Türkiyə – Azərbaycan əlaqələrinin inkişafında

ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir

 

Hər bir xalqın tarixində elə şəxsiyyətlər olub ki, onlar heç vaxt unudulmayıb, əməlləri, xalqı üçün gördüyü işlər onu əbədi yaşadıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Onun Vətən, xalq üçün etdikləri Azərbaycan yaşadıqca nəsildən-nəslə keçəcək, tarixin şanlı səhifələrinə çevrilib, yaddaşlara həkk olunacaq.

Ötən həftə xalqımız ümummilli lider Heydər Əliyevin vəfatının beşinci ilini dərin hüznlə qeyd etdi. Əbədiyaşar liderin xatirəsini əziz tutan yüz minlərlə insan Fəxri Xiyabana gələrək ulu öndərin məzarını gül-çiçəyə qərq etdi, ona hörmət və ehtiramını bildirdi.

Ümummilli liderin anım mərasimi ümumxalq hüzn günü kimi qeyd olunduğu ikinci ölkə qardaş Türkiyə olmuşdur. Ulu öndərin İstanbulun Kirəc burnu deyilən ərazisində ucaldılmış əzəmətli heykəli önünə toplaşanların çıxışlarında bir fikir xüsusi vurğulanmışdır ki, “Bir millət, iki dövlət” deyiminin müəllifi olan dahi Heydər Əliyevin xatirəsi qardaş Türkiyədə daim əziz tutulur, ona böyük hörmət və ehtiram göstərilir.

İstanbulda keçirilən anım mərasimində Azərbaycandan gəlmiş qonaqlar – Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, millət vəkili Hüseynbala Mirələmov, Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, KİV nümayəndələri də iştirak edirdilər.

Tədbir iştirakçıları ölməz rəhbərin abidəsi önünə əklillər, tər çiçək dəstələri qoyduqdan sonra Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aran ümummilli liderin həyat və fəaliyyətindən söz açaraq göstərdi ki, bütün həyatını Vətəninin çiçəklənməsinə, xalqının milli-mənəvi dəyərlərinin qorunub-saxlanması və inkişaf etməsinə həsr etmiş dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, müstəqilliyinin bərqərar olmasına yönəldilmişdir. Onun təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün əvəzolunmaz şəxsiyyət olduğunu tarix sübut etmişdir. Elə buna görədir ki, bütün türk dünyası bu gün ölməz şəxsiyyətin xatirəsinə hörmət və ehtiramla yanaşır.

Natiq onu da qeyd etdi ki, unudulmaz şəxsiyyət olan Heydər Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi üçün bütün vasitələrlə çalışmış, iki qardaş dövlətin qarşılaşdığı problemlərin həllində mühüm rol oynamışdır.

Tədbirdə çıxış edənlər, millət vəkilləri Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, İstanbulun Yıldız Universitetinin tələbəsi Bahadur İbrahimov və başqaları ümummilli lider Heydər Əliyevin iki qardaş ölkənin qüdrətlənməsi və çiçəklənməsi naminə atdığı addımları yüksək qiymətləndirdilər. Xüsusi qeyd olundu ki, məhz Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi illərdə Türkiyə ilə muxtar respublikanı birləşdirən körpünün tikilməsinə nail olmuş və bu da ölkələrimizin əlaqələrinin genişlənməsinə təkan vermişdir.

İstanbul Aydın Universitetinin doktoru Mustafa Aydın tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, universitetdə dahi siyasətçinin fəaliyyətinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzi açılmışdır ki, bu da türklərin onun həyat və fəaliyyətinə olan sonsuz maraq və diqqətindən xəbər verir.

Elə həmin gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbuldakı ofisində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin müdiri doktor Akkan Suverin təşəbbüsü və təşkilatçılığı ilə yazıçı-publisist, millət vəkili Hüseynbala Mirələmovun rusiyalı yazıçı Viktor Andriyanovla birgə yazdıqları, tanınmış “Molodaya qvardiya” nəşriyyatında çap edilən Türkiyə türkcəsinə tərcümə olunmuş “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimini açan doktor Akkan Suver görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra bildirdi ki, Hüseynbala Mirələmov və Viktor Andriyanovun birgə qələmə aldıqları bu kitab dahi şəxsiyyətin fəaliyyətini araşdıranlar üçün zəngin bir mənbə kimi yüksək qiymətləndirilməlidir və onun Türkiyə türkcəsinə tərcümə olunması xüsusi önəm daşıyır. Sonra beş dəfə ulu öndərin qonağı olduğundan böyük qürur duyduğunu xüsusi vurğulayan Akkan Suver bildirdi ki, Heydər Əliyevi Türkiyədə böyük məhəbbətlə sevir və onun xatirəsinə hörmət bəsləyirlər. – Təkcə bir faktı qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məhz Ceyhandan keçməsi üçün Heydər Əliyev nə qədər sərt və qəti addımlar atmışdır. Bu, Türkiyə iqtisadiyyatı üçün böyük önəm kəsb edir. Bundan başqa Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Axalkalaki-Qars dəmiryolu layihələri də məhz mərhum Heydər Əliyevin səyləri nəticəsində mümkün olmuşdur ki, bunları da türk xalqı heç vaxt unutmayacaq. Ona görə də bu gün - möhtərəm Heydər Əliyevin vəfatı günündə onun həyat və fəaliyyətindən bəhs edən kitabın türk dilində çap edilməsi təsadüfi sayıla bilməz. Türkiyə və türk xalqı bu dahi şəxsiyyətin xatirəsini əziz tutur, onu hörmət və ehtiramla yad edir.

“Heydər Əliyev” kitabının müəlliflərindən biri, yazıçı-publisist, millət vəkili Hüseynbala Mirələmov təqdimat mərasimini təşkil edənlərə və bura toplaşanlara təşəkkürünü bildirdi və kitabın yazılmasının vacibliyindən və zamanın tələbi olmasından söz açdı, kitabın ərsəyə gəlməsi haqqında tədbir iştirakçılarına məlumat verdi:

– Mən çox xoşbəxtəm ki, belə bir dahi şəxsiyyət, görkəmli dövlət xadimi, əvəzolunmaz rəhbər, gözəl insan haqqında olan bu kitabı ərsəyə gətirmişəm. Bundan başqa heç bir əsərimi yazmasaydım belə, özümü dünyanın ən xoşbəxt yazıçısı hesab edərdim. Mən həm də ona görə sevinirəm ki, mənə həm də bu böyük insanın rəhbərliyi altında işləmək xoşbəxtliyi nəsib olub və mən onun bir çox xüsusiyyətlərinin, xalqa, Vətənə sevgisinin, rəhbərlik, liderlik keyfiyyətlərinin şahidi olmuşam. Kitabda toplanan bütün məlumatlar arxiv sənədlərinə söykənən faktlar olmaqla, həm də onun yaxınlarının, müasirlərinin, onu sevən insanların xatirələri olduğundan daha maraqlıdır. Bugünədək dünyanın altı dilinə – rus, Azərbaycan, ingilis, ərəb, fars və türk dillərinə tərcümə olunmuş “Heydər Əliyev” kitabı milyonlarla insan tərəfindən maraqla qarşılanmışdır. Ölməz rəhbərimizin şəxsiyyətinə göstərilən hörmət və ehtiramdan qürur duyur, fəxr edirik.

Kitabı Türkiyə türkcəsinə çevirən Yasəmən Bayır çıxış edərək bildirdi ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən bu kitabı oxuduqdan sonra onun maraqlı və mənalı ömür yolunun türklərə çatdırılması üçün atdığı bu addım onun üçün məsuliyyətli, çətin və şərəfli bir iş olmuşdur. O çalışmışdır ki, hər bir detalı, hər bir deyimi olduğu kimi oxucuya çatdıra bilsin.

Sonra çıxış edənlər Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr komissiyasının sədri Mustafa Kabakçı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr komissiyasının sədri Nizami Cəfərov qeyd etdilər ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa, nə qədər deyilsə, yenə azdır. İki qardaş türk dövlətinin iqtisadi-siyasi, mədəni, elmi əlaqələrinin genişlənməsi üçün onun yorulmadan çalışdığını vurğulayan Nizami Cəfərov çıxışını çox maraqlı və gerçək bir fikirlə tamamladı: “Heydər Əliyevin doğum günü var, vəfat etdiyi gün isə yoxdur! Çünki o, ölməyib, o, azərbaycanlılar, türklər üçün əbədiyaşardır. Özündən sonra qoyub getdiyi müstəqil və qüdrətli Azərbaycan durduqca o da yaşayacaq! Türkiyə-Azərbaycan dostluğu inkişaf və davam etdikcə Heydər Əliyev yaşayacaq! Bu isə əbədi sonsuzluğadək gedəcəkdir”.

Sonra Türkiyə Böyük Millət Məclisinin sabiq və hazırkı üzvləri olan Odan Soycal, Çengiz Güldamlasına, Şamil Ayrıma, Orhan Erdemə, İlham Aküzümə, Enser Öğutə, Konyadan olan deputat Kerim Özkula, millət vəkilləri Hadi Rəcəbliyə, Eldar İbrahimova söz verildi. Hər bir natiq ayrı-ayrılıqda Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü göstərən məqamlara işıq salaraq, onun türk xalqının fəxri olduğunu söylədilər. Bildirdilər ki, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan Heydər Əliyev dahiliyi, Heydər Əliyev uzaqgörənliyi, Heydər Əliyev şəxsiyyətinin işığında hələ çox uğurlar qazanacaq. Onun siyasi kursunun davamçısı olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün yeritdiyi siyasət, atdığı addımlar bunu bir daha sübut edir. Belə bir şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən dolğun bir kitabın Türkiyə oxucularına çatdırılmasının vacibliyini vurğulayan natiqlər kitab müəlliflərinin gərgin və məhsuldar əməyini qiymətləndirməyi də unutmadılar.

Sonda söz alan millət vəkili Hüseynbala Mirələmov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin müdiri Akkan Suverə və Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Arana belə bir mərasimi təşkil etdiklərinə, bütün tədbir iştirakçılarına ulu öndərin xatirəsinə göstərdikləri hörmət və ehtirama görə təşəkkürünü bildirdi.

 

Sarvan AĞAYEV

 

Xalq qəzeti.-2008.- 20 dekabr.- S.3.