Azərbaycan və Cənubi Koreya dəmir
yolları arasındakı əlaqələr genişlənir
İyirminci əsrin
sonlarından etibarən Azərbaycan Dövlət Dəmir
Yolunun xarici ölkələrdəki həmkarları ilə əlaqələri
daha da intensivləşməyə başlayıb. Aradan ötən
müddət ərzində bir sıra ikitərəfli və
çoxtərəfli görüşlər
keçirilmiş, bir sıra layihələr
reallaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən il Cənubi Koreya Respublikasına dövlət səfəri zamanı imzalanmış memoranduma əsasən Azərbaycanda həyata keçiriləcək bir çox layihələr kimi, nəqliyyat sisteminin yenidən qurulması, inkişaf etdirilməsi və dəmir yolu infrastrukturunun yeniləşdirilməsi də nəzərdə tutulmuşdur. Aradan ötən müddət ərzində Azərbaycan və Koreya dəmiryolçuları arasında bir sıra ikitərəfli görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır. ADDY mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, dekabrın 18-də Azərbaycan Dövlət Dəmir Yolunda Cənubi Koreyanın “DAEWOO İnternational Corporation” və “Hundai Rotem Company” şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir. İkitərəfli görüşdə “Lokomotivlərin mövcud vəziyyəti və elektrik lokomotivlərinin büdcəsinə köməklik” məsələsi müzakirə edilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirov açaraq Azərbaycan və Cənubi Koreya Respublikaları arasında son illərdə genişləndirilən əlaqələrdən, hər iki ölkənin dəmir yolları arasında mövcud təcrübə mübadilələrindən, Azərbaycan Dövlət Dəmir Yolunda aparılan əsaslı islahatlardan və perspektiv planlardan danışmışdır. İkitərəfli görüşdə “Hundai Rotem Company” şirkətlərinin baş meneceri Vu Dong-İl, köməkçi menecer Park Jung-Sub, “DAEWOO İnternational Corporation” şirkətinin menecerləri Lee Jong-Mu və Hakan Okalmış, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin torpaq, nəqliyyat və dəniz üzrə attaşesi Kim Yong Soq iştirak etmişdilər. Müzakirələr zamanı Azərbaycan Dövlət Dəmir Yolu üçün gələcəkdə yeni lokomotivlərin alınmasında Cənubi Koreya şirkətlərinin istehsalına üstünlük veriləcəyi vurğulandı.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2008.-19 dekabr.- S.3.