Prezidentin iki dəfədən artıq seçilməsi təklifi xalqın iradəsinin ifadəsidir

 

Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin dəyişdirilməsi və demokratik prinsiplər

 

Dövlətlərin konstitusiyalarının müqayisəsi

 

Dünya birliyinin üzvü olan dövlətlər üçün məcburi vahid bir Konstitusiya modeli mövcud deyildir və təcrübədə də mümkün ola bilməz. Çünki dövlətlər dövlət quruluşuna ( unitar, federativ) və dövləti idarəetmə formasına (prezidentli, parlamentli, monarxik) görə fərqli və oxşar xüsusiyyətlərə malikdirlər. Bir sıra dövlətlərdə Konstitusiya müddəaları geniş sahələri əks edir, digər dövlətlərdə isə məhdud xarakterlidir və əlavə sahələr digər qanunlarla tənzimlənir. Məsələn, ABŞ Konstitusiyasında Azərbaycan Konstitusiyasından fərqli olaraq insanların əsas hüquq və azadlıqları məhdud səviyyədə öz əksini tapmışdır. 1787-ci ildə qəbul edilmiş Konstitusiyada ABŞ-ın dövlət hakimiyyətinin–qanunverici, icra və məhkəmə hakimiyyətinin əsasları qeyd edilmişdir. Vətəndaş hüquqları çox məhdud şəkildə göstərilmişdir. Konstitusiyaya edilmiş 27 düzəlişdə də vətəndaşların hüquq və azadlıqları geniş verilməmişdir. Lakin bu, o demək deyil ki, ABŞ-da vətəndaşların hüquqları təmin olunmur və qorunmur. Həmin hüquqlar geniş əsaslarla digər qanunlarda öz əksini tapır. ABŞ və Azərbaycan dövlət quruluşuna görə prezidentli respublikalar olsalar da, inzibati cəhətdən Azərbaycan unitar, ABŞ isə federativ dövlətdir. ABŞ ştatlarının hər birinin özünün qanunvericilik sistemi vardır. Bu dövlətlərin qanunvericilik sistemində də prosedur fərqləri mövcuddur. Azərbaycanda prezident 5, ABŞ-da isə 4 il müddətinə seçilir. Prezident və qanunverici orqana seçkilər də fərqli proseduralarla həyata keçirilir. Ümumiyyətlə, oxşar xüsusiyyətlər isə hər iki dövlətin vətəndaşlarının demokratik qaydada təbii hüquq və azadlıqlarla təminatından ibarətdir.

Konstitusiya islahatları hər bir dövlətdə tarixi inkişaf zərurətindən irəli gələrək həyata keçirilir. Bu baxımdan 2008-ci ilin noyabr ayında Rusiyanın Dövlət Dumasında prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilədək uzadılması barədə qərar qəbul edildi. Rusiyanın bu addımı atması məhz dövlətin tarixi inkişaf zərurətindən irəli gəldi. Cəmiyyətdə vətəndaşlar tərəfindən belə bir addımın atılması həm də siyasi liderin şəxsi keyfiyyətləri, idarəçilik bacarığı və xidmət amili ilə də sıx bağlıdır.

Tarixdə prezidentlərin dövlətə və xalqa uzun müddət rəhbərlik etməsi nöqteyi-nəzərindən yanaşdıqda, nümunə kimi onu qeyd etmək olar ki, ABŞ-ın Demokratlar Partiyasından olan 32-ci prezidenti Franklin Ruzvelt 1932-1945-ci illərdə ( 13 il ) dövlətə rəhbərlik etmişdir. Onun hakimiyyəti dövründə ölkə daxilində tətbiq etdiyi “yeni kurs” siyasəti ölkənin demokratiyaya doğru inkişafında mühüm rol oynadı. Onun siyasi kursu 1929-34-cü illərdə dərin iqtisadi böhran keçirmiş, maliyyə vəziyyəti pisləşmiş ABŞ-ı böhran vəziyyətindən çıxarmış, ölkədə iqtisadi və sosial şəraitin sabitləşməsinə səbəb olmuşdur. Ruzvelt ölkədə əldə olunan ictimai və iqtisadi quruluşu möhkəmləndirmək və inkişaf etdirmək, eləcə də, ABŞ-ın bütün dünyada dominantlıq gücünü möhkəmləndirməyi qarşısına məqsəd qoymuşdur. Ruzveltin ölkənin xarici siyasətindəki xidmətlərindən biri də o zaman SSRİ ilə “soyuq” münasibətlərinin normallaşmasına nail olmaqdan ibarət olmuşdur. Məhz, Ruzveltin rəhbərliyi ilə II Dünya müharibəsi zamanı ABŞ faşizmə qarşı müharibə apararaq, müttəfiqlərlə birlikdə Avropanı xilas etmişdir. Ruzvelt ABŞ tarixində yeganə şəxsdir ki, dörd dəfə prezident seçilmiş və ölənə qədər bu vəzifədə işləmişdir. Buradan görünür ki, ABŞ vətəndaşları Ruzveltin siyasi kursuna inanmış, bu siyasi kursun müsbət nəticəsini görmüş, bu səbəbdən də Ruzveltin uzun müddətə dövlətə rəhbərlik etməsini qəbul etmişlər.

İtaliya dövlət quruluşuna görə parlamentli respublikadır. Parlament Deputatlar Palatasından və Respublika Senatından ibarətdir. İtaliya Konstitusiyasının 83-cü maddəsinə əsasən respublikanın prezidenti parlament üzvlərinin birgə yığıncağında seçilir. Azərbaycanda isə ümumxalq səsverməsi ilə prezident seçilir. Lakin, burada Azərbaycandan fərqli olaraq prezident seçilmək üçün şəxsin yaş həddi 50-dir (84-cü maddə). Prezident öz funksiyasını yerinə yetirə bilmədikdə, həmin vəzifəni Senatın sədri yerinə yetirir. ABŞ-da isə yeni prezident seçilənə qədər vitse-prezident bu vəzifəni icra edir. İtaliyada prezident 7 il müddətinə seçilir. İtaliya parlamentli, Azərbaycan prezidentli respublika olmasına baxmayaraq, hər iki dövlətdə prezident dövlətin başçısı hesab olunur, xalqın vahidliyini təcəssüm etdirir. Hər iki dövlət başçısı silahlı qüvvələrin ali baş komandanı hesab olunur. Hər iki dövlət başçısı hökümətin sədrini və nazirlərini təyin edir. Ümumxalq referendumunu təyin edirlər. Bununla yanaşı, dövlət rəhbərləri ölkələrinin konstitusiyalarının qarantıdırlar. İtaliya prezidenti qanunları təsdiq edir, qanun qüvvəli dekretlər imzalayır, diplomatik nümayəndələri qəbul və akkreditə edir, qanunverici orqanın razılığı ilə beynəlxalq müqavilələri təsdiqləyir. Ümumiyyətlə, İtaliya Konstitusiyasının prezident səlahiyyətlərinin və vəzifəsini müəyyən edən 83-91-ci maddələrində bir şəxsin bir və ya bir neçə dəfə prezident seçilməsi məsələsi öz əksini tapmamışdır. 1948-ci il yanvar ayının 1-dən fəaliyyət göstərən mövcud İtaliya Konstitusiyasında vətəndaşların hüquq və azadlıqları ABŞ Konstitusiyasına nisbətən daha geniş və məzmunlu şəkildə əks olunmuşdur. Fransa Konstitusiyasına əsasən də ölkə prezidenti milli müstəqilliyin, ərazi bütövlüyünün və beynəlxalq müqavilələrə əməl olunmasının qarantıdır. Fransa parlamenti milli yığıncaq və Senatdan ibarətdir. Fransa prezidentinin mili yığıncağı buraxmaq səlahiyyəti vardır. Fransada prezident ümumxalq səsverməsi ilə 5 il müddətinə seçilir. Prezidentin səlahiyyət müddətinin 5 ilə endirilməsi 2000-ci ilin 2 oktyabrında qəbul edilmiş konstitusiya qanunu ilə həyata keçirilmişdir. Fransa prezidenti silahlı qüvvələrin başçısı hesab olunur. Prezident dövlətin rəhbəri olaraq ölkə konstitusiyasına əməl olunmasına nəzarət edir, referendum təyin edir, baş naziri təyin edir, baş nazirin təqdimatı ilə hökumətin üzvlərini təyin və vəzifədən azad edir, Nazirlər Şurasına sədrlik edir, şəxsləri mülki və hərbi vəzifələrə təyin edir, xarici ölkələrdə səfirləri və fövqəladə elçiləri akkreditə edir, xarici ölkə səfirlərinin və fövqəladə elçilərin etimadnamələrini qəbul edir. Prezident əfvetmə səlahiyyətinə malikdir. Bundan başqa prezidentin bir çox səlahiyyətləri vardır. Şarl De-Qollun hökumətə rəhbərlik etməsi zamanı 1958-ci ilin 4 oktyabrında yeni qəbul edilmiş Fransa Konstitusiyasında 1960-2005-ci illərdə 20-dən çox Konstitusiya dəyişikliyini nəzərdə tutan qanun və konstitusiya qanunları qəbul edilmişdir. Ümumiyyətlə, Fransa Konstitusiyasının respublika prezidentinə aid 5-19-cu maddələrində bir şəxsin bir və ya bir neçə dəfə prezident seçilməsi ilə bağlı fikir yoxdur.

Hindistan Konstitusiyası 20 hissədən və bu hissələrə aid bəndlərin toplandığı 368 maddədən və əlavələrdən ibarətdir. Ölkə konstutusiyasında ştatlar, ittifaq ərazilər, danışıq dilləri öz əksini tapmışdır. Hindistanda prezident 5 il müddətinə seçilir. Ölkə Konstitusiyasına əsasən bir şəxsin yenə də prezident seçilməsinə icazə verilir. Lakin bir şəxsin neçə dəfə təkrarən və ya fasilələrlə prezident seçilməsi konstitusiyada qeyd edilməmişdir.

Ümumiyyətlə, bəzi ölkələrin konstitusiyalarını şərh etməkdə başlıca məqsəd dünya dövlətləri üçün vahid konstitusiya modelinin olmamasını sübut etməkdən ibarətdir. Konstitusiya əsas qanun olaraq hər bir dövlətin tarixi inkişaf mərhələsinə, siyasi mühitinə müvafiq olaraq yaranır və formalaşır. Konstutusiya islahatları, edilən əlavələr və dəyişikliklər istənilən dövlətin iqtisadi, siyasi və ictimai vəziyyəti ilə əlaqədar olaraq həyata keçirilir.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda da dövlətçiliyin daha da möhkəmləndirilməsi, siyasi kursun saxlanması naminə yaxın zamanlarda konstitusiya dəyişikliyinə getmək olar.

 

Elşən NƏSİBOV, politoloq

 

Xalq qəzeti.-2008.- 19 dekabr.- S.4.