İnamlı qələbə
Rəcəbovu vahid lider mövqeyinə yüksəltdi
FİDE-nin ilk dəfə
keçirilən “Qran-Pri” yarışları seriyasından
üçüncü turnir olan Elista mərhələsinin
üçüncü turundan sonra 14 rəqibin nəticələrini
əks etdirən cədvələ nəzər salmaq Azərbaycanın
şahmat ictimaiyyəti üçün necə də
xoşdur! Yürüşə həmyerlimiz Teymur Rəcəbov
(2751) başçılıq edir. Özü də tək-tənha,
vahid lider kimi.
Azərbaycanlı qrossmeyster bu yüksəlişə ardıcıl ikinci qələbə sayəsində nail olmuşdur. İkinci turda fransız Etyen Bakronu məğlubiyyətə uğradan Rəcəbov ertəsi gün özbək Rüstəm Qasımcanova (2672), yeri gəlmişkən, 2004-cü ildə FİDE-nin dünya çempionuna qarşı görüşü də özünə xas olan yüksək ustalıqla keçirdi və mübarizənin gedişini www.chesspro.ru saytında şərh edən qrossmeyster Sergey Zaqrebelnının qeyd etdiyi kimi, prinsipial nəzəri dueldə inamla qalib gəldi. Əlavə edək ki, Teymur görüşün taleyini 35 gedişə həll etdi.
Rəcəbovun həmyerliləri Şəhriyar Məmmədyarov (2731) və Vüqar Həşimovun (2703) görüşləri başa çatdıqda isə aydın oldu ki, qrossmeysterlərimiz ilk iki turdakı kimi, bu dəfə də birgə səylə iki xal qazanmışlar. Şəhriyar çox çalışsa da, Bakrodan güclü olduğunu sübuta yetirə bilməyərək 63 gedişdən sonra “dinc” nəticəyə razılaşmış, Vüqar isə çinli Van Yue (2736) ilə 40-cı gedişdə xalı yarı bölmüşdür.
İlk iki raunddan fərqli olaraq, üçüncü turda daha çox — üç qələbə qeydə alınmışdır. Rəcəbovdan başqa, bolqar İvan Çeparinovu (2696) məğlubiyyətə uğradan macar Peter Leko (2747) və rusiyalı Yevgeni Alekseyevdən (2715) dəqiq oynayan ukraynalı Pavel Elyanov (2720) da bir xal qazanmışlar. Rusiyalı həmvətənlər Dmitri Yakovenko (2737) və Aleksandr Qrişuk (2719), Ernesto İnarkiyev (Rusiya, 2669) və Vladimir Akopyan (Ermənistan, 2679) öz aralarında “münasibətləri aydınlaşdıra” bilməyərək heç-heçə ilə kifayətlənməli olmuşlar.
Üç turdan sonra “Qran-Pri”nin Elista mərhələsinin azərbaycanlı lideri Rəcəbovun 2,5 xalı vardır. Turnir cədvəlində ikinci-dördüncü mövqelərdə olan Qrişuk, Yakovenko və Həşimov ondan yarım xal geri qalırlar. Beş iştirakçı: Məmmədyarov, Akopyan, Leko, İnarkiyev və Elyanov 1,5 xal toplamışlar. Çeparinov, Alekseyev, Van Yue, Bakro və Qasımcanov 1 xal qazanmışlar.
On üç turdan ibarət turnirin ilk üç raundunun nəticələrini Azərbaycan şahmatçıları üçün ümumən uğurlu hesab etmək olar. Bu turlarda üst-üstə doqquz görüşdə bir dəfə də uduzmayan qrossmeysterlərimiz üç qələbə qazanmış, altı oyundan isə heç-heçə ilə ayrılmışlar.
Mükafat fondu 300 min avro olan (bu məbləğin 75 mini qalibə, 50 mini ikinci yerin sahibinə, 40 mini finişə üçüncü pillədə çatan şahmatçıya təqdim olunacaq. Dördüncü-onuncu yerlər üçün də 30 mindən 12 min avroyadək mükafat nəzərdə tutulmuşdur) turnirdə dünən dördüncü tur keçirilmişdir. Bu turda Rəcəbovu (ağlar) həmyerlisi Məmmədyarov ilə görüş gözləyirdi, Həşimov isə qaralarla Akopyana qarşı oynamağa hazırlaşırdı.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2008.-18 dekabr.- S.8.