“Nəsib bəy nümunəsi”
Yeni nəşrlər
Ümummilli liderimiz Heydər
Əliyev tariximizin Azərbaycan Xalq Cümhuriyyəti
dövrünə xüsusi əhəmiyyət verirdi, yüksək
qiymətləndirirdi. Həmin dövrün öyrənilməsini,
geniş tədqiq olunmasını
tapşırmışdı. Cümhuriyyətin
atributlarının, ənənlərinin bərpa olunması məhz
ulu öndərin göstərişləri ilə
olunmuşdur.
Cümhuriyyət tariximiz çox qısa dövrü əhatə etsə də, dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan hadisələrlə, quruculuq işləri ilə zəngindir. Şərqin ilk demokratik dövlətini yaradan Cümhuriyyət qurucuları, sözün həqiqi mənasında, xalq, Vətən fədailəri olublar.
Azərbaycanın bu dəyərli şəxsiyyətlərinin, demək olar ki, hamısının sonrakı taleyi çox acınacaqlı olub. Bolşeviklər və erməni daşnakları tərəfindən təqib olunublar, sürgünlərdə çürüyüblər, güllələniblər, mühacir həyatı yaşayıblar. Bir çoxları isə ermənilər tərəfindən qətlə yetiriliblər.
Ulu öndərin tapşırığından sonra cümhuriyyət dövrünün tədqiqi ilə daha ciddi məşğul olunmağa başlandı. Xeyli tədqiqat əsərləri ortaya çıxdı. Onlardan biri də filologiya elmləri doktoru Nazif Qəhrəmanlının toplayıb ərsəyə gətirdiyi “Nəsib bəy nümunəsi” kitabıdır.
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcılarından biri, 1920-ci ildə Gürcüstanda daşnak gülləsi ilə şəhid edilmiş Nəsib bəy Yusifbəylinin (1881-1920) həyat və fəaliyyətindən geniş bəhs edilir. Həmçinin kitabda Nəsib bəyin “Tərcüman” qəzetində çap edilmiş məqalələri, Cümhuriyyət parlamentindəki çıxışları, Baş nazir kimi fəaliyyəti zamanı görülmüş işlər, dövlət quruculuğu, nəhayət onun barəsində həm o dövrdə, həm də sonralar yazılmış məqalələr və fotoşəkillər toplanmışdır.
N.Qəhrəmanlı Nəsib bəy Yusifbəylinin elmi, ictimai və dövlət xadimi kimi fəaliyyətini araşdırdığı kimi, onun Cümhuriyyətin süqutundan sonrakı qaranlıq taleyini də araşdırır, bu vaxtadək onun ölümü ilə bağlı yazılan müxtəlif versiyaları tədqiq edir. Məsələn, Nəsib bəyin gah Qarxunlu Əşrəf tərəfindən Kürdəmirdə, gah Tiflisdə Fətəli xan Xoyski ilə birlikdə, gah Yevlaxda və s. yerlərdə qətlə yetirildiyini yazıblar. Müəllifin apardığı araşdırmalardan məlum olur ki, Nəsib bəy Gürcüstanda daşnaklar tərəfindən qətlə yetirilib. Görünür,məhz bundan sonra bolşeviklər və daşnaklar şaiyə yayıblar ki, guya, o, Cümhuriyyətin xəzinəsini götürüb gizlincə qaçarkən quldurlar tərəfindən qətlə yetirilib. Bu cinayətə görə həbs edilən Qarxunlu Əşrəf gah onun yolda, gah da öz evində öldürüldüyünü bildirir və qeyd edir ki, faytonda xəzinə yox idi. Görünür bunların hamısı əvvəlcədən hazırlanmış plan olub.
Digər bir sənəd belədir: O zaman Gürcüstan hökumətinin Azərbaycan sovet orqanlarına göndərdiyi məktubda deyilir ki, 1920-ci il iyunun 19-da saat 9-da Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyov Tiflisdə qətlə yetiriliblər. Ancaq bu fakt təsdiq olunmur. Kitabda jurnalist Xanlar Bayramovun 1992-ci ildə İstanbulda Nəsib bəyin qızı Zöhrə xanımla söhbətindən bir parça da verilib. Zöhrə xanım deyir: “Aprelin 27-də (1920) axşam atam evə gəldi. O, ciblərini tökərək az miqdarda pul çıxartdı. Stolun üstünə qoyub dedi: “Fəna bir zaman başlayır, özünüzdən müğayat olun. Olan pullarım isə yalnız bunlardır”. Bizimlə vidalaşandan sonra onu rus sürücüsü harasa apardı. O vaxtdan bu vaxtadək atamın üzünü görə bilmədim. Göründüyü kimi Nəsib bəyin son taleyi haqqında mübahisəli fikirlər çoxdur. Odur ki, sonda müəllif bu qənaətə gəlir ki, əsl həqiqətlər Gürcüstan arxivində “gizlənir”.
Nəsib bəyin ölümündən sonra da bolşeviklər Yusifbəylilər nəslindən əl çəkmirlər. Qardaşı Həmid bəy dəfələrlə həbs edilir, işgəncələrə məruz qalır, sonda ona bəraət verilsə də azad edilmir, həbsxanada vəfat edir. Onun oğlu Ənvər də represiyadan çox əziyyət çəkir. Nəsib bəyin qardaşı Əyyüb bəyin taleyi isə lap acınacaqlı olub. Ömrünün çox hissəsi sürgünlərdə keçib, ailə qura da bilməyib. Ümumiyyətlə, kitabda bu barədə geniş tədqiqat və araşdırmalar öz əksini tapıb.
N.Qəhrəmanlı geniş araşdırmalar aparıb. Yusifbəylilərin Cavad xanın vəziri Usub bəyin nəslindən olduğunu faktlarla göstərib. Həmin nəslin nümayəndəsi Əyyub bəyin şücaəti haqqında da bir əhvalatı yazıb. Ruslar Gəncəni ələ keçirir, Cavad xan şəhid olur. Xanın meyitini heç kim ürək edib götürə bilmir, elə meydanda qalır. Yaxından keçən rus zabiti meyitin üzərinə tüpürür. Əyyub bəy bunu görüb zabiti və onun yanındakı iki əsgəri öldürür.
...Kitabın ikinci hissəsində Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi, məktubları, məqalələri, parlamentdəki çıxışları və haqqında yazılmış məqalələr, xatirələr toplanıb. Bu bölümdə M.Ə.Rəsulzadədən tutmuş müasir tədqiqatçılarımıza qədər ən samballı məqalələr yer alıb. Bu bölümdə həmçinin N.Ələkbərlinin Nəsib bəyə həsr etdiyi bir pərdəli “Duel” pyesi də var.
Üçüncü bölümdə isə Nəsib bəyin özü, müasirləri, yaxın qohumları, “Tərcüman” qəzeti və digər məqalələr toplanıb.
Gərgin zəhmətin məhsulu olan bu kitab bir çox cəhətdən qiymətlidir. İlk növbədə Cümhuriyyət tariximizin bir hissəsinə işıq salır, onun qurucularından biri, bir il Baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyovun həyat və fəaliyyətinin qaranlıq səhifələrini üzə çıxarır. İkincisi, müəllif ona qədər Nəsib bəy haqqında yazmış bütün müəlliflərə hörmətlə yanaşır, onların yanlış fikirləri ilə arxiv materialları əsasında tapdığı faktları yanaşı qoyur, müqayisələr aparmağı oxucunun ixtiyarına buraxır. Üçüncüsü, müəllif etiraf edir ki, bu kitab mükəmməl tədqiqat işi deyil. Burada Nəsib bəyin həyatının, yaradıcılığının və dövlət xadimi kimi fəaliyyətinin bir hissəsi toplanıb. İndi onu davam etdirmək, daha dərinlərə getmək üçün tədqiqatçıların əlində tutarlı vəsait var.
Biz də belə hesab edirik ki, “Nəsib bəy nümunəsi” kitabı Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş sanballı əsərlərdən biridir və o, tarixçilərin, tələbə və müəllimlərin, ümumiyyətlə hər bir oxucunun marağını cəlb edəcək tədqiqat əsəridir.
Vahid İMANOV
Xalq qəzeti.-2008.-19 dekabr.- S.7.