İnformasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ölkəmizdə prioritet məsələdir
Azərbaycanda rabitənin
rəsmi tarixi 1881-ci il dekabrın 6-dan başlanır. Bu, “Nobel
Qardaşları Cəmiyyəti” tərəfindən ilk telefon
xəttinin və telefonun istismara verilməsi ilə əlaqədardır.
Belə ki, 1881-ci ilin yanvarında “Nobel qardaşları cəmiyyəti”
telefon çəkilişinə icazə almaq məqsədilə
Bakı qubernatoru general-leytenant Rozenə müraciət
etmiş və fevralın 18-də çəkilişə icazə
almışdı. 1881-ci il noyabrın 23-də (təzə
stilə dekabrın 6-da) Bakıda cəmiyyətin baş
kontoru ilə sədr və baş mühəndisin evlərini
birləşdirən, 6 km.uzunluğu olan telefon xətti çəkilmişdi.
Bundan sonra telefon xəttinin inşası və onun əhəmiyyəti
neft sahibkarlarını bu işə ciddi surətdə cəlb
etmişdi. Azərbaycan neftinin inkişaf etdirilməsi zərurəti
həm də çox vacib olan telefon rabitəsinin
yaranmasına təkan vermişdi. Beləliklə, məhz həmin
6 dekabr günü ölkəmizdə telefon rabitəsinin
başlanğıc tarixi hesab olunur.
1918-ci il mayın 28-də
Azərbaycan dövlət müstəqilliyinə nail oldu. Həmin
gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti
yarandı. Fətəli xan Xoyskinin
başçılığı altında 1-ci milli hökumət
kabineti 9 nazirlikdən ibarət olaraq təşkil edildi. Bu
nazirliklərdən biri də Yollar və Poçt-Teleqraf
Nazirliyi idi. O zaman müstəqil Azərbaycan
Respublikasının ilk yollar və poçt-teleqraf naziri
Xudadat bəy Məlik-Aslanov təyin olundu.
Xudadat bəy Ağa
oğlu Məlik-Aslanov XIX əsrin axırları — XX əsrin əvvəllərində
Azərbaycanın istiqlaliyyət qazanması uğrunda
çalışan mübarizlərdən biri idi. O, 1918-1920-ci
illərdə özünü görkəmli ictimai-siyasi və
dövlət xadimlərindən biri kimi göstərmişdir,
ixtiraçı-mühəndis idi.
Xudadat bəy 1879-cu ilin
aprelində Şuşa şəhərində anadan
olmuşdu. 1898-ci ildə Şuşa realnı məktəbini,
1904-cü ildə Peterburq (indiki Sankt-Peterburq) Yol Mühəndisliyi
İnstitutunu bitirmişdi. Əvvəl Peterburqda, 1905-ci ildən
isə Tiflisdə Zaqafqaziya dəmiryolu sistemində
çalışmışdı.
Rusiyada 1917-ci il fevral burjua-demokratik inqilabından sonra Zaqafqaziya Xüsusi Komitəsində dəmir yolu üzrə müvəkkil, Zaqafqaziya Komissarlığında və Zaqafqaziya Federativ Respublikasında dəmiryolu naziri təyin edilmişdi. Qeyd etdiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetində bitərəf Xudadat bəy əvvəllər bu sahədə çalışmış, ixtisaslı və təcrübəli bir mütəxəssis kimi dəmir yol nəqliyyatı və poçt-teleqraf naziri vəzifəsinə təyin olunmuşdu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xudadat bəy öz ixtisası üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb. Lakin Azərbaycan Demokratik Cümhuriyyəti dövründəki fəaliyyətini unutmayanlar bundan onun əleyhinə istifadə edirlər. 1930-cu ildə əsassız ittihamlarla həbs olunur. 1933-cü ildə həbsdən azad edildisə də, 1934-cü ilin avqustunda yenidən həbsə alınıb, Rusiyadakı həbs düşərgələrindən birinə göndərilib və 1935-ci ildə orada da vəfat edib.
1920-ci ildə Xalq Cümhuriyyəti süquta yetirildi. Buna baxmayaraq, SSRİ dövründə Azərbaycan rabitə sistemi böyük inkişaf yolu keçdi. Bu gün isə rabitə və informasiya texnologiyaları sektoru Azərbaycanın modernləşdirilməsində, informasiya cəmiyyətinin formalaşmasında və sürətli inkişafında mühüm rol oynayır. Hazırda ölkəmizdə müasir tələblərə cavab verən səviyyədə fəaliyyət göstərən mükəmməl rabitə və informasiya-kommunikasiya texnologiyaları sistemi mövcuddur. Başqa sahələrdə olduğu kimi bu sistemin də təşəkkülünün əsasını müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev qoymuşdur.
Ümummilli liderimizin ölkədə rabitə və informasiya texnologiyaları sahəsini inkişaf etdirmək və təkmilləşdirmək siyasətini Azərbaycan Prezidenti cənab İlham Əliyev dönmədən və uğurla davam etdirir.
Ümummilli liderimizin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” üzrə işlərin koordinasiyası Azərbaycan Respublikasının Rabitə Nazirliyinə həvalə edilmişdir. 2004-cü il fevralın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə Nazirliyi ləğv edildi, əvəzində müasir dünya standartlarının tələblərinə cavab verən və çevik fəaliyyət göstərə bilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldı. Daha sonra ölkə başçısı 2004-cü il avqustun 10-da Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun inkişafını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi haqqında” fərman verdi ki, bu da istiqamətverici və fəaliyyəti tənzimləyən yeni normativ qanunvericilik aktı rolunu oynadı.
İnformasiya-kommunikasiya texnologiyalarının istifadə edilməsi respublikamızda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, informasiya-kommunikasiya texnologiyaları sektoru potensial imkanlarına görə Azərbaycanda öndə gedən bir sahədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Rabitə və informasiya texnologiyaları neft sahəsindən sonra Azərbaycanın iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacaqdır... Mən informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm. Bu gələcəkdir, gələcəyin inkişafıdır”, — deməsi heç də təsadüfi deyildir.
2006-cı il dekabrın 2-də Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 6-nın hər il rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunması haqqında sərəncam verməsi ölkə rəhbərinin rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqətinin bir daha bariz təzahürü idi. Artıq ölkə rabitəçiləri 3-cü ildir ki, peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər.
Cənab İlham Əliyevin 2005-ci il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”) uğurla icra edilməkdədir. Bu Proqramın həyata keçirilməsi ilə ölkə iqtisadiyyatının rabitə və informasiya texnologiyaları sahəsi inkişaf etdirilir, ölkədə informasiya cəmiyyəti formalaşır, cəmiyyətin sosial-iqtisadi həyatına, bütün sahələrinin inkişafına zəmin yaranır.
Dövlətin rabitə və informasiya texnologiyalarının inkişafına ayırdığı maliyyə vəsaiti də ildən-ilə yüksəlir. Ölkədə rabitə və informasiya texnologiyalarının inkişafının bəzi əsas nəticələrinə nəzər yetirsək görərik ki, son 5 ildə əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi 3 dəfə artmış, əhalinin telefonla təminatı səviyyəsinin yüksəlməsi üçün stansiyaların ümumi tutumu 400 min nömrə genişləndirilmiş, stasionar telefon ilə təmin olunmuş ailələrin sayı 32,4 faiz çoxalmış, mobil telefon abunəçilərinin sayı 4,3 faiz artaraq əhalinin hər iki nəfərindən biri bu rabitə növünün istifadəçisi olmuşdur. Köhnə tipli ATS-lərin hamısı, koordinat sistemli ATS-lərin isə yarısı müasir elektron sistemli ATS-lə əvəz edilmiş, beş ildə elektron sistemli nömrələrin telefon şəbəkəsində xüsusi çəkisi 48,4 faizdən 80 faizədək yüksəlmişdir. 15 rayon və şəhər telefon şəbəkəsi tam elektronlaşdırılmışdır.
Başa çatmaqda olan cari ilin ən yaddaqalan hadisələrindən biri isə, şübhəsiz 2008-ci il noyabrın 11-14-ü arasında ölkəmizin paytaxtında keçirilən “Bakutel – 2008” 14-cü Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi olmuşdur. Artıq tarixə qovuşmuş bu möhtəşəm beynəlxalq sərgidə 14-dən çox ölkənin rəsmi təmsilçiləri, 21 ölkədən 105 şirkət iştirak etmişdir. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yüksək səviyyədə təşkilatçılığı ilə keçən sərgidə ölkə başçısı cənab İlham Əliyev də iştirak etmişdir. Sərgidə ”Transmilli Avrasiya yüksək sürətli informasiya magistralı" layihəsi də müzakirə olunmuşdur. Bütövlükdə informasiya cəmiyyətinin formalaşmasına xidmət edən “Bakutel-2008" beynəlxalq sərgisi respublikamızda iqtisadi məzmun kəsb edən rabitə və informasiya texnologiyaları sahəsində qazanılmış nailiyyətlərin əzəmətli nümayişi idisə, həm də gündən-günə sürətlə inkişaf edən ölkəmizin dünyada artan siyasi imicinin real meyarıdır.
İltifat ƏLİYARLI,
Azərbaycan Respublikasının
Rabitə və
İnformasiya
Texnologiyaları Nazirliyi
muzeyinin direktoru,
tarix elmləri namizədi
Xalq qəzeti.-2008.-19 dekabr.- S.4.