Əzizbəyov rayonu: qürur doğuran dinamik inkişaf

 

Abşeronda Əzizbəyov rayonunun əhatə etdiyi ərazi istər qədim tarixi abidələri ilə, istərsə də ziyalıları, dəyərli insanları ilə seçilib, tanınıb. Paytaxtın beş addımlığında olan bu ərazidəki kəndlər, qəsəbələr bəzən unudulub, gözdən iraq düşüb. Odur ki, inkişaf da etdirilməyib.

Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə bu yerlərin əsl inkişafı başlanıb. Ulu öndərin göstərişi ilə həmin illərdə Buzovna qəsəbəsində BAİB İqlim İstehsalat Birliyi, Yoltexnika zavodu, Qala qəsəbəsində Metal ovuntuları zavodu, Bakı Makaron fabriki, Şüvəlan gülçülük sovxozu, Binə Elektrik avtomatları zavodu, Ali polis məktəbi, sıravi polis məktəbi və onlarla digər obyektlər tikilib istifadəyə verildi.

Bu illərdə rayonda tibbi xidmətlə bağlı problemlər də həllini tapdı, yeni müəssisələr açıldı. Rayonda çoxprofilli xəstəxana yox idi. Odur ki, ulu öndərin göstərişi ilə burada 26-cı Birləşmiş şəhər xəstəxanası inşa edildi, o dövr üçün müasir avadanlıqlarla təchiz edildi. Rayon mərkəzindən uzaqda yerləşən Pirallahı qəsəbəsində tibbi-sanitar hissəsi tikilib istifadəyə verildi.

Yenə həmin illərdə Mərdəkan telefon-rabitə qovuşağının istifadəyə verilməsi rayonda rabitə, telefonlaşma işini sürətləndirdi. Buzovna, Binə, Pirallahı, Şağan qəsəbələrində, Şimal DRES yaşayış sahəsində müasir ATS-lər quraşdırıldı. Şüvəlan qəsəbəsi istirahət zonasına çevrildi.

Artıq rayonda planlı bir inkişaf başlanmışdı. Neft sənayesində yeni inkişaf tempi H.Z.Tağıyev adına NQÇİ-də də aydın hiss olunurdu. Neftçilərin sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülməyə başlandı. Həmin illərdə rayonda H.Z.Tağıyev adına NQÇİ-nin əməkçiləri üçün 793 mənzildən ibarət 16, “Abşeronneft” NQÇİ-nin əməkçiləri üçün sahəsi 1557 kvadratmetr olan 26 yaşayış binası inşa edildi. 1979-cu ildə sahəsi 21 min kvadratmetr olan 100 yerlik sanatoriya, 1982-ci ildə sahəsi 251 kvadratmetr olan yay kinoteatrı inşa edildi. Sahəsi 2034 kvadratmetr olan 220 yerlik uşaq bağçası və körpələr evi tikildi.

Ötən əsrin 70-80-ci illərində Əzizbəyov rayonu ərazisində görülən işlər saysız-hesabsızdır. Ülu öndər rayonumuzu çox inkişaf etdirdi, böyük layihələr həyata keçirdi. Ondan sonra başladığı bir çox işlər yarımçıq qaldı. Nəhayət, xalqın təkidli tələb və xahişləri ilə Azərbaycanda hakimiyyətə qayıdandan sonra onları yenə özü başa çatdırdı. Məsələn, Beynəlxalq Hava Limanı fikrimə əyani sübutdur.

Həmin illərdən söz düşəndə rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov belə deyir:

— Abşeron ən qədim yaşayış məskənləridir. Torpağın altı da, üstü də tarixi abidələrlə zəngindir. Dəyərli insanları, müqəddəs yerləri var. Mən deyərdim ki, bunları ilk dəfə ümummilli liderimiz qiymətləndirdi. Birinci dəfə Azərbaycana rəhbərlik edəndə həm rayonumuz inkişaf etdirildi, həm tarixi abidələr qorundu, həm də insanların sosial problemlərinin həlli üçün təsirli tədbirlər görüldü, onun ziyalıları da, müqəddəs insanları da, zəhmətkeşləri də layiqli qiymətləndirildilər... Ulu öndər Kremldən — yüksək dövlət vəzifəsindən məcburi istefaya gedəndən sonra Azərbaycanın başına gətirilən faciələr hamımızın gözünün qarşısında olub. 1993-cü ildə xalqın təkid və tələbləri ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri dövlətin idarə olunmasında səviyyəsizliyə birdəfəlik son qoyması oldu. Böyük öndər bütün sahələrdə xilaskarlıq missiyasını həyata keçirdi. Və Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə başladığı taleyüklü məsələlərin həllində daha qətiyyətli oldu. Keçən əsrin sonlarına yaxın müstəqilliyimizi əldə etməyimizə baxmayaraq, dövləti qurmaq üçün, demək olar ki, heç nə yox idi. Ancaq Heydər Əliyev vardı. Onun uzaqgörənliyi, zəngin təcrübəsi, böyük təşkilatçılıq bacarığı, qətiyyəti, iradəsi sayəsində dövlətçiliyimizin təməli qoyuldu, nəhəng quruculuq işlərinə start verildi. Mən belə fikirdəyəm ki, bütün elmlərin içərisində idarəçilik məharəti ən yüksək yerdə dayanır. Bütün elmlər də bu və ya digər formada ona xidmət edir. Və bu elmi böyük öndərimiz zənginləşdirdi, ona çox dəyərli səhifələr yazdı. 1998-ci il aprelin 8-də ümummilli liderimiz Heydər Əliyev Qurban bayramı münasibəti ilə Mirmövsüm Ağanın ziyarətgahına gəlmişdi. Burada geniş nitq söylədi. Yeri gəlmişkən qeyd edim ki, bu ziyarətgahı Heydər Əliyev abadlaşdırdı, gözəl bir məqbərə tikdirdi. Çünki ondan 4 il əvvəl — 1994-cü ildə də böyük öndərimiz Ağanın qəbrini ziyarət etmişdi. Burada əzəmətli bir məqbərənin tikintisinə göstəriş vermişdi. Ulu öndər ilk növbədə xalqın inamını, ümidini özünə qaytardı. Bu ümid və inamla da Azərbaycanın yeni inkişaf mərhələsi başlandı. O cümlədən, Əzizbəyov rayonunda da geniş quruculuq işlərinə start verildi. Kənd və qəsəbələrin siması gündən-günə dəyişməyə başladı. Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial-iqtisadi inkişaf da sürətləndi.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk aylarından qazanılmış uğurları, artıq yaranmış maddi-iqtisadi gücü regionların inkişafına yönəltdi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün sahələr üzrə iri layihələrin həyata keçirilməsinə geniş imkanlar açdı. Təbii ki, bu proqram rayonumuzda da yeni inkişaf mərhələsinin əsasını qoydu.

Dövlət Proqramı ilə yanaşı cənab İlham Əliyev ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə əlavə tədbirlər proqramları da hazırlatdırıb, təsdiq etdi. O cümlədən, 2006-cı il 27 fevral tarixli sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”nı təsdiq etdi.

Dövlət Proqramına əsasən, rayonun Mərdəkan, Şağan, Şüvəlan, Buzovna, Binə, Pirallahı, Türkan, Zirə, Qala qəsəbələrinin qaz təchizatı sistemi davamlı olaraq yaxşılaşdırılır, elektrik enerjisi sistemi yenidən qurulur. Mövcud rabitə sisteminin təzələnməsi, müasir standartlara cavab verməsi məqsədi ilə son bir neçə ildə Mərdəkan, Zirə, Binə, Qala, Türkan qəsəbələrində, Hövsan südçülük, Şimal DRES, Albalılıq yaşayış sahələrində yeni ATS-lər qurulmuş və ya genişləndirilmişdir. Qəsəbələrin əksəriyyətində yeni poçt şöbələri tikilərək istifadəyə verilmişdir.

Rayon ərazisində məktəb tikintisi böyük sürətlə davam edir. Son bir neçə ildə Albalılıq yaşayış sahəsində, Binə, Qışlaq, Mərdəkan, Buzovna, Pirallahı, Şağan, Zirə, Qala, Şüvəlan, Türkan qəsəbələrində yeni məktəblər istifadəyə verilmiş, bir sıra məktəblər üçün əlavə korpuslar tikilmiş, tədris ocaqlarının bir qismi təmir olunmuşdur.

Əzizbəyov rayonunda mədəniyyət obyektlərinin yenidən qurulması və əsaslı təmir işinə dövlət qayğı ilə yanaşır. Proqrama əsasən, Mərdəkan qəsəbəsində 17 saylı musiqi məktəbi və kitabxana, eləcə də Qala, Buzovna qəsəbəsində kitabxanalar təmir olunmuş, Mərkəzi rayon kitabxanası yeni müasir binaya köçürülmüşdür.

Rayonun əlverişli iqlim xüsusiyyətləri burada bir sıra respublika əhəmiyyətli sanatoriyaların fəaliyyətinə imkan yaradır. Bu sanatoriyalar Sovet İttifaqı dövründə inşa olunduğundan onların hamısı istismar müddətini başa vurmuş, istifadəyə yararsız hala düşmüşdür. Bu kimi səhiyyə obyektlərinin əhəmiyyətini nəzərə alınaraq Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsindəki 1 saylı Ağciyər vərəm sanatoriyasında, Şüvəlan qəsəbəsindəki 5 saylı Uşaq vərəm sanatoriyasında, Pirallahı qəsəbəsindəki 35 saylı Uşaq sanatoriyasında, eləcə də Zirə qəsəbəsindəki poliklinikada başlanmış yenidənqurma işləri uğurla davam edir. Proqram çərçivəsində rayondakı 31 saylı xəstəxana yenidən müasir səviyyədə qurularaq insanlara yüksək tibbi xidmət göstərməyə başlamışdır.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Əzizbəyov rayonunda da gənclərin sağlamlığına və asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaq başlıca vəzifələrdən biri hesab olunur. Bu məqsədlə Mərdəkan-Şüvəlan ərazisində Olimpiya idman mərkəzinin, Pirallahı qəsəbəsində idman zalının tikintisi ilə yanaşı, Buzovna qəsəbəsindəki “Gənclik” stadionu və Zirə qəsəbəsindəki futbol meydançası əsaslı təmir edilib. Proqrama əsasən, rayonun su və kanalizasiya sisteminin yaxşılaşdırılması nəzərdə tutulur. Artıq Mərdəkan, Şüvəlan, Binə qəsəbələrinə içməli su xətti çəkilmişdir. Pirallahı qəsəbəsində yeni kanalizasiya xəttinin çəkilişi və təmizləyici qurğunun təmir işləri davam edir. Mərdəkan-Şüvəlan təmizləyici qurğusunda rekonstruksiya işləri başa çatmaq üzrədir.

2006-cı ildən rayonun qəsəbədaxili və qəsəbələrarası yollarının abadlaşdırılması işinə başlanmışdır. Artıq Pirallahı, Binə, Buzovna, Şağan, Qala, Zirə, Gürgən, Mərdəkan, Türkan və Şüvəlanda qəsəbələrarası və qəsəbədaxili yollar təmir olunmuş, yeni asfalt yollar çəkilmişdir.

Cəmiyyətin inkişayında təhsilin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan rayonun ümumtəhsil məktəblərinin mövcud vəziyyəti, tədrisin səviyyəsi daim diqqət mərkəzindədir. Dövlət Proqramı ilə yanaşı, Heydər Əliyev Fondu və Əzizbəyov Rayonunun İnkişafı Fondu təhsil sahəsində ciddi dəyişikliyə nail olmağa imkan yaradan bir sıra layihələr həyata keçirmişdir. Quruculuq işləri çərçivəsində təhsil ocaqları yüksək səviyyəli tədris üçün daha geniş imkanlara yiyələnmiş, müasir standartlara cavab verən şəraitə sahib olmuşdur.

Şimal DRES-də yenidən qurulmuş 230 saylı orta məktəb maddi-texniki bazasının zənginliyinə görə Azərbaycanda ən müasir təhsil komplekslərdən biri sayıla bilər.

Şüvəlan qəsəbəsində 156 saylı məktəb üçün 1100 şagird yerlik yeni binanın inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 1935-ci ildə inşa olunmuş köhnə məktəbdə 700 şagird təhsil alırdı. Məktəb binasının dördmərtəbəli olmasına baxmayaraq şagirdlərin burada təhsil almaları, demək olar ki, qeyri-mümkün idi. Yararsız binanın yenidən qurulması məqsədəmüvafiq hesab olunmadığından yeni, müasir tələblərə cavab verən məktəb binasının tikilməsinə qərar verildi və uğurla başa çatdırıldı.

Yeni tədris ilində Buzovna qəsəbəsindəki Albalılıq yaşayış massivində 322 saylı məktəb üçün yeni bina istifadəyə verilmişdir. 1296 şagirdin yüksək səviyyədə təhsil alması üçün inşa olunan təzə məktəbdə geniş sinif otaqları, fənn kabinələri, kompyuter otağı, müasir yeməkxana, məktəbin həyətində lazımi avadanlıqla təchiz olunan idman meydançası vardır.

Zirə qəsəbəsindəki Südçülük sovxozunun ərazisində 324 saylı məktəb üçün tikilən bina müasir avadanlıq və lazımi şəraitlə təmin olunaraq istifadəyə verilmişdir. Hazırda burada 200 şagird təhsil alır. Türkan qəsəbəsində Nizami Sərxanov adına 256 saylı məktəb üçün inşa olunan ikimərtəbəli təhsil ocağında isə 15 sinif otağı, fənn kabinələri, kompyuter sinfi, kitabxana və idman salonu, futbol, basketbol, voleybol meydançaları vardır. Qəsəbə gəncləri üçün yeni təlim-tədris mərkəzi və şahmat klubu inşa edilərək istifadəyə verilmişdir.

Əzizbəyov rayonunda uyğunlaşdırılmış binalarda yerləşən məktəblər üçün yeni binaların inşası intensiv olaraq davam edir. Şüvəlan qəsəbəsindəki Zəifeşidən və sonradan karlaşmış uşaqlar üçün respublika internat məktəbində, Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbində, 16 saylı internat məktəbində, Mərdəkan qəsəbəsindəki 2 saylı internat məktəbində, Türkan qəsəbəsindəki Nitqi qüsurlu uşaqlar üçün xüsusi məktəbdə, Şüvəlan qəsəbəsindəki Makarenko adına humanitar fənlər üzrə gimnaziyada, Mərdəkan qəsəbəsindəki Oğlanlar üçün xüsusi məktəbdə və Buzovna qəsəbəsindəki 13 saylı internat məktəbində əsaslı təmir işləri aparılmışdır.

Mərdəkan Mədəniyyət Sarayının yenidən qurularaq yüksək səviyyəli mədəniyyət ocağına çevrilməsi bu istiqamətdə aparılan işlərin bir nümunəsidir. Mədəniyyət Sarayının binası 1961-ci ildə istifadəyə verilmiş, saray uzun illər uğurla fəaliyyət göstərmiş, bu məkanda “Azərbaycan” kinostudiyasının bir neçə filmi çəkilmişdir. Lakin son onilliklərdə bu məkan istifadəsiz qalmış, yararsız və qəzalı bir vəziyyətə düşmüşdür. Sarayda aparılan əsaslı yenidənqurma işləri sayəsində bina başqa görkəm almışdır. Əvvəlki memarlıq üslubu saxlanılmaq şərti ilə saray mərkəzləşdirilmiş kondisioner, siqnalizasiya və yanğından mühafizə sistemləri ilə təchiz edilmişdir.

Binə qəsəbəsindəki Möhsün Səlim məscidinin yaşı bir əsrə bərabərdir. 1909-cu ildə neft sahibkarı Möhsün Səlimin vəsaiti ilə tikilən məscid ötən il əsaslı təmir olunmuş, ibadət evi əvvəlki görkəminə qaytarılmış, binanın daxili interyerinə uyğun avadanlıq alınmışdır. Qəsəbədəki İmam Rza məscidi də əsaslı təmir olunmuşdur.

Dini-tarixi abidələrimizin qorunması, abadlaşdırılması çərçivəsində hazırda Buzovna qəsəbəsindəki Cümə məscidində təmir-yenidənqurma işləri aparılır.

Əzizbəyov rayonunda tarixi keçmişi yaşatmaq məqsədi ilə bir sıra abidələr, o cümlədən Mərdəkan qəsəbəsində “Soyqırım” abidəsi, Şüvəlan qəsəbəsində görkəmli Azərbaycan şairi Almas Yıldırımın abidəsi ucaldılmış, Zirə qəsəbəsində Xəzərdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş cəsur neftçi Əbdülhəsən Babayevin abidəsi bərpa edilmiş və Azərbaycan xalq rəssamı Baba Əliyevin barelyefi açılmışdır.

Şimal DRES-dəki 31 saylı birləşmiş şəhər xəstəxanası yenidən qurulmuş, Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları, ən müasir diaqnostik avadanlıq quraşdırılmışdır. Xəstəxana Şuvəlanın beş mindən çox əhalisinə və burada müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət edir.

Rayonun bütün qəsəbələrində tibb xidməti obyektləri fəaliyyət göstərir, mövcud olanlar əsaslı təmir edilib, ya da yeniləri inşa edilib. Əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı üçün çox böyük işlər görülüb. Bütün bu işlər ölkə başçısı cənab İlham Əliyevin birbaşa göstərişləri ilə yerinə yetirilir. Eyni zamanda, rayonumuzun sürətli inkişafında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci ledisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sonsuzdur. Elə bir sahə yoxdur ki, oradakı inkişafda, yenilikdə Mehriban xanımın xidməti olmasın.

Yeni iş yerlərinin açılmasında, sosial problemlərin ardıcıl həllində də Mehriban xanımın xidmətləri sayagəlməzdir. Noyabrın 19-da “Şüvəlan Park” Ticarət Mərkəzinin açılışında cənab İlham Əliyev və Mehriban xanım Əliyeva da iştirak etdi. Bu mərkəz həm Şüvəlan qəsəbəsinin simasını dəyişdirdi, həm də burada 230 nəfər işlə təmin edildi. Burada müştərilərə həm də bank, rabitə, turizm xidmətləri də təklif edilir. Aptek, uşaq əyləncə mərkəzləri də var. Bir sözlə, Əzizbəyov rayonu keyfiyyətli və sürətli inkişaf yolundadır. Əlbəttə ki, bütün bunlar da cənab Prezidentimizin, möhtərəm Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə gerçəkləşib.

Mehriban xanım Əliyeva həm də Milli Məclisə bizim rayondan deputat seçilib. Onun bir deputat kimi yüksək fəaliyyəti uşaqdan-böyüyə hər birimizin ürəyincədir. Rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov söz düşəndə belə deyir:

— Əzizbəyov rayonu son beş ildə nail olduğu inkişafla qürur doğurur. Bunun üçün ümummilli liderimizə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq. Özlərini Azərbaycanın müstəqilliyinə, qüdrətlənməsinə, xalqının xoşbəxtliyinə, firavan yaşamasına həsr edən bu şəxsiyyətlər Abşeronun müqəddəsliyini özlərinə qaytardılar. Dəyərli, müqəddəs insanlarımızı yaşatdılar. Bütün sahələrini inkişaf etdirdilər, milli, dini, tarixi dəyərlərimizi uca tutdular. Odur ki, özləri də müqəddəslərə çevrildilər. Bu, ulu öndərin siyasi kursunun bütün sahələrdə uğurlu inkişafıdır. Odur ki, hər bir sakinimiz, vətəndaşımız əmindir ki, qarşıdakı illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafa nail olacağıq, daha firavan həyat quracağıq.

 

Təvəkkül SƏLİMOV,

Əzizbəyov Rayon Ziyalılar

Cəmiyyətinin sədri,

 tarix elmləri doktoru 

 

Xalq qəzeti.-2008.- 18 dekabr.- S.5.