İmtahanların vaxtı dəqiqləşdi

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, cavab kartı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada keçirilən test yoxlama imtahanları 2009-cu ilin fevral ayında texniki peşə liseylərində, mart-aprel aylarında ümumtəhsil məktəblərində, buraxılış imtahanları isə 2009-cu ilin iyun ayında keçiriləcəkdir.

Yoxlama imtahanın fənlər üzrə nəticələri sinif jurnalına yazılır və ikinci yarımilliyin qiymətləri çıxarılarkən nəzərə alınır. İmtahan aparılan fənlər üzrə yekun attestat qiyməti hər bir fənn üzrə yoxlama imtahanının nəticələri, X - XI (XII) siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaqdır.

20 dekabr 2008-ci il tarixində Bakı şəhərinin ümumtəhsil məktəblərində keçiriləcək məktəbdaxili imtahan isə yalnız sınaq məqsədi daşıyır. Bu sınaq imtahanı mart ayında Təhsil Nazirliyi tərəfindən cavab kartı tətbiq etməklə mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama imtahanına hazırlıq üçün aparılır, nəticəsi qiymətləndirilmir və yekun attestat qiymətinə təsiri yoxdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-18 dekabr.- S.6.