istehlakında mühüm yer tutur. Ümumiyyətlə, heyvandarlıq bölməsinin ölkənin kənd təsərrüfatının ümumi məhsulunda xüsusi çəkisi 37,6 faiz təşkil edir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq 2005-ci ilin iyun ayında keçirilən kənd təsərrüfatı siyahıyaalınması nəticəsində torpaq mülkiyyəti, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin sahəsi ağacların sayı, kənd təsərrüfatı texnikası, işçi qüvvəsi s. yanaşı, heyvandarlıq barədə ətraflı məlumatların əldə edilməsi mümkün oldu. Belə ki, bu tədbir yaş cins tərkibinə görə heyvanların, heyvandarlıq binalarının sayı onların tutumu, heyvanların saxlanılması üsulu barədə hərtərəfli məlumatların əldə edilməsinə imkan verdi.

Mövcud statistik rəqəmlərin müqayisəli təhlili heyvandarlıq məhsullarının istehsalı sahəsindəki müsbət təmayülü açıq-aydın göstərir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, son beş ildə respublikada ət istehsalı 36,9 faiz, süd istehsalı 19,8 faiz, yumurta istehsalı 55,1 faiz artmışdır. 2008-ci il yanvarın 1-i vəziyyətinə respublikada 2511,8 min baş qaramal, o cümlədən 1216,8 min baş inək camış, 8109,7 min baş qoyun və keçi, 20,8 milyon quş mövcud olmuşdur. 1996- il yanvarın 1-i ilə müqayisədə qaramalın sayı 48,4 faiz, o cümlədən inək camışların sayı 57,6 faiz, qoyun keçilərin sayı 74,6 faiz, quşların sayı 55,7 faiz artmışdır.

Mal-qara quşların sayının dinamik artımı, onların cins tərkibinin ilbəil yaxşılaşdırılması, əkmə yem bitkiləri sahələrinin daha da genişləndirilməsi heyvandarlıq bölməsinin müvəffəqiyyətlə fəaliyyət göstərməsini təmin edən amillərdən olmuşdur.

Əsas heyvandarlıq məhsullarının istehsal həcmlərinin düzgün hesablanması mal-qara quşların baş sayı barədə məlumatların dəqiqliyindən çox asılıdır. Lakin son illər mal-qara quşların sayının ailə-kəndli ev təsərrüfatlarında xeyli artması onların sayının düzgün müəyyən edilməsi işini çətinləşdirmişdir. Məlumat üçün bildiririk ki, 2005-ci ildə keçirilən kənd təsərrüfatı siyahıyaalınması zamanı respublika üzrə 1,3 milyona yaxın kənd təsərrüfatı subyekti uçota alınmışdır. Hazırda kənd yerlərində yaşayan şəhər yerlərində mal-qarası olan təsərrüfatların sayı 1,1 milyon vahiddən artıqdır. Odur ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən sərəncamında mal-qara quşların tam uçotunun aparılmasını nəzərdə tutan tədbirin vaxtında keyfiyyətlə yerinə yetirilməsi yerli statistika kənd təsərrüfatı orqanlarından, habelə ərazi icra nümayəndəliklərindən böyük məsuliyyət tələb edir. Heç şübhəsiz, müvafiq rayon şəhər icra hakimiyyəti orqanlarının köməyi sayəsində bu dövlət əhəmiyyətli tədbiri müvəffəqiyyətlə yerinə yetirmək mümkün olacaqdır.

 

Seyfəddin YUSİFOV,

Dövlət Statistika Komitəsinin

 şöbə müdiri

 

Xalq qəzeti.-2008.-18 dekabr.- S.4.