Azərbaycan Xalq Cümhuriyyətinin mətbu salnaməsi
“Azərbaycan” qəzeti — 90
Sona yaxınlaşmaqda
olan 2008-ci il çoxəsrlik dövlətçilik tariximizin
önəmli səhifələrinə çevrilmiş Azərbaycan
Xalq Cümhuriyyətinin, onun bir sıra rəsmi atribut və təsisatlarının
yaradılmasının 90 illiyinin silsilə tədbirlərlə
qeyd edilməsi ilə əlamətdar oldu. Respublikamızın
ən yaşlı və böyük ali məktəbi olan
Bakı Dövlət Universitetində AXC-nin elan edildiyi ilk
aylarından rəsmi dövlət nəşri kimi işıq
üzü görmüş və bu milli dövlətin mətbu
salnaməsinə çevrilmiş “Azərbaycan” qəzetinin 90
illiyi münasibətilə elmi konfrans keçirildi.
Məclisi giriş
sözü ilə açan BDU-nun rektoru, AMEA-nın müxbir
üzvü, millət vəkili Abel Məhərrəmov AXC-nin
dövlətçilik ənənələrimizin dirçəlməsində,
ümummilli dəyərlərin
formalaşdırılmasında tarixi rolunu vurğulayaraq, “Azərbaycan”
qəzetinin ilk rəsmi nəşr kimi bu proseslərdə
göstərdiyi xidmətləri yada saldı. Rektor qeyd etdi ki,
AXC parlamentinin və hökumətinin gündəlik işini
geniş işıqlandıran, onun uğurlu fəaliyyətinə
ideya-məfkurəvi dəstək verən “Azərbaycan” qəzeti
ilk ali məktəbimiz olan Bakı Dövlət Universitetinin
yaradılması ilə bağlı diskussiyalara da ciddi təsir
etmişdir.
Sonrakı onilliklərdə
Bakı Dövlət Universiteti respublikamızda jurnalistika təhsilinin
mərkəzinə çevrilərək, milli
jurnalistikamıza çoxsaylı kadrlar verərək, onun
inkişafına səmərəli kömək göstərmişdir.
Gələn il 90 yaşını qeyd edəcək BDU-nun
çoxmilli kollektivi “Azərbaycan” qəzetinin əlamətdar
yubileyini milli jurnalistikamızın ciddi hadisələrindən
biri kimi qeyd edir, redaksiyanın yaradıcı heyətinə
dövlətçiliyimizin inkişafında yeni uğurlar
arzulayır.
BDU-nun professoru, qocaman mətbuat
tarixçisi və nəzəriyyəçisi Şirməmməd
Hüseynov Həsən bəy Zərdabinin yaratdığı
ilk anadilli qəzetimiz “Əkinçi” ilə başlayan milli-mənəvi
oyanışın zirvəsi olan AXC-nin fəaliyyətinin “Azərbaycan”
qəzetində məharətlə
işıqlandırılmasından danışdı, bu nəşrin
aparıcı redaktor və publisistlərinin bu gün də əhəmiyyətini
itirməyən irsini öyrənməyin, indiki nəsillərə
çatdırmağın zəruriliyini göstərdi. Alim
qeyd etdi ki, bunun üçün BDU-nun jurnalistika fakültəsində
milli mətbuat tariximizin önəmli məsələlərini
araşdıran və nəşr edən tədqiqat
laboratoriyasının yaradılması günün tələbidir.
BDU-nun kafedra müdirləri İzzət Rüstəmov, Cahangir Məmmədli və Şamil Vəliyev “Azərbaycan” qəzetinin milli mətbuatımızın parlaq səhifələrinə çevrilmiş 20 aylıq fəaliyyətinin tariximiz və bu günümüz üçün aktuallıq kəsb edən elmi-təcrübi yönlərindən söz açdılar, əski əlifba ilə nəşr olunmuş bu mətbu orqanın materiallarının yeni əlifba ilə toplu şəklində çap edilməsinin vacibliyini söylədilər.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qəzetinin indiki redaksiyasının tarixi ənənələrə sadiqliyindən, müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələrin həllinə köməyindən danışdı. Baş redaktor bildirdi ki, qəzet ölkəmizdə demokratik proseslərin dərinləşməsinə, mətbuat azadlığı prinsiplərinin tam bərqərar olmasına bacardığı qədər kömək edir, bu xətt bundan sonra da davam edəcəkdir.
Sonda Abel Məhərrəmov ölkəmizdə professional jurnalist kadrlarının hazırlanması, mətbuat tariximizin dərindən araşdırılması üçün ali məktəbdə son vaxtlar həyata keçirilmiş tədbirlərə və yeniliklərə toxunaraq dedi ki, bundan sonra ölkəmizdə KİV sahəsində tədqiqat aparanlara ilk dəfə olaraq “jurnalistika namizədi və doktoru” elmi adları veriləcək. BDU-nun jurnalistika fakültəsində tədqiqat laboratoriyası yaradılması ilə bağlı söylənən təklif də bu yaxınlarda gerçəkliyə çevriləcək. Rektor “Azərbaycan” qəzetinin kollektivinə yaradıcılıqda və dövlətçiliyə xidmətdə uğurlar arzuladı.
Konfrans iştirakçılarına qəzet redaksiyasının hazırladığı “Azərbaycan — 90" yubiley nəşri təqdim olundu. Mərasim qonaqların BDU-nun yeni istifadəyə verilmiş tədris korpusu və buradakı yenilklərlə tanışlığı ilə başa çatdı.
Tahir AYDINOĞLU
Xalq qəzeti.-2008.-19 dekabr.- S.3.