İğdır – dünəndən sabaha uzanan qardaşlıq körpüsü

 

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin Qars şəhərindəki Baş Konsulluğunun yeni binasının açılışında iştirak etmək üçün qardaş ölkəyə getmiş nümayəndə heyəti geri dönərkən İğdırda unudulmaz görüşlərin iştirakçısı oldu.

Şərqi Anadoluda Qars bütün Qafqazın qapısıdırsa, İğdır güneyli-quzeyli Azərbaycana, Türkiyənin Vətənimizin hər iki tayı ilə qovuşduğu Naxçıvana açılan pəncərədir. İğdır dil, din, adət-ənənə, coğrafi şərait, məşğuliyyət baxımından da, tarixən, Anadolu və Azərbaycan türklərinin qaynayıb-qarışdığı, oxşar və eyni dəyərləri paylaşdığı bir vilayətdir. İğdırda kimi gördüksə, kiminlə söhbətləşdiksə, zənn etdik ki, ya naxçıvanlı, ya vedili-zəngibasarlı, ya da mərəndli-təbrizlidir.

Qarsdan İğdıra axşamtərəfi çatsaq da şəhər ictimaiyyətinin nümayəndələrini “Olimpiya” otelinin qarşısında ayaqüstə, dost-qardaş görüşünə müntəzir gördük. Əslində, şəhər rəhbərliyi və jurnalistləri ilə gündüz Qars şəhərində konsulluq binasının açılışı zamanı görüşüb-dostlaşmışdıq. İğdır Bələdiyyəsinin başçısı, əslən Xankəndindən olan Nurəddin Aras istiqanlığı, erməni millətçilərinə qarşı kəskin mövqeyi, ümumtürk həmrəyliyinin açıq daşıyıcısı olması ilə hər birimizdə ilk anlardan xoş hisslər doğurmuşdu. İndi o, yaxın çevrəsi ilə birlikdə rəhbərlik etdiyi bələdiyyə ərazisində bizi, sanki, illərin dostu-tanışı kimi mehribanlıqla, təntənə ilə qarşılayırdı.

Otelin birinci mərtəbəsində geniş dəhlizdə çay süfrəsi arxasında axşamdan xeyli keçənədək söhbətləşdik. İğdırlı jurnalist həmkarlarımız, Naxçıvanda və Bakıda ortaq fəaliyyət qurmuş iş adamları ilə müxtəlif məsələlərdən söz açdıq, bir-birimizdən ünvanlar aldıq. Hər iki tərəf Qarsda Azərbaycan konsulluğunun açılmasından nə qədər məmnun idisə, bu şəhərdən Ermənistana qapı açılması fikrinə düşənlərin fəaliyyətindən bir o qədər ikrah və küskünlüklə danışdı. İğdırlılar bildirdilər ki, Naxçıvan vasitəsi ilə açılan qapı onların vilayətinin və şəhərlərinin inkişafına güclü təkan vermişdir. Qarsda belə düşünənlər tapılır ki, guya, Ermənistanla sərhəd açılsa orada da belə canlanma, irəliləyiş ola bilər.

Öyrəndik ki, son illərdə Qarsın Qafqaz türkləri soyundan olan yerli əhalisinin az qala yarısı başqa vilayət və şəhərlərə köçüb gedib. Onların yerinə isə türk olmayanlar gəliblər. Türkiyə və Azərbaycan üçün mühüm önəm daşıyan belə bir şəhərdə etnik tərkibin arzuolunmaz şəkildə dəyişməsi bundan sonra daha təhlükəli təşəbbüs və addımlara yol aça bilər. Odur ki, birgə səylərlə Qarsı erməni hiylə və niyyətlərinə hədəf olmaqdan qorumaq lazım gəlir. İğdırlıların bir açıqlaması isə bizdə xoş əhval doğurdu. Onlar bildirdilər ki, soy-kök etibarilə Qafqaz türkü və bir çoxu Azərbaycan mühacirlərinin varisləri olduqlarından ölkəmizə, onun mədəniyyətinə çox bağlıdırlar. Evlərdə iğdırlılar Bakı telekanallarına baxırlar, internetdə bizim qəzetləri daim izləyirlər.

Hələ Bakıda olarkən səfərin proqramından bilirdik ki, Qarsda konsulluq binasının açılmasından sonra İğdırda da mərdliyi və hünəri mərhum yazıçı-ssenaristimiz Fərman Kərimzadənin “Qarlı aşırım” romanından və “Axırıncı aşırım” filmindən hamımıza bəlli olan vedibasarlı Kərbəlayi İsmayılın İğdır vilayətinin Daşburun bələdiyyəsi ərazisində yenicə abadlaşdırılmış məzarını da ziyarət edəcəyik. Hər iki əsərin ərsəyə gəldiyi sovet dövründə yenilməz soydaşımızın sonrakı taleyindən xəbərsiz olmuşduq.

Sən demə, Kərbəlayi İsmayıl son anda ölümdən yaxa qurtararaq yaxın ətrafı ilə Arazı keçib, soydaşlarının yaşadığı Daşburuna gəlib və 1948-ci ildə 78 yaşında burada dünyasını dəyişib.

Bu qısa məlumat hamımızda kövrək hisslər yaratdığından artıq çoxdan kişilik, qeyrət timsalı kimi tanıyıb-dəyərləndiyimiz dağ vüqarlı Kərbəlayinin uyuduğu məkanın ziyarətinə tələsirdik. Səhər İğdır şəhərindən Naxçıvana doğru — Daşburunda yola düşəndən az sonra, göydəndüşmə bir ziyarətin də iştirakçısı olduq. Bizə şəkillərdən və videofilmlərdən tanış olan İğdırdakı soyqırım abidə-kompleksi əzəməti və ermənilərin türk-azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin geniş mənzərəsi ilə qiyabi təsəvvürlərimizi gerçəkləşdirdi. Layihə müəllifi həmyerlimiz Cəfər Qiyasın bu nəhəng abidəsi erməni yalan və fitnələrini ifşa edən misilsiz bir mərkəz kimi hafizəmizə və lentlərə köçdü. Təəssüf ki, İğdır soyqırım abidəsini hədəfə alan qüvvələr də var və iğdırlılar belələrinə qarşı möhkəm dayanıblar.

İğdırətrafı düzənlikdə, Naxçıvanın Arazqırağı ərazilərinə bənzər çöldə yerləşən Daşburun ümumi görkəmilə Beyləqan rayonundakı eyni adlı məntəqəyə də çox oxşayır. Yeni yol salınarkən kənd qəbristanlığından ayrılaraq bu tayda qalmış 10—15 məzar Azərbaycan mühacirlərinə məxsusdur. Kərbəlayi İsmayılın və yaxınlarının uyuduğu bu kiçik məzarlıq yenicə başa çatmış yenidənqurma və abadlıq tədbirlərindən sonra diqqətçəkən xatirə memarlığı guşəsinə çevrilib.

Mərkəzdə İrəvandan, Zəngibasardan və Vedibasardan erməni-rus qətliamına tuş gələrək həlak olan və mühacirətdə dünyasını dəyişən soydaşlarımızın şərəfinə xatirə abidəsi ucaldılıb, qəbirlərin üstü götürülüb. Kərbəlayi İsmayılın məzarı onun şəxsiyyətinə və xatirəsinə uyğunluğu ilə seçilir. Bu unudulmaz, haqsevər kişinin son ünvanına 60 il bələdçilik etmiş sadə, kiçik daş parçası da qiymətli yadigar kimi məzarlığın hasarına söykədilib.

Daşburunlular ziyarət mərasimini Kərbəlayi İsmayıla və şəhid soydaşlarımıza layiq keçirmək üçün məzarlığın qarşısında böyük bir köşk quraşdırmışdılar. Yan tərəfdə böyük Atatürkün və Heydər Əliyev iri portretləri asılmışdı. Ətraf iki ölkənin dövlət bayraqları ilə bəzədilmişdi. Daşburun ağsaqqalları, ziyalıları, məktəbliləri Azərbaycandan gələnlərlə əl tutub salamlaşmaq üçün uzun bir cərgəyə düzülmüşdülər. Onların mehriban çöhrələri və şirin Naxçıvan ləhcəsindən seçilməyən danışıqları qəlbimizə doğmalıq gətirdi.

Elə bu vaxt yaşlı bir qadınla ağsaçlı bir kişinin qucaqlaşması hamının diqqətini cəlb etdi. Telekanallar və fotoaparatlar dərhal bu mənzərəyə yönəldi. Jurnalistlərin “bunlar kimdir?” sualına qocalar “biz illərin həsrətlisi olan bacı-qardaşlarıq” cavabı verdilər. Məlum oldu ki, arvad Kərbəlayi İsmayılın nəvəsi Misri Öztürk, kişi isə Kərbəlayinin yaxın silahdaşı, onu öldürməyə yönəlmiş son qəsdi pozan, buna görə sürgün olunan Səttaroğlu Musanın oğlu — Azərbaycanın tanınmış yol mühəndisi, professor Əli Əliyevdir. Az sonra məlum oldu ki, bugünkü mərasimin səbəbkarları—təşəbbüskar Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov və məzarlıqdakı inşaat işlərini aparan həmin bu Əli müəllimdir. Ata-babalarının ülfət və sədaqətinə layiq olan Əli müəllimin və Misri ananın bacı-qardaş qədər doğma və səmimi hissləri hamını təsirləndirdi. Misri Öztürk Kərbəlayinin qız yadigarıdırsa, Əli Əliyev də onun ruhuna və xatirəsinə əsl oğulluq borcu göstərən mənəvi varisdir.

Mərasim yerli mollanın oxuduğu Quran surəsi ilə başladı. Məzarlıqda yatanların ruhuna dualar oxundu. Sonra Kərbəlayi İsmayılın bugünümüz üçün ibrətli bioqrafiyası oxundu. Daşburun Bələdiyyəsinin başçısı Rzaqum Təpə çıxışında bildirdi ki, bu kənd həmişə Arazın o tayından pənah gətirənlərə isti yuva olub. İndiki sakinlərin bir çoxu həmin mühacirlərin davamçılarıdır. Daşburunlular Kərbəlayi İsmayıl kimi mömin, düşmənlərə əyilməyən bir kişinin xatirini sağlığında, xatirəsini isə ölümündən sonra əziz tutublar.

İğdır Bələdiyyəsinin başçısı Nurəddin Aras erməni millətçilərinin xarici havadarların fitvası ilə Qafqazda və Anadoluda türk soyuna qarşı törətdikləri soyqırımı və xəyanətləri pislədi, erməni-bolşevik zülmünün qurbanı olmuş Kərbəlayi İsmayılın başına gətirilən müsibətlərin bizim günlərdə Qarabağda təkrarlandığından üzüntü ilə söz açdı. O, türk xalqının mövqe və iradəsini ifadə edərək bildirdi ki, Ermənistan işğal etdiyi Qarabağı qeyd-şərtsiz azad etməyənə, soyqırım və ərazi iddialarından əl çəkməyənə qədər bu ölkəyə Türkiyədən qapı açıla, rəsmi əlaqələr qurula bilməz.

Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov isə bildirdi ki, bugünkü mərasim onun üçün dünən konsulluq binasının açılması qədər təsirli və önəmlidir. Bu məzarlıq Azərbaycan — Türkiyə qardaşlığının öyünclü dünəni, konsulluq isə dünən və bu gündən sabaha gedən yola “yaşıl işıq”dır. Konsul qeyd etdi ki, Qarsda diplomatik fəaliyyəti zamanı Kərbəlayi İsmayılın sonrakı aqibəti ilə daim maraqlanmış, onun Azərbaycandakı qohumlarını və yaxınlarını aramış, məzarlığın abadlaşdırılması üçün tədbirlər görmüşdür. O, Kərbəlayinin nigaran ruhuna rahatlıq gətirənlərin hamısına təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nizami Xudiyev və Rüstəm Xəlilov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Azərbaycanda çıxan qəzetlərin baş redaktorları Hikmət Babaoğlu, Yunis Oğuz, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Əminə Yusifqızı, QHT təmsilçisi Rauf Zeyni, yazıçı-jurnalist Eldar İsmayıl və başqa iştirakçılar Azərbaycan—Türkiyə dostluğu və qardaşlığının tarixi sınaqlardan üzüağ çıxan ibrətli səhifələrini yada saldılar, erməni cinayətlərinin qarşısını almaq üçün bu birliyi daha da möhkəmləndirməyin vacibliyini söylədilər. Natiqlər Kərbəlayi İsmayılın hünər yolunun düşmənlərlə çağdaş mübarizədə örnək olduğunu vurğuladılar, bu ləyaqətli və dəyanətli insanın indiki nəsillərə tanıdılmasında Fərman Kərimzadə, Həsən Zeynalov kimi qədirbilən soydaşlarımızın gördükləri işləri yada saldılar.

Axırda Kərbəlayi İsmayılın nəticəsi, Bakıda yaşayan hüquqşünas Fəxrəddin Pənahoğlu ulu babasının xatirəsini yaşadan, əbədiləşdirən insanlara nəsilləri adından minnətdarlığını bildirdi, Azərbaycan—Türkiyə qardaşlığına və dostluğuna uca zirvələr dilədi.

Mərasimdən sonra Daşburunda Kərbəlayi İsmayıl və şəhid soydaşlarımızın adına ehsan süfrəsi açıldı.

Qardaş Türkiyənin Qars və İğdır şəhərlərinə səfər öyünclü dünənimizə ehtiram, çağdaş ortaq qayğılarımıza sayğı, birgə əməkdaşlığımızın sabahına inam duyğularından ötüb keçdi, unudulmaz görüşlərlə yadda qaldı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2008.- 19 dekabr.- S.6.