AŞPA-nın qış sessiyasında Ermənistanla
bağlı ciddi
müzakirələr aparılacaq
Ermənistan parlamentinin
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri David Arutunyan bu günlərdə
yerli kütləvi informasiya vasitələrinə verdiyi
açıqlamasında deyib ki, nüfuzlu beynəlxalq təşkilatın
qış sessiyasında Ermənistanla bağlı ciddi
müzakirələr aparılacaq. O, bundan çox narahat
olduğunu bildirib.
D.Arutunyan AŞPA-nın
Ermənistanda prezident seçkilərindən əvvəl və
sonra baş vermiş hadisələrlə bağlı bir
neçə dəfə müzakirələr keçirdiyini
xatırladıb. Həmin müzakirələr zamanı
ölkədə insan hüquq və azadlıqlarının
ciddi şəkildə pozulması, müstəqil mətbuatın
fəaliyyətinə məhdudiyyətlər qoyulması,
insanların sərbəst toplaşmalarına hakimiyyət tərəfindən
süni əngəllər yaradılması dəfələrlə
tənqid olunmuş, prezident seçkilərinə
qatılmış müxalifət nümayəndələrinə
təzyiqlər göstərilməsi, hakimiyyətin namizədinə
səs verilməsində seçicilərə zorakılıq
göstərilməsi, seçki prosesinə müdaxilələr
olunması pislənilmişdir. O deyib ki, martın 1-2-də
dinc aksiya keçirən insanların gülləbaran edilməsinin
və bunun da nəticəsində çoxlu sayda mitinq
itşirakçısının vəhşicəsinə qətlə
yetirilməsinin AŞPA-nın sessiyalarında müzakirəyə
çıxarılması, bunun insan hüquq və
azadlıqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməsi
ölkənin beynəlxalq aləmdəki nüfuzunu heçə
endirib. O, AŞPA-nın Ermənistanda baş vermiş
xoşagəlməz hadisələrin
araşdırılması və bu hadisələri törədənlərin,
xüsusilə də təşkilatçıların hələ
də müəyyənləşdirilib qanuni cəzalandırılmaması
ilə əlaqədar verdiyi vaxtın başa
çatdığını diqqətə
çatdırıb. Hətta, AŞPA-nın bununla əlaqədar
1609 nömrəli qərarı olduğunu da xatırladıb.
D.Arutunyan Ermənistanda martın 1-də dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların da narahatçılığından söhbət açıb və deyib ki, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlardan Amnesty İnternational da öz hesabatlarında bu hadisəni ciddi şəkildə pisləyib. Hər iki beynəlxalq təşkilat bu hadisələri törədənlərin hələ də həbs olunmamalarından narahatçılıqlarını bildirir və qeyd edirlər ki, qətli törədənlər dövlət məmurları tərəfindən müdafiə olunurlar. Digər tanınmış təşkilatlar da bu problemin, həmçinin Ermənistanda söz və mətbuat azadlığının qarşısının kobud şəkildə alınmasının AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasını tələb edirlər. O bildirib ki, Amnesty İnternational təşkilatının eksperti Lourens Broyersin açıqlamaları daha ciddi təşviş doğurur. Ekspert deyib: “Bizi ən çox narahat edən Ermənistanda həbs olunanların vəhşicəsinə döyülməsi, həmçinin onların məhkəmələrinin beynəlxalq standartlara cavab verməməsidir”. Eksperti narahat edən məsələlərdən biri də mart hadisələrinin təşkilatçılarının hələ də azadlıqda qalmaları, həbs olunanların isə öz haqlarını tələb edənlərin olmasıdır. Bununla hakimiyyət dinc əhalini qorxu altında saxladığını bir daha təsdiqləyir.
Ermənistanda müstəqil mətbuatın fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin hələ də aradan qaldırılmadığı və həqiqəti yazanların müxtəlif bəhanələrlə həbs edilməsi, onlara təzyiqlər göstərilməsi AŞPA-nı narahat edən məsələlərdən biridir. D.Arutunyan deyib ki, prezident seçkiləri ərəfəsində və seçkidən sonra bu məsələnin daha da kəskinləşməsi, bəzi qəzet redaktorlarının əsassız həbs olunması və bəzilərinin döyülməsi adi hala çevrilmişdi. Avropa Şurası bu məsələyə çox ciddi fikir verir. Çünki ölkəmiz bu quruma daxil olarkən bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də müstəqil mətbuatın fəaliyyətinə geniş meydan verilməsi idi. Lakin bu məsələ hələ də beynəlxalq təşkilatların istədiyi səviyyədə deyil. O deyib ki, artıq Ermənistan AŞPA-da götürdüyü öhdəlikləri yerinə yetirməyən dövlət kimi tanınır. Bu da sessiyalar dövründə öz mənfi təsirini göstərir.
AŞPA-nın Ermənistan qarşısında qoyduğu vəzifələrdən biri də ölkədə fəaliyyət göstərən siyasi institutlara normal iş prinsipinin yaradılmamasıdır. Qış sessiyasına qədər aradan qaldırılması nəzərdə tutulan nöqsanlardan biri də bu idi. Təəssüflə qeyd olunub ki, bu sahədə də ürəkaçan heç bir iş görülməyib. Ümumiyyətlə, D.Arutunyan qış sessiyasına əliboş getdiklərini bildirib. O deyib ki, AŞPA-nın qarşıya qoyduğu vəzifələrin heç biri yerinə yetirilməyib. Ona görə də müzakirələrin gərgin keçəcəyi və bu dəfə Ermənistana hər hansı bir sanksiyanın tətbiq ediləcəyi gözlənilir. Çünki prezident seçkilərindən sonra ölkədə insan haqlarının müdafiəsi istiqamətində beynəlxalq təşkilatların hesabatlarında göstərilən nöqsanların aradan qaldırılmasına cəhd göstərilməyib.
Jurnalistlərin “Ermənistan üçün hansı sanksiyalar tətbiq oluna bilər”— sualına D.Arutunyan “Biz səsvermə hüququndan məhrum oluna bilərik. Çünki 9 aydır ki, AŞPA-nın və digər beynəlxalq qurumların ölkəmiz haqqında dedikləri nöqsanlara əhəmiyyət verilmir. Yəqin onların da səbrləri buna çatmayacaq” — deyə cavab verib. Daha sonra bildirib ki, Avropa Şurası üzvlüyə qəbul etdiyi ölkələrin bir-birlərinin sərhədlərinə hörmətlə yanaşmalarına da ciddi diqqət yetirir. Bu da qış sessiyasında ciddi müzakirə obyektinə çevrilə və bizim üçün ciddi problemlər yarada bilər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2008.-19 dekabr.- S.2.